Ləzgi dili
Лезги чIалан месэлаяр  |  10(336) 2019      
   İber-Qafqaz dillərinin nax-dağıstan qrupunun (əvvəllər nax-ləzgi və yaxud çeçen-ləzgi qrupu adlanırdı) ləzgi yarımqrupuna aid olan ləzgi dili dünyanın qədim dillərindən biridir. Onu tədqiq edən yerli və xarici alimlərin bir qismi əvvəllər bu dilin 4 min il bundan əvvəl yarandığını israr edirdi. 1965-ci ildə “Znaniye – sila” jurnalında dərc olunmuş “Açılmamış sirlər adası” (“Ostrov nerazgadannıx tayn”) məqaləsinin müəllifi V.Şevoroşkin bir sıra tutarlı dəlillərə əsaslanaraq, ləzgi dilinin azı 5 min illik tarixə malik olduğunu bildirdi. Bundan sonra bir sıra alimlər bu dilin 7 min il bundan əvvəl mövcud olduğunu göstərdilər. Nəhayət, ləzgi dilinin sivilizasiyanın ilk dillərinə aid olmasına dair elmi məqalələr yazıldı, onun xett, xurrit, urartu dillərinə yaxınlığı dil materialı əsasında sübuta yetirilməyə başlandı. Həqiqətən də müasir ləzgi dilində vaxtilə həmin dillərdə işlənmiş və mənasını olduğu kimi saxlamış onlarca söz vardır.
   Bir sıra alımlər qədimlik baxımından ləzgi dilini hind-çin dilləri ilə müqayisə edirlər. Çünki ləzgi dilində sözlərin əksəriyyəti bir və ya iki hecalı (dilçi alimlərin son araşdırmalarına görə lüğət fondunun 56 faizindən çoxu) olduğuna görə belə müqayisə üçün əsas yaranır. Lakin həmin dillərdən fərqli olaraq, ləzgi dilində sözlərin yaranmasının özünəməxsus qanunauyğunluqları vardır.
   Qədim ləzgi sözlərinin əksəriyyəti asan və yaddaqalan olmaqdan ötrü şeirvari, qafiyəli yaradılıb. Hətta bədən orqanlarının adları da qafiyəlidir. Məsələn: “kьил” (“baş”), “вил” (“göz”), “гъил” (“əl”), “кьуьл” (“ayaq”) və s. Üç səsdən ibarət sözlərin istər ilk, istər orta, istərsə də son fonemini dəyişdikdə onlarca yeni söz əmələ gəlir. Məsələn, “гар” (“külək”) sözünün birinci fonemini dəyişdikdə “пар” (“yük”), “тар” (“ağac”), “чар” (“kağız”), “сар” (“yun”), “хар” (“dolu”), “цIар” (“xətt”), “kIар” (“oxlov”), “гъар”(“mala”), ”хьар” (“xərək”), “чIар” (“saç”) və s. yeni sözlər alınır. İlk və sonuncu fonemi dəyişdikdə 7-12 çalar yaradan sözlər çoxluq təşkil edir. Məşhur gürcü alimi Q.V.Topuria bu cür birhecalı sözləri azı 4-5 min illik tarixə malik xalis ləzgi sözləri adlandırır.
   Maraqlıdır ki, ləzgi dilində yer üzündə ilk baxışda həyat nişanəsini əks etdirən nə varsa, qədim insanın ilk dərk edib ad qoya biləcəyi bütün şeylər birhecalı sözlərlə ifadə olunur. Məsələn: “Чил” (“Yer”), “цав” ( “göy”), “Рагъ” (“Günəş”), “Варз” (”Ay”), “гъед” (“ulduz”), “ял” (”hava”), “яд” (“su”), “цIай” (“od”), “къай” (“soyuq”), “циф” (“bulud”), “гар” (“külək”), “марф” (“yağış”), “векь” (“ot”), “тар” (“ağac”), “экв” (“işıq”), “югъ” (“gündüz”), “йиф” (“gecə”), “накьв” (“torpaq”), “къван” (“daş”), “сув” (“dağ”), “гьуьл” (“dəniz”) və s. Belə sözlər ləzgi dilində olduqca çoxdur.
