Haradir vətənim?
Инсанар, кьисметар  |  12(271) 2013      

 (Əvvəli qəzetin 27 noyabr 2013-cü il tarixli sayında)

     Qrızdan ilk məktub gələndə sevinçdən ağlaşdıq. Atam məktubu anama oxutdu. Daha sonrakı məktubları anam kiril əlfbası ilə yazmamıza kömək etdi. O, Bakıda 7-ci sınıfdən məktəbi tərk etmək məcburiyyətində galıb Türkiyəyə gələnlərdəndi. Nə isə, nəticədə bir-birimizim xəttini başa düşər olduq. Artıq atamın da dili açılmışdı. İlk məktuba "Hörmətli Rupiyə, oğullarım Əliheydər, Hacıbəy, Seyid " deyə başlayanda  ilk arvadının, qardaşlarımızın adlarını öyrəndik. Şəkillər həyəcan yaratdı. Biz də onlara şəkil yolladıq.  Üzücü xəbərlər vardı: nənəmiz Həcər, babamız Seyid, balaca qardaşımız Seyid, atamın dayıları, bacılarının beşi rəhmətə getmişti. Həcər nənəmiz  öləndə “oğlum gələnə  kimi ömrüm yetməsə, qəbrimi açıb mənə  əl versin,” deyə vəsiyyət etmişdi.
     Atam arvadı Rupiyə ərə getdimi deyə qorxu içindəydi. Qorxusu əbəs imiş, Rupiyə ana oğullarının başında durmuş, onları oxutmuş, evləndirmişdi. Böyük gardaşım kənd sovetində işləyirdi. Məktublaşma başlayanda mən və bacım məktəbli idik. İllər keçdi. Bacım Həcər və mən lisey müəllimi olduq. Atam yaşlanmışdı. 1981-ci ildə atam 40 illik ayrılıqdan sonra vətəninə turist olaraq getdi. Onu yola saldıq. Karsdan qatarla Akyakaya, oradan Doğukapıya gəldik. Gümrüdən Tiflisə gedən gatarla yola düşdü, oradan Bakıya maşınla yolçuluğuna davam etməli idi. Atamın yerinə də həyəcan keçirirdik. Yetmiş beş yaşını çoxdan tamamlamışdı. Ürəyi necə dözəcəkdi?
      Bir yazar demiş ki, “Yazmaq acı çəkməkdir.” Bu sətirləri yazarkən mənim də içim yanır. Çünkü olanları yaşamaq ayrı, yazmaq ayrı. Heç bir yazı yaşananı ifadə edə bilməz. Atam o saat doğma kəndinə gedə bilmədi. Ürəyi dözə bilməz deyə ona bir gıraqdan yanaşırdı. İki addım atıb dayanır, gözləyirdi ki, ona yeni bir cəsarət gəlsin. Kənddəkilər atamın gəldiyini bilirdilər, ancaq harda olduğundan xəbərləri yoxdu. Hər yerə adam yollayıb onu axtarırdılar.
     Rupiyə ana atamı hökümət adamlarının, prezidentlərin rəsmiyyəti ilə qarşıladı. Barmaqlarının ucuyla əl verib  tələsik çəkdi. Atam bundan sarsılıb ağlayanda buz kimi soyuq səslə ona təsəlli verdi: "Niyə ağlayırsan, sənnən gedənlər torpaq oldular”. (Bu kənddən 60 kişi 2-ci Dünya savaşına gedib evinə dönməmişdi. Hərbdə almanlarla vuruşub rəhmətə gedənlərin ailələrinə hökumət hər zaman yardım etmiş, Rupiyə ana da bu yardımı almışdı.) O, oğullarına tapşırıq verdi: “Məni bu qonaqdan uzaq tutun.” Yataqları evin bir-birinə ən uzaq yerlərində sərdirdi. Atam Azərbaycanda üç ay qalıb sonra gözlərində həsrət, ürəyində qübar kor-peşman qayıdıb Türkiyəyə gəldi.
     Qars şəhəri onun ikinci vətəniydi.  Əti, sümüyü burda, ruhu, fikri orada, bir on il daha Türkiyədə yaşadı. Hər dəqiqəsi bir sızı, bir ağrı kimiydi. Yarasının qaysağı qopmuşdu. Onun dərdini Qarsda bilənlər çoxdu. Çünki bu şəhər dərd şəhəriydi. Axı osmanlı-rus hərbinin ən çətin günləri bu torpaqlarda yaşanmışdı. Atam prostatdan əziyyət çəkirdi. Bir gün Karsa yenicə işə təyin olunmuş Səlim Ertin adlı bir həkim “Bu şəhərdə ləzgi varmı?”- deyə soruşur. Ona atamı nişan verirlər. Əslində diş həkimi, mühasib, müəllim işləyən ləzgilər də vardı. Amma nədənsə atamı deyəndə həmin həkim atamla görüşdü. “Dayı, mən səni əməliyyat edim. Səndən pul almayacam,” deyə təklif etdi. Atam isə  “xaricdə ölsəm,  Azərbaycandakı  uşaqlarımı gö-rəməm,” - deyə bu təklifi qəbul etmədi.
