Təngə pələngi
Məşhur ləzgilər   |  9(244) 2011      

(Əvvəli qəzetimizin 21 may,
22 iyun, 30 iyul və 26 avqust
2011-ci il tarixli saylarında)

Vəziyyətin getdikcə ağırlaşdığını görən Süleyman bəy bir qədər vaxt qazanmaq qərarına gəldi. Çünki Müşkürdə rus qoşunu ilə üz-üzə durmuş But Qurban ona kömək göndərməli idi. Artıq bir neçə gün idi ki, Süleymanın adamı ona Təngədəki vəziyyəti xəbər vermişdi.
Vaxt qazanmaqdan ötrü Süleyman ilk növbədə rus toplarını susdurmağı qərara aldı. Bu, çox çətin məsələ idi. Buna baxmayaraq, o, ən cəsur döyüşçülərindən 200 nəfərini yanına çağırıb dedi: «Gecə qaladan çıxıb, dağ çığırları ilə düşmənin arxasına keçin. Səhər açılmamış ruslara qəfil hücum edin. Onlar mühasirəyə düşdüklərini zənn edib, topların ağzını arxaya çevirəcəklər. Bu vaxt başqa bir dəstə qayalardan topların üstünə daş yağdıracaq. Ruslar çaş-baş düşəndə biz də qala tərəfdən qəfil hücuma keçərik. Nəyin hesabına olursa-olsun But Qurbanın döyüşçüləri köməyə gələnə kimi, qalanı qorumalıyıq. Sizin düşməni çaş salmağınızdan çox şey asılı olacaq. Bilin ki, birbaşa ölümə gedirsiniz, azadlıq şəhidi olursunuz. Odur ki, axıra kimi döyüşüb düşmənə daha çox itki verin. Ümidim sizədir, igidlərim!» Son sözləri elə təsirli dedi ki, düşmən arxasına keçməyə və topları sıradan çıxarmağa gedən döyüşçülər qəzəblə bağırdılar: «Kafirlərə ölüm!»
İki yüz və yüz nəfərdən ibarət iki dəstə gecə qaranlığında səssizcə qaladan çıxıb dağ çığırlarına üz tutdu. İki yüz nəfər qəfil basqınlar təşkil etməli, yüz nəfər isə qayalardan topların üstünə ağır daşlar yağdırmalı idi.
Bir gün keçəndən sonra Süleyman bəyin planı baş tutdu. Ləzgilərin səhər alatoranlıqdan arxadan rusların üstünə hücuma keçməsi onları çaşdırdı. Ruslar bu gözlənilməz basqın zamanı 300-dən çox əsgər itirdilər. Hücum başlananda qayalardan topların üstünə «daş yağışı» yağdı. İki topun sıradan çıxması rusları çətin vəziyyətə saldı. General A.V.Rumyantsevin əmri ilə rus qoşunu müdafiə xətti yaratmağa başladı. General əvvəlcə ləzgilərin arxadan böyük qüvvə ilə hücuma keçdiyini güman etdi. Tezliklə ona məlumat verdilər ki, arxada döyüş başlananda qalanın müdafiəçiləri də qaladan çıxıb ruslara həmlə ediblər və döyüşdə 300-dən çox əsgər həlak olub.
Yaranmış vəziyyət generalı taktikasını dəyişməyə məcbur etdi. O, qoşununun dərədə tələyə düşəcəyindən və sonra buradan qurtulmağın mümkün olmayacağından ehtiyat edərək, qoşunun başını arxaya döndərib ləzgiləri geri oturtmağı və genişliyə çıxmağı qərara aldı. Lakin o biri gün ləzgilərin hücumu təkrarlandı və bu dəfə onlar elə güclü həmlə etdilər ki, düşməndə bunun böyük qüvvə olduğu təsəvvürünü yaratdı. Bu dəfə ruslar daha bir neçə yüz əsgərini itirdi. Ləzgilər eyni zamanda daha bir topu sıradan çıxardılar.
Bu hadisələrdən hiddətlənən general A.V.Rumyantsev topları təhlükəsiz yerə çəkməyi əmr etdi. Bundan sonra Nizovaya adam göndərib, general V.Y.Levaşovdan kömək istədi. O, qoşunu dərədən çıxarmaq üçün toplardan istifadə etməyi qərara aldı. Generalın fikrincə, ləzgilər top atəşləri altında hücuma keçməyə cəsarət etməz, rus əsgərlərinin genişliyə çıxmasına mane ola bilməzdilər. Lakin o, gümanında yanılmışdı. Ləzgilər buraya nəyə görə gəldiklərini yaxşı bilirdilər və hər an canlarından keçməyə hazır idilər. Rumyantsevin dərədən çıxmaqdan ötrü göstərdiyi ilk cəhd vaxtı bu, daha aydın göründü. Ruslar toplardan atəş açmağa başlayanda  qoşun üç tərəfdən hücuma məruz qaldı: qayadan, arxadan və qala tərəfdən. Arxadakı ləzgilər odlu ağaclar sarınmış ağır daşları dərəyə yuvarladanda rus əsgərləri vahiməyə düşdü. Ruslar geri çəkilməyə başlayanda ləzgilər onları qılıncdan keçirdilər. General Rumyantsev 600-dək əsgərini itirdi.
