Ləzgi əlifbası tarixindən
Лезги чIалан месэлаяр  |  10(326) 2018      
     Qədim tarixə və mədəniy­yətə malik ləzgilərin və bu dil qrupuna daxil olan xalqların əcdadları eramızdan əvvəl IV əsrdə Qaf­qaz Albaniyası dövlətinin əsas yaradıcıları olmuşlar. Ləzgilərin dili də dünyanın qədim dillərindən biridir. Dahi rus yazıçısı M.A.Şoloxovun dediyi kimi, bu xalqın ən böyük dövləti onun 
dilidir.
 
Xalqın ən böyük dövləti
 
     Əvvəllər bəzi alimlər ləzgi dilinin 4 min il bundan əvvəl yarandığını israr edirdi. (Bax: Милитарев А. Какими юными мы были двенадцать тысяч лет назад?! // «Знание-сила», 1989, №3, с. 45-53). “Açılmamış sirlər adası” (rusca) kitabının müəllifi V.Şevoroşkin bir sira dəlillərə əsaslanaraq ləzgi dilinin azı 5 min illik tarixə malik olduğunu bildi­rir. Fransız qafqazşünası R.Lafon ləzgi dillərinin köməyi ilə eramızdan əvvəl III minilliyə aid ümumi Dağıstan dilinin fonetik sistemini yaratmağa nail olub. (Bax: Климов Г.А. Кавказские языки. М., 1965, с. 58-59).
     Bəzi alimlər qədimlik baxımından ləzgi dilini hind-çin dilləri ilə müqayisə edir və onun 7 min il bundan əvvəl mövcud olduğunu göstərirlər. Bu dildə sözlərin əksəriyyəti bir və ikihecalıdır. Ləzgi dilinin feil və say kimi nitq hissələrinə aid 17 elmi əsərin müəllifi olan məşhur gürcü alimi Q.V.Topuria ləzgi dilində birhecalı sözlərin 4-5 min il bundan əvvəl yarandığını və onların xalis ləzgi sözləri olduğunu bildirir.
     Ləzgi dilinin meydana gəlməsi tarixi, ayrı-ayrı nitq hissələri, sözlərin yaranmasındakı məntiq və uyarlıq, onun qədim xett, xürrit, urartu dillərinə yaxın­lığı və diğər məsələlər alimləri getdikcə daha çox cəlb edir. Təsadüfi deyil ki, ləzgi dili hazırda ən çox tədqiq olunan dillərdəndir. 2004-cü ilədək olan məlumata görə dünyanın müxtəlif dillərində bu dil ilə bağlı 3300 elmi məqalə, monoqrafiya, dərslik və başqa kitablar çap olunub. Təkcə son 40 il ərzində müxtəlif müəlliflərin imzası ilə 2 mindən çox elmi məqalə, 30-dan çox kitab işıq üzü görüb.
     Ləzgi dilinin tədqiqi ilə hələ XVIII əsrdən başlayaraq alman, ingilis, fransız, rus, gürcü alimləri məşul olmuşlar. XVIII əsrdə P.S.Pallasın, N.A.Güldenştedtin, XIX əsrdə Y.Klaprotun, R.F.Erkertin, A.A.Şifnerin, B.Dornun, A.Zavadskinin, XIX əsrin sonu və XX əsrin əvvəllərində K.F.Qanın, A.M.Dirrin, N.J.Marrın, N.Trubeskoyun, A.N.Qenkonun və başqalarının ləzgi dili ilə əlaqədər apardıqları tədqiqatlar bu gün də mühüm əhəmiyyət kəsb edir. Hazırda Rusiya, ABŞ, Norveç, Fransa, İngiltərə, Türkiyə, İsveçrə, Gürcüstan, Qırğızıstan, Qazaxstan, Ukrayna və başqa ölkələrin dilçiləri ləzgi dilini tədqiq edirlər. Gürcü alimləri bu sahədə xüsusilə fəallıq göstərirlər. Təkcə ötən əsr­də 34 gürcü alimi ləzgi dili haqqında 200-ə yaxın elmi məqalə və kitab yazıb. Onlardan akademik A.S.Çikobava, filologiya elmləri doktorları İ.B.Abuladze, Q.V.Topuria, Ş.Q.Qaprindaşvili, Q.T.Burçuladze, V.N.Pançvidze, B.Q.Qiqineyşvili, T.V.Qudava, E.F.Ceyranaşvili kimi alimlərin bu dil haqqında elmi məqalələri dünyanın müxtəlif dillərinə tərcümə olunub.
     Ötən dövrdə ləzgi dilçilərindən Dağıstanın məşhur alimi Hacıbəy Hacıbəyov başda olmaqla filologiya elmləri doktorları, professorlar Məhəmməd Hacıyev, Uneyzat Meylanova, Bukar Talibov, Şəmsəddin Sədiyev, Faida Qəniyeva, Kərim Kərimov, Ənvər Şeyxov, İsrafil Əfəndiyev, akademiklər Racidin Heydərov, Əhmədulla Gülməhəmmədov, filologiya elmləri namizədi Nəriman Abdulmütəllibov və başqaları da doğma dilin tədqiqinə böyük töhfələr vermişlər.
     Dilçiləri maraqlandıran məsələlərdən biri qədim ləzgi yazısının və ədəbi abidələrinin yaranmasıdır. Bu barədə alimlər müxtəlif fikirlər söyləyirlər.
 