   Görkəmli rus şərqşünası P.K.Uslar sadəliyinə, zənginliyinə, axıcı və rəvan olmasına görə ləzgi dilini şeir dili adlandırmışdı və göstərmişdi ki, ləzgilərin öz dilinə məhəbbəti onların atalar sözlərində geniş əksini tapıb. 
   Ötən əsrin 30-cu illərində məşhur dilçi alim Hacıbəy Hacıbəyov yazmışdı: “Ləzginin birinci və ən böyük qüdrəti onun dilidir”. Ləzgi dili və ləzgilərin ana dilinə münasibəti ilə əlaqədar rus, gürcü, alman, fransız, ingilis, ərəb, norveç, isveç alimləri də maraqlı fikirlər söyləmişlər.
Məşhur ərəbşünas, tarix elmləri doktoru, professor Amri Şixsaidovun yazdığı kimi, hələ X əsrədək ləzgi dilində kitablar mövcud idi və ləzgi ədəbi дили yaranmışdı. Ərəb tarixçisi Zəkəriyyə əl-Qəzvininin verdiyi məlumata görə XI əsrdə böyük səlcuq vəziri Nizam əl-Mülkün göstərişi ilə Dərbənddə və onun ətrafında açılmış mədrəsələrdə dərslər iki dildə – ərəb və ləzgi dillərində keçilirdi. Həmin dövrdə əl-Muzaninin “Müxtəsər” kitabı və İmam Şafinin qanunlara aid kitabı ləzgi dilinə tərcümə olunmuşdu. 1131-ci ildə Dərbənddə olmuş Əbu Həmid Məhəmməd əl-Qarnati şəhər məclisində əmirin əl-Mahamilinin “Kitab əl-Mukni” əsərini buraya toplaşanlara oxuduğunu və 13 dildə onlara izah etdiyini bildirir. Birinci ləzgi dilinin adı çəkilir. V.V.Latışevin, N.A.Karaulovun, Q.A.Klimovun və bir çox başqa alimlərin yazdığı kimi, antik yunan və latın müəlliflərinin əsərlərində də ən çox adı çəkilən Qafqaz dillərindən biri ləzgi dilidir.
   Əsrlər boyu baş verən işğallar ləzgi xalqı kimi ləzgi dilini də bir sıra məhrumiyyətlərə düçar etdi. Məhəmmədhəsən Vəlili özünün 1921-ci ildə Bakıda nəşr olunmuş “Azərbaycan. Coğrafi-təbii, etnoqrafik və iqtisadi mülahizat” kitabında haqlı olaraq yazmışdı: “Ləzgi xalqları müxtəlif xalqların uzun müddətli hökmranlığına baxmayaraq, öz dillərini və ilkin xarakterlərini qoruyub saxlaya bilmişlər. Təbii şəraitin səbəb olduğu Qafqaz dağlarındakı uzun müddət davam edən ayrılmanın belə bir nəticəsi olub ki, ləzgilər müxtəlif dillərdə danışan çoxlu tayfalara ayrılıblar.”
   Tarixi məxəzlərdən məlum olduğu kimi, ləzgi dili vaxtilə Qafqazda ən çox işlənən dillərdən biri olmuşdur. Semyon Bronevskinin 1823-cü ildə Moskvada çap etdirdiyi “Qafqaz haqqında ən yeni coğrafi və tarixi məlumatlar” (“Noveyşiye geoqrafiçeskiye i istoriçeskiye izvestiya o Kavkaze”) kitabında qeyd etdiyi kimi, o vaxt nəinki Cənubi Dağıstanın və Azərbaycanın şimal bölgəsinin, həmçinin Dağıstanın Cenquten, Akuşa, Qaraqaytaq, Kubaçi, Tabasaran, Qazıqumux əyalətlərinin əhalisi, eyni zamanda Dərbəndin və Şirvanın xeyli əhalisi də ləzgicə danışırdı. 1636-1638-ci illərdə Qafqazda olmuş Adam Oleari Şabran əhalisinin ləzgi dilində danışdığını qeyd etmişdi. Bununla yanaşı, başqa müəlliflərin də yazdığı kimi, XVIII-XIX əsrlərdə Qafqazda ən çox işlənən dil tatar (Azərbaycan) dili, ikinci ləzgi duli idi. Akademik Q.A.Klimov ötən əsrin 60-cı ıllərinədək Qafqazın ən çox işlənən beş dili sırasında ləzgi dilinin dördüncü yerdə dayandığını göstərir. Hazırda təkcə Azərbaycanda və Dağıstanda 1 milyondan çox əhali bu dildə danışır.
