Bağdad fakihi
Məşhur ləzgilər   |  2(273) 2014      

   Tədqiqatçılar onu X-XIX əsrlərdə yaşamış, Qafqazda və bütün Şərqdə tanınmış 220 məşhur Dağıstan alimi arasında “ən öncüllərdən biri” adlandırmışlar. O, ilk dəfə olaraq, Sufi traktatını (sufi terminlərinin ensiklopediyasını) tərtib etmiş, Qafqazda bu təlimin təbliğatçısı olmuşdur. XIV əsrdə yaşamış məşhur Misir alimi Cəmaləddin Əbdürrəhman əl-Əsnəvi onun tanınmış fakih olduğunu yazmışdı. XI-XII əsrlərdə yaşamış bu adlı-sanlı alim - Əbubəkr Məhəmməd əl-Musa əl-Ləzgi əd-Dərbəndi Bağdadın Nizamiyyə mədrəsəsində dərs demiş ilk ləzgi mütəfəkkirlərindən idi. O, yeniyetmə çağlarında Dərbəndin məşhur alimlərinin əhatəsində olmuş, onlardan çox şey öyrənmişdi.

DƏRBƏND ALİMLƏRİNİN ƏHATƏSİNDƏ

     X-XII əsrlərdə Dərbənd alimlər şəhəri kimi ad çıxarmışdı. Bu da təsadüfi deyildi. Bir tərəfdən, ərəblər iri sərhəd rayonlarını islam mərkəzlərinə çevirir, həmin yerlərdə sufizmi geniş yayırdılar. Digər tərəfdən, bu mərkəzlərdə dini elmlərin və tarixi ədəbiyyatın öyrənilməsini təşkil etmək üçün həm Xilafətin müxtəlif yerlərindən gətirilmiş, həm də yerli alimlərdən istifadə edirdilər. Bütün bunlar Dərbəndi təkcə dini deyil, həm də mənəvi mərkəzə çevirmişdi. (Bax: Aликбeрoв A.К. “Рaйxaн aл-xaкaик вa бустaн aд-дa-кaик” Муxaммaдa aд-Дeрбeнди кaк пaмятник мусульмaнскoй истoриoгрaфии (кoнeц V/XI в). Aвтo-рeф. кaнд. дис. СПб., 1991. С. 14).
     Şəhərin şöhrətlənməsində ləzgi alimlərinin də böyük əməyi var idi. Onların arasında Qədairilər nəsli xüsusilə seçilirdi. X əsrin ortalarında anadan olmuş, XI əsrin əvvəllərində dünyasını dəyişmiş Əhməd ibn əl-Hüseyn əl-Qədairi uzun illər Dərbəndin baş qazisi kimi fəaliyyət göstərmişdi. Alimlərin himayədarı sayılan əl-Qədairi onlar üçün xüsusi məclis yaratmışdı. İki oğlu Dərbəndin məhəllə hakimləri vəzifəsində çalışırdı. Onların hər ikisi Əbu Abdullah əl-Hüseyn əl- Ləzgidən islam hüququnu öyrənmişdi. Bu alimin atası, 1020-ci ildə vəfat etmiş Əbu Abdullah əl-Qədairi bir neçə kitabın müəllifi idi. Əhməd ibn əl-Hüseynin oğlanları da yaxşı alimlər kimi tanınmışdı. Sonralar bütün Şərqdə məşhur ilahiyyatçı və sufi kimi ad çıxarmış Əbubəkr Məhəmməd ibn Musa əl-Ləzgi əd-Dərbəndi onlardan dərs almışdı.
Bundan sonra Qurahda təhsilini davam etdirən Məhəmməd əd-Dərbəndi yerli alimlərin tövsiyəsi ilə Şərqin tanınmış islam mərkəzlərinə getməyi qərara alır. O, Məkkə, Mədinə, Bağdad, İsfahan, Rey, Qəzvin, Nişapur şəhərlərində təhsil alır. (Bax: Шиxсaидoв A.Р. Oчeрки истoрии, истoчникoвeдeния, aрxeoгрa-фии срeднeвeкoвoгo Дaгeстaнa. Мaxaчкaлa, 2008. С. 137). Elmlərə dərindən yiyələndikdən sonra fəaliyyət üçün Bağdadı seçir.
 

