Tənqidbazlıq, yoxsa gözügötürməzlik?
Yaxud "Qanlı dərə. 1918 -ci il Quba faciəsi" kitabı haqqında yazılmış bir məqalənin gecikmiş cavabı Çıxışlarımızın əks-sədası  |  12(259) 2012      

     Cavabın gecikməsinin səbəbi Zabit Babayevin "Qanlı dərənin dərdi" sərlövhəli məqaləsinin bizə bu günlərdə çatdırılmasıdır. Həmin məqalə Cabir Albantürkün 2010-cü ildə "Qanun" nəşriyyatı tərəfindən buraxılmış "Üçüncü nöqtə. Tanrı rizası, türk ruhu, tarix sorağı" kitabında dərc olunub. Əslində bu məqaləyə cavab verməmək də olardı. Azərbaycanın, Dağıstanın, Rusiyanın arxiv sənədlərindən xəbəri olmayan, bu sənədlərə şübhə ilə yanaşan, qanlı döyüşlərdə iştirak etmiş və həmin hadisələrin şahidi olmuş onlarca insanın xatirələri ilə hesablaşmayan, hətta son dərəcə məlumatlı və savadlı bir insan olan mərhum prezidentimiz Heydər Əliyevin sözlərini başqa tərzdə şərh etməyə çalışan bir adamın yazdıqlarını ciddi qəbul etmək çətindir.

     Məqalə müəllifinin yazdığına görə "kitab ləzgi xalqının azərbaycanlılarla birgə ermənilərə qarşı mübarizəsini özündə əks etdirdiyinə görə olduqca əhəmiyyətlidir. Lakin kitabda tarixi faktlar şişirdildiyi, təhrif edildiyi üçün elmi baxımdan zərərlidir". Z. Babayevin güman etdiyi şişirdilmiş və təhrif edilmiş tarixi faktlar hansılardır? O yazır: "Müəllif mərhum prezidentimiz H. Əliyevin 1998-ci il oktyabrın 3-də Qusar seçiciləri qarşısındakı çıxışına istinad edərək yazır:"...1918-ci ildə Quba qəzasında erməni daşnaklarının və bolşeviklərin birləşmiş quvvələrinin darmadağın edilməsində həlledici rolu məhz ləzgilər oynamışlar."

     Müəllif bilməli idi ki, erməni-daşnak və bolşevik qüvvələrini darmadağın edən Əhməd Əfəndinin başçılığı altında türklər olmuşlar. Ancaq buna qədər (yəni 30 iyul 1918-ci ilə qədər) Dağıstan imamı Qotsinskinin göstərişi əsasında Əlibəy Zizikskinin xahişiylə ləzgilər ermənilərə qarşı həqiqətən də amansızcasına döyüşmüşlər. Məhz bunu nəzərə alan H. Əliyev ləzgilərin rolundan bəhs etmişdir."

     Əvvələn, oxucuya yuxarıdakı fikirləri təlqin etməyə çalışan Z. Babayev mərhum prezidentimiz H. Əliyevin nəyi nəzərə alaraq ləzgilərin rolundan bəhs etdiyini haradan bilir? Ikincisi, "erməni-daşnak və bolşevik qüvvələrini darmadağın edən Əhməd Əfəndinin başçılığı altında türklər olmuşlar" fikrini hansı sənədə, hansı arxiv materialına əsasən söyləyir? Üçüncüsü, ləzgilər "Qotsinskinin göstərişi əsasında Əlibəy Zizikskinin xahişiylə" niyə döyüşməli idilər? Dördüncüsü "ləzgilər ermənilərə qarşı həqiqətən də amansızcasına döyüşmüşlər" deyən məqalə müəllifi ləzgilərin həlledici rolunu niyə danır? Nəhayət, niyə başa düşmək istəmir ki, təkcə mərhum prezidentimizin sözləri deyil, həmçinin illər boyu apardığımız araşdırmalar, konkret faktlar və sənədlər bizi bu qənaətə gətirib.

