Tərcümə, yoxsa təxribat?
Ləzgi poeziyasını gözdən salan bir kitab haqqında Çıxışlarımızın əks-sədası  |  9(244) 2011      

Bu günlərdə iş adamı Dağlar Səfərov mənə bir kitab bağışlayıb fəxrlə dedi:
- Gör necə xeyirxah iş görmüşəm! Mən bu kitabı öz vəsaitimlə çap etdirmişəm.
Doğrudan da təqdir olunmalı işdir. Azərbaycan oxucularını ləzgi poeziyası nümunələri ilə tanış etmək məqsədilə atılmış bu addımı yalnız alqışlamaq olar.
Bakının “Nasir” nəşriyyatında çap olunmuş kitabın üz qabığı diqqətimi çəkdi: “Kələntər Kələntərli. Ləzgi poeziyasından nümunələr”. Titul vərəqindəki “Tərcümə sənəti barəsində nə bilirəm?” sərlövhəsi kitabın ləzgi poeziyasından Azərbaycan dilinə tərcümələr olduğunu göstərir. Həmin vərəqdəki başqa qeyd nəşrin məqsədini bir qədər də dəqiqləşdirir: “Kitabda tanınmış ləzgi xalqının şairi (ləzgi xalqının tanınmış şairi əvəzinə - red.) Kələntər Kələntərlinin qələmə aldığı şeirlər və ləzgi poeziyasından nümunələr toplanmışdır”.  Ləzgi poeziyasının gözəl nümunələrini Azərbaycan dilində oxumaq arzusu ilə kitabı vərəqləyirəm.
Qrammatik səhvlər, dil xətaları, üslub səhvləri ilə dolu ön sözdə K.Kələntərlinin tərcümə sənəti haqqında mülahizələri verilib. Müəllifin məşhur sənət abidələrindən söz açarkən “İblis” əvəzinə “Demon”, “Odisseya” əvəzinə “Odessiya” yazması, “ləzgi dilində boğaz sözləri çoxdur” (boğaz səsləri olmalıdır-red) kimi ifadələr işlətməsi, ləzgi klassikləri ilə müasir yazarları bir-birindən ayıra bilməməsi ilə işim yoxdur. Amma hörmətli şairimizin Qüçxür Səidin, Yetim Eminin, Süleyman Stalskinin, Xürük Tahirin və başqalarının şeirlərindən Azərbay-can dilinə etdiyi tərcümələrdə çoxlu məna, məzmun, ifadə təhriflərini görəndə deməyə söz tapmadım. Yüksək səviyyəli ləzgi poeziyası nümunələrinin zəif şeirlər kimi oxuculara çatdırılmasının səbəblərini araşdırmağa çalışdım.
Təəssüf doğuran odur ki, tərcüməçi ləzgi ədəbiyyatına və folkloruna yaxşı bələd olmadığına görə bir sıra səhvlərə yol verir. Məsələn, “Şarvəli” adlı qəhrəmanlıq dastanı” sözlərini yazan tərcüməçi bilmir ki, dastanın adı “Şarvili”dir.
Tərcüməçinin ləzgi dilində adların və təxəllüslərin necə yazıldığından xəbərsiz olması da təəssüf doğurur. Ləzgi təxəllüsləri bir neçə cür yaranır: yer adlarına “vi” şəkilçisini əlavə etməklə, kənd və ya şəhər adlarını olduğu kimi adın yanında işlətməklə və sair. Başqa dillərə çevirəndə onlara heç bir şəkilçi əlavə olunmur. Ona görə də Xürük Tahiri Xürüklü Tahir kimi təqdim etmək düz deyil. Qüçxür Səidi eyni kitabda gah Qüçxürlü Seyid, gah Quçxur Seyid kimi yazmaq olmaz. Ləzgi dilində “Seyid” yox, “Said” adı mövcuddur, bunların ikisi də ərəb sözləridir. Birinci “xoşbəxt”, ikinci “rəis, cənab” mənalarını verir. Saidi azərbay-can dilində Seyid kimi yox, Səid kimi yazmaq lazımdır. Tərcüməçi 20-ci əsrin Homeri Süleymanın təxəllüsünü də eyni kitabda iki cür verir: Stalski və Stallı.
Yeri gəlmişkən qeyd edək ki, tərcüməçi indiyə kimi Azərbaycan dilinə Süleyman Stalskinin beş-altı şerini çıxmaqla ləzgi sənətkarlarının əsərlərinin tər-cümə olunmadığını bildirir. Görünür, onun 1959-cu ildə “Azərnəşr” tərəfindən 10 min nüsxə tirajla çapdan buraxılmış “Dağıstan ədəbiyyatı antologiyası” kitabından və burada S. Stalskinin, X.Tahirin, Ş.Mura-dovun və başqalarının əsərlərinin oxuculara çatdırılmasından, həmçinin vaxtilə Azərbaycanın orta məktəb dərsliklərində klassik ləzgi şairlərinin bəzi şeirlərinin verilməsindən də xəbəri yoxdur.
Adlar və təxəllüslərlə bağlı dolaşıqlığa yol verən tərcüməçi həmin şairlərin əsərlərindən ayrı-ayrı misraları və hətta bəndləri yanlış tərcümə edib. Tərcümədə isə məna təhrifləri bağışlanmazdır. Xürük Tahirin bəzi şeirlərinə nəzər yetirək. Onun “Buba” (“Ata”) şeri beş bənddən ibarət olduğu halda, ancaq dörd bəndi tərcümə olunub. Şeirin orijinalında birinci bəndin birinci misrası belədir: “Qil qğarfarixc qalaz taniş”. Tərcüməçi onu “İndi hərflərlə tanış” kimi deyil, “Ayda neçə hərflə tanış” kimi çevirib. Üçüncü misra belədir: “Qzaf xğana zaz beqenmiş”. Bu misranı “Çox xoşuma gəldi mənim” kimi deyil, “Hiss etmirəm nə yaz, nə qış” kimi tərcümə edib. Əslində isə şeirdə “yaz”, “qış” sözləri ümumiyyətlə yoxdur.
“Üç qız” şerinin dördüncü bəndinin birinci misrası ləzgicə belə qələmə alınıb: “Sad ə taza baqcdin emiş.” Azərbaycan-caya belə çevirmək olar: “Biri təzə bağ meyvəsi.” Tərcüməçi məna təhrifinə yol verib: “Birisinin enib-qalxan sinəsi qar.”
Üçüncü misra ləzgicə “Sad akurla jeda çaşmiş” kimi yazıldığı, “Birini görəndə çaşırsan” mənasını verdiyi halda, “Biri mənə dillən deyir açıq-aşkar” kimi tərcümə olunub. Belə təhriflər bir deyil, iki deyil.
Kitabda “Qaçaq Kiri Buba haqqında mahnılar” başlığı ilə verilmiş şifahi xalq ədəbiyyatı nümunələri də necə gəldi tərcümə olunub. Bunlar Azərbaycan dilindən bixəbər adamın tərcümələri təsiri bağışlayır. Bu fikri sübuta yetirmək üçün bir-iki misal çəkmək kifayətdir:
Onun ən çox xoşladığı
Bernadkası pas tutubdu.

