SOS!!! | 12(259) 2012

İyirmi il bundan əvvəl, 1992-ci ilin sentyabrın 16-da Azərbaycan Respublikası Prezidentinin imzaladığı "Azərbaycan Respublikasında yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətinin inkişafı üçün dövlət yardımı haqqında" fərman ölkə içtimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandı. Həmin fərmanla əlaqədar respublikamızda bir sıra tədbirlər həyata keçirilməyə başlandı. Belə tədbirlərdən biri 1993-cü ilin yanvarında "Araz" proqramı ilə ləzgi, talış və kürd dillərində həftədə iki dəfə 15 dəqiqəlik verilişlərin səsləndirilməsi oldu. Bunu ölkəmizdə demokratiyanın inkişaf etdirilməsinin mühüm amillərdən biri kimi qəbul edən ləzgilər gələcəkdə verilişlərin vaxtının artırılacağına böyük ümid bəsləyirdilər. Lakin 20 il ötməsinə baxmayaraq, bu baş vermədi. Əksinə, bir neçə il əvvəl milli dillərdə verilişlərin "Araz" proqramı ilə yayımlanması saxlandı. Həmin verilişlər başqa dalğalarda yayımlanmağa başlandı. Elə dalğalarda ki, onlar respublikamızın ərazisində yayılmır və əhali bu verilişləri eşitmir.
Bu səbəbdən onlarca insan "Samur" qəzeti redaksiyasına müraciət etmişdir. Bununla əlaqədar qəzetdə bir neçə məqalə dərc olunmuş, həmin məsələ əlaqədar təşkilatların nəzərinə çatdırılmışdır. Nəhayət, "Samur"un 28 sentyabr 2006-cı il tarixli sayında Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri cənab Arif Alışanova açıq məktubla müraciət etdik. Təəsüf ki, həmin müraciət indiyə kimi cavabsız qalıb. Sonrakı müraciətlərimiz də eşidilməz olub.
Buna baxmayaraq, növbəti dəfə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyinə xatırladırıq ki, artıq minlərlə insan ləzgi dilində verilişlərin respublikamızdan xaricdə yayımlandığına da inanmır. Çünki qonşu ölkələrin heç birində bu verilişləri eşidən yoxdur. Respublikamızın xalqlarından ötrü yaradılmış, onların dillərinin inkişafına qulluq edən verilişlərin belə aqibəti nə vaxta kimi davam edəcək?
Gələn ilin yanvarında respublika radiosunda ləzgi, talış və kürd dillərində verilişlərin yayımlanmasının 20 illiyi qeyd olunacaq. Belə bir vaxtda söhbət bu dillərdə radioverilişlərin həcminin artırılmasından, həmin dillərdə televiziya verilişlərinin yaradılmasından getməlidir. Əminik ki, belə də olacaq. Bunu ölkəmizin son illər demokratik təsisatların genişləndirilməsi sahəsində qazandığı nailiyyətlər, onun beynəlxalq aləmdə getdikcə artan nüfuzu da tələb edir.
Комментарии к статье
Будьте первым кто оставит комментарий к статье.Оставить комментарий