Təəssüf edirəm
Çıxışlarımızın əks-sədası  |  11(246) 2011      

Qəzetimizin 30 sentyabr 2011-ci il tarixli sayında dərc olunmuş “Tərcümə, yoxsa təxribat?” və 27 oktyabr 2011-ci il tarixli sayında verilmiş “Poeziya təxribatçıları ifşa olunmalıdır” məqalələrindən sonra “Ləzgi poeziyasından nümunələr” kitabı ilə əlaqədar redaksiyaya müraciət edənlərin sayı daha da çoxalmışdır.
Bəzi oxucularımız redaksiyaya gələrək məktublarını şəxsən təqdim etmişlər. Noyabrın 24-də qarlı, küləkli bir gün olmasına baxmayaraq, Qusar rayonunun Mucuq kəndindən redaksiyaya gəlmiş yazıçı Ağaverdi Əliverdiyevin məktubu diqqətimizi çəkdi. Aşağıda həmin məktubu dərc edirik.
Hörmətli redaksiya! “Ləzgi poeziyasından nümunələr” kitabı ilə əlaqədar qəzetdə dərc olunmuş məqalələri oxuyanda yadıma məşhur qairimiz Süleyman Stalskinin sözləri düşdü. Bir dəfə şair qəzetdə çıxmış bir şeirinin misralarının təhrif olunduğunu görüb deyir: “Görəsən bunu kim edib? Məgər o, bilmir ki, araba mənimkidirsə, yan ağacı da mənimki olmalıdır? Öz arabamın öz yan ağacı yoxdursa, o mənimki deyil”.
Bu sözlərdə böyük hikmət var. Məsələyə həmin hikmət baxımından yanaşsaq, onda tanınmış şairəmiz Sədaqət Kərimovanın şeirlərinin təsadüfən deyil, bilərəkdən təhrif edildiyini yaxşı dərk etmək olar. Axı, Azərbaycan dilində yazılmış şeirləri Azərbaycan dilinə necə tərcümə etmək olar? Həm ləzgi, həm də Azərbaycan dilində gözəl şeirlər yazan, hər iki poeziyada öz dəst-xətti ilə seçilən, əsərləri oxucular tərəfindən sevilə-sevilə oxunan S.Kərimovanın şeirlərini təhriflərlə, üzdəniraq əlavələrlə təqdim edənlərin məqsədi nədir?
Qəzetdəki məqalələrdən sonra “Ləzgi poeziyasından nümunələr” kitabını tapıb oxumağı qərara aldım. Oxuyanda heyrətləndim və böyük təəssüf hissi keçirdim. Necə olub ki, Azərbaycan poeziyasında özünəməxsus yer tutmuş, tanınmış şair Kələntər Kələntərlinin əlindən belə bir kitab çıxıb? Bir neçə il əvvəl onunla söhbət zamanı mənə demişdi ki, ləzgi şairlərinin şeirlərini Azərbaycan dilinə tərcümə edir və belə bir kitab buraxmaq istəyir. Onun bu ideyasını alqışladım. Açığını deyim ki, neçə illər idi həmin kitabı gözləyirdim. Amma bu cür kitabın ərsəyə gələcəyini gözləmirdim. Mən ləzgi şairlərinə, ləzgi poeziyasına layiq olan səviyyəli bir kitabın çıxacağını güman edirdim. Amma burada nə qədər nöqsanlar, nə qədər uyğunsuzluqlar var. Bunlardan bəzilərini nəzərə çarpdırmaq istəyirəm.
Öz sözdə müəllif göstərir ki, “...tələbkar Azərbaycan oxucularının sərəncamına verdiyim “Dağların səsi” adlanan bu kitaba ləzgi şairlərindən bir neçəsinin şeirlərindən bəzi nümunələr daxil etmişəm. Klassikləri Qüçxür Seyid, Yetim Emin, Süleyman Sallı, Xürüklü Tahir, Nurəddin Şərifov, Müzəffər Məlikməmmədov, Bacıxanım İsayeva, Hilal Əsgərov, Məhsim Məhsimov və başqaları təmsil edir”. Bu yazılanları necə başa düşmək olar? Əgər kitab “Dağların səsi” adlanırsa, onun üstündə “Ləzgi poeziyasından nümunələr” niyə yazılıb? Həmçinin müəllifin müasir şairlərimizdən Müzəffər Məlikməmmədovu, Bacıxanım İsayevanı, Hilal Əsgərovu və Məhsim Məhsimovu klassiklər kimi təqdim etməsi nə deməkdir? Axı, “klassik” sözünün tamamilə başqa anlamı var. Bunu, şübhəsiz, qələm dostum da yaxşı bilir.
Yeri gəlmişkən qeyd edim ki, klassik şairlərimizin kitaba salınmış əksər şeirləri çox səthi tərcümə olunub, həddindən artıq fikir və məna təhriflərinə yol verilib. Götürək elə Süleyman Stalskinin şeirlərini. Nigar Muradova öz məqaləsində şairin “Bülbül” şeirinin necə təhrif olunduğunu yaxşı şərh edib. Amma başqa şeirlər də tanınmaz hala salınıb. Şairin məşhur “Vun kvaxğ: kğey kuğqğne zamana” şeirinə nəzər salaq. Sərlövhə “Daha itil, köhnə dünya” kimi tərcümə olunub. Halbuki söhbət dünyadan deyil, zəmanədən gedir. Orijinalda bu şeir səkkiz bənddir, tərcümədə yeddi. Şeirin ancaq birinci və üçüncü bəndləri dörd misradan ibarətdir. Qalan bəndlər beş misralıdır. Tərcüməçi həm bir bənd azaldıb, həm də quruluşu pozub. Bir anlığa təsəvvür edin, Səməd Vurğunun məşhur “Azərbaycan” şeirinin beş misralıq bəndləri dörd misra ilə ləzgi dilinə tərcümə olunub. Bu necə təsir bağışlayar? Tərcüməçi şeiri onun formasına, məzmununa, vəzninə xələl yetirmədən, olduqca orijinala yaxın şəkildə oxucuya çatdırmalıdır.
Bu qüsurlarla yanaşı ayrı-ayrı sözlərin, misraların mənaları da təhrif olunub. Şeirin üçüncü bəndi orijinalda belədir:

Na çaz əqcay üIaər-murüar,
RikIellama zalan yisar,
Bes ə na çaz qayi azar,
Vun kvaxğ, kğey kuğqğne zamana.