Müəllif ləzgi və Azərbaycan dillərində “bernadka” sözünün olmadığını yəqin ki, bilmir. Ləzgi dilində “berdanka” kimi işlənən sözün mənası isə “tüfəng” deməkdir.
“ÜIinin xcuğtIer fad xğana xği” misrası “Bu ilki qış tez gəldi ki” mənasını verdiyi halda, “Bu ilki qar bəd oldu ki” kimi tərcümə edilib. “Qış bəd gəldi” sözlərini eşitmişik, bəs “qar bəd oldu” nə deməkdir?
Kitabda ləzgi xalqının qəhrəman oğlu Kiri Bubaya heç bir dəxli olmayan, hətta onun adına ləkə gətirən misralar da dərc olunub:
Çay içdiyi istəkandan
Kim nə edib bilmək olar;
Donuz oğlu kütüllünün
Qaçırmalı üç qızı var.
Bu misralar oxucuya nə verir? Bu söz yığınını şifahi xalq ədəbiyyatının incisi kimi təqdim etməkdə məqsəd nədir?
Gətirdiyimiz misallardan belə bir nəticəyə gəlmək olar: məqsəd zəngin ləzgi poeziyasının və şifahi xalq ədəbiyyatının  gözəl nümunələrini keyfiyyətlə tərcümə edib Azərbaycan oxucusuna çatdırmaq deyil, gözdən salmaqdır.
Kitaba başqa şairlərlə yanaşı mənim də səkkiz şeirim  salınıb. Lakin bunlar analoqu olmayan, heç bir məntiqə sığmayan “tərcümələr”dir. Oxuculara ləzgicədən tərcümələr kimi təqdim olunanlar əslində mənim Azərbay-can dilində qələmə aldığım şeirlərdir. 1991-ci ildə “Yazıçı” nəşriyyatında 5 min nüsxə tirajla çap olunmuş “Qərib quşun nəğməsi” adlı kitabımdan götürülmüş həmin şeirlər Azərbaycan dilindən Azərbaycan dilinə (?) “tər-cümə olunub”. Ömrünün 40 ilini  redaktə sənətinə həsr edən, onlarca kitabın redaktoru kimi tanınan, redaktənin məsuliyyətini gözəl anlayan bir peşəkar qələm sahibinin şeirləri “şumlanıb”. Bu, qəribə “şum”dur. Şeirlərin ruhunu öldürmək, mənalarını təhrif etmək, bayağı ifadələr işlətməklə onlar yenidən “yazılıb”(?). Səkkiz şeirin üzərində söz-söz, fikir-fikir, misra-misra iş gedib. Hətta yeni bəndlər əlavə olunub. Bütün bunlar istər-istəməz belə bir fikir formalaşdırır ki, bu iş Sədaqət Kərimovanı nüfuzdan salmaq, onu Azərbaycan dilini bilməyən,  poetik ovqatdan uzaq cızmaqaraçı kimi qələmə vermək istəyi ilə həyata keçirilib.

