Барка | 4(263) 2013

Bu ilin yanvar ayının 21-də ölkə Prezidenti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında sərəncam imzalamışdır. Sərəncamda qeyd olunur ki, Heydər Əliyev 30 ildən artıq bir dövr ərzində Azərbaycan dövlətini zamanın çətin sınaqlarından çıxararaq, ölkənin ictimai-siyasi, iqtisadi və mədəni tərəqqisinə nail olmuş qüdrətli şəxsiyyətdir.
Yaxşı yadımdadır, Dövlət Təhlükəsizliyi Komitəsinin sədri və-zifəsində işləyən Heydər Əliyev 1969-cu ilin iyul ayında Azərbaycan KP MK-nın birinci katibi seçilmişdi. Mərkəzi Komitənin həmin ilin avqust ayında keçirilən plenumunda isə Heydər Əliyev geniş məruzə ilə çıxış etmiş, orada respublikada xalq təsərrüfatına və mədəni quruculuğa partiya rəhbərliyini əsaslı surətdə yaxşılaşdırmaq, partiya və dövlət intizamını möhkəmləndirmək xəttini bəyan etmişdi. Həmin xətt onun sonrakı məruzə və çıxışlarında daha da inkişaf etdirilmiş, işin səmərəliliyinin artırılması, nöqsanların aradan qaldırılması sahəsində partiya, sovet və təsərrüfat orqanları, respublikanın bütün əmək kollektivləri üçün fəaliyyət proqramına çevrilmişdi.
Heydər Əliyevin bir rəhbər kimi istedadı və bacarığı sayəsində zəhmətkeşlərin ictimai-siyasi fəallığı yüksəlmiş, xalq təsərrüfatının inkişafında böyük nailiyyətlər əldə edilmişdi. Bütün bu xidmətlərinə görə Heydər Əliyev SSRİ-nin ən yüksək mükafatları ilə təltif edilmiş, iki dəfə Sosialist Əməyi Qəhramanı kimi fəxri ada layiq görülmüşdü. O, 1976-cı ildə Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd seçilmiş, 1982-ci ildə isə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi məsul vəzifəyə irəli çəkilmişdi.
M.Qorbaçovun hakimiyyəti dövründə Heydər Əliyev müəyyən haqsızlıqlara məruz qalmış, nəhayət, tutduğu vəzifədən getməli olmuşdur. O, Naxçıvana qayıtmış, Muxtar Respublika Ali Məclisinin sədri seçilmişdir.
XX əsrin 80-cı illərinin sonu - 90-cı illərinin əvvəllərində dünyada yaranmış yeni geopolitik vəziyyət sosializm sisteminin iflasa uğramasına, SSRİ kimi nəhəng bir dovlətin parçalanmasına gətirib çıxartdı. Nəticədə 20-dən artıq dövlət və həmin ölkələrin xalqları milli-demokratik inkişaf yoluna qədəm qoydu.
Həmin ərəfədə Azərbaycanda mövcud geosiyasi vəziyyəti, ölkənin çoxmillətli tərkibini, təsərrüfatın inkişaf səviyyəsini və qonşu ölkələrin (Rusiya, İran, Ermənistan) ardıcıl təzyiqlərini nəzərə alan, geniş dünyagörüşü, bilik səviyyəsi olan, lazımı vaxtda vacib qərar qəbul etməyi bacaran lider olduqca zəruri idi. Çox keçmədi ki, xalqın təkidi ilə Heydər Əlİyev kimi lider irəli çıxdı, gənc və müstəqil ölkəni idarə etmək kimi məsuliyyətli missiyanı öz üzərinə götürdü.
