ZEYXUR AKADEMİYASI
Чешне къачу!  |  8(334) 2019      
     Qafqazda qədim zamanlardan bəri insanlar bir qayda olaraq kəndin ən uca yerində, yaşayış evlərindən bir qədər aralıda məscid və mədrəsə inşa edirdilər. Bu, Allaha və elmə hörmət və məhəbbətdən irəli gəlirdi. Həmin qayda özünün maarifçilik ənənələri ilə seçilən Qusar rayonu üçün də səciyyəvi olub. Hələ XV əsrdə Dağıstanın Qurah vilayətindən olan Tayib Sudur kəndinin ən uca yerində mədrəsə inşa etdirmiş, həmin elm ocağı uzun illər fəaliyyət göstərmişdi. XVIII-XIX əsrlərdə Hil, Aşağı Ləgər, Əcəxür, Tahircal və Əniğ kəndlərinin mədrəsələri də diqqətçəkən uca yerlərdə ucaldılmışdı.
Bu elm məbədlərinə qonşu kəndlərdən də təhsil almağa gənclər gəlirdi. Sonralar mədrəsələrin mütərəqqi ənənələrini Hil, Həzrə, Aşağı Ləgər və başqa kəndlərdə açılan dünyəvi məktəblər davam etdirdi. Bu məktəblər tez bir zamanda elə tanındı ki, burada çalışan savadlı müəllimlərdən dərs almaq üçün ətrafdakı kəndlərdən də uşaqlar gəlməyə başladı. Onların çoxluğu nəzərə alınaraq məktəbyanı yataqxanalar inşa olundu.
 
     Zeyxur kəndində (ləzgicə “Цiийи хуьр» “Yeni kənd” mənasını verir) ilk dünyəvi məktəb 1900-cü ildə açılıb. Bu da təsadüfi deyil. Bir sıra arxiv sənədlərində əsasının XVIII əsrdə qoyulduğu göstərilən bu kənd münbit torpaqları olan geniş əraziləri və əhalisinin sayının çoxluğu ilə seçilirdi. Zeyxur məktəbində çalışan savadlı müəllimlərin xoş sorağını eşidən neçə-neçə gənc qonşu kəndlərdən buraya təhsil almağa gələrdi. Sovet dövründə Zeyxur kənd orta məktəbi rayonun qabaqcıl təhsil ocaqlarından sayılırdı. Ötən əsrin 80-ci illərindən məktəbin tənəzzül dövrü başlandı. 90-cı illərin əvvəllərində isə onun nüfuzu daha da aşagı düşdü. Bu, 1992-ci ilə kimi davam edir. Kəndin yetirmələri olan Hikmət və Hörmət Ağacanov qardaşlarının burada müəllim kimi fəaliyyətə başlamaları ilə məktəb öz yeni həyatını yaşamağa başladı.
       Gözəlliklər qoynunda yerləşən bu kəndə çatanda uzaqdan görünən, buranın ən hündür yerində ucalan yaraşıqlı və əzəmətli bina məni cəlb etdi. Bu, adı dillərdə dolaşan, nəinki Qusar rayonu, eləcə də bütün respublika üçün nümunə olan, el içində yarızarafat, yarıciddi “Zeyxur Akademiyası” adlandırılan məktəbdir.
       Ağacanov qardaşlarının rəhbərlik etdiklərı bu məktəbdən hər il onlarca gəncin yüksək balla ali məktəblərə qəbul olması haqqında hər yerdə xoş sözlər eşitmək olar. Hələ tələbə olduqları illərdən tanıdığım, savadlarına və yüksək insani keyfiyyətlərinə bələd olduğum bu iki qardaşın müəllimlik fəaliyyətinə başladıqları ilk gündən bu günə kimi davam edən uğurlarının səbəblərini öyrənmək məqsədilə, çoxları üçün ehtiram və etimad ünvanı olan həmin məktəbə yollanıram. 
      Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilmış bu 400 yerlik üçmərtəbəli müasir məktəb binası 2008-ci ildə istifadəyə verilib. Məktəbin işıqlı sinif otaqları, lazımı avadanlıqla təchiz olunmuş fənn kabinələri, geniş dəhlizləri, idman zalı, tennis kortu, voleybol, basketbol meydançaları var. Dörd hektar bağın əhatəsindədir.
      İki il Əfqanıstanda əsgəri xidmət edəndən sonra Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil alan, 1992-ci ildə buranı bitirib doğma kəndinə qayıdan Hikmət təhsil aldığı məktəbin düşdüyü ağır vəziyyəti görüb sarsılır. Müəllimlərin əksəriyyəti məktəbdən getmiş, özlərinə başqa qazanc yerləri tapmışdı. Şagirdlərdə dərsə maraq yox idi, onlar özlərini istədikləri kimi aparirdılar. Məktəbin və müəllimin nüfuzdan düşdüyü, valideynlərin çaşqınlıq içində olduğu həmin çətin dövrdə Hikmət öz fənninə olan tələbkarlığı, şagirdlərdə riyaziyyata həvəs oyatması ilə seçilir. İki il sonra onun kiçik qardaşı Hörmətin Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirib kəndə qayıtması ilə məktəbin ab-havası bir az da dəyişir. Ağacanov qardaşlarının böyük həvəslə, şövqlə dərs demələrinin sorağı məktəbdən kənara yayılır. Təhsil sahəsində qazandıqları nailiyyətlərə görə 2005-ci ildə Hörmət Ağacanov, 2016-cı ildə isə Hikmət Ağacanov “Tərəqqi” medalı ilə təltif olunurlar.1996-cı ildə Hörmət tədris hissə müdiri təyin olunur. Lakin müəllimlərin çatışmaması ucbatından məktəbdə on və onbirinci siniflərin ləğv olunması məsələsi gündəmə gəlir. 1997-ci ildə bunu elan etmək məqsədilə məktəbə gəlmiş rayon təhsil şöbəsinin müdiri yığıncaqda Hikmət Ağacanovun sözlərini eşidib təəccüblənir:
      - Bizə bircə il möhlət verin, özümüz bura müəllimlər dəvət edərik.
      - Neçə illərdən bəri üst-üstə qalaqlanmış problemləri bir ildə həll edəcəksiz? – deyə müdir sual verir.
      - Siz özünüz görəcəksiniz! – Hikmətin qəti sözünu eşidən müdir onu sınamaq qərarına gəlir:
      - Bir halda ki, məktəbə bu qədər ürəyin yanır, gəl səni ictimai əsaslarla direktor təyin edək, maaşsız işlə.
      - Mənə maaş lazım deyil! – Hikmətin qətiyyəti qarşısında müdir deməyə söz tapmır. Bir illik sınaq müddəti təyin edir.
      İki qardaş qonşu kəndlərdən tanıdıqları 5 nəfər gənc müəllimi işə dəvət edirlər. Onların peşələrinə olan məhəbbəti, uşaqlarda oxumağa yaratdıqları həvəs tezliklə bəhrə verməyə başlayır. Əslində Ağacanovların həmin dövrdəki fəaliyyətini bircə sözlə səciyyələndirmək olar:  fədakarlıq.
      Doğma kəndlərindəki orta məktəbi ləğv olunmaqdan qurtarmaq, onun nüfuzunu qaytarmaq üçün bu iki qardaşın, iki gənc müəllimin çəkdiyi zəhmət və əziyyəti görən kənd camaatının dünyagörüşündə müsbət dəyişiklik baş verdi.
      Sınaq müddətinin sonunda 30 yaşlı Hikmət Ağacanov əmrlə direktor təyin olunanda buna bütün kənd sevindi. Bir il sonra-1998-ci ildə son 13 ildə bircə məzunu da ali məktəbə qəbul olunmayan Zeyxur məktəbindən 5 nəfərin institutlara daxil olması rayon üçün əhəmiyyətli hadisə olur. Həmin ildən başlayaraq hər il gənclərin tələbə adını qazanmaları bir ənənə halını alır. Yuxarı Zeyxur kənd tam orta məktəbi 2010-2011-ci illərdə keçirilmiş “50 ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olur.
