İgİd Şargİr
Məşhur ləzgilər haqqında bilmədiklərimiz Məşhur ləzgilər   |  1(260) 2013      

     Qafqaz Albaniyasının həyatında böyük rol oynamış ləzgi çarı Şargirin adının tarixə "İgid Şargir" kimi düşməsi təsadüfi deyil. Hələ 371-ci ildə baş vermiş məşhur Dzirav döyüşlərinədək o, bir neçə dəfə yadellilərlə vuruşmalarda fərqlənmiş, hünərvər və cəsur sərkərdə kimi "İgid" təxəllüsünü qazanmışdı. Onun adı IV-VII əsrlərdə yaşamış məşhur tarixçilərdən Agafengelin, Favstos Buzandatsinin, Moisey Xorenatsinin, Yegişe Vartapetin, Lazar Perpetsinin, Ananiya Şirakatsinin və Moisey Kaqanqatvatsinin kitablarına da "İgid Şargir" kimi düşüb.
     IV əsrə aid tarixi mənbələrdə "qüdrətli leg (ləzgi) çarı" kimi təqdim olunan Şargir kim idi? Albaniyanın dayağı olan onun çarlığı işğalçılardan ötrü niyə alınmaz qalaya çevrilmişdi? Şargir qonşu çarlıqlara necə kömək göstərirdi? Bu sualların cavabları geniş tarixi araşdırmalar tələb edir. Təəssüf ki, indiyədək belə araşdırmalar aparılmayıb.

Şargir və onun çarlığı

     III əsrin əvvəllərində Qafqaz Albaniyasının ictimai-siyasi həyatında mühüm rol oynayan bəzi vilayətlərdə ayrı-ayrı çarlıqların meydana gəlməsi müşahidə olunur. Tarixi mənbələrdə həmin dövrdə Albaniya ərazisində mövcüd olmuş iki qüdrətli çarlığın adı çəkilir. Bunlar "Leglərin ölkəsi" ("Lezgan") və "Maskutların ölkəsi" ("Maskut") adları ilə gös-tərilən çarlıq-lardır. (Bax: "История Агван" Моисея Каганкат-ваци. Пере-вод с древн-арм. Патка-нова К.П. - СПб, 1861. С. 5; Бутков П.Г. Материалы для новой истории Кавказа, т.I-СПб 1869. С. 94; Магомедов Р.М. История Дагестана, Махачкала, 1991. С. 23).
     İndiki Müşkür ərazisində yaradılmış Maskut o qədər də böyük deyildi. Onunla müqayisədə Lezgan həm əhalisinin sayına, həm də ərazisinə görə xeyli böyük idi. Qədim mənbələrdə göstərildiyi kimi, onu hel, leg, gel, kirk, sul, çur və digər ləzgi tayfalarını birləşdirən, daha güçlü tayfa olan lezglər araya gətirmişdi və çarlığa da onların adı verilmişdi. "Lezgan" lezglərin (ləzgilərin) ölkəsi deməkdir. Orta əsr ərəb tarixçilərinin al-Lakz adlandırdıqları bu çarlıq cənubdan Şirvanla, cənubi-qərbdən Şəki vilayəti ilə həmsərhəd idi. (Bax: BGA. I, 192; СМОМПК, вып.29. C.31). X əsrin ortalarında ərəb tarixçisi əl-Məsudinin yazdığı kimi, Şirvan şahlığının dayağı al-Lakz idi. (Bax: Macoudi. Les Praries d’or. Texte arabe et trad. par B.Meynard et P. de Courteille, II. Paris, 1848, pp.5-6).
     Tarixçilər göstərirlər ki, XI əsrə kimi Maskut çarlığı Lezganın təsiri altında olmuş, sonra Şirvanın tərkibinə daxil edilmişdi. (Bax: Минорский В. Ф. История Ширвана и Дербенда Х-ХI веков. М. 1963, с. 108). Bu vaxt Lezgan özü də iki yerə bölünür və tarixi ədəbiyyatda Qərbi Lezgan və Şərgi Lezgan terminləri peyda olur.
     Yadellilərin hücümlarının qarşısını almaqda Maskut çarına yaxından kömək göstərən Şargir öz ölkəsində bir sıra hərbi islahatlar aparmışdı. Bir neçə yerdə paxaklar (müdafiə qurğuları) yaratmış, qalalar tikdirmişdi. Samur çayının şimalında müdafiə xətləri yaratmış, Çor qalasını möhkəmləndirmişdi. Şargir həm piyadalardan, həm də süvarilərdən ötrü yeni silahlar hazırlatmış, yaxşı döyüşən dörd miriad yaratmışdı. Hər miriad 10 min döyüşçüdən ibarət idi. Onun miriadları Albaniyanın qoşunlarının özəyini təşkil edirdi.
     Ölkənin müdafiəsinin möhkəmləndililməsinə baxmayaraq, onu qorumaq getdikcə çətinləşirdi. Şimaldan tez-tez xəzərlər, savirlər, basillər, hunlar, cənubdan İran qoşunları Albaniyaya soxulurdu. 226-cı ildə İranda hakimiyyətə gəlmiş Sasanilər sülaləsi güclü dövlət quraraq, hərbi cəhətdən möhkəmləndi. III əsrin ortalarından başlayaraq, sasani qoşunları Zaqafqaziyanı ələ keçirməyə çalışdı. Bundan sonra Albaniya, İran və Erməniyyə arasında çəkişmələr gərgin hal aldı.
 

