Bir şəklin tarixi Тарихдин геле аваз | 4(320) 2018


1918-ci ildə çəkilmiş bu şəkli redaksiyamıza Qubadan ehtiyatda olan general-leytenant Fəxrəddin Əliyev təqdim edib. Şəklin dəyəri ondadır ki, igid döyüşçülər arasında 1918-ci ilin may ayında erməni daşnaklarının və bolşeviklərin darmadağın edilməsinə rəhbərlik etmiş iki qəhrəman - Möhübəli əfəndi Kuzunvi və polkovnik Hatəm ağa Cağarvi də vardır. Arxivlərdə şəkilləri saxlanmayan bu məşhurların surətini əks etdirən foto təsadüfən üzə çıxıb. Onu Möhübəli əfəndinin böyük qardaşı Dadaşbalanın nəticəsi olan F.Əliyev nəslin səcərəsini hazırlayarkən Möhübəli əfəndinin digər qardaşı Müslüm Mahamadovun oğlu Abdullanın şəxsi arxivindən tapıb.
1918-ci ildə ləzgilər niyə Bakıya köməyə gəlmişdilər? Həmin ilin matrında Dağıstanda bolşeviklərin inqilabi hərəkatının yatırılması şimali Azərbaycana da öz təsirini göstərdi. Qırmızıların hakimiyyətə gəlməsinə güclü müqavimət göstərən dəstələrin başçıları - Zizik mülkədarı, polkovnik Əlibəy Zizikski, Dəvəçinin tanınmış nüfuz sahibi Həmdulla Əfəndiyev, qonaqkəndli qaçaq Mayıl Zahirov, Xaçmazın Şıxlar kəndinin bəyləri - Həsən bəy, İbrahim bəy, Mürsəl bəy, qəzanın Qusar nahiyəsindən Cağar kəndinin mülkədarı, 1000 nəfərlik dəstənin başçısı polkovnik Hatəm ağa Sərkarov, Kuzun kəndinin varlısı, alim və nüfuzlu din xadimi, 1000 nəfərlik dəstənin başçısı Möhübəli əfəndi Mahamadov, Urva kəndinin kəndxudası Mehdi Şeydabəy oğlu, Gədəzeyxur kəndinin kəndxudası Gülməmməd Nurəli oğlu martın ikinci yarısında Qubaya toplaşıb birgə iclas keçirdilər. Həmin iclasda Əlibəy Zizikski “Qırmızılar Qubanı görə bilməzlər!” - deyərək çıxış edir və tezliklə silahlı dəstələrin yaradılmasını məsləhət görür. (Bax: “Qızıl qvardiyaçı” qəzeti, №5, 7 noyabr 1935-ci il).
Beləliklə “cihad” elan edən bu qüvvələr aprelin əvvəllərində Qubanı bolşeviklərdən təmizləmək üçün qırmızı qvardiyaçılarla döyüşə girişdilər. Döyüşdə xüsusilə fərqlənən ləzgi silahlı dəstələri qəsəbəni bolşevik qüvvələrindən təmizlədikdən sonra Quba üzərinə hücüma keçir. Bu vaxt Həmdulla əfəndinin dəstəsi də Dəvəçidən Qubaya tərəf hərəkət edir. Bir neçə saat davam edən qanlı vuruşmada məğlub olan qırmızı qvardiyaçılar Xaçmaza tərəf geri çəkilir. Lakin ləzgilər onlаrı buradan da Dərbəndə tərəf sıxışdırır. Bu vaxt Cənubi Dağıstanın ləzgiləri də köməyə gəlir və birləşmiş qüvvələr Bakını sovetlərdən azad etməyi qərara alırlar. Xırdalan ətrafında ləzgilərin 1000 nəfərlik dəstəsi 5 minlik qırmızı qvardiya qoşunu ilə üzləşir. Aprelin 8-dən 10-dək davam edən qanlı döyüşlərdə hər iki tərəf ağır itkilər verir. Qırmızı qvardiyaçılara əlavə kömək gəldikdən sonra ləzgilər yeni qüvvə toplamaqdan ötrü geri çəkilməyi qərara alır.
Səhifəni hazırladı:
Müzəffər MƏLİKMƏMMƏDOV
Комментарии к статье
Оставить комментарий