Aladaşda şənlik
"Самурдин мектеб"  |  8(313) 2017      
     Qusarlılar xalqın maariflənməsindən otrü var-yoxunu sərf etmiş, əvəz gözləmədən xeyirxahlıqlar göstərmiş həmyerlilərinin xatirəsini qəlblərində daim yaşadırlar. 
Belələrinə XIX əsrdə Həzrə kən­dində “Maarif” cəmiyyəti açmış, özünün ikimərtəbəli evinin bir neçə otağını bu cəmiyyətin və kənd məktəbinin ixtiyarına vermiş İshaq əfəndini, Kuzun kəndində şəxsi vəsaiti hesabına böyük məktəb binası tikdirmiş Möhübəli əfəndini, Xuluq kən­dində öz pulu ilə məktəb inşa  etdirmiş Hacı Cavadı və başqalarını misal göstərmək olar. Sevindirici haldır ki, onların maarif­çilik ənənələrini yaşadanlar rayonda bu 
gün də var.
    Bu ilin sentyabrın 10-da Qusar rayonundakı “Şahdağ” istirahət mərkəzinə gedən yolda, Zindanmuruq kəndinin Aladaş məhəlləsində tanınmış iş adamı Sabir Fərzəliyevin evindən ətrafa şux musiqi sədaları yayılırdı. Evin böyük həyətində qələbəlik idi. Bura gənclərlə dolu idi. Şənlik Zindanmuruq kənd orta məktəbinin müəllimləri və IX-XI sinif şagirdləri üçün təşkil olunmuşdu.
    Mətbəxdən bozbaş, dolma, plov qoxusu gəlir, sərin meh kabab ətrini yayırdı. İri samovarlardan elə hey çay süzülürdü. Gənclər onlar üçün açılmış süfrə arxasında oturub yemək yeyir, de­yib-gülürdülər. Məktəbin müəllim kollektivinə ən hörmətli qonaqlar kimi xidmət göstərilirdi. Hamının üzündən sevinc yağırdı. Səbəbi...
Bu il nəinki Qusar rayonunun, ümumiyyətlə respublikamızın ta­rixində ilk dəfə bir kənd məktəbinin iki şagirdi təhsildə qazandıqları nailiyyətlərə görə qızıl medala layiq görülüb. Bu sevinci insanlara iki zindanmuruqlu gənc - Mustafa Azadov və Salik Ağamuradov yaşadıb. Onların medala la­yiq ol­duqlarını sübut etmələri isə hamının ikiqat sevincinə səbəb olub.
     Mustafanın 657 ball toplayaraq BDU-nun fizika, Salikin isə 637 balla ATU-nun müalicə-profilaktika fakultəsinə daxil olması xəbərini hər kəs böyük ruh yüksəkliyi ilə qarşılayıb.
     Bu qələbəni təntənə ilə qeyd etmək fikri tanınmış xeyriyyəçi Sabir Fərzəliyevin ideyası oldu. Doğma Zindanmuruq kəndindəki qədim məscidin bərpası, kənd yollarının abadlaşdırılması və bir sira dıgər xeyirxah işlərin müəllifi kimi tanınan, öz elinə, yurduna bağlılığı ilə sorağı uzaqlara yayılan Sabirin həm də maarifçi olduğunu onu yaxın­dan tanıyanların çoxu yaxşı bilir. Onun uzun illərdən bəri doğma kəndindəki məktəbə himayədarlıq etməsinə, təhsildə fərqlənən yeniyetmələrə təqaüd verməsinə, ali məktəblərə daxil olan gənclərə maddi yardım göstərməsinə, o cümlədən, zindanmuruqlu gənclər üçün kənd məktəbində ali məktəblərə hazırlıq kurslarının açılmasının təşəbbüsçüsü və təşkilatçısı olmasına həmkəndliləri artıq öyrəşiblər. Əslində S.Fərzəliyev bunları “çox sağ ol” qazanmaq və ya məşhurlaşmaq üçün etmir. Xeyirxahlıq onun qəlbinin səsidir.
     Gənclər üçün Aladaşda şənlik keçirmək fikrinə düşəndə də fikrində xeyirxah niyyət olub: “Qoy digər gənclər üçün numunə olsun. Bilsinlər ki, təhsildə qazanılan hər uğur elin sevincidir”.
     Yemək mərasimindən sonra tədbirin təntənəli anları başlanır. Yuxarı siniflərin şagirdləri müəllimlərinin ətrafında dövrə vururlar. Məktəbin müəllimi, şair Ləzgi Bəhlul təxəllüsü ilə tanınan Pəhləvan İbrahimov bu günkü tədbirin əhəmiyyətindən danışır, onun təşkilatçılarına minnətdarlığını bildirir.