      Son 4 ildə məktəbi bitirmiş 4 gənc 600-dən yuxarı, 15 gənc isə 500-dən yuxarı ball toplayaraq ali məktəblərə daxil olub. Ötən il 29 məzundan 16-sı yüksək nəticələr göstərərək ali məktəblərə daxil olmuşdusa, bu il 40 məzundan 28-i ali məktəblərə, 9-u isə kolleclərə daxil olub.
      Məktəbin bütün bu uğurlarının əsasında nə dayanır? Bunu öyrənmək üçün dərs otaqlarında, müəllimlərin arasında oldum. Gördüklərim və eşitdiklərim məni qürurlandırdı. Ağacanovlar məktəbdə “hədiyyə vermək” ənənəsinin kökünü kəsiblər.
      Mənə söhbət etdilər ki, bir dəfə bir neçə valideyn uşaqlarının təhsildəki uğurlarından fərəhlənərək məktəbə qiymətli hədiyyələr göndərir. Həmin gün onların uşaqları hədiyyələrlə və direktorun imzası olan bir məktubla evlərinə qayıdırlar. Məktubda yazılmışdı ki, bir də belə hərəkət edilsə, övladınız məktəbdən xaric olunacaq. Bundan təsirlənən valideynlər Ağacanov qardaşlarından üzr istəyir və öz heyranlıqlarını bildirirlər. Direktor deyir:
        - Bizim hədiyyəyə ehtiyacımız yoxdur. Müəllimlərimizin kifayət qədər dərs yükü var və onlar 600, 700, 800, 900, hətta 1000 manat civarında maaş alırlar.
      Bütün bunların nəticəsidir ki, kənddə müəllimlərə əvvəlki münasibət bərpa olunub. Təsadüfi deyil ki, məzunlar ən çox müəllim peşəsini seçirlər, çünki onların qarşısında nümunə götürülməli insanlar var.
      Onların dərs dedikləri gənclərdən ali məktəbləri bitirib müəllim kimi buraya qayıdanlar az deyil. Diana Kiçibəyova, Könül Avadanova, Şəhriyar Hacıxanov, Mətanət Nəzürmətova, Günay Abdullayeva doğma kəndlərində doğma müəllimləri ilə çiyin-çiyinə çalışırlar. Ləcət və Çubuqlu kəndlərindən gəlib bu məktəbdə təhsil almış Nadir Mahmudov və Sərxan Ələsgərov üçün də bu kənd doğmalaşıb. Yaradıcı ab-havanın təsiri altında kənar yerlərdən gəlib bu məktəbdə müəllim işləyən gənc müəllimlər çoxalıb. Bakıdan Rəna Zülfüqarova, Xaçmazın Yalama qəsəbəsindən Sevinc Eyvazova, İsmayıllı rayonundan Nicat Mərdanov, eləcə də qonşu İmamqulukənddən Yafəz Şərifov, Ləcətdən Faina Əzizova öz talelərini könüllü olaraq bu məktəblə bağlayıblar.
     Artıq üç ildir ki, məktəbdə texniki və təbiət təmayüllü siniflər yaradılıb. Bu, Qusar rayonunda ilk təcrübədir.
     Şagirdlərin uğurlarının fənnlərin necə tədris olunmasından asılı olduğunu bilən müəllimlər arasında yaradıcı rəqabət var. Hələlik bu adsız yarışda üstünlüyü kimya müəllimi Hörmət Ağacanov, riyaziyyat müəllimi Hikmət Ağacanov, Azərbaycan dili müəllimi Həmid Mütəllibov, fizika müəllimi Ceyhun Qazıbəyov, rus dili müəllimi Şahin Ramazanov öz əllərində saxlayırlar.