Ədəbi abidələr
 
     Ləzgi yazısının hələlik aşkar edilmiş ilk nümunələri V-VII əsrlərə aiddir. Kitabələr şəklində üzə çıxan bu münunələrdə çoxlu ləzgi sözləri və toponimlər aşkar edilmişdir. Elmi əsərləri dünyanın 40-dan çox dilinə tərcümə olunmuş filologiya elmləri doktoru, professor, akademik, Rusiya Federasiyasının və Dağıstan Respublikasının əməkdar elm xadimi, 3 cildlik “Ləzgi dilinin izahlı lüğəti” kitabının müəllifi Əhmədulla Gülməhəmmədov ilk dəfə olaraq sübüt etdi ki, hələ 1500 il bundan əvvəl ləzgi dilində ədəbiyyat və yazılı məxəzlər mövcud idi. (Bax: Журнал «Возрождение» №6, 2000-ci il, s. 112). Həqiqətən də tarixi mənbələrdən məlum olduğu kimi, “hələ V əsrdə Arranda zəngin ədəbiyyat var idi, lakin sonralar bu ədəbiyyat yox olmuşdur”. (Bax: Ziya Bünyadov. Azərbaycan VII-IX əsrlərdə. Bakı, 1989, səh. 56). Təbiidir ki, o vaxt      Qafqaz Albaniyasında yaşayan ləzgilərin ədəbi nümunələri də yoxa çıxıb, işğalçılar tərəfindən məhv edilib. Lakin II əsrə aid “Şarvili” eposu, III-V əsrlərə aid bir neçə dastan və rəvayət şifahi xalq ədəbiyyatı nümunəsi kimi bizə çatıb.
     Tanınmış ləzgi şərqşünası, tarix elm­ləri doktoru, professor, Rusiyanın və Dağıstanın əməkdar elm xadimi, Rusiya Federasiyasının Dövlət mükafatı laureatı Amri Şixsaidov yazır ki, X əsrdə ləzgilərin ana dilində özünəməxsus ədəbiyyatı var idi. Bunu məşhur Dağıstan alimi, tarix elm­ləri doktoru, professor P.M.Maqomedov və başqaları da təsdiq edir. X əsrdə “Axtınamə” və “Abumüslümün tarixi”, XII əsrin əvvəllərində “Şirvanın və Dərbəndin tarixi” kimi qiymətli əsərlərin yaranması deyilənlərə yaxşı sübutdur. (Bax: Шихсаидов А.Р. Очер­ки истории, источниковедения, археографии сред­невекового Да­гестана. Махачкала, 2008, с. 254-257, 338).
     1179-1229-cu illərdə yaşamış ərəb coğrafiyaçısı və səyyahı Yaqut ibn Abdullah ər-Rumi əl-Həməvinin verdiyi məlumata görə XII əsrin məşhur alimi və şairi Musa ibn Yusif ibn Hüseyn əl-Ləzgi həm nəzmlə, həm də nəsrlə fəlsəfi əsərlər yazırdı. (Bax: Yaqut, IV c, səh. 324. SMOMPK, buraxılış 29). X-XII əsrlərdə ləzgi yazısından geniş istifadə olunduğu, həmçinin ləzgi mədrəsələri və ədəbiyyatı haqqında XIII əsrin ərəb coğrafiyaçısı və kosmoqrafı Zəkəriyyə ibn Məhəmməd ibn Mahmud Əbu Yəhya əl-Qəzvini də məlumat verib. Onun yazdığı kimi, “məşhur vəzir Nizam ül-Mülkün Dərbənddə və onun ətrafındakı kəndlərdə tikdirdi­yi mədrəsələrdə ləzgi və ərəb dillərində dərslər keçilirdi”. (Bax: Şerafeddin Erel. Dağıstan və dağıstanlılar. İstanbul, 1961. Səh. 211).
     Orta əsrlərin ləzgi yazısı və ədəbi abidələri haqqında rus alimi N.B.Xanıkov belə yazıb: “Ləzgi kəndlərindən XIII əsrə aid kitabələr çox tapılıb. Qədim tari­xin izlərini saxlayan bu daşların üzərində şeir və rəvayətlərdən parçalara da rast gəlinir. Bu yazılar həmin dövrün ləzgi şairlərinin yaradıcılığından xəbər verir”. (Bax: Ханыков Н.Б. Археологические следы. // “Кавказ” №53, 1850).
     Dağıstan tarixçiləri X.X.Ramazanovun və A.R.Şixsaidovun 1964-cü ildə Mahaçqalada rus dilində çap olunmuş “Cənubi Dağıstan oçerkləri” kitabında göstərildiyi kimi, XIII əsrin məşhur fransız səyahətçisi Gilyom de Rubruk yazmışdı ki, “ləzgilərin öz ana dillərində yazdıqları çoxlu qiymətli əlyazma kitabları var. Onlar bu kitabları böyük məhəbbətlə oxuyur və saxlayırlar”.
     Bəzi məxəzlərdə ləzgi yazısının əksər səsləri ifadə etməyə qadir hərflərindən söhbət açılır, onların bu dilə tam uyarlı olduğu göstərilir. Rus alimi P.K.Uslar hələ XIX əsrdə ləzgi dilinin səslərini ifadə etmək üçün “hərflərin möcüzəsi gərəkdir” demiş və yeni ləzgi əlifbası yaratmışdı.
 