Kitabın müəllifi Kələntər Kələntərlini redaksiyaya dəvət etdik. Qəribə “tərcümələri”, nəşrlə bağlı mülahizələrimizi, aşkar etdiyimiz saysız-hesabsız nöqsanları ona bildirəndə qocaman şair sarsıldı. Sonra isə səmimiyyətlə etiraf etdi:
- Mənim bunların heç birindən xəbərim yoxdur. Etibar Sturvi məndən xəbərsiz qovluqlarımı Dağlar Səfərova verib ki, çap eləsin.
- Bəs mənim şeirlərimi kim bu günə salıb?
Kələntər müəllim suala sualla cavab  verdi:
- Sədaqət poeziyasını həmişə yüksək qiymətləndirmiş bir adam bunu edərmi? Neçə illər əvvəl Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul olunmaq üçün sənə zəmanət yazanlardan biri mən olmamışammı? Mən hər yerdə sənin qələmini, istedadını tərifləmişəm.
- Buna şübhə etmirəm, - dedim. - 50 illik yubileyimlə bağlı ədəbi-bədii gecədə tribunadan yaradıcılığıma verdiyiniz qiymət hamının yadındadır. Bəs onda şeirlərimi bu cür eybəcərləşdirərək, sizin imzanızla kitaba salan kimdir?
- Mən daha danışa bilmirəm...
Pərtliyindən özünü itirmiş şairi daha bərkə-boşa salmadıq. Əslində Azərbaycan dilində səlis şeirlər yaratmış aqsaqqalın qələmindən belə zəif misraların çıxmasına inanmaq çətin idi. Bir sualı isə ona verməmək olmazdı:
- Kələntər müəllim, əminsinizmi ki, sabah sizin imzanızdan istifadə edib daha ziyanlı, xalqa zərbə vuran, ziyalılarımızı ləkələməyə xidmət edən nəşrlərə imza atmayacaqlar?
- Mən elə ondan qorxuram, - deyə ahıl şair ağır addımlarla redaksiyanı tərk etdi...
Kitabın sponsoru Dağlar Səfərov şeirlərimin başına açılmış “oyunu” öz gözləri ilə görəndə deməyə söz tapmadı. Ondan nəşrlə bağlı suallarımıza cavab istədikdə məsələyə aydınlıq gətirdi:
- Kitab Kələntər Kələntər-linin 1985-ci ildə “Azərnəşr” üçün tərtib etdiyi qovluq əsasında çap olunub. Onu mənə Etibar Sturvi təqdim edib.
- Axı mənim burada verilmiş şeirlərim 1991-ci ildə işıq üzü görüb!
- Yəqin sizin şeirləriniz kitaba sonradan əlavə olunub.
- Mənə qovluğu verə bilərsinizmi?
- Əlbəttə! Sizin şikayətinizdən sonra Kələntər müəllim zəng çalıb onu məndən istədi. Amma mən ona bildirdim ki, qovluğu Sədaqət xanıma verəcəyəm, - deyib D.Səfərov qovluğu mənə uzatdı.
Burada diqqətimi cəlb edən Kələntər Kələntərlinin Dağlara yazdığı məktub oldu:
“Əzizim Dağlar.
“Ləzgi poeziyasından nümunələr” adlı bu kitabı Sovet dövləti dağılmamışdan bir neçə ay qabaq Azərbaycan Dövlət Nəş-riyyatının sifarişi ilə hazırlamışdım. İş elə gətirdi ki, o vaxt nəşriyyatda baş redaktor vəzifəsində işləyən Aydın Hüseynzadə işdən getdi. Kitab da nəşr olunmadı. Kitabın iki nüsxədən ibarət makinadan çıxarılmış yazıları arxivimdə bir qovluğun içində qalırdı. Yadımdan çıxmışdı. Bu yaxınlarda təzə mənzilə köçəndə həmin qovluq Etibarın əlinə keçib, o da mənə heç nə demədən, yığdırıb sənə təqdim edib. Gördüm ki, yazılar bir-birinə qarışıb. O şəkildə kitabı üzə çıxarmaq olmazdı. Ona görə də təzədən tərtib etməli, kitaba bəzi əlavələr