   Ləzgi dil qrupuna daxil olan ləzgi, tabasaran, ağul, rutul, saxur, qrız, buduğ, arçi, udin, xınalıq dilləri arasinda ən çox tədqiq olunan ləzgi dilidir. İndiyədək tam tədqiq olunmamış haput və cek dilləri də bu qrupa daxildir.
Filologiya elmləri namizədi N.Abdulmütəllibovun 2004-cü ildə Mahaçqalada rus dilində çap etdirdiyi “Ləzgi dilşünaslığına dair məlumat kitabı”ndan məlum olduğu kimi, hələ 10 il bundan əvvələdək ləzgi alimləri və 20-dək ölkənin tədqiqatçıları ləzgi dili ilə bağlı 3300 məqalə, oçerk və kitab yazmışlar. Təkcə son 40 il ərzində 2 minədək məqalə, 30-dan çox kitab çap olunub. 
   Ləzgi alimləri tərəfindən bu dilin elmi cəhətdən öyrənilməsi XIX əsrdən başlanmışdır. Həmin dövrdə Qəzənfər bəy Zülfüqarov, Abucəfər Məmmədov, Həsən Alqadari kimi alimlərin ləzgi dili ilə bağlı elmi məqalələri və kitabları işıq üzü görmüşdür. XX əsrdə bu sahədə Hacıbəy Hacıbəyov, Abdul Qadir Alqadar (Alqadarski), Məhəmməd Hacıyev, Uneyzat Meylanova, Bukar Talibov, Racidin Heydərov, Əhmədulah Gülməhəmmədov, Şəmsəddin Səədiyev, Faida Qəniyeva, Kərim Kərimov, Ənvər Şeyxov, İsrafil Əfəndiyev kimi tanınmış dilçilər ləzgi dilinin tədqiq olunmasına və inkişaf etdirilməsinə böyük töhfələr vermişlər. Onlardan H.Hacıbəyov 1934-cü ildə “Ləzgi qrammatikası”, A.Alqadarski 1938-ci ildə “Ləzgi dilinin qrammatikası. I hissə” və 1941-ci ildə “Ləzgi dilinin qrammatikası. II hissə” kitablarını çap etdirmişlər. 1950-ci ildə rus alimlərinin “elmin Hannibalı” adlandırdıqları Məhəmməd Hacıyevin 35 min sözdən ibarət “Rusca-ləzgicə lüğət” kitabını, 1962-ci ildə “Ləzgi dilinin qrammatikası. I hissə. Fonetika və morfologiya” və “Ləzgi dilinin qrammatikası. II hissə. Sintaksis” kitabları işıq üzü görmüşdür. Ümumiyyətlə, ötən əsrdə 30-dan çox ləzgi dilçi alimi bu sahədə səmərəli fəaliyyət göstərmişdir. Hazırda yaşlı nəslin nümayəndələri ilə yanaşı gənc alimlər də doğma dilin ayrı-ayrı sahələrini tədqiq etməklə məşğuldur.