Hərflərin möcüzəsi
     
     Ləzgilərin ilk istifadə etdikləri alban əlifbası 52 hərfdən – 9 saitdən və 43 samitdən ibarət idi. Bu əlifba ləzgi dilinin səslərini dolğun əks etdirirdi. Təəssüf ki, sonralar müxtəlif əlifbaların tətbiqi nəticəsində müasir ləzgi ədəbi dilindən bəzi saitlər və samitlər çıxarılıb. Lakin alimlərin tədqiqatlarından məlum olduğu kimi, ləzgi dilinin Quruş, Qımıl-Küsnət ləhcələrinin, həmçinin Küre dialektinin bəzi ləhçələrinin fonetikasında 9 sait və 43 samit mövcuddur. Ləzgi dil qrupuna daxil olan buduq, qrız və xınalıq dillərində də fonemlərin 9-u saitdir.
     Məlum olduğu kimi, ləzgi dilləri samitlərin çoxluğu ilə seçilir. Ağul dilinin fonetikasında 45, tabasaran dilində 55, xınalıq dilində 64, rutul dilində 68, arçi dilində 70 samit var. Sait və samitlərin çoxluğu alban əlifbasında da öz əksini tapıb. Bu, ləzgi dillərindən ötrü həmin əlifbanın daha məqsədəuyğun olduğunu və vaxtilə ondan istifadə edildiyini bir daha sübut edir.
     415-ci ildə Mesrop Maştos alban əlifbasını sadələşdirərək 37 hərf saxladı. V-VII əsrlərdə ləzgilər həmin əlifbadan istifadə etdilər. Ərəb işğalından sonra ləzgilərə alban əlifbası qadağan edildi. Ona görə də xalq təxminən min il ərzində əcəm əlifbasından istifadə etmək məcburiyyətində qaldı. Bu, 12 boğaz səsi alban hərfləri, qalanları isə ərəb hərfləri ilə ifadə olunmuş əlifba idi. Onun 788-ci ilə aid olan ilk nümunələrindən biri Cənubi Dağıstanın Quruş kəndi ərasizində Hacı Zengi Buba pirinin daşı üstündə həkk olunub. IX əsrin əvvəllərində boğaz səslərini göstərən alban hərfləri xüsusi işarələr əlavə olunmuş ərəb hərfləri ilə əvəz edilib. Tarixçi A.R.Şixsaidov Dağıstanın ləzgi rayonlarının ərazisində mətnləri əcəm əlifbası ilə yazılmış XII-XIV əsrlərə aid onlarca epiqrafiya abidələri aşkar edib. (Bax: Эпиграфические памятники Дагестана. М., 1984).
     Əcəm əlifbasından ləzgilər XX əsrin 30-40 illərinədək istifadə etmişlər. Sovet hakimiyyətinin ilk illərində Moskvada ləzgicə çap olunmuş “Ləzgi şairlərinin poeziyası”, “Yetim Eminin seçilmiş əsərləri” kitabları bir neçə il əvvəl Cənubi Dağıstanın Kiri kəndindən tapılmiş, XVIII-XIX əsrlərin ləzgi şairlərinin əsərləri toplanmış XIX əsrə aid almanax da əcəm əlifbası ilə qələmə alınıb.
     Dilçi alimlərin qeyd etdikləri kimi, əcəm əlifbası ləzgi dilinin səslərini tam və dolğun ifadə etmək qabiliyyətinə malik deyildi. Bu əlifbada bir çox səsləri göstərən hərflər yox idi. Г, гъ, к, кк, кI, кь səsləri və bəzi başqa səslər bir hərflə, bir işarə ilə yazılırdı. Ona görə də həmin səslərdən ibarət sözləri təyin etmək çətinlik törədirdi və bu iş oxuyanın öhdəsinə düşürdü. Odur ki, XIX əsrin sonlarında ləzgi maarifçiləri əcəmi əvəz edəcək başqa əlifba yaratmağı qərara alırlar. 1871-ci ildə Cənubi Dağıstanın Mamraç kəndindən olan məşhur ləzgi alimi Qəzənfər bəy tərəfindən tərtib olunmuş yeni əlifbadan və oxu mətnlərindən ibarət kitab çap edildi. Bundan sonra rus qafqazşünası P.K.Uslar ləzgilər üçün əlifba yaratmaq qərarına gəldi. O, ləzgi dilinin fonetikasını və morfologiyasını Qəzənfər bəydən öyrənirdi.
     P.K.Uslar 1896-cı ildə Tiflisdə “Küre dili” adı ilə çap etdirdiyi kitabda özünün yaratdığı ləzgi əlifbasını və bu əlifba ilə qələmə alınmış mətnləri oxuculara çatdırdı. Alim Küre dairəsində tədqiqatlar apardığı üçün kitabını belə adlandırmışdı. Onun əlifbası 49 hərfdən – 7 saitdən və 42 samitdən ibarət idi. 37 hərf rus, 12 hərf isə latın və gürcü qrafikaları əsasında tərtib edilmişdi. Usların əlifbasından ötən əsrin 20-ci illərinədək istifadə olunmuşdur. Ləzgi maarifçisi Abucəfər Məmmədovun 1911-ci ildə Tiflisdə çap etdirdiyi əlifbadan və oxu mətnlərindən ibarət kitabda da bu əlifbadan istifadə olunub. Təəssüf ki, Usların əlifbası xalq arasında geniş yayılmadı. Çünki bu əlifba da ləzgi dilinin səslərini tam əks etdirmirdi. Ona görə də yeni əlifba yaratmaq zərurəti meydana gəldi.
 
