Etnik düşmənçilik
Quba soyqırımı - 100 Тарихдин геле аваз  |  3(319) 2018      
     (Əvvəli qəzetin 2018-ci ilin 27 yanvar, 28 fevral tarixli saylarında)
     Məruzədə qəzanın azər­baycanlılara, ləzgilərə və tatlara məxsus bir sıra kəndlərinin adları səhv yazılıb. Adları səhv yazılmış yaşayış məntəqələri aşağıdakılardır: Dəvəçi rayonunun Aşağı Quşçu, Bilici, Əmirxanlı, Dayaz Dərə kəndləri. Xaç­maz rayonunun Qaraçı, Babalı, Günəşqışlaq, Dədəli, Kiçik Qurah, Qarabağlı, Dendelux, Səli və Ərəb Sofi kəndləri. Quba rayonunun Xucbala, Afurca, Üçkün, Söhüb, Zərqova, Aşağı Gədik, Zizik, Cimi, Nöydün, Qasımqışlaq kəndləri. Qusar rayonunun Languoba, Yargun (Həzrə), İmamqulukənd, Zuxul, Kuzun, Aşağı Ləgər, Əvəcuq, Çetkün, Əcəxür, Yuxarı Zeyxur kəndləri.
     Dağıdılmış 162 kəndin siyahısına hərəsi 20-30 evdən ibarət 12 kiçik yaşayış məntəqəsi də aiddir. Quldur daşnak dəstələri qəzanın 27 yaşayış məntəqəsini - Dəvəçi rayonunun Dəvəçi Bazar, Əlixanlı, Zağılca, Aşağı Quşçu, Bilici, Ağasıbəyli, Dayaz Dərə, Qulamlar, Boyad, Butbut, Xaçmaz rayonunun Andreyabad, Əliməmməd, Qiblə Qrız, Aşalı, Əzizlər, Nabur, Yusifqışlaq, Buduğlu, Mehrəli, Ərəb Sofı, Mürşüd, Səli, Quba rayonunun Aşağı Gədik, Yengi, Gülülü, Qusar rayonunun Languoba və İkinci Həzrə kəndlərini tamamilə yandırıb sıradan çıxarmış, minlərlə əhalini kütləvi surətdə qırmışlar. Quba qəzasında bir dəfə deyil, dörd dəfə olmuş erməni işğalçıları 16 min müsəlman əhalisini qətlə yetirmişlər. Müəyyən də­lillərə və şahid ifadələrinə əsaslanan həmin rəqəm əslində bundan xeyli çoxdur. Törətdikləri qır­ğınlаr zamanı işğalçıların 5 mindən çox əsgərini itirməsi isə yaxşı si­lah­lanmış yerli əhalinin nizami qoşun hissələrinə qarşı son dərəcə igidliklə döyüşdüyünü sübut edir. 
     Cəllad Amazaspın Qubada törətdiyi ən ağır cinayətlərdən biri çoxlarının hələ də bilmədiyi 200-dən çox qızın başına gətirilmiş müsibətdir. A.Novatskinin məruzəsində buna oxşar məsələyə ötəri toxunulub və göstərilib ki, “ermənilər valideynləri tərəfindən adları gizli saxlanan yüzədək müsəlman qadın və qızını zorlamışlar” (Bax: ARDA. F. 1061, siy. 1, iş 95, vər. 5-8).
     Amazasp və digər daşnak başçıları tərəfindən açıqlanmayan bu hadisə necə baş vermişdi? Məruzədə həmin məsələ niyə geniş əksini tapmayıb? Halbuki A.Novatski təkcə bu faktla əlaqədar Qubadan və kəndlərdən 100-ə yaxın insanı dindirmişdi. Lakin nədənsə, şəhərdən dindirilmiş Məşədi Hüseynbala Əliəşrəf oğlunun, Mirismayıl Mirhəsən oğlunun, Sona Məşədi Talıb qızının (onun bacısı Durnadan da izahat alınmışdı), Məşədi Zöhrə Yusif qızının, Digahdan dindirilmiş Qurbanov İbrahimxəlil Ağasi oğlunun, Əsgərov Əlimurad Əsəd oğlunun, 120 ilə yaxın ömür sürmüş Əbil Məlikməmmədovun, yaşı 125-i adlayandan sonra dünyasını dəyişmiş Feyzulla Ağasiyevin və başqalarının verdikləri izahatlar sənədlərə əlavə olunmayıb. O dövrdə təkcə Digah kəndindən 20-dən çox adamdan izahat alındığı halda, cəmi bir nəfərin - Ömər Şixkərim oğlunun adı çəkilib. Görünür, həmin ərəfədə bu işlə məşğul olmuş bəzi erməni əlaltıları daşnakların törətdikləri bir çox qatı cinayətləri ört-basdır etmək, dəhşətli qırğınların izini itirmək üçün belə etmişdilər. Odur ki, həmin məsələlər dərindən və geniş araşdırılmalıdır. Bu sahədə tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidinin 2010-cu ildə Ba­kıda rus dilində çap etdirdiyi “Quba. Aprel-may 1918-ci il. Müsəlman qət­liamları sənədlərdə” adlı kitabı kimi yeni-yeni kitabların çap olun­ması vacibdir.