   Müasir dövrdə ləzgi dilçilik elmini filologiya elmləri doktorları Faida Qəniyeva, Qurban Akimov, Feyzudin Nağıyev, İsrafil Əfəndiyev, filologiya elmləri namizədi Nəriman Abdulmütəllibov kimi alimlər və başqaları zənginləşdirirlər. Akademik Ə.Gülməhəmmədov 2012-ci ildə 3 cilddən ibarət “Ləzgi dilinin izahlı lüğəti”ni çap etdirmişdir. Orta və ali məktəblər üçün ləzgi dili dərsliklərinin yazılmasında  Ə.Gülməhəmmədovla yanaşı akademik Həmidullah Məhəmmədov, filologiya elmləri doktoru, professor Racidin Heydərov, həmçinin Salaudin Səlimov, Akverdi Ramaldanov, Səlimxan Mirzəxanov, Nəfisət Əsədullayeva kimi alimlər də böyük əmək sərf etmişlər. Professor Yarəli Yarəliyev ləzgi dilinin qədim pelazgi, xürrit, xett, urartu dilləri ilə qohumluğunun öyrənilməsi sahəsində maraqlı tədqiqatlar aparmışdır.
Ləzgi dili dərsliklərinin yazılması və çapı 3 mərhələyə bölünür. İlk mərhələ XIX əsrin əvvəllərindən XX əsrin əvvəllərinədək olan dövrü əhatə edir. XIX əsrin ikinci yarısında çap olunmuş dərsliklərdən Qəzənfər bəy Zülfüqarovun “Küre əlifbası”nı və Abucəfər Məmmədovun “Küre əlifbası və oxu üçün ilk kitab”ını göstərmək olar. 1911-ci ildə Tiflisdə P.K.Usların əlifbası ilə yazılmış “Küre əlifbası və oxu üçün ilk kitab” dərsliyi çap olunmuşdur.
    İkinci mərhələ 1928-1938-ci illəri əhatə edir. Sovet hakimiyyəti illərində, milli dillərə qayğı dövrü adlanan həmin mərhələdə kütləvi şəkildə onlarca dərslik nəşr olunmuşdur. Bu mərhələnin ilk dərsliyi A.Alqadarskinin 1928-ci ildə çap etdirdiyi “Yeni ləzgi əlifbası və ilkin oxu kitabı”dır.
Ötən əsrin 40-cı illərindən sonrakı dövr üçüncü mərhələni təşkil edir. Bu dövrdə həm orta məktəblər, həm də ali məktəblər üçün ləzgi dilində onlarca dərslik çap olunmuşdur. 
   Ləzgi dilinin təmizliyinin qorunub saxlanması və daha da inkişaf etdirilməsində bir çox yazıçı və jurnalistlərin xidməti əvəzsizdir. Bu baxımdan Yetim Eminin, Süleyman Stalskinin, Ziyaudin Əfəndiyevin, Rasim Hacının, Əhəd Ağayevin, Əziz Aləmin, Feyzudin Nağıyevin, Zabit Rizvanovun, Ləzgi Nemətin, Qiyas Məcidovun, Qurban Akimovun, Müzəffər Məlikməmmədovun, Sədaqət Kərimovanın və başqalarının adlarını xüsusilə qeyd etmək olar. M.Məlikməmmədovun 2008-ci ildə işıq üzü görmüş “Лезги чIалар» (“Ləzgi dilləri”) kitabı dilçilik elminə yaxşı töhfədir. Akademik Ə.Gülməhəmmədovun qeyd etdiyi kimi, müasir dövrdə ləzgi mətbuat orqanları sırasında doğma dilin təmizliyinin qorunub saxlanması və onun inkişaf etdirilməsi uğrunda mübarizədə yazıçı-jurnalist Sədaqət Kərimovanın rəhbərlik etdiyi “Samur” qəzetinin xidmətləri əvəzsizdir. Qəzet son illər “Гафарган” (“Lüğət”) rubrikası altında 4 minədək qədim və unudulmuş ləzgi sözlərini toplayıb xalqa çatdırmışdır.