     "Qanlı dərə. 1918-ci il Quba faciəsi" kitabında Hatəm ağanın, Möhübəli əfəndinin və başqalarının əsas qəhrəmanlar səviyyəsinə yüksəldildiyini, Ə. Zizikskinin fəalliyətinin isə heçə endirildiyini deyən məqalə müəllifi özü Qubanın 1918-ci ilin iyulun 30-31-də Dağıstandan gələn türk qoşunları tərəfindən azad olunduğunu iddia etməklə yerli əhalinin azadlıq mübarizəsini niyə heçə endirir? Əgər Z. Babayev kitabı diqqətlə oxusaydı görərdi ki, burada Əlibəy Zizikskinin fəaliyyətinə lazımınca qiymət verilib. Imam Qotsinskinin və türk qoşunlarının isə həmin hadisələrlə heç bir əlaqəsi yoxdur. Diqqətli oxucu olmadığına görə kitabda "Etiraf" sərlövhəsi ilə verilmiş yazının 4-cü bəndinin "Qubada qırğın törədən ermənilərə qarşı mübarizə ilə heç bir əlaqəsi yoxdur" deməzdi. Diqqətli olsaydı, cəmi 23 ay fəalliyət göstərmiş Azərbaycan Xalq Cümhurriyətinin 7 ay ləzgi qaçaqlarının hesabına yaşadığı göstərilən kitabın 22-ci səhifəsində abzası axıradək oxuyub sualına cavab tapardı. Amma bu barədə susur. Eyni zamanda həmin kitabda verilmiş "Möhübəli əfəndi" və "Hatəm ağa Çağarvi" tarixi oçerkləri barədə də susmağı üstün tutur. Həmin adamların ancaq David Gelovaninin Qubadan çıxarılmasında rolları olduğunu, sonrakı hadisələrdə fəal iştirak etmədiklərini, "böyük qüvvə sahibləri" olmadıqlarını, "yalnız igid və namuslu adamlar olub kiçik dəstələrlə fəaliyyət göstərdiklərini" deyir.

     O vaxt bu qəhrəmanların başçılıq etdikləri 3 minlik qaçaq dəstəsinin böyük qüvvə olduğunu görmək istəməyən və bu qüvvəni "kiçik dəstələr" adlandıran Z. Babayev, öz təbirincə desək, bilməliydi ki Hatəm ağa və Möhübəli əfəndi bölgədə böyük qüvvəyə malik olduqlarına görə bolşeviklər 1920-ci ilin sentyabrın 5-də Kuzun kəndinə 246-cı atıcı polkunu göndərmişdilər. Polkun döyüşlərdə ağır itkilərə məruz qaldığını, vəziyyətin ağırlaşdığını görən Azərbaycan K(b)P 1920-ci ilin sentyabrın 9-da plenum çağıraraq, Quba qəzasında "əksincilabi hərəkat"ın ləğv edilməsi üçün qərar çıxarmışdı.

     Məqalə müəllifi nədənsə Dağıstanda bolşeviklərlə onların əleyhdarları arasında gedən mübarizəni Quba hadisələri ilə əlaqələndirməyə, burada vəziyyətin daha ağır olduğunu sübut etməyə, Dağıstan ləzgilərinin Qubaya köməyə gəlməsini şübhə altına almağa çalışır. Halbuki, kitabda arxiv materialları əsasında Dağıstandan hansı dəstələrin Quba qəzası əhalisinin köməyinə gəldiyi konkret göstərilib.

     Şişirtmələrdən və təhriflərdən bəhs edən Z. Babayev əslində özü bu yolu tutaraq, 1918-ci ilin iyul ayında bolşevik qoşunlarının "Dağıstan tərəfdən Qubaya daxil olan türk qoşunları" tərəfindən qovulduğunu iddia edir. Halbuki o vaxt Dağıstanda türk qoşunları yox idi. Qonşu respublikanın dövlət arxivindəki Oktyabr inqilabından əvvəlki dövrə aid 23651 işin heç birində də belə bir fakt öz əksini tapmayıb. Əgər həmin arxivlə tanış olmaq məqalə müəllifi üçün çətindirsə, ona heç olmasa 1968-ci ildə Moskvada rusca çap olunmuş "Dağıstan tarixi"nin III cildini nəzərdən keçirməyi məsləhət görürük. Bu kitabda göstərildiyi kimi, iyunda Dağıstanda türk agentləri peyda olub (Bax: səh.56). Onlar yerli əksinqilabi qüvvələri bolşeviklərin əleyhinə qaldırmaq üçün  kiçik dəstələr yaratmağa başlayıblar. Lakin həm bu dəstələr həm də Qolsuz Cəfərin rəhbərlik etdiyi dəstələr Samurla Dərbənd arasında gedən döyüşlərdə bolşeviklər tərəfindən darmadağın olunub. Iyulun 24-də türk emissarlarının yaratdıqları yeni dəstələr və İmam Qotsinskinin dəstələri Temir-Xan-Şura üzərinə hücüma keçib. Lakin bolşeviklər bu hücümün da qarşısını alıb onları geri oturdublar (Bax: səh.65). Burada türk qoşunlarından söhbət belə getmir. Əksinə, Bişeraxovun əmrində göstərildiyi kimi, 1918-ci ilin avgustun 5-də Xaçmaza və Dərbəndə ingilis qoşunları gəlməli idi. (Bax: ЦГАОР СССР, ф3718,оП. 2, д. 20, лл.119-120)