                                                                                     Çəkişmələr

     330-cu ildə erməni çarı III Trdat öləndən sonra Maskut çarı Sanatruk (Sanesan) Paytakaran şəhərini (indiki Beyləqan ərazisi) ələ keçirərək, özünü taxt-tac sahibi elan edir. O, şimal xalqları ilə döyüşlərdə qalib gəlmiş III Trdatın vaxtilə Maskuta xeyli ziyan vurmasını unutmamışdı. Əlinə fürsət düşən Sanatruk Erməniyyəni tutmağı qərara alır. Ona görə də Şargirdən kömək istəyir. Erməni qoşunları Lezganın da bir sıra şəhər və kəndlərini dağıtmışdı. Odur ki, Şargir məmnuniyyətlə Sanatrukla birləşir.  Onlar Erməniyyəyə basqın edəndə III Trdatın oğlu Xosrov Antioxu və onun yunan ordusunu, Baqratı qərb qoşunları ilə və gürcülərin hakimi olan Mihranı köməyə çağırır. Döyüşlər vaxtı geri çə-kilən Sanatruk Şargirə Paytakaranı qorumağı tapşırır və özü qoşunun bir hissəsini götürüb İran şahı Şapurun yanına gedir. Şargir şəhəri igidliklə müdafiə edir və düşməni buraya buraxmır. Bunu görən Antiox Albaniyanın digər vilayətlərini işğal edərək, çoxlu qənimət və çar vergisi toplayıb öz imperatoru Böyük Konstan-tinin yanına qayıdır. (Bax: "История Агван" Моисея Каганкатваци. Перевод с древнеарм. Патканова К.П. - СПб, 1861. С. 180).
     Moisey Kaqanqatvatsinin yazdığına görə Antiox Albaniyadan gedəndən sonra Sanatruk əlverişli məqam seçərək, Şapurun əmrilə 30 minlik alban ordusunu toplayıb,  Erməniyyənin mər-kəzinə basqın edir. (Bax: Yenə orada). Öndə gedən Şargirin miriadı ermənilərin şimal polklarına ağır zərbələr endirərək, ölkənin paytaxtına yol açır. Bundan istifadə edən Sanatruk Erməniyyənin mərkəzinə qədər irəliləyir və onu ələ keçirir.
     Moisey Xorenatsi həmin hadisələri bir qədər fərqli qələmə alıb. O yazır: "Xosrovun hakimiyyəti dövründə Qafqazın şimal hissəsinin xalqları zəif iradəli Xosrovun fəaliyyətsizliyini bilərək, Sanatrukun xahişləri və İran çarı Şapurun gizli əmri ilə qızışdırılaraq birləşmiş və iyirmi minədək adam ölkəmizin mərkəzinə hücüm etmişdir". Bu müharibədə iştirak edən sərkərdələrin adlarını sadalayan M. Xorenatsi Şimali Qafqaz xalqları ilə ermənilər arasında gedən döyüşləri belə təsvir edir: "... Düşmən bizim şimal polklarımızı məğlubiyyətə ugratdı, onları qaçmağa məcbur etdi, özləri Valarşapatın divarlarına yaxınlaşaraq, onu mühasirəyə aldı". (Bax: T.M.Məmmədov Qafqaz Al-baniyası IV-VII əsrlərdə (rus dilində). Bakı, 1993. Səh.145).
