Хабарар | 11(258) 2012


Bu ilin oktyabrın 19-da gündüz saat 12-də Gədəzeyxur kəndinin mədəniyyət evinin zalı ağzına kimi dolu idi. Səhnəyə xalçalar döşənmiş, stolun üstünə qoyulan payız qızılgüllərinin ətri ətrafı bürümüşdü. Gözəl musiqi sədaları burada maraqlı bir tədbirin olacağından xəbər verirdi.
Kənd camaatı öz həmyerliləri - alim, publisist, şair, uzun illər məsul vəzifələrdə işləmiş Məmmədağa Əhmədkərim oğlu Sərdarovla görüşə yığışmışdı. Məmmədağa müəllim çoxdan belə görüşü arzulayır və ona hazırlaşırdı. İndi lap yerinə düşmüşdü - onun ömür yolu barədə kitab yenicə çapdan çıxmışdı. Stola həmin nəşr, yubilyarın monoqrafiyaları və şeir kitabları da qoyulmuşdu. Zala daxil olan qonaqları toplaşanlar alqışlarla qarşıladılar, məktəblilər onlara gül-çiçək dəstələri təqdim etdilər.
Görüşü giriş sözü ilə Qusar rayon mədəniyyət və turizm şöbəsinin müdiri David İbramxəlilov açdı. O, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, əmək veteranı Məmmədağa Sərdarovun 70 illik yubileyi və bu münasibətlə nəşr olunmuş “Öz yolunu tapan insan” adlı kitab barədə geniş məlumat verdi. Qusar rayon icra hakimiyyətinim yerli özünüidarəetmə örganları ilə iş şöbəsinin müdiri Nadirşah Məmmədov, “Qusar” qəzetinin redaktoru Vidadi Sevzixanov, rayon icra hakimiyyəti başçısının Gədəzeyxur kəndi üzrə nümayəndəsi Nail Əliverdiyev, Qusar şəhər 6 saylı orta məktəbin direktoru Xanlar Abdullayev, Gədəzeyxur kənd orta məktəbinin direktoru Abubəkir Qədimov, həmin məktəbin müəlliməsi Flora Babayeva, təqaüdçü müəllim Rasim Qədimov, kənd kitabxanasının müdiri Zülfiyyə Tərlanova çıxış edərək M. Sərdarovun elmi və ədəbi fəaliyyətindən söz açdılar.
Yubiliyarın uşaqlıq dostu Rafiq Tacəddinov, orta məktəb yoldaşı, təqaüdçü müəllim Qazıbəy Seyidov maraqlı xatirələr söylədi, dövlət damazlıq müəssisəsinin direktoru Çingiz Muradov və kənd sakini Səbzulla Kəlbəliyev yubilyarın insani keyfiyyətlərindən danışdılar. Məmmədağa müəllimin jurnalist oğlu, kitabın redaktoru Elçin Sərdarov və qardaşı oğlu, təqaüdçü Telman Sərdarov tədbirin keçirilməsinə görə onun təşkilatçılarına və toplaşanlara öz minnətdarlıqlarını bildirdilər.
Sonda söz təntənənin səbəbkarına verildi. O, kənddən çıxmış adlı-sanlı adamları yada saldı. Tədbirin keçirilməsinə kömək göstərmiş rayon rəhbərliyinə və onun yerdəki nümayəndələrinə minnətdarlığını bildirdi, çıxışını özünün doğma yurdla, vətənlə bağlı bir neçə şeirini oxumaqla bitirdi.
Sonra M. Sərdarovun həyat və yaradıcılığına həsr olunmuş “Öz yolunu tapan insan” adlı kitabın nüsxələri iştirakçılara paylandı. Yerli özfəaliyyət kollektivləri tərəfindən hazırlanmış konsert də maraqlı keçdi.
Mənsiyat Telmanqızı, müəllimə

Комментарии к статье
Будьте первым кто оставит комментарий к статье.Оставить комментарий