Qarabağ müharibəsi | 8(345) 2020


İkinci Qarabağ müharibəsində rəşadət göstərən hərbçilərimizdən söz düşəndə o saat göz önündə polkovnik-leytenant Rəşad Əmirbəy oğlu Aslanov canlanır. Şuşaya Azərbaycan bayrağını sancmış bu igidin video görüntüləri və şəkilləri sosial şəbəkələrdə geniş yayılıb.
Rəşad 1979-cu il mayın 2-də Qusar şəhərində müəllim ailəsində anadan olub. Qusar şəhər 6 saylı orta məktəbində 8-illik təhsil alıb Bakı Türk Liseyinə qəbul olub. 1997-ci ildə buranı bitirərək qəbul imtahanlarından 687 ball toplayaraq H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. Oxuduğu 4 il müddətində o, prezident təqaüdü alıb. Ali Hərbi Məktəbdə təhsil aldığı müddətdə əla təhsilə görə mükafatlara və medallara layiq görülüb. 2001-ci ildə buranı bitirən 600 müdavım arasında 2 nəfər qusarlı, o cümlədən Rəşad Aslanov Qırmızı diploma layiq görülmüşdur. Diplomu onlara Ali Baş Komandan Heydər Əliyev təqdim etmişdir.
R.Aslanov Silahlı Qüvvələrin Təlim və Tədris mərkəzində kəşfiyyat ixtisası üzrə zabit ixtisas kursunu da müvəffəqiyyətlə bitirmişdir. 2002-ci ildə təyinatla Naxçıvan MR-da yerləşən hərbi hissəyə göndərilən zabit 2002-2005-ci illərdə taqım komandiri, 2005-2008-ci illərdə bölük komandiri, 2008-2013-cü illərdə müxtəlif hərbi hissələrdə kəşfiyyat bölmə rəisi, 2013-2018-ci illərdə müxtəlif əlahiddə hərbi hissələrdə komandir, 2018-ci ildən 2020-ci ilin oktyabrına kimi xüsusi təyinatlı hərbi hissənin komandiri vəzifəsində xidmət etmişdir. Bu ilin oktyabr ayından bu günə kimi yuxarı qərargahda şöbə rəisidir.
Qarabağda bu ilin sentyabrın 27-dən başlayan döyüşlərdə fəal iştirak edib. Onun rəhbərlik etdiyi xüsusi təyinatlı bölmə düşmənə böyük itkilər verərək, Şuşa şəhərini almağa müvəffəq olmuş, Şuşa şəhərinə Azərbaycan bayrağını sancmışdır.
Xidmət etdiyi müddətdə Rəşad Aslanov “Qüsursuz xidmətlərinə görə” 1, 2 və 3-cü dərəcəli medallarla, “Hərbi xidmətdə fərqləndiyinə görə” 3 və 2 dərəcəli medallarla təltif olunmuşdur. 2016-cı ildə Ali Bas Komandan İlham Əliyev ona “İgidliyə görə” medalını təqdim etmişdir. Xidmət müddətində yüksək nailiyyətlərinə görə R.Aslanov çoxlu mükafat, diplom, fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır. 2014- 2016-illərdə Rəşad Aslanov Silahlı Qüvvələrin Hərbi Akademiyasında magistr təhsili də almışdır. Xidmət etdiyi müddətdə həm Azərbaycanda, həm də bir sıra xarici ölkələrdə öz ixtisasına uyğun müxtəlif kurslarda və beynəlxalq təlimlərdə iştirak edib.
Sədaqət KƏRİMOVA
Комментарии к статье
Будьте первым кто оставит комментарий к статье.Оставить комментарий