     Türk qoşunları Dağıstana Quba hadisələrindən xeyli ötəndən sonra, oktyabr ayında gəlib. Əvvəlcə Dağıstan hakimlərinin dəvəti ilə İsmayıl Haki bəy başda olmaqla 500 hərbçi, sonra nizami ordu hissələri bu respublukaya daxil olub. Türk goşunları oktyabrın 6-da Dərbəndi, oktyabrın 24-də Temir-Xan-Şuranı tutmuşlar. Qısa müddətdən sonra Türkiyədəki vəziyyətlə əlaqədar təcili olaraq geri çağırılmışlar.(Bax: səh.74-75).

     İmam Qotsinskinin də Quba hadisələrinə heç bir dəxli yoxdur. Əgər Z. Babayev arxiv sənədlərinə inanmırsa, onda tarix elmləri doktoru Hacı Murad Donoqonun 2011-ci ildə Mahacqalada rus dilində çap etdirdiyi "Najmuddin Qotsinski" adlı monoqrafiya ilə tanış ola bilər.

     Bakıdan Quba üzərinə yeridilən 10 min nəfərlik bolşevik-daşnak qoşununa gəldikdə, Şaumyanın 1918-ci ilin iyulun 9-da V. İ. Leninə göndərdiyi telegramı xatırlamaq yerinə düşər. O yazmışdı: İyulun 6-da Ləzgilər Qubanı muhasirəyə aldılar : vuruşma 8 saata qədər davam etdi, nəticədə düşmən geri oturduldu və qoşunlarımız Quba ətrafındakı mövqeləri tutdular."(Bax: Из истории гражданской войны в СССР. I том. МГ 1960.стр. 567). Bolşevik-daşnak qoşunu təkcə Digah kəndi ərazisindəki "Dərin dərə"də ləzgilərlə iki həftə döyüşmüşdü. Bu vaxt Müşkür nahiyəsində Şıxlar bəylərinin və Dəvəçi nahiyəsində Həmdulla əfəndinin dəstələri də fəallaşdı. Əsaslı qələbə qazana bilməyən, Bakıdan əlavə köməyin gəlmədiyini görən bolşevik və daşnak başçıları iyulun 25-dən sonra qoşunlarını geri çəkib Qubadan getməyə məcbur oldular. Onlar həm də Bakı Xalq Komissarları Sovetinin tezliklə istefa verəcəyi barədə xəbərdar edilmişdilər. Tarixi həqiqət budur və həmin hadisələrə əlavə rəng qatmağa heç bir ehtiyac yoxdur.

     Bütün bunlara baxmayaraq, məqalə müəllifi döyüşlərdə ləzgilərin daha çox qırılmasına da şübhə ilə yanaşır və hətta bunu kitab müəllifinin "tarixi fakt pərdəsi altında oxucuya yalan məlumat verməsi" kimi təqdim edir. Belə bir sual meydana çıxır: Döyüşənlərin əksəriyyəti ləzgilər idisə, daha çox kim qırılmalı idi ki? Digər tərəfdən, qətlə yetirilənlərin sayını göstərən rəqəmlər geniş araşdırmalara əsaslanıb, haradansa meydana gəlməyib.

     Z. Babayev kitabın müəllifinin öz kəndini və xalqını qəhrəman görmək istədiyini vurğulayaraq, Digah dəstəsindəki döyüşçülərin sayına şübhə ilə yanaşır. Əvvələn , kim öz kəndini və xalqını qəhrəman görmək istəmir ki? Ikincisi, o vaxt Qubanın iri kəndlərindən sayılan Digahdan 300 nəfərin döyüşməsi niyə şübhə dogurur? Əgər Z. Babayev kitabı yaxşı oxusaydı görərdi ki, Digah dəstəsində kişilərlə yanaşı qadınlar da döyüşmüşlər. 300 nəfərlik dəstə barədə həmin vaxt döyüşmüş Əlisultan Quliyev, Oruc Məlikov və başqaları da məlumat vermişlər. Ə. Quliyev 1939-1942-ci illərdə Azərbaycan SSR Ali Məhkəməsinin sədri vəzifəsində çalışıb, tarix elmləri doktoru idi. İki Lenin ordenli O. Məlikov isə uzun illər Quba Rayon Xalq Maarif Şöbəsinə rəhbərlik edib. Bu adamlar da yalan danışıblar?