Yeni əlifba uğrunda mübarizə
 
     Oktyabr inqilabı başqa sahələrdə oldu­ğu kimi, bu sahəyə də öz təsirini göstərdi. Sovet hökuməti köhnəliyi ləğv etmək, yeni həyat qurmaq adı ilə Dağıstanda milli dilləri tamamilə sıxışdırıb aradan çıxarmaq, respublikanı başdan-başa ruslaşdırmaq istədi. Lakin ləzgilərin, avarların və darginlərin güclü müqavimətinə rast gəldi. Bu xalqların qabaqcıl elm və maarif xadimləri milli dillərdə dərslərin keçilməsindən və yeni əlifbanın tətbiq edilməsindən ötrü mübarizəyə başladılar. Hətta Hacıbəy Hacıbəyovun rəhbərliyi altında Moskvada bu şəhərdə və Leninqradda təhsil alan 200-dən çox ləzgi tələbəni və ziyalını birləşdirən “Ləzgi dərnəyi” yaradıldı. Tez­liklə bu dərnək böyük qüvvəyə çevrildi və bolşevik rəhbərləri müəyyən güzəştlərə getməyə məcbur oldular.
     Əlifba məsələsinə gəldikdə bolşeviklər başqa mövqe tutdular. Dağıstanın ilk dilçi alimi Hacıbəy Hacıbəyovun 1923-cü ildə Dağıstan Xalq Maarif Komissarlığına yeni ləzgi əlifbasını təqdim etməsinə baxmayaraq, onun çapına icazə verilmədi. Ümumittifaq Əlifba Komitəsinin yerli təşkilatı kimi yaradılmış Dağıstan Əlifba Komitəsi də alimin əlifbasını qəbul etmədi. Çünki xüsusi göstərişə əsasən Dağıstan xalqları üçün vahid şəklə salınmış əlifba yaratmaq qərara alınmışdı. (Bax: Новый алфавит для народностей Дагестана. Новый унифицированный алфавит для горских народов Дагестана. – Культура и письменность Востока, кн. II., Баку, 1923, с. 176-177).
     Başqa xalqlar kimi, ləzgilər üçün də vahid şəklə salınmış əlifba latın qrafikasına əsaslanan əlifba idi. Bolşevik rəhbərləri Hacıbəy Hacıbəyovu və Əlibəy Şamxa­lovu belə əlifba yaratmağa məcbur etdilər. Onlar rus dilçiləri N.F.Yakovlevin və L.İ.Jirkovun iştirakı ilə ləzgi, avar, dargin və lak dilləri üçün latın qrafikası əsasında əlifba yaratdılar. Lakin onun ömrü uzun olmadı. Yeni əlifba özünü doğrultmadı.
 
Latın qrafikası niyə özünü doğrultmadı?
 