O dövrdə və ondan sonrakı illərdə Azərbaycanda demokratik dövlət quruculuğu sahəsində həyata keçirilən mühüm tədbirlər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 1994-cü il mayın 12-də Ermənistanla atəşkəsin elan olunması, 1995-ci il noyabrın 12-də müstəqil respublikanın ilk Konstitusiyasının qəbul edilməsi, «Əsrin müqaviləsi»nin bağlanması, Bakı-Ceyhan neft kəmərinin və Bakı-Ərzurum qaz xəttinin çəkilişi barədə müqavilələrin imzalanması, Azərbaycanın bir sıra beynəlxalq təşkilatlara, o cümlədən Avropa Şurasına üzv seçilməsi, ölkədə iqtisadi islahatların keçirilməsi və başqa strateji əhəmiyyətli işlər məhz 1993-2003-cü illərdə reallaşdırılmışdır.
Fürsətdən istifadə edərək, bu dahi şəxsiyyətlə bağlı təəssüratımı şahidi olduğum bir neçə faktla şəhr etmək istəyirəm. 1970-ci ilin aprel ayında Qaradağ rayonunun Səngəçal qəsə-bəsində Kür çayından çəkilən su kəmərinin açılışı münasibətilə keçiri-ləcək təntənəli mərasimə ciddi hazırlıq işləri aparılırdı. O vaxt mən bu rayonun komsomol komitəsinin birinci katibi idim. Bir gün rayon partiya komitəsinin birinci katibi Konstantin Şerbakov məni yanına çağırdı və dedi ki, yaxın günlərdə Kür su kəmərinin açılışı olacaq, Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev yoldaşın da gəlməsi gözlənilir, sən də çıxışa hazırlaşarsan.
Mərasim açıq havada keçiriləcək və birbaşa translyasiya ediləcəkdi. Rayon rəhbərləri, ictimaiyyətin nümayəndələri toplaşıb səbirsizliklə hörmətli qonağın gəlişini gözləyirdilər. Hamımız həyəcan keçirirdik, çünki Heydər Əliyev yeni vəzifəyə keçəndən birinci dəfə idi ki, rayonumuza gəlirdi, həm də onun tələbkarlığından, həyata keçirdiyi qətiyyətli tədbirlərdən xəbərdar idik.
Heydər Əliyev maşından düşüb bizimlə səmimi salamlaşdı, hal-əhval tutdu və tədbiri başlamağı məsləhət gördü. Bir neçə nəfərdən sonra çıxış üçün mənə söz verildi. İlk dəfə gördüyüm bu böyük şəxsiyyətin iştirak etdiyi tədbirdə çıxış etmək məsuliyyət və cəsarət tələb edirdi. Etiraf edim ki, o vaxt həyəcan içində tribunaya keçib çıxış etməyim, bunun respublika rəhbəri tərəfindən xoş təbəssümlə qarşılanması qəlbimdə silinməz iz buraxdı. Tədbirdə Heydər Əliyevin nitqi, qarşıya qoyduğu mühüm vəzifələr bizi yeni qələbələrə ruhlandırdı.
Həmin ilin sentyabrın 30-da Azərbaycan SSR-nin və Azərbaycan KP-nın 50 illik yubileyi qeyd olunacaqdı. Respublikada tədbirə geniş hazırlıq işləri aparılırdı. Yubiley şənliklərində Sov.İKP Mərkəzi Komitəsinin Baş katibi L. İ. Brejnev yoldaşın iştirakı gözlənilirdi.
Həmin günlərdə Bakı dəmiryol vağzalında bu böyük qonağın qarşılanması zamanı, keçmiş Dzerjinski adına (hazırda Şəhriyar adına) mədəniyyət sarayında keçirilən təntənəli mərasimdə və digər görüşlərdə Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin alovlu nitqlərini dinləyərkən həm Azərbaycan, həm də rus dillərində necə təmiz, məntiqi, dərin çıxış etməsinin şahidi olur, onun natiqlik məharətinə heyran qalırdım.
İştirakçısı olduğum mühüm tədbirlərdən birini də yada salmaq istəyirəm. 1978-ci il idi. Mən o vaxt respublika Xalq Nəzarəti Komitəsində məsul və-zifədə çalışırdım. Heydər Əliyev bu təşkilata inanır, mövcud neqativ hallara qarşı apardığı mübarizədə onun imkanlarından geniş istifadə edirdi. Mərkəzi Komitənin şöbələri tərəfindən keçirilən yoxlamalara vaxtaşırı mən də cəlb olunurdum.