Ləzgilərin nə qədər qüvvəyə malik olduğunu bilmədiyinə görə münasib döyüş taktikası seçməkdə çətinlik çəkən general bu dəfə Nizovadan əlavə köməyin gəlməsini gözlədi. Ona görə də müdafiə mövqeyi seçib, canlı qüvvəsini və salamat qalan toplarını qorumağı qərara aldı.
Müşkürdə 10 min rus əsgəri ilə üz-üzə durmuş But Qurban Süleyman bəyin köməyinə cəmi 1000 döyüşçü göndərə bildi. Bu, qələbə çalmağa yetərli olmasa da, qalanı daha on beş gün müdafiə etməyə imkan verdi.
Təngə hadisələri ərəfəsində Hacı Davud ümumiyyətlə qalanın müdafiəsinə kömək göndərə bilmədi. Sərkərdə Şirvan sərhədlərini daraltmağa, onu öz ərazilərindən məhrum etməyə çalışan türk qoşunları ilə döyüşdüyünə görə belə imkana malik deyildi. Hələ 1725-ci ildə Sarı Mustafa paşa Gəncəni tutub Şirvan üzərinə hücuma keçəndə Hacı Davud yeni cəbhənin açıldığını başa düşdü. Bu döyüşdə o, türk qoşununu darmadağın etmişdi. Arxiv sənədlərində göstərildiyi kimi, Hacı Davudun qarşısından türk əsgərləri «dəstə-dəstə qaçırdılar» (Bax: AVPR. f.77. Snoşeniə Rossii s Persiey. 1725. Op. 1. D. 5. L. 238).
Vəziyyətin belə hal aldığını, qoşun gücünə Hacı Davudu özündən asılı vəziy-yətə sala bilməyəcəyini görən sultan sərkərdə ilə danışıqlar aparmağı qərara alır. Arxiv sənədlərindən məlum olduğu kimi, türk sultanının xüsusi elçisi Məhəmməd Qulu xan məktubla əvvəlcə Muğan sultanının, sonra isə Hacı Davudun yanına gəlir. Sənədlərdən onların konkret söhbətləri məlum olmur. Amma başa düşülür ki, sultanın elçisi ilə Hacı Davudun arasında danışıqlar baş tutmur. Sərkərdə açıq-aydın müstəqil siyasətindən əl çəkməyəcəyini bildirir və axıradək sözünə sadiq qalır.
Bundan qeyzlənən III Sultan Əhməd Hacı Davuddan başqa cür qisas çıxmağı qərara alır. O, yenidən güc işlətmək istəyir. Lakin hələlik bu mümkün olmur. Çünki Qara Mustafa paşanı böyük qoşunla Həmədanı, Əhməd paşanı isə 100 minədək əsgərlə Bağdadı tutmağa göndərir. Bu vaxt əfqanlar Qara Mustafa paşaya məktub yazıb bildirirlər ki, «Həmədanı biz tutmalıydıq, siz niyə tutmusunuz? Əgər şəhəri qaytarmasanız, sizə hücum edəcəyik və Həmədanı güclə alacağıq». Paşa həmin məktub barəsində sultana məlumat verir. Sultan Əhməd paşaya böyük ordu ilə əfqanlara hücum etməyi tapşırır. Dörd ay ərzində paşa ərəblərdən 34 minlik qoşun yığır. Ümumiyyətlə, 30 paşanın rəhbərliyi ilə türklərdən, kürdlərdən və ərəblərdən ibarət 300 minlik qoşun toplayaraq, əfqanlarla döyüşə girir. İlk vuruşma vaxtı əfqanlar məğlub olub geri çəkilir. Amma ikinci döyüşdə onlar türk qoşununu darmadağın edirlər. (Bax: Armənskaə anonimnaə xronika 1722-1736 qq. Baku, 1988, s. 24-25).
Bu məğlubiyyətin acığını sultan Qafqazda yeni torpaqlar ələ keçirməklə çıxmaq istəyir və ona görə də buraya ard-ardınca hücumlar planlaşdırır. Əlbəttə, belə bir vaxtda Hacı Davud Şamaxını tərk edib oğlu Süleyman bəyin köməyinə gedə bilməzdi. Rusların Müşkür sərhəddində qoşunlarının sayını artırdığını biləndə o, 2 min döyüşçüsünü But Qurbanın sərən-camına göndərmişdi.