     Erməniyyəyə hücümun ikinci mərhə-ləsini Favstos Buzandatsi də qələmə alıb. Onun yazdığına görə albanlar və şimal xalqları er-mənilərin öl-kəsini xaraba-lığa çevirmiş, bir il onu işğal altında saxla-mışlar. Bir il-dən sonra er-mənilər Valarşapatı azad etmiş, Sanatruku öldürərək başını kəsmiş, öz çarlarına vermişlər. (Bax: Yenə orada).
     Bu hadisələrdən sonra, 338-ci ildən başlayaraq Albaniya yenidən hərbi toqquşmalar meydanına çevrilir. İran şahı Şapur erməni çarı Tirana havadarlıq edib onu albanlardan qoruyur. Beləliklə onlar müttəfiqə çevrilirlər.
     Hadisələrin belə cərəyan etməsi alban çarı Urnayrı öz ölkəsinin çarlarını bir araya gətirib güc toplamağa məcbur edir. Onun ən yaxın silahdaşı Şargir olur. Şargirin köməyi ilə Urnayr bir neçə erməni hücümlarının qarşısını alır. Erməniyyə ilə Albaniya arasında əvvəlki müttəfiqlik əlaqələrinin tamamilə pozulduğunu görən İran şahı Albaniya ilə müttəfiqlik əlaqələri yaratmağa başlayır. Tarixi mənbələrdən məlum olduğu kimi, 359-cu ildə Amida ətrafında romalılarla döyüş vaxtı sasani şahı II  Şapuru soldan xionitlərin çarı Qrumbat, sağdan alban çarı Urnayr, onun silahdaşları və sərkərdələri müşa-yiət edirdilər. Bu döyüşdə Şargir öz miriadı ilə böyük qəhrəmanlıq göstərmiş, hətta bəzi sasani hərbi hissələrini romalıların mühasirəsinə düşməkdən qurtarmışdı. Həmin qəhrəmanlığa görə II Şapur Lezgan çarı Şargirə qızıl hədiyyələr bağışlamış, ona həmişəlik dost münasibəti bəsləmişdi. Urnayr sasani şahının bacısı ilə evləndikdən sonra Albaniya və İran Erməniyyəyə və onun müttəfiqi olan yunan çarına qarşı birləşdi.

Müzəffər Məlikməmmədov.
(Ardı var)

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
Хайи чIалан къадир хьуьх Ватандивай къакъатай яр Кавказ Интересная книга об известной игре 50 il sözün keşiyində
Статьи из этой рубрики
Qanlı Şaban Gimri qəhrəmanı Yüz min lənət Dərbəndin baş alimi Bağdad fakihi
ЦIИЙИ ТИЛИТ
№: 11(316)
декабрь, 2017

Скачать PDF

РУБРИКИ

ПОЛЕЗНОЕ