     1928-ci ildə latın əlifbasının işə salınması Dağıstanda birmənalı qarşılanmadı. Yeni əlifbanın Dağıstan dilləri üçün müsbət cəhətlərindən daha çox mənfi cəhətlərinin olduğunu görən həmin dövrün bəzi dilçiləri və yazıçıları – Alqadar Abdul-Qadir, Ziyauddin Əfəndiyev və başqaları mətbuatda öz fikirlərini bildirdilər. Ləzgicə çıxan “Yeni dünya” qəzetinin 1929-cu il saylarının 11-i bu məsələyə həsr olundu. Tezliklə “Krasnıy Daqestan” qəzeti də əlifba məsələlərindən yazdı. Latın əlifbası Dağıstanın ayrı-ayrı təşkilatlarının, yerli mətbuat orqanlarının da müzakirə obyektinə çevrildi. Hətta Ümumittifaq Yeni Əlifba Komitəsinin rəyasət heyətinin geniş iclasında “Yeni əlifbaya keçməyin çatışmazlıqları” mövzusunda çıxışlar dinlənildi. (Bax: “Yeni dünya” qəzeti (ləzgicə), 16 iyul 1929-cu il). İş o yerə çatdı ki, məcburiyyət qarşısında yeni əlifbanın tərtibçilərindən və təbliğatçılarından birinə çevrilmiş Hacıbəy Hacıbəyov da Dağıstan dillərindən ötrü bu əlifbanın yararsız olduğunu etiraf etməyə başladı.
     48 ləzgi hərfini əks etdirən latın əlifbasında bir neçə fonem aradan çıxarılmışdı. O, dildəki bütün səsləri əhatə edə bilmirdi. Xüsusən də dodaq səslərini əmələ gətirən 17 fonemi olduğu kimi çatdırmaq mümkün deyildi. Bu isə ədəbi dildə ən çox işlənən 250-dək sözü itirmək demək idi. Г, гъ, з, к, кк, къ, кь, кI, с, т, тт, тI, х, хъ, цц, цI, чI hərflərinin yanında dodaqlanan “в” yazılmayanda sözlər başqa mənanı verirdi. Məsələn: гъвар (tir) – гъар (mala); гъвел (qırıntı, ovuntu) – гъел (kirşə); къвана (yağdı) – къана (üşüdü); кIватI (topa, yumaq) – кIатI (taxıl saxlanan qab); свас (gəlin) – cac (diş); cвал (dağ sərçəsi) – cал (dirrik); тIвар (ad) – тIар (ağrı) və s.
     Ləzgi dilçiləri yeni əlifbanın çatışmazlıqlarını nəzərdə tutaraq, onu “latınlaşdırılmış əlifba” adlandırırdılar. Bu əlifbanın ən böyük qüsurlarından biri o idi ki, bir sıra hərflər eyni işarələrlə yazılırdı. Məsələn, къ кь hərfləri q, п пI hərf­ləri p, т тI hərfləri t, х хь hərfləri x, ж з hərfləri z hərfi ilə ifadə olunmuşdu. Bu isə sözləri düzgün oxumaqda çətinlik yaradırdı. Məsələn, oxucu başa düşə bil­mirdi ki, “тар” sözünü тар “ağac”, тар “tar” kimi oxusun və ya тIар “ağrı” kimi. Başqa sözlərin oxunuşunda da belə çətinliklər var idi.
