Dağıstan xalqları | 5(321) 2018


Qafqazın qədim xalqlarından olan udilərlə bağlı məlumatlar böyük bir dövrü əhatə edərək bir çox tarixi mənbələrdən qaynaqlanır.
Udilərin əcdadları sayılan utilər haqqında e.ə. V əsrdə yaşamış yunan alimi Herodot özünün “Tarix” əsərində yazmışdır. Siseronun obrazlı şəkildə “tarixin atası” adlandırdığı Herodot e.ə. 490-cı ildə yunanlarla farslar arasında baş vermiş Marafon döyüşünü xatırladaraq qeyd etmişdir ki, fars ordusunun XIV satrapının sıralarında utilərin əsgərləri də vuruşmuşlar. Udilər haqqında bir sıra məlumatlara Strabonun, Qay Pliniy Sekundanın (I əsr), Klavdiy Ptolemeyin (II əsr), Aziniy Qvadratın (III əsr) əsərlərində də təsadüf olunur. Ptolemeyin məşhur “Coğrafiya” əsərində Xəzər dənizi və Qafqaz Albaniyası ilə yanaşı utilərdən də söhbət açılmışdır.
Pliniy Sekunda özünün “Həqiqi tarix” əsərində (I əsrin 50-ci illəri) ilk dəfə etnik termin kimi “udi” sözünü işlətmişdir.
Eramızın V əsrindən başlayaraq udilər erməni mənbələrində tez-tez xatırlanır. Bu xalq haqqında ən geniş məlumat isə Moisey Kalankatuyskinin “Alban tarixi”ndə (VII-VIII əsrlər) toplanmışdır.
Adları çəkilən müəlliflərin yazdıqları kimi, udilər Qafqaz Albaniyasının 26 tayfadan ibarət olan ittifaqına daxil idilər. Onlar tarixən başqa tayfalarla yanaşı Qafqaz Albaniyasının paytaxtları olmuş Qəbələdə və Bərdədə yaşamışlar. Tarıxı mənbələrdə göstərildiyi kimi, həmin dövrdə Albaniyanın qərbi və cənub-qərbi ərazilərində Uti adlı vilayət mövcud idi və bu vilayətdə utilər, yəni udilər çoxluq təşkil edirdilər.
Tarixən çoxallahlığa sitayiş edən udilər IV əsrin əvvəllərində xristianlığı qəbul etmişlər. Vll-VIII əsrlərdə ərəblər Qafqaz Albaniyasını işğal edərək əhalinin böyük hissəsinə, o cümlədən udilərə islam dinini qəbul etdirsələr də, onların bir hissəsi əvvəlki dini qoruyub saxlaya bilmişdir. VII əsrdə ərəb xilafətinin icazəsi ilə avtokefal alban kilsəsini erməni qriqoryan kilsəsinin tərkibinə daxil edir. O zamandan etibarən, rəsmən Alban katolikosunun qalmasına baxmayaraq, alban xristianların zorla erməniləşdirilməsi siyasəti aparılır. Bunun nəticəsi olaraq Dağlıq Qarabağda digər millətlərlə yanaşı, udilər də ciddi assimilyasiyaya məruz qalır.
1836-cı ildə rus pravoslav kilsəsi və Rusiya idarəçiliyi alban katolikosunun taxtını və dəftərxanasını ləğv etdikdən sonra udi xristianlar erməni kilsəsinin tam təsiri altına düşürlər. Yalnız indiki Qəbələ və Oğuz rayonları ərazisində yaşayan udilərə öz etnik mədəniyyətlərini və dillərini qoruyub saxlamaq nəsib olur.
Udi dili Qafqaz dillərindən olub ləzgi dil qrupuna aiddir. Udi dilinin iki dialekti var: Nic və Oğuz (Vartaşen). Vartaşen dialekti də öz növbəsində 2 yerə bölünür: Vartaşen və Oktomberi (Zinobiani). Nic dialekti 3 yerə bölünür: aşağı, aralıq və yuxarı.
Bəzi mütəxəssislərin qeyd etdikləri kimi, udi dili Qafqaz Albaniyasının geniş yayılmış dillərindən olub. Bu dilə Bibliya mətnləri tərcümə olunub, udi dilində kilsə xidməti aparılıb. Lakin tarixi proseslər nəticəsində bunlar tədricən istifadədən çıxarılıb.
XX əsrin əvvəllərində və ortalarında alimlər tərəfindən alban dilində bir neçə yazı lövhəsi aşkar olunsa da, onlar uzun müddət onu oxuya bilməyiblər.1937-ci ildə gürcü alimi İ.V.Abuladzenin Matenadaranda qorunub saxlanan XV əsr erməni əlyazmasının içində 52 hərfdən ibarət alban əlifbasını aşkar etməsi qafqazşünaslıq elmində böyük hadisə oldu.
1948-ci ildə Mingəçevir SES-nın tikintisi ilə bağlı qazıntılar zamanı VI-VII əsrlərə aid xristian məbədi aşkar olunur. Burada arxeoloji qazıntılara başlanır. Həmin ərazidən tapılan, üstündə epiqrafik yazılar olan bir neçə qədim lövhə alban əlifbasının mövcudluğu ilə bağlı şübhələrə son qoyur.
1956-cı ildə A.Kurdian (ABŞ) alban əlifbasının daha bir nüsxəsini aşkar edir.
1996-cı ildə Gürcüstan Elmlər Akademiyasının müxbir üzvü Zaza Aleksidzenin Misirin Sinay yarımadasındakı Müqəddəs Yekaterina monastırında palimpsest (gürcü-alban əlyazması) tapması elmdə böyük hadisə olur. Alim həmin əlyazmada gürcü dilində yazılmış mətnin altında alban dilində yazılar aşkar edir. Bu tapıntı, nəhayət, təsdiq edir ki, alban əlifbası nəinki mövcud olub, həm də bu dildə bədii ədəbiyyat da yaradılıb.