   Ləzgi dilinin elmi cəhətdən öyrənilməsinə hələ XVIII əsrdən başlayaraq alman, ingilis, rus, gürcü, erməni alimləri də böyük maraq göstərmişlər. XVIII əsrdə P.S.Pallasın, N.A.Güldenştedtin, XIX əsrdə Y.Klaprotun, R.F.Erkertin, A.A.Şifnerin, B.Dornun, A.Zavadskinin, XIX əsrin sonu və XX əsrin əvvəllərində K.F.Qanın, A.M.Dirrin, İ.İ.Pantyuxovun, B.Efronun, N.Y.Marrın, N.Trubetskoyun, R.M.Şaumyanın, A.N.Genkonun, İ.K.Abuladzenin və başqalarının ləzgi dili ilə əlaqədar apardıqları tədqiqatlar bu gün də mühüm əhəmiyyət kəsb edir. Müasir dövrdə məşhur alman alimlərindən Volfqanq Şults, Martin Xaspelmat, isveçrəli alim Marianna Beerle Moor və başqaları ləzgi dilinin müxtəlif sahələrini tədqiq etmişlər. Artıq ABŞ, Norveç, Fransa, İngiltərə, Türkiyə, Qırğızıstan, Ukrayna dilçiləri də ləzgi dili ilə yaxından maraqlanmağa başlamışlar.
   Rus alimlərindən N.A.Güldenştedtin, P.K.Usların, Y.A.Bokaryovun, A.N.Qenkonun,         Y.D.Deşeriyevin, L.İ.Jirkovun, Q.A.Klimovun, A.C.Kibrikin, M.Y.Alekseyevin ləzgi dilinin elmi cəhətdən öyrənilməsində xidmətləri xüsusilə çoxdur. Həmin alimlərdən birincisi 1819-cu ildə Moskvada çap etdirdiyi “Lezgistan və ya Lezginiya və ləzgilər haqqında” (“О Лезгистане или Лезгинии и о лезгинцах”) kitabının, P.K.Uslar «Küre dili” (1896), L.İ.Jirkov “Ləzgi dilinin qrammatikası”(1941) kitablarının müəllifləridir.
Görkəmli rus şərqşünası P.K.Usların öz kitabını «Küre dili” adlandırması təsadüfi deyil. O vaxt ləzgilərin digər vilayətləri ilə müqayisədə Küre vilayəti Rusiyada və xarici ölkələrdə daha çox tanınırdı. Qafqaz müharibəsi ilə bağlı əksər hadisələr burada baş vermiş, müridizm burada yaranmış, çarizmin müstəmləkəçilik siyasətinə qarşı mübarizənin mərkəzi bura olmuşdu. Ona görə də alim ləzgi dilini Küre vilayətinin adı ilə bağlayaraq, «Küre dili” kimi təqdim etmişdir.
   Gürcü alimləri ləzgi dilini elmi cəhətdən araşdırmaq üçün xüsusilə böyük əmək sərf etmişlər. Bu baxımdan dünya şöhrətli dilşünas, akademik A.S.Çikobava, akademik A.Q.Şanidze, filologiya elmləri doktorları İ.Abuladze, Q.V.Topuria,V.İ.Kikilaşvili, U.A.Melikaşvili, R.S.Miminoşvili, B.K.Qiqineyşvili, E.F.Ceyranaşvili kimi alimlərin elmi axtarışları diqqətəlayiqdir. Təkcə ötən əsrdə 34 gürcü alimi ləzgi dili haqqında 200-ə yaxın elmi məqalə və kitab yazıb.
Dünya dilçilərinin diqqətini cəlb edən ləzgi dili üç böyük ləhcədən – Küre, Samur (əvvəllər Axtı ləhcəsi adlanırdı) və Quba ləhcələrindən ibarətdir. Küre ləhcəsinə Güne, Qurah, Yarki dialektləri, Samur ləhcəsinə Axtı və Doquzpara dialektləri, Quba ləhcəsinə Quba, Qusar, Qımıl-Küsnət dialektləri, U.Meylanovaya görə həm də Kuzun dialekti daxildir. Bundan əlavə ləzgi dilinin 20-dən çox şivəsi vardır.