     Atam ilk dəfə Azərbaycana gedəndə “Mən burda galacam, Türkiyəyə qayıtmayacam,” - deyə qət etdi.  Brejnevə teleqram vurdu: “Mən Gülbala, 42-ci alayın  2-ci taburunun, 3-cü bölüyün, 5-ci manqanın əsgəri, Vətənimə gayıdıb gəlmişəm. Bundan belə evimdə, ailəmlə yaşamaq istəyirəm. Mənə izin verin”. Teleqram böyük bir reaksiya doğurdu. Qohum-əqraba get-gələ, sorğu-suala çəkildi. Atama rədd cavabı verdilər.
     1991-ci ildə biz Ankaraya köçməyə hazırlaşarkən atam ikinci dəfə Azərbaycana getdi. Bizimlə elə vidalaşdı ki, sanki son dəfə bizi görürdü. O gedəndən sonra ünvanımız, telefon nömrəmiz dəyişdi. Nə atamdan, nə də Azərbaycandan xəbər almadıq.
     1994-cü ilin  yazında böyük bir həyəcan içində idim. 57 yaşımda  ata yurduna gedəcəkdim. Burada heç vaxt üzlərini görmədiyim doğmalarıma, eləcə də üç ildən bəri sorağını almadığım atama qovuşacaqdım. Ankara avtovağzalına gedib Trabzona bilet aldım. Trabzonda Bakıya gedən uçağa mindim.  Bakıda uçaqdan düşüb şəhərə yollandım. Gecəni mehmanxanada keçirib səhər avtovağzalda Qubaya bilet aldım. Üç saat getdikdən sonra sürücü avtobusu  Quba-da saxladı. Mahir adlı bir gənc biləndə ki, mən Qrıza gedirəm, “Jiquli” maşınlar yolda dağılıb gedir, kəndə çata bilmir, - dedi.  Bu vaxt bir “Vilis” gəldi, sürücünün adı Yaşar idi. Onunla sövdələşdik. Yola düşməzdən əvvəl çayxanada əyləşdik. Burada tanış olduğumuz bir kişi “Türkiydən gəlirəm, adım Abdullahdır, Qrıza gedirəm” sözlərimi eşidəndə “Kimlərdənsən?“ deyə soruşdu. “Binnətoğullarından,-” dedim. “Əliheydər sənin nəyindi?”- dedi. “Qardaşımdı”, -  deyəndə “Atan rəhmətə getdi,” - dedi. Qəfil xəbərdən udduğum çay nəfəs boruma axdı. Onlara atamın rəhmətə getdiyindən xəbərim olmadığını  söyləyə bilmədim. Dağları aradı gözüm. Atamın dilindən düşməyən Qafqas dağlarını. Əsrlər boyu durub yorulmayan bir kişi kimiydi onlar. Onlar mənə bir az  təsəlli oldu.
     Çuxur yollardan geçən maşın hoppanıb-düşürdü. Ləzgi kəndlərinin içindən keçirdik. Üç saat yarımdan sonra axşam-üstü Qrıza girdik. Ürəyim quş kimi çırpınırdı. Atamın doğma kəndi Qrızdaki doğmalarımla görüşdüyüm gün keçir-diyim həyəcanı ömrüm boyu yaşamamışdım. Hər şeyi ilk dəfə  görmək,  hər səsi ilk dəfə duymaq xoşbəxtliyinə yetişmişdim. Bu da atamın bir vaxtlar ömür sürdüyü otaq. Bu da onun gözəl, qürurlu arvadı Rupiyə. Namusu, qey-rəti hər şeydən üstün tutan, heç nəyə əyilməyən dağlar qızı. Ahıl yaşında da gözəlliyini saxlamış ləzgi qızı. Bir həyəcan qasırğası sarmışdı hər yanı. Birdən fəryad eşitdim. Saçları ağarmış bir kişini qollarından tutub yanıma gətirdilər. O, mənim ayağıma əyildi. Mən də əyilib ona  mane olmaq istəyəndə ikimiz yerimək bilməyən balaca uşaqlar kimi yerdə qucaqlaşdıq. Bu, qardaşım Hacıbəy idi. Mənə xoş gəldin demək üçün gələn əqrabalar indiyə kimi yadımdadır. Bir ara böyük qardaşımın Əliheydərin gəldiyi xəbəri gəldi. Üç qardaş ilk bir-birimizə sarıldıq. Şirvangül bibimin oğullarından böyüyü Şadbəy gəldi. Mənimlə yaşıd idi. Kənd camaatı damların üstündən bizi seyr edirdi. Atamın ölümündən xəbərimin ol-maması yaşlı kişiləri çox narahat etmişdi. Gardaşım Əliheydərə elə hey “Siz  Abdullaha nahaq yerə xəbər verməmisiz,” - deyirdilər.
