Tarixin izi ilə | 1(346) 2021

Qəzada olan soyğunçuluq kəndlilərin kəskin narazılığına səbəb olmuşdu. 1918-ci ilin oktyabrından 1919-cu ilin yanvarına kimi Quba qəzası kəndlilərindən 273807 manat 13 qəpik pul toplanmışdı. Bu soyğunçuluğa qarşı Qusar nahiyəsinin Əniğ, Zindanmuruq, Qımıl, Cağar, Xuray, Aşağı Xuc, Rustov nahiyəsinin Amsar və Qamqam kəndlilərinin güclü çıxışları oldu.
Azərbaycan SSR OİMDA, fond 1046, siyahı 2, iş 74, vərəq 68-71.
Müsavat höküməti Quba qəzasında 1918-ci ilə aid bir sıra kəndlərin hesabında ödənilməyib qalmış 18964 manat 88 qəpik vergini almaq istədikdə, kəndlilər öz narazılıqlarını bildirdilər. Ən inadkarı 5-ci nahiyənin Əniğ kəndliləri idi. 1919-cu ilin martın 2-də nahiyə pristavı onların narazılığının hökümətə qarşı üsyan həddinə gəlib çatdığını Bakı qubernatoruna xəbər verdi.
Azərbaycan SSR OİMDA, fond 1046, siyahı 2, iş 74, vərəq 70-71.
İlk gündən Azərbaycan Demokratik Respublikasını tanımaq istəməyən Dəvəçi nahiyəsinin Əmirxanlı, Bilici, Gərmiyan, Qusar nahiyəsinin Hil, Yasab, Kuzun kəndliləri vergi verməkdən və əsgəri mükəlləfiyyətdən boyun qaçıraraq, hökumətin bütün tədbirlərinə qarşı çıxdılar.
Bundan narahat olan hökumət orqanları kəndlərə polis və hərbi dəstələr göndərir, bu dəstələr isə zorla kəndlilərin var-yoxunu əllərindən alırdılar. Qusar nahiyəsinin Kuzun, Bədişqala, Yasab, Yuxarı Zeyxur kəndlilərindən bir neçə min pud buğda, arpa, 500 başdan artıq qoyun-keçi, 180 baş qaramal, habelə yağ və başqa kənd təsərrüfatı məhsulları almışdılar.
“İttihad” qəzeti N1, 21 fevral 1919-cu il.
1919-cu ilin əvvəllərində Qusar nahiyəsinin Urva kəndliləri 1240 desyatin xəzinə torpaqlarını zəbt etdilər... Onların bu çıxışına digər kəndlilər də qoşuldular. Onlar xeyli xəzinə və pay torpaqlarını ələ keçirdilər.
“Kommunist” qəzeti N 89,
21 aprel 1930-cu il
1919-cu ilin birinci rübündə kəndləri yeni fəlakət bürüdü. Ərzaq qıtlığı nəticəsində kəndlərə kütləvi xəstəlik yayıldı. Əhalinin vəziyyəti ağlagəlməz dərəcədə pisləşdi. Qusar nahiyəsinin Kuzun, Bədişqala, Yasab, Yuxarı Zeyxur kəndliləri, həmçinin qəzanın digər kəndlərinin əhalisi hökumətdən xəstəliyə qarşı mübarizə aparmağı tələb edən çıxışlara başladı. Bundan qorxuya düşən hökumət kütləvi yayılan səpmə yatalaq xəstəliyinə qarşı mübarizə üçün 1919-ci ilin martın 17-də bir milyon manat pul buraxmağa məcbur oldu.
Azərbaycan SSR OİMDA, fond 1046, siyahı 1, iş 19, vərəq 15.
1919-ci ilin yayında Quba qəzası kəndlilərinin yeni çıxışları başlandı. Bu çıxışların ən güclüsü bəy və qolçomaq istismarına, inzibati işçilərin pis hərəkətlərinə, təzyiqinə və hərc-mərcliyinə qarşı yönələn Qusar nahiyəsinin Kuzun və Dəvəçi nahiyəsinin Siyəzən kəndlilərinin çıxışları idi.
“İttihad” qəzeti N12, 26 iyul 1919-cı il.
“Azərbaycan “ qəzeti (rusca) N173, 16 avqust 1919-cu il.
1919-cu ilin sentyabrın 8-də Azərbaycan Demokratik Hökumətinin hərbi nazirliyi Xaçmazda yerləşən hərbi komandanlığına göndərdiyi teleqramda bildirmişdi ki, Qasımkənd kəndi yaxınlığında ləzgilərlə Denikinin “könüllü ordu” hissələri arasında vuruşma gedir. Qasımkəndlilər Qusar nahiyəsindən də kömək alırlar. Teleqramda deyilirdi: “Vəziyyətlə əlaqədar bütün hərbi qitələr tamamilə hazır olmalıdır. Lakin tam asayiş saxlayaraq, sərhəddə vuruşmağa azacıq da olsa səbəb olmamalıdırlar.
Rathauzer. Şura
Azərbaycanı uğrunda mübarizə. Bakı, 1929. Səh.58.
P.S.: Qusar nahiyəsinin ləzgiləri köməyə çatdıqdan sonra Qasımkənd döyüşləri daha geniş vüsət alır və Denikinin göndərdiyi əlavə qüvvələr də darmadağın edilir. Tarix kitablarında həmin döyüşlərin nəticəsi haqqında belə yazılıb: “Cənubi Dağıstanda, Qasımkənddə ləzgilər Denikinin bütün silahlı dəstələrini məhv edərək böyük qənimət – 1800 tüfəng, çoxlu pulemyot, 2 milyon patron ələ keçirdilər. Tüfəng və xəncərlə silahlanmış partizanlardan ötrü bu, əsl tapıntı idi.” (Bax: Şixsaidov A.R. Dağıstan tarixi haqqında hekayətlər (rus dilində). Mahaçqala, 1981. səh.57).
Hazırladı: M.MƏLİKMƏMMƏDOV
Комментарии к статье
Будьте первым кто оставит комментарий к статье.Оставить комментарий