   Ləzgi ədəbi dilinin əsasını Küre ləhcəsinin Güne dialekti təşkil edir. Akademik Ə.Gülməhəmmədov uzun illər apardığı elmi axtarışlardan sonra ləzgi ədəbi dilinin 1500 ildən çox tarixə nalik olduğunu göstərmişdir. Sovet hakimiyyəti illərində ruslaşdırma siyasətinin nəticəsi olaraq, səlis və rəvan ləzgi ədəbi dilinə, ehtiyac olmadığı halda xeyli rus sözləri gətirilib. Ötən əsrin 30-cu və 50-60-cı illərində bu proses daha güclü olub. Belə halların nəticəsi olaraq, hazırda ləzgi ədəbi dilində bir sıra rus sözləri də işlənir. Min il ərzində ərəb dilindən cəmi 1000 söz alındığı halda, 70 ildə rus dilindən 1500-dən çox söz alınıb. Fars, türk və ərəb dillərindən birlikdə bundan az söz gəlib. Müvafiq olaraq həmin dillərə də ləzgi dilindən bir sıra sözlər daxil olub.
   Ötən əsrin 30-cu illərində “beynəlmiləl leksika” tərəfdarları ədəbi dilə yeni baxış adı altında yüzlərlə qədim ləzgi sözlərini başqa dillərdən alınmış sözlərlə əvəz etmiş, ədəbi dilin zənginləşdirilməsində təkcə Küre ləhcəsinin bəzi çalarlarından bəhrələnmiş, daha böyük ləhcələr olan Samur və Quba ləhcələrindən istifadə etməmişlər.
Müxtəlif dövrlərdə dilə bu cür basqıların olmasına baxmayaraq, ləzgi dilində alınma sözlər başqa dillərlə müqayisədə o qədər də çox deyildir. Elə ona görə də bəzi ləzgi dili dərsliklərində haqlı olaraq yazılıb: “Ləzgi dili zəngin, rəvan, insanların hiss-həyəcanlarını, həyatın bütün çalarlarını dolğun əks etdirməyə qadir dildir. O, ləzgi xalqının tarixi, qüruru və namusudur. Onu qoruyub saxlamaq, inkişaf etdirmək bizim müqəddəs borcumuzdur”. Bu borcu yerinə yetirən ləzgi dilçi alimləri ötən 80 il (1932-2012) ərzində ləzgi dilinə aid onlarca elmi əsər və dərslik, həmçinin 52 lüğət və danışıq kitabçalarını çap etdirmişlər. Bunların arasında üçdilli rus-ləzgi-alman, rus-ləzgi-ingilis lüğətləri və danışıq kitabçaları da vardır. 2013-cü ildə S.Yüzbəyovanın və N.Abdulmütəllibovun redaksiyası ilə 40 min sözdən ibarət rusca-ləzgicə lüğət çap olunmuşdur.
   Ləzgi dilinin lüğət fondunun əsasını (70 faizdən çoxunu) xalis ləzgi sözləri təşkil edir. Ötən əsrin 70-ci illərindən sonra başqa dillərdən demək olar ki, sözlər alınmır. Lüğət fondu ancaq ləzgi dilinin daxili imkanları hesabına əmələ gələn yeni sözlərlə zənginləşir. Bu dil yeni sözlər əmələ gətirmək baxımından geniş imkanlara malikdir. Əksər hallarda bir sözün kökündən zəncirvari olaraq 3-4 və 5-8, bir sıra hallarda daha çox yeni sözlər yaranır. Məsələn, “цIийи” (“yeni”) sözündən aşağıdakı yeni sözlərin sırası əmələ gəlir: цIийи - цIийиз - цIийиди - цIийидиз - цIийидаказ - цIийивилелди - цIийивилин - цIийивилиз - цIийибур - цIийизмаз - цIийивиляй və s.
   Ləzgi dilində sözlər ən çox şəkilçilər vasitəsilə, prefiksasiya (önşəkilçi əlavə etmək), xüsusiləşmə, substantivləşmə (isimləşmə), birləşmə, yenidən birləşmə, qoşalaşma və yaxud təkrarlaşma, qarışıq qayda (ни bağlayıcısının köməyi ilə) və s. üsullarla yaranır. Yeni sözlər ən çox isimlərdən, sifətlərdən və feillərdən əmələ gəlir. İsimlərdən əksər yeni sözlər -а, -и, -у, - уь, -вал, -бан, -хъан, -ви, -жув, -лу, -ган, -лух, -акь, -ек, -ац, -це, -кар, -баз, -дар və s. şəkilçilər vasitəsilə yaranır.
