Unudulmaz şair
Поэзия  |  3(319) 2018      
     Ağacavad Əbdülhəsən oğlu Əlizadə 1928-ci il martın 21-də Salyanda anadan olub. İlk təhsilini də elə orada alıb. Onun uşaqlıq və gənclik illəri ağır keçib. Ata-anasını vaxtsız itirib. Özündən 8 yaş böyük, şair, jurnalist qardaşı Tofiq Əliyev 25 yaşında alman faşistləri ilə müharibədə həlak olub.
     Ağacavad Əlizadə 13 yaşından işləməyə başlayıb, balaca bacı və qardaşlarını saxlayıb. 1950-ci ildə Bakıdaki 40 saylı fəhlə-gənclər məktəbində oxuyub. 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. Oranı bitirib “Bakı” qəzeti redaksiyasında məsul katib müavini və tərcüməçi kimi işə başlayıb. 1960-1987-ci illərdə “Azərbaycan” jurnalında məsul katib, “Ədəbiyyat və incəsənət” qəzetində məsul katib, “Yazıçı” nəşriyyatında böyük redaktor vəzifələrində çalışıb. O, ömrünün 50 ilindən çoxunu mədəniyyət, maarif, teatr, mətbuat, nəşriyyat sahələrinə həsr edib.
     1948-ci ildən başlayaraq şeirləri, hekayələri, oçerkləri, publisistik yazıları, tərcümələri respublika mətbuatında dərc edilib. O, “Çinarın söhbəti”, “Hələ söhbətim var”, “Sən yanımda olanda” və s. şeir kitablarının müəllifidir.  “Zəfəranlı sahil” poema və şeirlər kitabı Moskvada “Sovetskiy pisatel” nəşriyyatında çap olunub.
     Bir neçə sənədli povest və oçerkləri ayrıca kitab şəklində Azərbaycan və rus dillərində buraxılıb. O, bir sira televiziya filmlərinin ssenari müəllifi olub. Sözlərinə bəstələnmiş “Sən yanımda olanda”, “Badamı gözlərin”, “Sən ki, özün bilirsən”, “Vətən sevgisi”, “Bizim ellər”, “Bakı” kimi mahnılar radio və televiziyada, konsert salonlarında tez-tez səslənir.
     Klassik və müasir dünya, həm­çinin keçmiş SSRİ xalqları poeziyasından tərcümələri qəzet və jurnallarda, almanaxlarda dərc olu­nub. Onlardan bəziləri orta və ali məktəb dərsliklərinə salınıb. Onun şeirləri müxtəlif dillərə - rus, ukrayna, özbək, gürcü, taçik, litva, Dağıstan xalqlarının dillərinə, həmçinin xarici dillərə tərcümə olunub.
Ağacavad Əlizadə Salyandakı “Kürün töhfəsi” əbədi birliyinin təşkilatçısı olub. O, 1950-1987-ci illərdə Bakıdaki M.Ə.Sabir adına mərkəzi şəhər kitabxanasında və  Əhmədlidəki klub-kitabxanada fəaliyyət göstərən ədəbi birliklərə rəhbərlik edib.
     1950-1980-ci illərdə ədəbiyyata gəlmiş İsa İsmayılzadə, Ələkbər Salahzadə, Nüsrət Kəsəmənli, Sabir Rüstəmxanlı, Çingiz Əlioğlu, Novruz Süleymanlı, Mənzər Eynullayeva, Zəlimxan Yaqub, Dilsuz, Sədaqət Kərimova, Vaqif Bəhmənli, Əlisəmid Kür, Fərqanə Mehdiyeva, Musa Ələkbərli, Rüstəm Behrudi, Qasid Nağıoğlu və başqaları həmin ədəbi birliklərin yetirmələridir.
     Ağacavad Əlizadə möhkəm yaddaşa və gözəl şer oxumaq istedadına malik idi. O, universitetdə hər il keçirilən bədii qiraət müsabiqəsində 5 il dalbadal birinci mükafata layiq görülmüşdü. 
     Yaşına görə təqaüdə çıxsa da, Ağacavad Əlizadə ədəbi yaradıcılıq fəaliyyətini gənclik həvəsilə davam etdirirdi. Onun “Şəhidlərin biri mənəm”, “Qarabağın dərdləri”, “Könlümün qəm dəftəri” silsiləsindən şerləri, həmçinin 20 yanvar müsibətinə, Xocalı faciəsinə, Şuşa, Laçın həsrətinə, Kəlbəcər işğalına həsr olunmuş şeirləri, publisistik yazıları buna misaldır.
     O, tez-tez döyüş bölgələrində olurdu. Mərmi, güllə yağmuru altında Milli Ordumuzun əsgərləri ilə görüşür, onlara qələbəyə inam aşılayan şerlərini oxuyurdu.
Ağacavad Əlizadə 1995-ci il aprelin 25-də vəfat etmiş, Şüvəlanda dəfn edilmişdir. 
 
SAMUR
Ağacavad Əlİzadə 
 
BU DÜNYA
 
Elə ki, səsinə titrək qəm qonur,
Bürünür dumana, çənə bu dünya.
Elə ki, gözünə büllur nəm qonur,
Az qalır gözümdə sönə bu dünya.
 
Beləcə dayanma qarşımda mənim,
Qocalıq at çapar yaşımda mənim.
De, necə qıyırsan başımda mənim
Dəyirman daşına dönə bu dünya?!
 
Hayıfsan, bu qədər üzmə özünü,
Axtar, tap hardasa səbri, dözümü.
Gülüm, qənd-şəkərə bələ sözünü,
Geysin toy libası yenə bu dünya.
 
Neyniyim həkimi, dava-dərmanı,
Sənsən dərdlərimin təbib-loğmanı.
Güldürmə üstümə yadı, doğmanı,
Onda zindan olar sənə bu dünya.
 
Düşmənə göz dağı baharımız var,
Təmiz eşqimizdən nübarımız var –
Göyçək Mətinimiz, Vüqarımız var,
Onların diliylə dinə bu dünya.
 
Hədərə getməsin haqqı-sayımız,
Xəzana düşməsin güllü yayımız.
Babalıq, nənəlik olsun payımız,
Nəvə gülüşüylə bəzənə dünya.
 
Gül, gül, təbəssümün dönsün çırağa,
Güləndə dönürsən körpə üşağa.
Amandır, gözümdən getmə uzağa,
Sənsiz boş görünər mənə bu dünya!..
 
MƏNİMLƏ GEDƏR
 
Yox, daha sevmirəm, incimə, quzum.
Sevsəm – məhəbbətin mənimlə gedər.
Dünənki vüsalın, bugünkü arzun,
Sabahkı həsrətin mənimlə gedər.
 
Bir qəfil neştərlə olub bağrıqan
Yaralı bülbüldür ürək ağrıdan.
Bu könül küsdürən, ürək ağrıdan
Gileyin, töhmətin mənimlə gedər.
 
Unut dərdlərimi, bəlalarımı,
Əmanət qoyuram balalarımı.
Bir gün xəzan vursa gül baharımı
Gələn səadətin mənimlə gedər...
 

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
КцIар райондин Яргун хуьр Лезги чIалан мярекат Вечер улыбок и цветов Гуьзел муаллим Яран сувар
Статьи из этой рубрики
Hər dərdim bir misra, hər fikrim şeir Къелемдив женг чIугвазвай зари Заридиз талукьарнавай няни “Квахьай йикъарган” кIелайла... Вириниз сейли шаир
ЦIИЙИ ТИЛИТ

РУБРИКИ

ПОЛЕЗНОЕ