     Məlum olduğu kimi, ləzgi dilində б, г, д, гъ, ж (дж), з (дз) kimi cingiltili partlayıcı samitlər vurğulu hecalarda müvafiq kar samitlərə çevrilir: п [пп], к [кк], т [тт], ц [цц], ч [чч]; къиб “qurbağa” – хъипер [хъиппер], муг “yuva” мукар [муккар]. Latın qrafikası bu fonetik prinsipi gözləməklə səsi eşidilən kimi yazmağa imkan vermirdi.
Digər bir məsələ к, т, п, ц, ч qrafemləri ilə bağlı idi. Ləzgi dilində bu qrafemlər həm nəfəsli, həm də nəfəssiz fonemləri (кк, тт, пп, цц, чч) ifadə edir. Məsələn: чил “tor” – ччил “yer”, чуру “sarı” – ччуру “saqqal, кун “sürü saxlanan yer” – ккун “yanmaq”, кар “iş” – ккар “yara” və s. Latın qrafikası bu fonetik prinsipə də uyarlı deyildi. Bütün bunlar nəzərə alınaraq, Dağıstan hökumətinin xüsusi qərarı əsasında 1938-ci ildə latın qrafikası kiril qrafikası ilə əvəz olundu.
     Əslində ləzgi yazısından ötrü bu, yenilik deyildi. Hələ 1860-cı ildə kiril qrafikası əsasında ləzgi əlifbası yaradılmışdı. Hazırda Dağıstanın arxivlərində həmin dövrdə rus əlifbası ilə ləzgi dilində yazılmış sənədlər saxlanılır. (Bax: Heydərov R.İ. Vacib sənəd. “Kommunist” qəzeti (ləzgicə), 24 mart 1985-ci il; Heydərov R.İ. Əlifbamızın 120 illiyi. “Лезги газет”, 31 avqust 1991-ci il).
     1938-ci ildə kiril qrafikası əsasında yaradılmış əlifbanın da latın qrafikalı əlifba kimi bir sıra çatışmazlıqları var. Bu əlifba 12 ləzgi fonemini aradan çıxarıb. Əvəzində ləzgi əlifbasına rus dilindən ehtiyac duyulmayan ё, щ, э, ю, я kimi hərflər gətirilib. Lakin bu əlifbanın latın qrafikalı əlifba ilə müqayisədə bir sıra üstünlükləri var.
Kiril qrafikası ilk növbədə nəfəssiz fonemlərdən istifadə etməyə imkan verdi. Görkəmli ləzgi dilçi alimi Məhəmməd Hacıyevin təşəbbüsü ilə bu fonemlər qoşa qrafemlərlə yazıldı: ттар “ağac”, ппар “yük”, ккун “yanmaq”, ккал “inək”, ччин “üz” və s. Təəssüf ki, alim dünyasını də­yişəndən sonra bu qayda əsassız olaraq aradan götürüldü və hazırda nəfəssiz fonemli sözlər bir işarə ilə yazılır: кар [кhap] “iş”, кар [кhap] “talvar” кар [ккap] “yara” və s. Müasir ləzgi ədəbi dilində Məhəmməd Hacıyevin qoyduğu qaydanın bərpasına ehtiyac var. Bunu neçə illərdir ki, ləzgi ədəbi ictimaiyyəti, dilçilər və təhsil sahəsində çalışanlar da tələb edir.