BAĞDADDA KEÇƏN İLLƏR

     Məhəmməd əd-Dərbəndi Bağdadı təsadüfən seçməmişdi. 762-ci ildə əsası qoyulmuş bu şəhər tezliklə Xilafətin ideoloji və mədəni mərkəzinə çevrildi. X-XI əsrlərdə Bağdadda çoxlu kitabxanalar, mədrəsələr, məscidlər, xəstəxanalar, mavzoleylər inşa olunmuşdu. Onlardan biri də 1064-1066-cı illərdə böyük səlcuq vəziri Nizam-ül-Mülkün tikdirdiyi mədrəsə idi. Həmin mədrəsə vəzirin şərəfinə Nizamiyyə adlandırılmışdı. Burada tanınmış alimlər dərs deyirdilər. Fikh (qanunşünaslıq), hədisşünaslıq, sufi tarixi elmlərinə dərindən yiyələnmiş Məhəmməd əl-Ləzgi əd-Dərbəndi burada dərs deyəcəyini xəyalına belə gətirmirdi. Lakin bir təsadüf ona yol açdı. Bağdadda yaşayan Dağıstan alimləri ilə maraqlananda ona bir neçə nəfərlə yanaşı Əbu Ömər Usman ibn əl-Müsəddəd ibn Əhməd əl-Ləzgi əd-Dərbəndini də nişan verdilər. Nizamiyyədə fakih (qanunşünaslıq müəllimi) işləyən Əbu Ömər əd-Dərbəndi həmyerlisinin son dərəcə istedadlı alim olduğunu görüb, mədrəsə müdiriy-yətindən onu işə götürməyi xahiş edir. Müdiriyyət müəyyən sınaqdan sonra Məhəmməd əl-Ləzgi əd-Dərbəndinin həqiqətən də böyük alim olduğunu təsdiqləyir və onu işə qəbul edir.
     O vaxt Nizamiyyədə Dərbənddən olan iki ləzgi alimi işlədiyindən tədqiqatçılar bəzən onları səhv salırlar. Çünki Misir alimi əl-Əsnəvi onların hər ikisi haqqında fikrini bildirib. Əbu Ömər əd-Dərbəndi haqqında alim özünün məşhur “Tabakat aş-şafiyya” kitabında belə yazıb: “Fakih Əbu Ömər Usman ibn əl-Müsəddəd ibn Əhməd əd-Dərbəndi Bağdad fakihi kimi məşhurdur. Ona görə ki, o, xeyli müddət Bağdadda olmuş, şeyx Əbu İshaqdan hüquq dərsi almış, sonra mömin fakih olmuşdur. Hədisləri (Məhəmməd peyğəmbərin hərəkətləri və sözləri haqqında hekayətləri) dinləmişdir. O, 500-cü ildən sonra ölmüşdür”.
Məşhur alim, tarix elmləri doktoru Amri Şixsaidovun yazdığına görə hicri tarixi ilə 500-cü ildən sonra milad ilə 1106-cı ildən sonra olur. Alim həmçinin daha bir faktı dəqiqləşdirərək yazır: “Usman əd-Dərbəndi məşhur şeyx Əbu İshaq aş-Şirazidən müsəlman hüququnun nəzəriyyəsini və metodologiyasını öyrənmişdi. Özünün böyük elminə görə o, Bağdad fakihi dərəcəsini almışdı”. (Bax: Шиxсaидoв A.Р. Oчeрки истoрии, истoчникoвeдeния, aрxeoгрaфии и срeднeвeкoвoгo Дaгeстaнa. Мaxaч-кaлa, 2008. С. 138).
    İkinci dərbəndli haqqında əl-Əsnəvi yazmışdı: “Əbubəkr Məhəmməd əl-Musa əd-Dərbəndi Bağdadın tanınmış fakihlərindəndir və o, burada ən yaxşı əsərlərini qələmə almışdır”. A.Şixsaidovun fikrincə bu əsərlər Bağdadda 1099-1101-ci illərdə yazılıb. Onlardan yalnız biri - “Reyhan əl-hakaik va bustan əd-dakaik” bizə gəlib çatıb. Bu, sufi ədəbi - qanunlar kodeksi, normaları və adətləri haqqında ensiklopedik lüğətdir. Nizamiyyə mədrəsəsində ondan dərslik kimi istifadə olunmuşdur.
1106-cı ildə dostu Usman əd-Dərbəndi həyatını dəyişəndən sonra Məhəmməd əd-Dərbəndi qürbətdən vətənə qayıdır. Burada o, müxtəlif elmlərin tədrisi ilə məşğul olur.
 