     Məktəb öz müdavimlərinin ixtisas seçimi məsələsini də könüllü olaraq öz üzərinə götürüb. Onları həyəcanlardan qurtarmaq, get-gələ salmamaq üçün bu məsələ valideynlərlə bərabər məktəbdə tənzimlənir. Uşaqlar yalnız sınaq imtahanlarına Xaçmaz rayonuna gedirlər.
     Məktəbin öz ciddi daxili qanunları var. Buradakı qeyri-adi səliqə-sahman, təmizlik o saat diqqəti cəlb edir. Nizam-intizama hamı tərəfindən riayət edilir. Məktəbin ərazisində telefondan istifadə etmək qəti qadağandır. Müəllimlərə dərs vaxtı telefon zənginə cavab verməyə icazə yoxdur. Direktor özü də dərs zamanı olan zənglərə cavab vermir. Məktəblilər ancaq vahid məktəbli formasından istifadə edirlər.
     - Mütərəqqi bir iş görmək istəyirsənsə, özün nümunə göstərməlisən, yoxsa sənə inanmazlar, - deyə Hikmət müəllim dillənir.
     - Sizin üçün yəqin nümunə götürməli insanlar olub, - deyə qardaşlara müraciət edirəm və eşitdiklərimdən duyğulanıram. Hər ikisi üçün nümunə anaları Samirədir: fədakarlığı, zəhmətkeşliyi, övlad sevgisi ilə. Həyat yoldaşı, kənd rabitə şöbəsinin rəisi Canmirzə Ağacanov vəfat edəndə onun 35 yaşı var idi. On ilin gəlini olan, məktəb kitabxanasında kitabxanaçı işləyən Samirə dörd övladına - Sinarəyə, Hikmətə, Hörmətə və Gülsümə həm analıq, həm də atalıq edib. Hikmətlə Hörmətin təhsilinə isə xüsusi diqqət yetirib.
     - Anam mütaliəni çox sevirdi, bizə də kitab oxumağı o öyrətdi. Anamın arzusu bizi müəllim görmək idi. O qədər tələbkar idi ki, bizim yaxşı oxumaqdan başqa çarəmiz yox idi. İndinin özündə də anamızın sözü bizimçün qanundur. O vaxt məktəbimizdə dərs hissə müdiri işləyən Azərbaycan dili müəllimi, indi rayon təhsil şöbəsində çalışan Qorxmaz Muradovun da bizim üstümüzdə əməyi az olmayb, - deyə Hikmət müəllim etiraf edir. - Sonra isə əlavə edir: - Məndə riyaziyyat fənninə Bağır Badamov həvəs oyadıb. Onun qayğısı sayəsində respublika fənn olimpiadasında iştirak etmişəm. Qələbə qazanmasam da, riyaziyyata həvəsim artıb. Əslən Böyük Muruq kəndindən olub, 20 il bu kənddə müəllim işləmiş Bağır müəllim mənim həyat yolumu müəyyənləşdirib, Allah ona rəhmət eləsin.
     - Məndə isə kimya fənninə Sultanhəmid Məmmədbəyov həvəs oyadıb. O, Yuxarı Kalunxür kəndindəndir. Azərbaycan Pedaqoji İnstitutunu bitirib təyinatla bizim məktəbimizə işə göndərilmişdi. Elə savadlı müəllim idi, dərsi elə başa salırdı ki, istər-istəməz bu fənnə vuruldum, - deyə Hörmət müəllim söhbəti davam etdirir.
      Maraqlı bir fakt diqqətimi cəlb etdi. Bu il məktəbdə 350 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 26 müəllim məşğul olur. Kiçik bir kənd üçün bu, çox böyük rəqəmdir. Sən demə şagirdlərin 150-si bu kənddən, qalanları kənardan gələnlərdir.Məktəbin qazandığı uğurlar hər yana yayıldığından bura oxumağa gəlmək istəyənlərin sayı ildən-ilə artır. Hazırda burada Xaçmazın Yalama qəsəbəsindən 30, Qusarın Quxuroba və başqa kəndindən 30, Piral, Bədişqala, İmamqulukənd, Samur, Ləcət, Ukur, Quxuroba kəndlərinin hər birindən 10-15 uşaq təhsil alır. Onları hər gün avtobuslar aparıb gətirir. Bu xərcləri övladlarının təhsilini vacib sayan valideynlər özləri ödəyirlər. 70 şagird isə kənddə kirayədə qalır.