     Digər üstünlük rus əlifbasından gəlmiş ъ ь qrafemləri ilə bağlıdır. Məsələn, ъ qrafemi üç halda dildə əvəzsiz rol oynayır: 1) гъ, къ, хъ kimi dilçək samitlərini ifadə edir: гъед “ulduz”, къад “iyirmi”, хъен “kölgə” və s.; 2) rus dilindən və başqa dillərdən alınmış sözləri olduğu kimi yazmağa imkan verir: адъютант, таъмин, таъсир və s.; 3) laringal abruptivləri ifa­də edir: ваъ “yox”, яъ! “di!”, неъ “ye” və s. Rus dilindən gəlmiş ь qrafemi başqa hərflərlə birlikdə ləzgi dilinin spesifik fonemlərini əmələ gətirir: гь, кь, хь, уь; гьакIан “adi”, кьантIар “təpə”, “sədd”, хьел “ox”, уьцIуь “duzlu” və s.
     Nəhayət, müasir əlifbadakı I (dik xətt) başqa hərflərlə birlikdə yazıldıqda ləzgi dilindəki partlayan boğaz samitlərini göstərir: кI, пI, тI, цI, чI; кIар “oxlov”, пIатI “ördək”, тIал “ağrı”, чIагъ “qarğa”.
     Göründüyü kimi, kiril qrafikasına əsaslanan müasir ləzgi əlifbası bəzi çatışmazlıqlarına baxmayaraq, latın əlifbası ilə müqayisədə dilin ehtiyaclarını daha yaxşı ödəyir. Ona görə də müasir əlifbanı yenidən latınlaşdırmaq istəyənlər bilməlidirlər ki, bu, qəti yolverilməzdir.
     Şübhəsiz, müasir ləzgi əlifbasının təkmilləşdirilməsi vacibdir. Ozündən əvvəlki əlifbalar (alban əlifbasını çıxmaq şərti ilə) kimi bu əlifba da dilimizdəki аь, гI, хI, дж, дз, кh, уъ, цh, чh kimi səsləri ifadə etməyə qadir deyil. Bu məsələ ilə əlaqədar dilçi alimlərimiz haqlı olaraq yazırlar: “Ləzgi dilinin orfoqrafiya qaydalarının mükəmməlləşməsi sahəsindəki böyük uğurlarla yanaşı, hələ tam həll olunmamış bəzi mühüm məsələlər də vardır. Bunlar əlifba, orfoqrafiya və punktuasiya ilə bağlı məsələlərdir. Onların elmi cəhətdən tam və uğurla həll olunmasından ötrü ləzgi dilinin fonetikası, morfologiyası, sintaksisi və leksikası daha dərindən və geniş tədqiq edilməlidir”. (Bax: Гайдаров Р.И., Гюльмагомедов А.Г., Мейланова У.А., Талибов Б.Б. Современный лезгинский язык. Махачкала, 2009, с. 99).
     Göründüyü kimi, əlifba sahəsində qarşıda duran əsas məsələ bir əlifbanı diğəri ilə əvəz etməkdən deyil, onu təkmilləşdirməkdən ibarətdir. Bu işi isə təsadüfi adamlar deyil, yalnız ləzgi dilçi alimləri görə bilərlər.
 