Bəzi mütəxəssislər tapılmış yazıları udi dilinin köməyi ilə oxumağa çalışırlar. Palimpsestin deşifrəsi üzərində Volfqanq Şulse, Qost Qeppert, Zaza Aleksidze və P.Maedən ibarət müəlliflər qrupu çalışıb. Onlar bu barədə 2 cilddən ibarət, 530 səhifəlik tədqiqatlarını Belçikanın “Brepols” nəşriyyatında nəşr ediblər.
Udi dilinin tədqiqi A.A.Şifnerin adı ilə bağlıdır. O, 1863-cü ildə udi dili haqqında monoqrafiya çap etdirmişdir. Onun ardınca bu işi A.Dirr davam etdirmiş, onun 1902-ci ildə “Udi dilinin qrammatikası” monoqrafiyası nəşr olunmuşdur.
Hələ XIX əsrin 50-ci illərində vartaşenli Georgi Bejanov Şifnerə öz doğma dilinin tədqiqində kömək etmişdir. O, özü udi dilinin lüğətini hazırlamağa başlamış, lakin qəfil ölüm onun işini yarımçıq qoymuşdur.
1934-cü ildə Suxumidə latın qrafikası ilə udi əlifabası çap olunmuşdur. Lakin tezliklə əlifba istifadədən çıxmışdır.
Udi dilinin tədqiqində bu dilin qrammatikasını və dialektlərinin müqayisəsini araşdırmış zinobianili udi E.F.Ceyranaşvilinin və V.N.Pançvidzenin böyük əməyi olmuşdur.
Əslən nicli olan görkəmli alim Voroşil Qukasyanın bu sahədə gərgin fəaliyyətini də qeyd etməmək olmaz. O, 1974-cü ildə nəşr olunmuş “Udicə-azərbaycancf-rusca lüğət”in yaradıcısıdır.
Həmin il V.L.Qukasyan tərəfindən kiril qrafikası ilə udi əlifbası yaradılmışdır.
1990-cı ildə Azərbaycanda latın qrafikası əsasında udi əlifbası hazırlanmış, əlifba kitabı və Keçaqarinin əsərləri nəşr edilmiş, Nic kənd məktəbində onların istifadəsinə başlanmışdır.
2007-ci ildə Həştərxanda V.V.Dabakov tərəfindən udi folkloru toplusu nəşr olunmuşdur. Həmin kitabda latın əlifbasının başqa variantı istifadə edilmişdir.
2010-cu ildə Bakıda Robert Mobili tərəfindən hazırlanmış daha bir lüğət “Udicə-azərbaycanca-rusca lüğət” işıq üzü görmüşdür.
2010-2016-cı illərdə Azərbaycanda çap olunmuş 2-4-cü siniflər üçün əlifba kitablarında latın əlifbasının daha bir variantı tətbiq olunmuşdur.
2013-cü ildə Rusiya Federasiyasında çapdan çıxmış “Nanay muz” adlı əlifba kiril qrafikası ilə, Qukasyanın əlifbası əsasında tərtib edilmişdir.
Fransız yazıçısı Aleksandr Dümanın verdiyi məlumata görə XIX əsrin sonlarında udilər ancaq 2 kənddə yaşayırdılar və onların sayı 3 min nəfər idi. Əslində isə XIX əsrdə udilər Nuxa qəzasının 10 kəndində - Nic, Vartaşen, Vardanlı, Mirzəbəyli, Sultannuxa, Kirzan, Courlu, Malıx və Yenikənd kəndlərində yaşayırdılar.
1992-ci ildə Qəbələ rayonunda 5241 udi yaşayırdı. Onlardan 4465 nəfər Nic kəndinin sakini idi.
Hazırda Azərbaycanın Nic və Gürcüstanın Zinobiani kənd məktəblərində udi dili tədris olunur. Nicdə dərslər latın qrafikası ilə hazırlanmış əlifba, Zinobianidə isə yerli gürcü Mamuli Neşumaşvilinin gürcü qrafikası ilə tərtib etdiyi əlifba əsasında aparılır.
Udilər Azərbaycanda, Rusiyada, Gürcüstanda, Qazaxstanda, Ukraynada və Belorusda yaşayırlar. Yığcam halda onlar Azərbaycanın Oğuz şəhərində, Qəbələ rayonunun Nic qəsəbəsində, eləcə də Gürcüstanın Kaxetiya rayonunun Oktomberi kəndində məskunlaşmışlar.
Hazırda dünyada udilərin sayı 10 min nəfərdən çoxdur. Azərbaycanda onların sayı 4500 nəfərə yaxındır. Təkcə Nicdə 3700 udi yaşayır.
Dünyada udilərin ən böyük yaşayış məntəqəsi Nic qəsəbəsi sayılır. Burada kənd əhalisinin 50 %-ni udilər təşkil edirlər. Kənddə 3 xristian məbədi, iki məscid var. Yerli udilərin qürur mənbəyi olan Cotari alban kilsəsi tarixi baxımdan əhəmiyyətlidir. Bu alban-udi məbədi Qafqaz Albaniyasında xristianlığın ilk təbliğçilərindən olub. 2002-ci ildə əsaslı təmir və bərpa işlərindən sonra məbəddə udilər dini ayinləri yerinə yetirirlər.
2003-cü ildə Azərbaycanda Alban-udi xristian icması qeydiyyatdan keçmişdir.
Sədaqət KƏRİMOVA
Комментарии к статье
Будьте первым кто оставит комментарий к статье.Оставить комментарий