     Məqalə müəllifinin fikrincə səhv və təhrif edilmiş məsələlərdən biri də bəzi yəhudilərin yerli əhaliyə qarşı döyüşlərdə iştirak etməsidir. Kitabda bu barədə tutarlı faktlar verilsə də, Z. Babayev bunu qəbul etmək istəmir. Məqalənin əvvəlində müəllifin qeyd etdiyi kimi, onun ziyalı dostları "kitabdan millətçilik iyi" gəldiyini deyirlər. Z. Babayev tarixi faktları siyasiləşdirərək , buna antiyəhudi əhval-ruhiyyəsini də əlavə edir. Əgər məqalənin müəllifi hələ Gelovani Qubaya gələndə 200-dək yəhudinin onun dəstəsinə qoşulduğunu, 6 min yəhudinin niyə Amazaspa qoşulub Qubadan getdiyini və digər məsələləri yaxından öyrənmək istəyirsə, ona Azərbaycan Respublikası Dövlət Arxivinin 1061-ci fondundaki bəzi sənədlərlə (Siy. 1, iş 96, vər. 34, vər. 38, vər. 102) tanış olmağı və tarix elmləri doktoru Solmaz Rüstəmova - Tohidinin "Зеркало" qəzetinin 9 fevral 2008-ci il tarixli sayında dərc olunmuş "Bunu unutmaq olmaz" məqaləsini oxumağı məsləhət görürük.

     Başqa bir məsləhətimiz də odur ki, Zabit Babayev tarixi faktları siyasiləşdirərək, kitabda antiyəhudi əhval-ruhiyyəsi axtarmağa çalışmasın. Çünki kitabın müəllifi heç vaxt belə əhval-ruhiyyədə olmayıb və başqa xalqlar kimi, yəhudi xalqına da hörmətlə yanaşır. Həm o, həm də bütün ləzgilər görkəmli yəhudi alimi, tarix elmləri doktoru M. M. İxilova rus dilində qələmə aldığı və Mahaçqalada çap etdirdiyi "Quba ləzgiləri" (1957) və "Ləzgi qrupunun xalqları" (1967) kitablarına görə son dərəcə minnətdardır. Həmin əsərlər ləzgilərin tarixini öyrənmək baxımından misilsiz əhəmiyyətə malikdir.

     Təəsüf ki, Z. Babayev kitabın müəllifi haqqında da lazımi məlumata malik deyil. Həmin müəllifin indiyədək 15 kitabının işıq üzü gördüyünü, təkcə tarixə aid 200-dən çox məqalə və oçerkinin, dörd kitabının çap olunduğunu bilmir. Onun erməni daşnaklarının 1918-ci ildə Qubada törətdikləri vəhçiliklərlə əlaqədar respublika mətbuatında onlarca məqaləsi dərc olunub. Kitab müəllifinin 1997-1999-cu illərdə "Samur" qəzetində verilmiş "Qanlı dərə" sənədli tarixi povesti və "Azərbaycan" qəzetinin 1999-cu ilin aprel-may saylarında işıq üzü görmüş "Quba faciəsi" tarixi oçerki geniş oxucu kütlələri tərəfindən rəğbətlə qarşılanıb. "Qanlı dərə. 1918-ci il Quba faciəsi" kitabına gəldikdə isə, müəllif indiyədək tarixçilərdən, yazarlardan, oxuculardan 1200-dən çox rəy, minnətdarlıq məktubu, teleqram, sayt materialları alıb. Bir nəfər də olsun kitaba irad tutmayıb. Respulikanın 20-dən çox mətbu orqanı kitab haqqında qiymətli məqalələr dərc edib. Nümunə üçün "Azərbaycan" qəzetinin 1 aprel 2010-cu il, "Bakinskiy raboçiy" qəzetinin 3 aprel 2010-cu il tarixli saylarında verilmiş irihəcimli məqalələri oxumaq, News.az saytının 2010-cu ilin martın 30-da verdiyi müsahibə və başqa materiallarla tanış olmaq kifayətdir. Bütün bunlardan sonra Zabit Babayevin lazımınca tədqiqat aparmadan kitabı gözdən salmağa çalışması təəcüb doğurur. Bu nədir: tənqidbazlıq, yoxsa gözügötürməzlik?

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
МуркIадин мел Бади Мартин Хаспельмат Лезгийрин Левитан Год змеи
Статьи из этой рубрики
Təəssüf edirəm “Самур” чи мектеб я Poeziya təxribatçıları ifşa olunmalıdır Tərcümə, yoxsa təxribat? Ван авуна
ЦIИЙИ ТИЛИТ

РУБРИКИ

ПОЛЕЗНОЕ