Müşkürdə öz mövqeyini kifayət qədər möhkəmləndirən, rusları bir addım belə irəliləməyə qoymayan But Qurban Süleyman bəyin köməyinə seçmə 1000 döyüşçüsünü göndərir. Həmin döyüşçülər Təngə dərəsinə çatar-çatmaz general Levaşovun köməyə göndərdiyi 5 min rus əsgəri ilə üzləşir. Qanlı döyüş başlanır. Döyüşə Süleyman bəyin düşmən arxasına göndərdiyi iki dəstənin adamları da qoşulur. İki günlük döyüşdə ləzgilər 400-dən çox döyüşçüsünü, ruslar isə bir neçə zabitini və 2 minədək əsgərini itirir. Sağ qalan ləzgi döyüşçüləri əsas tapşırığı yerinə yetirmək, qalaya getmək üçün gecə geri çəkilir və dağ çığırları ilə Təngəyə gəlirlər. Köməyin gəldiyini görən və arxada ləzgi döyüşçülərinin qalmadığına əmin olandan sonra general Rumyantsev yenə bütün qüvvələri qalanı almağa yönəltdi. Əlində qalan işlək üç topla yenidən bir neçə gün Təngənin divarlarını dağıtdı. Vəziyyətin ağır olmasına baxmayaraq, Süleyman bəy gecələr qaladan çıxaraq, ruslara qəfil hücumlar edir, onlara xeyli itki verirdi.
General başqa yolla qalanın müdafiəçilərini ələ almaq istədi. O, Süleyman bəyin yanına adamını göndərib bildirdi ki, təslim olsanız, sizə toxunulmayacaq və azad buraxılacaqsınız. Lakin Rumyantsev ləzgi döyüşçülərinin lüğətində «təslim olmaq» sözlərinin olmadığını unutmuşdu. Odur ki, cəhdi boşa çıxdı. Daha iki gün davam edən döyüşlər vaxtı qala divarları uçuldu və rus əsgərləri hər tərəfdən qalaya axışdılar. Buna baxmayaraq, küçə döyüşləri vaxtı xeyli itkiyə yol verdilər. Süleyman bəyin düşmənə daha çox itki vermək üçün qurduğu postları ələ keçirmək düşmən üçün çox çətin idi. General Rumyantsev indiyədək belə amansız döyüşlərin şahidi olmamışdı. Təngəni almaq ən möhkəm qalaları almaqdan da çətin olmuşdu. Buna baxmayaraq, Rusiya imperiyasının xarici siyasət arxivinin sənədlərində Təngə döyüşlərinin əhəmiyyəti azaldılaraq qısaca qeyd olunub ki, general A.V. Rumyantsev Təngə qalasını mühasirəyə aldı və bir neçə müddətdən sonra Davud bəyin «əlaltısını», «Dağıstan kəndlərini və Rustov starşinalarını Rusiyaya qarşı qaldırmaq istəyən Süleymanı qaladan vurub çıxardı». (Bax: AVPR, f. 89, 1727, d.10, l.292). Halbuki, Süleyman bəyi «qaladan vurub çıxarmaq»dan ötrü ruslar bir neçə il ərzində üst-üstə 10 minədək əsgərini və zabitini, bir neçə topunu itirmişdi.
Sonuncu döyüşdə rusların itkisi xüsusilə çox idi. Onların «inadkar döyüşçü» adlandırdıqları Süleyman bəy hərbi işdən yaxşı baş çıxardığını, ruslara qarşı neçə vuruşmaq lazım gəldiyini bir daha sübut etdi. Yerli əhalinin kömək göstərməməsinə baxmayaraq, ləzgi döyüşçüləri şir kimi döyüşürdülər. Onlar ölümü öldürən qəhrəmanlar idilər.
Süleyman bəyin «Son damla qanımızadək döyüşə!» sözlərini eşidən ləzgilər son qüvvələrini toplayaraq, vuruşmanı axıradək davam etdirdilər. Bu vuruşmanın gedişatı o vaxt Hacı Davudun silahdaşı olmuş Cənubi Dağıstanın Cebe kəndinin sakini Novruzun qələmə aldığı «Hacı Davud haqqında rəvayət»də belə tərənnüm olunur:
Süleyman əl edərək,
Bir qəzəbli aslan tək
Atılır son döyüşə,
Rus mat qalır bu işə.
Az olsa da ləzgilər,
Seyrəlsə də cərgələr,
Axıracan döyüşür,
Hər birinə pay düşür
İgidlikdən, qeyrətdən,
Düşsələr də taqətdən
Ölümə dik baxırlar,
Rusu oda yaxırlar.
Onun da var zərbəsi,
Toplarının mərmisi
Divarları dağıdır,
Bu, dözülməz ağrıdır.
Təngililər kənarda,
Gizlənib daxmalarda.
Boşaldıqca gur meydan,
Süleyman bəy ucadan:
Qalxın ellər! - Səsləyir.
Qalxın ellər! - Səsləyir.

