Qarabağ müharibəsi | 7(352) 2021


Uzun illər Vətən həsrəti, doğulub boya-başa çatdığı Qubadlı torpağına qovuşmaq arzusu ilə çırpınan bu igidi, nəhayət, ana yurdu öz qoynuna çəkdi... Bu, son görüş, əbədi ayrılıq oldu.
Ağayev Vüqar Əhməd oğlu 1973-cü ilin mart ayının 4-də Qubadlı rayonunun Xanlıq kəndində anadan olmuşdur. Orta təhsilini Xanlıq kənd orta məktəbində almışdır. 1990-1992-ci illərdə hərbi xidmətdə də elə Qubadlıda olmuşdur. Döyüşlərdə fəal iştirak etmiş və ağır yaralanmışdır. 1-ci Qarabağ müharibəsinin iştirakçısı olan Vüqar 1992-ci ildə Milli Qəhrəman Əliyar Əliyevin taborunda döyüşmüşdür.
1993-cu ildə Azərbaycan Ali Hərbi Məktəbinə daxil olan Vüqar həmin dövrdə döyüşlər davam etdiyindən təhsilini yarımçıq qoyaraq vətənin müdafiəsi üçün təkrar ön cəbhəyə yollanmışdır. Komandirlərinin təkidi ilə məktəbə qayıtmış, 5 illik təhsil müddətini 3 ilə tamamlayaraq baş leytenant kimi Naxçıvan qornizonunda xidmətə başlamış, mayor rütbəsinə qədər ucalmışdır. Xidmət düvründə Vüqar Ağayev “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı, “Hərbi xidmətlərə görə” medalı, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı, “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalı ilə təltif edilmişdir. 2016-cı ildə Vüqar Ağayev 25 illik xidmətini bəşa vuraraq ehtiyata buraxılmışdır.
Doğma yurdu Qubadlıdan məcburi şəkildə köçməli olan Vüqar Ağayevin ən böyük arzusu düşmən tapdağı altında olan Vətən torpaqlarının azad edilməsi olub. Sentyabrın 27-də 2-ci Qarabağ müharibəsi başlayan kimi Vüqar ordu sıralarına könüllü qatılmaq üçün hərbi kommisarlığa müraciət etmiş, oktyabrın 19-da ordu sıralarına yollanaraq tabor komandiri kimi döyüşlərə qatılmışdır.
Vüqar Ağayev 1 noyabr 2020-ci il tarixdə canından çox sevdiyi vətəninə qovuşmuş – doğma Qubadlı torpağında şəhidlik zirvəsinə ucalmışdır. Ölümümdən sonra o, “Vətən uğrunda” və “Qubadlının azad olunmasma gorə” medalları ilə təltif edilmişdir. 2020-ci ilin dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə Vüqar Ağayevə ölümündən sonra Azərbaycanın ən ali fərqlənmə dərəcəsi – Vətən müharibəsi Qəhrəmanı adı verilmişdir.
Canından can verərək Vətən uğrunda həlak olan Vüqarın və digər şəhidlərimizin ruhu qarşısında baş əyirik!
Sevda NURALİYEVA
Комментарии к статье
Будьте первым кто оставит комментарий к статье.Оставить комментарий