     Məktəbin direktoru Sudya Mançarov ali məktəblərə daxil olmuş məzunların adlarını fəxrlə çəkir. Onların arasında Azərbaycan Texniki Univesitetinin tələbəsi Abbas İslamov da var. Maraqlıdır ki, şagirdlərin təhsil uğurları bütün kəndin uğurlarına çevrilib. Bu ilin qızıl medalçısı Sulik IX-X siniflərdə oxuyarkən riyaziyyat üzrə respublika olimpiadasının qalibi olub. Riyaziyyatçı olmaq fikri ilə qəbul imtahanlarına hazırlaşan yeniyetmənin birdən-birə qrupunu dəyişməsi onun müəllimləri və doğmaları üçün gözlənilməz oldu. Lakin istedadlı gəncə 9 ay kifayət etdi ki, tibb universitetinə qəbul olsun.
     Digər qızıl medalçı Mustafa keçən il fizika üzrə respublika müsabiqəsinin qalibi olub. Bu, adi qələbə deyildi. Onu qazanmaq üçün gənc müsabiqə üzrə appelyasiya komissiyasına müraciət etmiş, haqlı olduğunu sübut etmişdi. Hər iki  məzun Respublika fənn olimpiadalarında 2 dəfə dalbadal respublika üçüncüsü olub.
     Gələn il məktəbi bitirəcək yeniyetmələr arasında indidən bilik yarışı gedir. Onlardan 4 nəfər daha ümidvericidir. IX siniflər arasında riyasiyyat üzrə rayon olimpiadasında 1-ci yeri tutmuş Urfan Pəhləvanov da belələrindəndir.
     Sevindirici haldır ki, yuxarı sinif şagirdləri arasında təhsildə seçilənlərin bir qismi qızlardır. Vəfa Kiçibəyovanın tələbə olması isə kənd qızlarını daha da ruhlandırıb.
Zindanmuruq kənd orta məktəbinin uğurları direktor Sudya Mançarovun adı ilə bağlıdır. Bu həyat eşqi, yaradıcılıq əzmi ilə işləyən gənc direktor kənd adamlarının təhsilə münasibətini kökündən dəyişdirə bilib. 2010-cu ildə 32 yaşında ikən məktəb direktoru təyin olunanda həmkarları arasında onun bu işin öhdəsindən gələcəyinə şübhə edənlər var idi. Lakin S.Mançarovun işə yanaşma üsulları və tələbkarlığı öz gözəl bəhrəsini verməyə başladı. Artıq bu məktəb ali təhsil ocaqlarına qəbul olunan gənclərin sayına görə nəinki rayonun, eyni zamanda respublikanın irəlidə gedən məktəblərindən birinə çevrilib.
     Şagirdlərin sevimlisi, onların qəlbində riyaziyyata böyük sevgi oyatmış gənc müəllim Tehran İsabalayev özünün və həmkarları Rövşən Azadovun, Fehmi Azayevin, Qabil Kələntərovun, Camaləddin Heydərovun və başqalarının təbriklərini tələbələrə çatdırır. 
     Sabir Fərzəliyev öz ənənəsinə sadiq qalaraq, tələbə adını qazanmış 7 gəncə, o cümlədən Azərbaycan Mühəndislər Universitetinin tələbəsi Hacıbala Xasiyevə pul mükafatları təqdim edir.
     Tədbirə dəvət olunan “Samur” qəzetinin redaktoru S.Kərimovaya da söz verilir. O, uğur qazanmış gənclərin hər birinə öz kitablarını bağışlayır.
     Sonra ləzgilərin ənənəvi rəqs mərasimi olan dem başlanır. Şagirdlərlə müəllimlərin rəqs yarışını seyr etmək olduqca maraqlı idi. Öz nəvələri ilə bərabər onlara tamaşa edən S.Fərzəliyev sevin­cini gizlədə bilmir: “Arzu edirəm ki, bütün kəndlərimizdə gənclər bilik, savad qazanmaq uğrunda yarışsınlar”, - deyir.
     Aladaşda şənlik axşama kimi davam edir. Dəstə-dəstə evlərinə qayıdan gənclərin üzündən bəxtiyarlıq və sabaha inam yağırdı. Bu inamı onlarda Sudya Mançarov başda olmaqla müəllim kollektivi və maarifçi mesenat Sabir Fərzəliyev yaratmışdı.
 
Sədaqət KƏRİMOVA
 

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
И чил хайи диге я Əks nümunə Демер жеда Дагестан распахнул объятия Чахъ гьихьтин тIварар авай?
Статьи из этой рубрики
"Самур" газетдин дустар Узнифатан баядар Алакьунар авай аялар Уфтан хьана Хайи чIалаз икрамзава
ЦIИЙИ ТИЛИТ
№: 8(313)
сентябрь, 2017

Скачать PDF

РУБРИКИ

ПОЛЕЗНОЕ