Novruzun rəvayətində Süleyman bəyin qəhrəmancasına həlak olduğu bildirilir. Lakin arxiv sənədlərində bu fikir təsdiqini tapmır. Rusiya İmperiyasının Xarici Siyasət Arxivindəki bəzi sənədlərdə göstərilir ki, general A.V.Rumyantsev Təngəni mühasirəyə almış, «Hacı Davudun Dağıstan kəndlərini və Rustov starşinalarını Rusiyaya qarşı ayağa qaldırmağa səy göstərmiş əlaltısı Süleymanı qaladan vurub çıxarmışdır». (Bax: AVPR, f.89, 1727, d.10, l.292).
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Hacı Davudun oğlanlarının sayı ilə bağlı fikirlər də ziddiyyətlidir. Bəzi sənədlərdə, məsələn, Dağıstan Respublikasının Dövlət Arxivinin sənədlərində onun Süleyman və Abdulkərim adlı iki oğlunun olduğu göstərilir. (Bax: QARD. f.301: Bakinskiy komendant. Op.1. Ed. xr. 45. L.47-47 ob; D.32. L.3.). Başqa mənbələrdə onun 4 oğlu olduğu bildirilir: «Hacı Davud 4 oğlu, 2 qardaşı və bütün ailəsi ilə birlikdə Kipr adasına aparıldı». (Azərbaycan tarixi. Yeddi cilddə. Üçüncü cild. Bakı, 1999, səh. 371).
Dağıstan Respublikasının Dövlət Arxivində saxlanan sənədlərdə göstərildiyi kimi, son dərəcə cəsur, ağıllı, hərbi istedada malik Süleyman bəy Hacı Davudun böyük oğlu idi. Həm Cebe Novruzun rəvayətində, həm də arxiv sənədlərində göstərildiyi kimi, yeddi il Təngə qalasını qəhrəmancasına müdafiə etmiş, igidliyinə görə «Təngə pələngi» adını almış Süleyman bəyin başına gələn hadisələrdən sonra Hacı Davud rus qoşunları ilə döyüşlərə atılmış, hətta 1727-ci ilin payızında Təbriz səraskəri Əli paşa ilə birlikdə Küre və Quba ləzgilərinə müraciət edərək, xalqı kafirlərə (ruslara) qarşı cihada səsləmişdi. (Bax: AVPR, f.89, 1727, d.10, l.292).
Bir çox səbəblər üzündən cihad baş tutmadı. Lakin buna baxmayaraq, xalq istər şimaldan, istərsə də cənubdan onun tor-paqlarına basqın edən işğalçılara qarşı uzun müddət mübarizə apardı, Süleyman bəy kimi igidlərin adını əbədiləşdirdi.

Müzəffər Məlikməmmədov

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
«Самур» гьар хизандиз! Воскресная школа лезгинского языка в Татарстане “Сувар” представил Азербайджан на фестивале в Турции Чемпионар пара жезва КIвалахдай ксар хкязава
Статьи из этой рубрики
Qanlı Şaban Gimri qəhrəmanı Yüz min lənət Dərbəndin baş alimi Bağdad fakihi
ЦIИЙИ ТИЛИТ

РУБРИКИ

ПОЛЕЗНОЕ