       Daim şagirdlərinin qayğıları ilə yaşamağa, onların problemlərinə öz şəxsi problemləri kimi yanaşmağa öyrəşmiş Ağacanovlar yolla bağlı qayğılarını dilə gətirirlər:
     - Samur qəsəbəsindən kəndimizə məsafə 48 kilometrdir, İmamqulukənddən isə 24 kilometr. Zeyxura gələnlər kəsmə yoldan çox istifadə edirlər, İmamqulukəndə qədər asfalt çəkilib. Oradan Zeyxura kimi olan 4 kilometr yola da asfalt çəkilsə, hər gün bu yolla gəlib-gedən məktəblilərimizin əziyyəti azalardı.
       Yeni Zeyxur məktəbində oxumaq bu gün çoxları üçün fəxr sayılır. Hər il burada təhsil almaq üçün yüzlərlə gənc müraciət edir. Burada nümunə götürməli, təbliğ edilməli o qədər şeylər var ki! Məktəbə lisey statusu verilsə, onun uğurları daha da artar. Ümidvarıq ki, Respublika Təhsil Nazirliyi bu məsələnin müsbət həll olunması üçün əlindən gələni edəcək.
                                                                                                                                                                                                                                           Sədaqət KƏRİMOVA

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
И ЧИЛ ХАЙИ ДИГЕ Я ТАРИХДИЗ ЭЛКЪВЕНА QUBA QƏZASINDA ANTİSOVET ÇIXIŞLARI ЖЕГЬИЛРИН МЯРЕКАТ ЯРКОГО ВЗЛЕТА, АЙНЕЛЬ!
Статьи из этой рубрики
Кьегьал Илмаран кьегьалвал ХЪСАН КIВАЛАХАР Жуван халкьдиз вафалу жен Дидедин фу
ЦIИЙИ ТИЛИТ
№: 8(353)
декабрь, 2021

Скачать PDF

РУБРИКИ
Tarixin izi ilə
Gəncliyimiz – qürurumuz
Чи къагьриманар
Yubiley
Люди и судьбы
Шаирар
"Самур" - 30
Редакциядин дустар
Яран сувар
Qarabağ müharibəsi
Diqqət: İnsan taleyi!
İnam və iman
"Soyuq günəş"
ЦIийи фильм
Dünya xalqları
Чи тарих
Тарих авайвал
Müsahibə
Спасём планету
Dünya ləzgiləri
Дагъустан
Диктант
Чи кьегьалар
Редактордин гаф
Чи классикар
"Самур" - 20
Мах
ЦIийи ктабар
Жеч гьа!..
Dağıstan xalqları
И чил хайи диге я
Добрые вести
Milli Məclisə məktub
Новости Россотрудничества
Известные лезгины
Марагълу инсанар
Redaksiyaya məktub
Языки мира
Лезги чIалан месэлаяр
Квез чидани?
Известные лезгиноведы
Лезгияр вирина
Юбилей
SOS!!!
С верой в душе
"Самурдин мектеб"
Мораль
Чи адетар
Məşhur ləzgilər
Новости на все голоса
Чи хуьрер
Хъсан хабарар
Известные кавказоведы
Чи адетар
Yeniliklər
Чешне къачу!
Чакай кхьенай ...
Алимрин веревирдер
Çıxışlarımızın əks-sədası
Барка
Эпитафия
Ша, лезги чIалал рахан!
Хабарар
Тарихдин геле аваз
Поэзия
Харусенят
Этнография
Дагестан
Народы мира
Спорт
Инсанар, кьисметар
Редакциядиз чар
Чир-течир
Yeni kitablar
Фольклор
Чи сейлибур
Дайджест
Чи тавдин кIвал

ПОЛЕЗНОЕ