       Bir süfrə peyda oldu birdən. Nağıllardaki kimiydi hər şey. Elə bil ki, ayaq-larım yerə çatmırdı, Aya düşən astronavtlar kimi yarı uçaraq ordan keçirdim. Danışıq yoxdu. Səssiz bir kino içindəydik.
      Səhər Dəhnədən  Şirvangül bibi gəldi. Bir sevinç daha yaşadım. Üç oğlu, üç gızı varmış. Hamısı evliymiş. O, qardaşlarımla bir yerdə böyümüş, babam Seyid və nənəm Həcər rəhmətə getdikdən sonra  Rupiyə ana ona baxmış, Dəhnəyə ərə vermişdi. Hələ də orda yaşayır. Atam əsgər gedəndə o, uşaqmış. Böyük bacısı Məryəmin dilindən atam düşməzmiş. Bir gün Şirvangül Məryəmdən “Kimdi bu Gülbala ki, adı dilindən düşmür?” deyə soruşanda Məryəm bibi “O elə bir kişiydi ki, o güləndə yer də, göy də gülürdü, o ağlayanda yer də, göy də ağlayırdı,“- deyə cavab vermişdi. Məryəm bibi 1981-ci ildə, atam Azərbaycana çatana yaxın “Ay qardaş, səni qapıdan goymazlarsa, bacadan gəl. Bacadan qoymazlarsa pəncərədən gəl,” - deyə-deyə can verib.
     Qardaşım Hacıbəy mənə əqrabaları saymağa başladı. Atamın rəhmətə gedən əmiləri, əmi uşaqları, bibisi, bibi uşaqları, dayıları, dayı uşaqlarının hərəsinin  hekayəsi ayrı. Qardaşım oğlu Ariflə Dəhnəyə, Qubaya, Çinartalaya, Şıxlara, Sumqayıta gedəndə bu əqrabanın bir hissesi ilə tanış oldum. Daha sonra üç dəfə Azərbaycana gəlsəm də mən görmədən rəhmətə gedənlər oldu. Qusarda atamın bibisi Fatmanın oğlu Nüsrət 104 yaşında rəhmətə getdi. Oğlu Vagıflə tanış ola bilmədim. Gəldiyimi eşidib heç olmazsa bir çay içsin deyənlər və təəssüf ki, yadımdan çıxan əqrabalarım var. Hər dəfə təzə bir qovuşmanın həyəcanı, təzə bir ayrılmanın  acısı. Yer adları, insan adları. Hamısı yadımda, hamısı ürəyimdədir.
    Atamın qəbrinin üstünə bir mollayla getdik. Sən demə o, 1993-ildə Dəhnədəykən anidən xəstələnib. Atamı  Xaçmaza aparıblar, əməliyyat vaxtı  ruhunu təslim edib. Qardaşlarımın hər birirnin ayrı tikililəri vardı - yan-yana. Bir ev babam Seyiddən, bir ev atamın əmisi Abullahdan qalma idi. Qəbirlər o iki evin  dalında yüksələn dağların dibində idi: Babam Seyid, nənəm Həcər, bibi-lərimdən biri və atam Gülbala. Dağlar, daşlar, çaylar, dərələr atamın əlindən tutaraq, ayağından çəkərək gətirmişdi. İndi anasının, atasının, bacısının yanında, çox sevdiyi torpağın qoynundaydı. Rupiyə ana atamdan iki il sonra vəfat etmişdi. Övladlarına vəsiyyət etmişdi ki, onu Gülbalanın yanında dəfn etməsinlər. Cəmi 8 il birgə ömür sürmüş, həyatları boyu çoxlu acılar çəkmiş bu iki adamın məzarlarının arasında babam Seyidin qəbri var.
      Üç uşaqla gənc yaşında dul qalmış, sevgisini qəlbində dəfn etmiş Rupiyə, qürbətdə yenidən ailə qursa da ilk məhəbbətini unuda bilməmiş Gülbala və uzaqlarda, ömrünün qürubunda ərini Türkiyədən vətəninə yola salmış, bu əbədi ayrılığın əzabını içinə gömmüş anam Zeynəb. Görəsən onlardan hansının dərdi daha böyük idi?
      Mən atamın canından artıq sevdiyi Qrızda - bu cənnət guşəsində idim. Ona atamın gözləri ilə baxmağa çalışır, onun qoynuna can atdığı torpağın qoxusunu ruhuma çəkirdim.  Əslində mən özümü axtatırdım. Böyük Füzuli deyib ki, fta yurdunu axtarmaq üçün yollara düşən  kişi  başını daşdan-daşa vurub gəzən avarə su  kimidir. Mən də hissə-hissə bölünmüş ruhumdan bir bütövlük təşkil etməyə çalışırdım. Mənim yurdum, yuvam haradır? Bu sürgün edilmiş kimi bir-birindən ayrı düşmüş ləzgi kəndlərimi, Qarsmı, Ankaramı, İzmirmi? Haradır mənim Vətənim?