VƏTƏN YAXŞIDIR

     Dərbəndə qayıdanda alim dostları Məhəmməd əd-Dərbəndidən soruşurlar: “Məgər Bağdad sənin üçün pisdir? Niyə geri qayıdırsan?” O, qısa cavab vermişdi: “Vətən yaxşıdır”.
     Məhəmməd əd-Dərbəndi vətənə çox qarışıq bir vaxtda qayıtmışdı. Burada səlcuqlara qarşı mübarizə başlanmış, bir neçə dəfə üsyanlar baş vermişdi. Məlik paşanın ölümündən sonra səlcuq imperiyası tənəzzül etməyə başlayır. Onun dörd oğlu taxt-tacı ələ keçirmək üçün bir-biri ilə mübarizəyə qalxır. Gəncə də daxil olmaqla Albaniya ərazisini ələ keçirmiş Məhəmməd daha güclü varis kimi 1104-cü ildə sultan olur. O, imperiyaya daxil olan bəzi üsyankar xalqları cəzalandırmağı və bu yolla hakimiyyətini gücləndirməyi qərara alır. Buna cavab olaraq həmin xalqlar mübarizəni daha da şiddətləndirirlər. Azadlıq mübarizəsində ləzgilər də fəal iştirak edirdilər Onlar gürcü çarı IV Davidin qoşununda döyüşürdülər. Bu qoşun 1123-cü ildə Şirvanı, sonra isə Dərbəndi səlcuqlardan azad edir. Azad olunmuş Dərbənddə yenə Haşimilər sülaləsi hökmranlığı davam etdirir. (Bax: Мaгoмeдoв Р.М. Истoрия Дaгeстaнa. Мaxaчкaлa, 1991. Л. 46).
     Döyüşlərin səngidiyini və şəhəri yenidən elmə və mədəniyyətə qayğı ilə yanaşan Haşimilərin idarə etdiyini görən Məhəmməd əd-Dərbəndi şəhərdə mədrəsə açır, sufi məclislərini təşkil edir. Məclislər o qədər maraqlı keçirdi ki, burada Dərbəndin bütün təbəqələrindən olan adamlar iştirak edirdilər. Onların arasında kağız hazırlayanlar, ipəkçilər, balıqçılar, sabun bişirənlər, dərzilər və digər peşə sahibləri daha fəal idilər. (Bax: Сaидoв М.-С. Твoрчeствo дeрбeнтскoгo учeнoгo XI в. Aбу Бaкрa Муxaммeдa б. Мусa б. aл-Фaрaджa aд-Дeрбeндa. - Рукoп. фoнд Институтa Истoрии, Языкa и Литeрaтуры Дaгeстaнскoгo филиaлa AН СССР. Ф. 3. oп. 1, д. 94.  Л. 5-7).
     Həm bu cəhəti, həm də Məhəmməd əl-Ləzgi əd-Dərbəndinin əsərlərinin dəyərini nəzərə alan tarixçilər Dərbənddə o vaxt hədisşünaslığın, fikhin (müsəlman hüququ nəzəriyyəsinin), sufi ədəbiyyatının və tarixi ədəbiyyatın möhkəm əsaslarının yarandığını xüsusilə qeyd edirlər. Məhəmməd əl-Ləzginin böyük alim olduğunu o vaxt bütün Şərqdə tanınmış Hakim əl-Ləzgi əl -Xunliki əd-Dərbəndi də qeyd etmişdir. Bu alim haqqında məşhur ərəb tarixçisi və coğrafiyaşünası Haqut əl-Həməvi özünün “Coğrafiya lüğəti” kitabında məlumat verərək yazmışdı: “...Hakim əl-Ləzgi əl-Xunliki əd-Dərbəndi... çox yaxşı və mötəbər fakih idi. Müsəlman hüququnu əl-Qəzəlidən dərs almışdı... (Sonralar) o, 538-ci ilin şaban ayında dünyasını dəyişənə kimi Buxarada yaşamışdır”.  (Bax: Yacut’s Geograrhisches Wörterbuch, hrsg. Von F.Wüstenfeld. Bd 2. Leipzig, 1866. Ph. 478).
      Tarixi məxəzlərdən göründüyü kimi, qeyd etdiyimiz dövrdə Bağdadın Nizamiyyə mədrəsəsində iki deyil, üç ləzgi alimi - Usman əl-Ləzgi, Məhəmməd əl-Ləzgi və Hakim əl-Ləzgi dərs demişdir. Sonuncunun müəllimi əl-Qəzəli Nizamiy-yədə 1091-1096-cı illərdə işləmiş, sonra elmi işlə məşğul olduğu üçün kafedrasını qardaşı Əhmədə təhvil vermişdir. Alimin tövsiyəsi ilə Hakim əl-Ləzgi də həmin kafedraya işə götürülmüşdür. Hakim uzun illər burada dərs dedikdən sonra Buxaraya köçmüşdür. Onun verdiyi məlumata görə Məhəmməd əl-Ləzgi əd-Dərbəndinin sufi-liyə aid traktatı Orta Asiyada məşhur idi. Buxara mədrəsələrində ondan dərslik kimi istifadə olunurdu.
     Məhəmməd əl-Ləzgi haqqında verilmiş bir məlumat da maraqlıdır. O, Dərbəndə qayıtdıqdan sonra vaxtilə Ləzgistanın Qurah şəhərində təhsil aldığı mədrəsənin taleyi ilə maraqlanır. Alim bu elm ocağının imkansızlıq üzündən bir neçə il əvvəl bağlandığını biləndə buraya gəlib, vəziyyəti araşdırır. Onun maddi və kadr cəhətdən göstərdiyi köməkdən sonra mədrəsə fəaliyyətə başlayır. Alimin kitabından burada da dərslik kimi geniş istifadə olunur.
     Təəssüf ki, alimin sonrakı taleyi və nə vaxt vəfat etməsi barədə tarixi məxəzlərdə heç bir məlumat yoxdur. Onun bizə çatmış “Reyhan əl-hakaik va bustan əd-dakaik” əsəri isə hazırda Rusiya Elmlər Akademiyası Dağıstan Elm Mərkəzinin Tarix, Dil və Ədəbiyyat İnstitutunun Əlyazmaları Fondunda saxlanılır. 1098-1099-cu illərdə qələmə alınmış bu kitab XI əsrdə Ləzgistanın və Dağıstanın ideoloji, sosial və mədəni həyatı barədə geniş təsəvvür yaradır.
 
Müzəffər MƏLİKMƏMMƏDOV.
 

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
Хожалыдин сед Yeni kitabların təqdimatı Ктаб кхьена «Говори со мной по-лезгински!» Цавариз хкажайтIа чIал
Статьи из этой рубрики
Qanlı Şaban Gimri qəhrəmanı Yüz min lənət Dərbəndin baş alimi Ələkeçməz şeyx
ЦIИЙИ ТИЛИТ

РУБРИКИ

ПОЛЕЗНОЕ