Sədaqət KƏRİMOVA,
Müzəffər MƏLİKMƏMMƏDOV
 

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
И чил хайи диге я Шииратдин рагъ Эмин В цветнике Гурипери Чи гьарфарал гъил яргъи ийимир! Квез чидани?
Статьи из этой рубрики
ЧIал храйтIа дидейри... Дидед чIал ватан я Дидед чIалахъ гьикI гелкъвен? Дидед чIалаз икрамна Редакторди кьиле тухвана
ЦIИЙИ ТИЛИТ
№: 8(353)
декабрь, 2021

Скачать PDF

РУБРИКИ
Tarixin izi ilə
Gəncliyimiz – qürurumuz
Чи къагьриманар
Yubiley
Люди и судьбы
Шаирар
"Самур" - 30
Редакциядин дустар
Яран сувар
Qarabağ müharibəsi
Diqqət: İnsan taleyi!
İnam və iman
"Soyuq günəş"
ЦIийи фильм
Dünya xalqları
Чи тарих
Тарих авайвал
Müsahibə
Спасём планету
Dünya ləzgiləri
Дагъустан
Диктант
Чи кьегьалар
Редактордин гаф
Чи классикар
"Самур" - 20
Мах
ЦIийи ктабар
Жеч гьа!..
Dağıstan xalqları
И чил хайи диге я
Добрые вести
Milli Məclisə məktub
Новости Россотрудничества
Известные лезгины
Марагълу инсанар
Redaksiyaya məktub
Языки мира
Лезги чIалан месэлаяр
Квез чидани?
Известные лезгиноведы
Лезгияр вирина
Юбилей
SOS!!!
С верой в душе
"Самурдин мектеб"
Мораль
Чи адетар
Məşhur ləzgilər
Новости на все голоса
Чи хуьрер
Хъсан хабарар
Известные кавказоведы
Чи адетар
Yeniliklər
Чешне къачу!
Чакай кхьенай ...
Алимрин веревирдер
Çıxışlarımızın əks-sədası
Барка
Эпитафия
Ша, лезги чIалал рахан!
Хабарар
Тарихдин геле аваз
Поэзия
Харусенят
Этнография
Дагестан
Народы мира
Спорт
Инсанар, кьисметар
Редакциядиз чар
Чир-течир
Yeni kitablar
Фольклор
Чи сейлибур
Дайджест
Чи тавдин кIвал

ПОЛЕЗНОЕ