   Feillərdən yeni sözlər əsasən ава-(иви-), ага-(иги-), ака-(ики-), акъа-(экъи-), ала-(или-), аца-(ацу-, ици-), хъ-(х-) formantlarının, «авун» («etmək»), «хьун» (“olmaq”) kimi köməkçi feillərin, inkar forması -ч şəkilçisinin, qadağan forması т-, та-, те-, ти-, туь- önşəkilçilərinin, -мир şəkilçisinin, qalan formalar əsasən -з, -н, -рай, -а,- тIа, -ди şəkilçilərinin köməyi ilə meydana gəlir. 30-dək şəkilçi isimlərdən, 10-dan çox şəkilçi sifətlərdən yeni zərflər əmələ gətirir. 
Ləzgi dilini fərqləndirən cəhətlərdən biri də onun çoxmənalı sözlərlə zəngin olmasıdır. Eyni zamanda bu dilin fonetik sistemi də özünəməxsus xüsusiyyətləri ilə seçilir. O, samitlərlə olduqca zəngindur. Ləzgi dilində ismin 18 halı vardır.
   Müasir dövrdə ləzgi dili geniş işlənir. Dağıstanın və Azərbaycanın bir sıra orta məktəblərində bu dil tədris olunur. Hər iki respublikada Ləzgi Dövlət Dram Teatrları fəaliyyət göstərir. Dağıstanın dövlət universitetlərində və pedaqoji institutlarda, Dərbənd pedaqoji kollecində ləzgi dili fakültələri fəaliyyət göstərir. 
Sədaqət KƏRİMOVA,
Müzəffər MƏLİKMƏMMƏDOV
 

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
И чил хайи диге я Чи кьилин гаф Чи хуьрерин тIварар Дидед чIал чирзава Маленький вундеркинд
Статьи из этой рубрики
ЧIал храйтIа дидейри... Кьил кьазвачир рехнеяр Дидед чIалахъ гьикI гелкъвен? Дидед чIалаз икрамна Редакторди кьиле тухвана
ЦIИЙИ ТИЛИТ
№: 8(353)
декабрь, 2021

Скачать PDF

РУБРИКИ
Tarixin izi ilə
Gəncliyimiz – qürurumuz
Чи къагьриманар
Yubiley
Люди и судьбы
Шаирар
"Самур" - 30
Редакциядин дустар
Яран сувар
Qarabağ müharibəsi
Diqqət: İnsan taleyi!
İnam və iman
"Soyuq günəş"
ЦIийи фильм
Dünya xalqları
Чи тарих
Тарих авайвал
Müsahibə
Спасём планету
Dünya ləzgiləri
Дагъустан
Диктант
Чи кьегьалар
Редактордин гаф
Чи классикар
"Самур" - 20
Мах
ЦIийи ктабар
Жеч гьа!..
Dağıstan xalqları
И чил хайи диге я
Добрые вести
Milli Məclisə məktub
Новости Россотрудничества
Известные лезгины
Марагълу инсанар
Redaksiyaya məktub
Языки мира
Лезги чIалан месэлаяр
Квез чидани?
Известные лезгиноведы
Лезгияр вирина
Юбилей
SOS!!!
С верой в душе
"Самурдин мектеб"
Мораль
Чи адетар
Məşhur ləzgilər
Новости на все голоса
Чи хуьрер
Хъсан хабарар
Известные кавказоведы
Чи адетар
Yeniliklər
Чешне къачу!
Чакай кхьенай ...
Алимрин веревирдер
Çıxışlarımızın əks-sədası
Барка
Эпитафия
Ша, лезги чIалал рахан!
Хабарар
Тарихдин геле аваз
Поэзия
Харусенят
Этнография
Дагестан
Народы мира
Спорт
Инсанар, кьисметар
Редакциядиз чар
Чир-течир
Yeni kitablar
Фольклор
Чи сейлибур
Дайджест
Чи тавдин кIвал

ПОЛЕЗНОЕ