Abdulla QUBALI, Türkiyə, İzmir.

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
2014-йис квез кутуграй ! Награда Президента РикIелай тефир мярекат Халкьдин рикI алай зари ЦIийи ктаб
Статьи из этой рубрики
Сенятди квадарна КьатI хьайи уьмуьр Кьве веси Спасенные жизни Гьар садаз чешне я
ЦIИЙИ ТИЛИТ
№: 8(353)
декабрь, 2021

Скачать PDF

РУБРИКИ
Tarixin izi ilə
Gəncliyimiz – qürurumuz
Чи къагьриманар
Yubiley
Люди и судьбы
Шаирар
"Самур" - 30
Редакциядин дустар
Яран сувар
Qarabağ müharibəsi
Diqqət: İnsan taleyi!
İnam və iman
"Soyuq günəş"
ЦIийи фильм
Dünya xalqları
Чи тарих
Тарих авайвал
Müsahibə
Спасём планету
Dünya ləzgiləri
Дагъустан
Диктант
Чи кьегьалар
Редактордин гаф
Чи классикар
"Самур" - 20
Мах
ЦIийи ктабар
Жеч гьа!..
Dağıstan xalqları
И чил хайи диге я
Добрые вести
Milli Məclisə məktub
Новости Россотрудничества
Известные лезгины
Марагълу инсанар
Redaksiyaya məktub
Языки мира
Лезги чIалан месэлаяр
Квез чидани?
Известные лезгиноведы
Лезгияр вирина
Юбилей
SOS!!!
С верой в душе
"Самурдин мектеб"
Мораль
Чи адетар
Məşhur ləzgilər
Новости на все голоса
Чи хуьрер
Хъсан хабарар
Известные кавказоведы
Чи адетар
Yeniliklər
Чешне къачу!
Чакай кхьенай ...
Алимрин веревирдер
Çıxışlarımızın əks-sədası
Барка
Эпитафия
Ша, лезги чIалал рахан!
Хабарар
Тарихдин геле аваз
Поэзия
Харусенят
Этнография
Дагестан
Народы мира
Спорт
Инсанар, кьисметар
Редакциядиз чар
Чир-течир
Yeni kitablar
Фольклор
Чи сейлибур
Дайджест
Чи тавдин кIвал

ПОЛЕЗНОЕ