Tərcüməsi belə verilib:

Gah od oldun, gah qar oldun,
Yaman mərdimazar oldun.
Canımıza azar oldun,
Daha itil, köhnə dünya.

Bu yerdə əvvəlki məqalələrdə deyilmiş bir fikirlə tam razıyam: tərcüməçi həqiqətən də ləzgi dilini dərindən bilmir. Çünki orijinalda ümumiyyətlə “qar”, “yaman”, “mərdi-mazar” sözləri yoxdur. Ləzgi dilində “məruz” sözünün cəm forması olan “murüar” “qar” demək deyil. Bu sözün bir neçə mənası var: “ülgüc”, “tiyə”, “uc”, “zərbə”, “atəş”, “alov”, “kənar” və s. “Stoldin murz” “stolun kənarı” deməkdirsə, “üIey murz” “alov” deməkdir. Ona görə də birinci misra “gah od oldun, gah qar oldun” kimi deyil, “Bizə vurduğun ol-alov” kimi tərcümə edilməlidir. İkinci misranın mənası “Yadımızdadır ağır illər” olduğu halda, “Yaman mərdi-mazar oldun” kimi tərcümə olunub.
Orijinalda beşinci bənd aşağıdakı kimidir:

Qğiç kesibdin Aəldiv kIel
İyiz taz xğanaç bi pikIel,
Devletlu gxüiqna kIvenkIveə,
Saymişnaç nakIutan mukal.
Vun kvaxğ, kğey kuğçğne zamana.

Azərbaycanca oxuculara belə çatdırılıb:

Kimsə gəzdi damağı çağ,
Üryan qaldı oğul-uşaq;
Sayılmazdı çəkic-oraq,
Daha itil, köhnə dünya.

Bu bəndin ilk iki sətrinin tərcüməsi əslində belədir: “Heç kasıbın uşağını oxutmaq Düşmədi sənin yadına”. Burada kimsənin damağı çağ gəzməsindən, oğul-uşağın üryan olmasından söhbət getmir. Şairin digər şeirlərinin tərcüməsində də belə bağışlanmaz səhvlərə yol verilib.
Başqa klassiklərin şeirlərinin də nöqsanlı tərcümə olunması təəssüf doğurur. Hamı yaxşı bilir ki, Dağıstanın xalq şairi Tahir Xürükün şeirləri tərcüməyə daha yatımlıdır. Gözləmək olardı ki, qələm dostumuz onun şeirlərini Azərbaycan dilinə daha səlis, daha yaxşı çevirəcək. Təəssüf ki, belə deyil. Şairin beş bəndlik “Sa ruşa durnadiz” şeirinin necə tərcümə olunduğuna diqqət yetirək. 1912-ci ildə yazılmış bu şeirin birinci bəndi orijinalda belə qələmə alınıb:

Vaz luçğəday sa qafava,
Kcvaz sa qcveçIi, aziz durna.
Zaxc derdiər qzaf ava,
Tvax zi metleb kğiliz, durna.

Tərcümə belədir:

Mənim sənə bir sözüm var,
Əylən, bir düş yerə durna.
Könlüm ağlar hər gün zar-əar,
Hər gün çəkər nərə durna.

Üçüncü və dördüncü misraların sətri tərcüməsi “Mənim dərdlərim lap çoxdur, Mətləbimi yetir başa” deməkdir. Amma tərcüməçi könlün zar-zar ağlamasından, hər gün nərə çəkməsindən danışır. Bunların şairin yazdıqları ilə nə əlaqəsi? Dördüncü bənddəki “ÇIuru ə laqğ Sunad kefer, Tapşurmişa kIeviz, durna” misraları  “O dərdi ki, Sona çəkər, Çəkməz hər dağ, dərə durna” kimi verilib. Halbuki orijinalda nə “dağ” var, nə “dərə”, nə də onların dərd çəkməsi.
Başqa misallar da çəkmək olar. Amma onları sadalamaq niyyətində deyiləm. Çünki bir deyil, iki deyil. Sadəcə, onu bildirmək istəyirəm ki, poeziyamızı gözdən salan belə halların qarşısı alınmalıdır. Qoy kitabı ərsəyə gətirənlər bu məsələyə aydınlıq gətirsinlər. Mənim kimi, digər oxucular da bunu gözləyir.

Ağaverdi ƏLİVERDİYEV,
Qusar rayonu, Mucuq kəndi.

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
«Самур» чи ивидин дамар я Вириниз сейли композитор Дети танцуют «Лезгинку» Чи бубайри лагьанай ... Макьада
Статьи из этой рубрики
“Самур” чи мектеб я Poeziya təxribatçıları ifşa olunmalıdır Tərcümə, yoxsa təxribat? Tənqidbazlıq, yoxsa gözügötürməzlik? Ван авуна
ЦIИЙИ ТИЛИТ

РУБРИКИ

ПОЛЕЗНОЕ