Növbəti dəfə «Yevlax şəhər partiya komitəsinin rayonun xalq nəzarəti orqanlarına rəhbərliyi barədə» məsələni öyrənib MK-nın bürosuna hazırlamalı idik. Rayonda yoxlama aparılmış, müvafiq arayış və qərar layihəsi hazırlanıb təqdim edilmişdi. Başqa məsələ ilə əlaqədar Qutqaşen (Qəbələ) rayonunda ezamiyyətdə olduğum günlərdə mənə xəbər verdilər ki, MK-nın büro iclasında iştirak etmək üçün təcili Bakıya qayıtmalıyam. Birinci dəfə idi ki, belə yüksək səviyyədə müzakirədə iştirak edəcəkdim. Yoxlama komissiyasının üzvləri ilə görüşüb birlikdə büro otağına keçib yerimizi tutduq. Büro üzvləri də gəlib öz yerlərində əyləşdilər. Heydər Əliyev içəri daxil olanda hamı ayağa durdu. O, salamlaşandan sonra gündəlikdəki məsələ ilə bizi tanış etdi və Yevlax şəhər partiya komitəsinin birinci katibi Elman Tağıyevə söz verdi.
Mən də, Yevlax şəhər xalq nəzarəti komitəsinin sədri Zahid Həsənov da olduqca həyəcan keçirirdik, çünki bizi hər vaxt qaldırıb müəyyən sual verə bilərdilər. Müzakirə elə keçdi ki, suallar əsasən Yevlax şəhər partiya komitəsinin birinci katibinə verildi. Birdən Heydər Əliyev «Bəs Yevlaxda mövcud olan nöqsanlar, təsərrüfatsızlıq halları barədə rayon nəzarət komitəsinin sədri nə deyə bilər?» deyib komitə sədrinə müraciət etdi. Bu an rayonun kuratoru kimi mən də bərk narahat oldum. Yaxşı ki, həmkarım bu çətin vəziyyətdən çıxa bildi. Büro üzvlərindən bir neçəsi, o cümlədən Respublika Xalq Nəzarəti Komitəsinin sədri Hacıbaba Əfəndiyev çıxış edəndən sonra Heydər Əliyev müzakirəni yekunlaşdırdı. O, elə danışdı ki, elə bil Yevlax rayonunun bütün problemlərindən, geridə qalan təsərrüfat sahələrindən tam xəbərdardır.
Yevlax şəhərinin partiya təşkilatları və xalq nəzarəti orqanlarının konkret vəzifələri müəyyənləşdirildi. Mən şəxsən o müzakirədən çox şey öyrəndim. Orada respublika rəhbərinin tələbkarlığı ilə yanaşı kadrlara nə qədər qayğı ilə, həssaslıqla yanaşdığının da şahidi oldum.
Vaxt gələcək ki, tarixçilər, siyasətçilər, tədqiqatçılar bu böyük şəxsiyyətin həyat yolunu, əmək fəaliyyətini, xüsusilə də onun idarəçilik irsini dərindən öyrənəcək və gələcək nəsillərə çatdıracaqlar. Hazırda ümummilli liderimiz Heydər Əliyevin yolunu davam etdirmək istiqamətində onun layiqli varisi Prezident İlham Əliyev qətiyyətli addımlar atır və doğma vətəninin tərəqqisi, onun müstəqilliyinin qorunması üçün var-qüvvəsi ilə çalışır.
Məmmədağa SƏRDAROV,
AMEA Fəlsəfə, Sosiologiya və Hüquq institutunun aparıcı elmi işçisi,
siyasi elmlər üzrə fəlsəfə doktoru.
Комментарии к статье
Будьте первым кто оставит комментарий к статье.Оставить комментарий