     Quba soyqırımından söhbət açarkən bir məsələni də unutmaq olmaz. Ermənilər burada təkcə 1918-ci ilin yaz aylarında deyil, yayda da qırğınlar törətmişlər. 1918-ci ilin iyunun 6-da Xaçmaza Davidyansın komandanlığı altında 3 min nəfərlik qoşun gəldi. Ona Quba üzərinə hücuma keçmək üçün xüsusi tapşırıq verilmişdi. O vaxt Martıkyanın silahlı dəstələri və Popovun hərbi birləşməsindən sağ qalan əsgərlər də burada idi. Beləliklə, Xaçmazda 5 min nəfərdən çox daşnak-bolşevik hərbi qüvvəsi cəmləşmişdi. Davidyans müxtəlif bəhanələrlə Qubaya hücumu yubadırdı. O, yaxşı bilirdi ki, Hatəm ağa Cağarvinin, Möhübəli əfəndi Kuzunvinin və Əlibəy Zizikskinin silahlı dəstələri ilə döyüşmək üçün 5-6 min əsgər kifayət deyil. Odur ki, Bakıdan yeni qüvvələrin gəlməsini gözləməyə başladı.
     İyulun ilk günlərində Bakıdan Qu­ba qəzasına yeni bolşevik-daşnak qo­şunu gəldi. Bu qoşunu Stepan Şa­umyan göndərmişdi. O, bolşevik və daşnak komandirlərinə Qubanı ək­sinqilabçılardan təmizləmək və burada Sovet hakimiyyətini bərpa etmək tapşırığını vermişdi. İyulun 4-də 10 min nəfərlik bolşevik-daşnak qoşunu Quba üzərinə yeridi. Süvari dəstələrə, çoxlu topa və pulemyota malik qoşun güclü müqavimətə rast gəlmədən, kiçik döyüşlərlə şəhəri tutdu. Ermənilər yenə Qubada qətllərə və qarətlərə başladılar. Qırğınların və talanların ara vermədiyini görəndə “Qanlı dərə”də döyüşmüş dəs­tələr Hatəm ağanın tapşırığı ilə yenidən Digah kəndi ətrafında birləşdi və iyulun 6-da Qubanı mühasirəyə aldı. Qanlı döyüşlər başlandı. Yerli müqavimət dəstələri 8 saata qədər vuruşsalar da şə­hərə girə bilmədilər, çünki daşnaklar və bolşeviklər onlarca toplardan və pu­lemyotlardan istifadə edirdilər. Şəhəri mü­hasirəyə alıb düşmənlə döyüşən ləz­gilər idi. Çünki Əlibəy Zizikskinin, buduğlu Hacıbəyin, qonaqkəndli qaçaq Mayılın dəstələri köməyə gələ bilmədilər. Bolşevik-daşnak qoşunu onların yolunu kəsmişdi.
     Daşnaklar və bolşeviklər yəhudi qəsəbəsini ələ keçirmək üçün xeyli itki verməli oldular. Onlar döyüşə əlavə qoşun hissələrini cəlb etdilər. Ertəsi gün gecə həddən artıq itki verməmək üçün Hatəm ağa, Möhübəli əfəndi və Əbdürrəhim əfəndi silahlı dəstələrini şəhər ətrafındakı mövqelərdən geri çəkərək, Digah kəndi yaxınlığında “Dərin dərə” deyilən yerdə mövqe tutdular. Bunu bolşevik-daşnak qoşununun qələbəsi kimi qələmə verən Ste­pan Şaumyan 1918-ci ilin iyulun 9-da V.İ.Leninə aşağıdakı məzmunda teleqram göndərdi: “İyulun 6-da Ləzgilər Qubanı mühasirəyə aldılar. Vuruşma 8 saata qədər davam etdi, nəticədə düşmən geri oturduldu və qoşunlarımız Qubanın ətrafındakı mövqeləri tutdular”. (Bax: Из истории гражданской войны в СССР. I том. МГ, 1960).
