Qarabağ müharibəsi | 7(344) 2020


Qəhrəmanlar haqqında çox eşitmişdi. Onların igidliklərindən yazılmış neçə-neçə kitabı da oxumuşdu. Amma onun uşaq aləmində ən böyük qəhrəman ulu babası idi. Sinəsində avtomat, əlində qumbara qartal kimi alman faşistlərinin üstünə şığıyan, düşmən pulemyotunu susdurub döyüşçü dostlarını xilas edən Gülbala kişinin surəti balaca Sənanın yaddaşına əbədi həkk olunmuşdu. Kursk ətrafındakı döyüşlərdə həlak olan Gülbala Xiyirbəyovun qəhrəmanlığını onun nəticəsi Sənan Zamanovun təkrar etməsi əsl möcüzə idi...
Möcüzə baş verməzdən neçə il əvvəl qəlbində hərbçi olmaq arzusu oyanmışdı. Qusar rayonunun Çiləgir kəndində həyata göz açmış, otuz il hərbi xidmətdə olmuş, onun 12 ilini cəbhə bölgəsində keçirmiş, I və II dərəcəli “Vətən qarşısında qüsursuz xidmətə görə” medallarına layiq görülmüş baş gizir Qahir Zamanovun xəyalına da gəlməzdi ki, onun iki oğlu – Butay və Sənan da gələcəkdə hərbçi olacaq, ataları kimi torpaqlarımızın düşməndən geri alınması uğrunda gedən döyüşlərdə hünər göstərəcəklər.
Sənan məktəbə 6 yaşında gedərək, böyük qardaşı Butayla bir sinifdə oxudu. Onlar Cəmşid Naxçıvanski adına hərbi liseydə və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində də birgə təhsil aldılar. Hər ikisi mayor hərbi rütbəsini alıb ayrı-ayrı cəbhə bölgələrində düşmənlə döyüşlərə atıldı. Butay tabor komandiri kimi vuruşmağı davam etdirir. Sənan isə...
Kiçik qardaşın həyat yolu qısa və kəşməkəşli oldu. Yaxşı idmançı kimi ad qazanan, yüngül atletika üzrə ordu çempionu olan, bölük komandirləri arasında keçirilən yarışlarda 2-ci yeri tutan Sənan bir müddət Naxçıvanda, ən təhlükəli postlarda xidmət etdi. Sonra Goranboyda tabor komandirinin müavini kimi hərbi xidməti davam etdirdi. Son vaxtlar çətin sınaqlardan çıxan mayor Sənan Zamanov məzuniyyətə getməli idi. Lakin başqa əmr gəldi. Şəhid olmuş qrup komandirinin yerinə təyin edildi və yeni döyüşlərə atılmalı oldu.
Bu, ölüm-dirim döyüşü idi. Düşmən keçilməz yerdə qurduğu böyük dzotdan pulemyotla aramsız atəş açır, əsgərlərimizi irəliləməyə qoymurdu. Sentyabrın 30-da mayor Sənan Zamanov həmin xəttdə döyüşə son qoymağı qərara aldı. Əsgərlərə ürək-dirək verərək dedi: “Dzot məhv edilməsə, irəli gedə bilməyəcəyik. Ona görə də dzotu dağıdıb bu ölümü öldürəcəyəm. Ondan sonra siz hücuma keçərsiniz. Bilirəm ki, sağ qayıtmayacağam. Gələcəkdə kimin oğlu olsa, adımı ona qoysun”.
Sənanın qəhrəmancasına dzotu partlatması əsgərlərimizə itkisiz hücuma keçməyə və Suqovuşanı almağa imkan verdi. Avqust ayında 33 yaşı tamam olmuş mayor Sənan Zamanov igid komandir kimi əsgərlərin gözü qarşısında hərb tariximizə yazılacaq bir hünər göstərdi...
Oktyabrın 2-də Qusar şəhərində son mənzilə yola salınan Sənanın yas mərasiminə böyük insan seli axışmışdı. İgid ləzgi oğlunun qəbrini gül-çiçəyə qərq etmişdilər. Həmin gün rayonun Urva və Köhnə Xudat kəndlərindən olan, Tərtər və Fizuli bölgələrində şəhidliyə qovuşan daha iki gənc torpağa tapşırıldı və onlara da böyük ehtiram göstərildi. Yüzlərlə insan igid şəhidlərimizlə vidalaşandan sonra şəhərin şəhidlər xiyabanından getmək istəməyən Sənanın ömür-gün yoldaşı Şəbnəm, yeddi yaşlı oğlu Kənan, qızları Fidan və Ləman cəsur zabitin qəbri önündə and içdilər: “Biz həyatda sənin kimi yaşayacağıq”. Kənanın ağlaya-ağlaya dediyi sözlər hamını kövrəltdi: “ Atacan, mən də komandir olub düşməni öldürəcəyəm...”
M.MƏLİKMƏMMƏDOV
Комментарии к статье
Будьте первым кто оставит комментарий к статье.Оставить комментарий