Qarabağ müharibəsi | 8(345) 2020


Şəmistan Əlizamanlının ifasında “Cənab leytenant” mahnısını çox sevirəm. Sərrafın ölümündən sonra isə ona qəhərsiz qulaq asa bilmirəm. Bu mahnı mənə vətən uğrunda qəhrəmancasına həlak olmuş baş leytenant Sərraf İmaməliyevin heç kəsə bənzəməyən ömür yolunu və igidlik tarixini xatırladır. Qorxu nədir bilməyən, düşmənlə döyüşə gülə-gülə atılan, mərmi yağışı altından yaralı əsgərləri çıxaran bu igid ləzginin döyüşkən ruhunu, qeyri-adi əzmkarlığını cəbhə yoldaşları indiyə kimi minnətdarlıqla xatırlayırlar.
Qusar rayonunun Əniğ kəndində doğulmuş Sərrafı həyat uşaqlıqdan sınağa çəkib. O, 2 yaşında ikən atası vəfat edib. Sərrafı və bacısı Natəvanı babası Muradhəsil və nənəsi Sona böyüdüb.
Doğma kəndində 8-illik məktəbi başa vuran Sərraf Naxçıvanski adına hərbi liseyi və Ali Hərbi Məktəbi bitirib. 2016-cı ilin aprel döyüşlərində igidliyi ilə seçilən Sərraf xidmət etdiyi hissənin sevimlisi idi.
Qarabağ müharibəsindən iki ay əvvəl ailə quran Sərrafın gözəl arzuları var idi. Müharibə hər şeyi dəyişir. Yağı düşmənə qarşı ölüm-dirim savaşına çıxan Sərrafın igidlikləri dillərə düşür. Füzuli ətrafında gedən döyüşlərdə ağır yaralanan, hospitala yerləşdirilən Sərraf 12 gündən öz arzusu ilə oradan çıxıb yenidən cəbhəyə qayıdır. Şuşa ətrafında gedən döyüşlərdə, qələbəyə bir neçə gün qalmış snayper gülləsindən həlak olur.
Sədaqət KƏRİMOVA
Комментарии к статье
Будьте первым кто оставит комментарий к статье.Оставить комментарий