     Əslində isə vəziyyət başqa cür idi. Bolşevik-daşnak hərbi birləşmələri “Də­rin dərə”də ləzgilərlə iki həftə dö­yüşmüş, lazımi mövqeləri tuta bil­məmişdi. Çoxlu itki verən bolşeviklər və daşnaklar özlərinin dedikləri kimi, nə “əksinqilabçıların öhdəsindən gəldilər, nə də Sovet hakimiyyətini bərpa edə bildilər”. Onların belə çıxılmaz vəziyyətə düşdüyü bir vaxtda Müşkür nahiyəsində Həsən bəyin, İbrahim bəyin, Mürsəl bəyin və Ləzgi Məhəmmədin silahlı dəstələri fəallaşdı və bir neçə dəfə Xaçmaza hücum edərək, işğalçıları böyük itkilərə məruz qoydu. Dəvəçi nahiyəsində də yerli əhalinin daşnaklara qarşı mübarizəsi gücləndi. Burada Həmdulla əfəndi öz dəstəsi ilə bolşevik eşelonlarına bir neçə dəfə zərbə endirdi. Qubada uğur qazana bilməyən, eyni zamanda Xaçmazda və Dəvəçidə vəziyyətin pisləşdiyini görən bolşevik və daşnak başçıları iyulun 25-dən sonra qoşunlarını geri çəkib, qəzadan getməyə məcbur oldular. Gö­rünür, onlar həm də bir ne­çə gündən sonra Bakı Xalq Komissarları Sovetinin istefa verəcəyindən xəbərdar idilər...
     1920-ci ilin aprelin 28-də Azərbaycanda Sovet ha­kimiyyəti qurulsa da, Quba qəzasının qəhrəman övladları bu hakimiyyətə qarşı igidliklə mübarizə apardı. Avqust ayın­da qəzada geniş vüsət alan antisovet hərəkatını 140- dan çox kəndin əhalisi tamamilə, qalan kəndlərin əhalisi isə qismən dəstəkləyirdi. Bundan qorxuya düşən bolşeviklər Qubada hərbi vəziyyət elan etdilər. Sentyabrın 9-da AK(b)P MK-nın plenumu Quba qəzasında antisovet hərəkatını ləğv etmək üçün qərar qəbul etdi. Bolşeviklər qəzanın müxtəlif nahiyələrində yerli müqavimət dəstələri ilə döyüşlərə 10 mindən çox əsgər səfərbər etdilər. Buna baxmayaraq, onlar yerli əhalinin Sovet hakimiyyətinə qarşı mübarizəsini qısa müddətdə yatıra bilmədilər. Bu mübarizə 8 il davam etdi və erməni daşnakları bolşevik adı ilə qəzada yenidən minlərlə müsəlmanı qət­lə yetirdilər. (Bax: Müzəffər Məlikməmmədov. Qanlı dərə. Bakı, 2009. səh 142-144).
     Bütün bunlar onu deməyə əsas verir ki, erməni daşnakları və bolşeviklər tə­rə­findən Quba soyqırımı bir neçə ay ərzində deyil, on il müddətində həyata keçirilib. Ona görə  də 1918-1928-ci illərin Quba hadisələrinin əbədiləşdirilməsi son də­rə­cə vacibdir. Bu sahədə Azərbaycan Res­publikasının Prezidenti İlham Əliyevin qayğısı və dəstəyi ilə bir sıra mühüm işlər görülmüşdür. Quba Soyqırımı Memorial Kompleksinin yaradılmasını, Qusar şə­­hərində “Qanlı dərə”də döyüşmüş qəh­­rəmanların şərəfinə abidənin ucal­dılmasını buna misal göstərmək olar. Bu­nunla yanaşı, erməni işğalçılarının dar­madağın edildiyi yerdə - “Qanlı dərə”də xatirə kompleksinin yaradılması zəruridir.    Ölkəmizin ərazi butövluyünu təmin etmək, ermənilər tərəfindən işgal olunmuş torpaqlarımızı geri qaytarmaq uğrunda mübarizə apardığımız indiki dövrdə bu məsələ xüsusi əhəmiyyət kəsb edir.
 
Müzəffər MƏLİKMƏMMƏDOV
 

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
КцIар райондин Яргун хуьр Лезги чIалан мярекат Вечер улыбок и цветов Гуьзел муаллим Яран сувар
Статьи из этой рубрики
Генералдикай гьикI наиб хьанай? Винел акъудзавачир делилар Къефле кукIварай Абдуллагь РикIелай ракъурдач Къени крар авур хан
ЦIИЙИ ТИЛИТ

РУБРИКИ

ПОЛЕЗНОЕ