də etməli oldum. Təsəvvür elə ki, ləzgi poeziyasının klassiki Süley-man Stalski kitaba düşməmişdi. Əlyazmanı səhifələmişəm. İndi əlnən yazdıqlarım da, saralmış səhifələr də təzədən yığılmalıdır. (Necə tərtib etmişəmsə, o qaydada). Bilirəm, zəhmət çəkəcəksən. Qoy zəhmətin bəhrəli olsun. Kitab da azərbay-canlı oxuculara ləzgi poeziyasından azca məlumat verə bilən bir kitab kimi işıq üzü görsün. Sənə şeir də yazdım. Şəklimizi də çəkdirərik. Yığılandan sonra yazılara bir də baxmalıyam. Özüm korrektə edəcəyəm. Qoy səhvlər getməsin. Kitabın redaktoru kim olacaq o da sənin işindir. Bu qədər.
Sənə can sağlığı arzulayan: Kələntər Kələntərli.”
Qovluğu diqqətlə nəzərdən keçirirəm. Saralmış vərəqlərdə çap olunanlar K.Kələntərlinin öz şeirləridir. Əllə yazılmış vərəqlərdə müxtəlif şairlərin şeirlərindən tərcümələr və haqlarında məlumatlar var. Mənim şeirlərim kompüterdə son vaxtlar yığılanlar arasındadır. Səhifələrin altındakı qeydlərdə tarix aydın göstərilib: 01.04.2011.  Bəs onları kim yığdırıb? Niyə müəllifin icazəsi olmadan onun şeirləri kitaba salınıb? Əgər bu, tərcümə kitabıdırsa, onda niyə ləzgicə şeirlərim tərcümə olunmayıb? Lazım gəlsəydi, öz şeirlərimi özüm ləzgi dilindən Azərbaycan dilinə çevirərdim və bunun öhdəsindən layiqincə də gələrdim. Məgər K.Kələntərli və E.Sturvi bunu bilmirlər? Görəsən onlar məndən xəbərsiz niyə belə iş tutublar? Axı rəhbərlik etdiyim “Samur” qəzetinin səhifələrində həmişə onlara səxavətlə yer verilib. Bu yaxınlarda işıq üzü görmüş “Qusar, qusarlılar” adlı ensiklopedik toplumda onlar haqqında gedən məqalələri hər ikisinə oxudub, faktları dəqiqləşdirəndən sonra çapa vermişəm. Bəs onların bu “yaxşılığını” necə qiymətləndirmək olar?
Təəssüf ki, son vaxtlar bu cür “tələsik” nəşrlərin sayı çoxalıb. Yazıçı məsuliyyəti, tərcüməçi cavabdehliyi kimi vacib məsələlər unudulub. “Nasir” nəşriyyatında çap olunmuş sözügedən kitabın redaktorunun, korrektorunun olmaması dediklərimizi bir daha sübut edir.
Nə cür kitab alındığı göz qabağındadır - qeyd etdiklərimiz aşkar etdiyimiz qüsurların cüzi hissəsidir. Göz qabağında olmayan başqa şeylər var: onu doğurmuş niyyət, bu niyyətdəki təxribat meyli.
Kitabdan xəbər tutmuş qələm dostlarım, çoxlu oxucularım mənə konkret məsləhət veriblər: məhkəməyə müraciət etməlisən. Kimin günahkar olduğunu qoy fməhkəmə aşkar etsin. Belə də edəcəyəm. Mənə vurulmuş mənəvi ziyanın müqabilində başqa nə etmək olar ki?!

Sədaqət KƏRİMOVA
 

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
«Самур» гьар хизандиз! Воскресная школа лезгинского языка в Татарстане “Сувар” представил Азербайджан на фестивале в Турции Чемпионар пара жезва КIвалахдай ксар хкязава
Статьи из этой рубрики
Təəssüf edirəm “Самур” чи мектеб я Poeziya təxribatçıları ifşa olunmalıdır Tənqidbazlıq, yoxsa gözügötürməzlik? Ван авуна
ЦIИЙИ ТИЛИТ
№: 3(319)
апрель, 2018

Скачать PDF

РУБРИКИ

ПОЛЕЗНОЕ