Tabasaranlar
Dağıstan xalqları  |  7(312) 2017      
     Müxtəlif yazılı məxəzlərdə tabasaranların yaşadıqları ərazinin adı  müxtəlif cür göstərilir: “Tabaristan”, “Tabarsaran”, “Tabasparan”, “Tavaspor”, “Tabasaranşah”. Favstos Buzandın “Ermənistan tarixi” kitabında tabasaranlıların adı “tabaspor” kimi qeyd olunub. M.Kaqankatvatsinin, Yeqişenin və digər qədim tarixçilərin kitablarında “Tabaspor” vilayət adı kimi göstərilib. XII əsr müəllifi Yaqut əl-Həməvi X əsrə aid məlumatlara əsaslanaraq Lezganla Dərbənd arasında Tabasaranşah adlı ölkənin mövcudluğu barədə məlumat vermişdir. Tabasaranlar haqqında görkəmli Dağıstan tarixçisi H.Alqadarinin “Asari Dağıstan”, tanınmış Azərbaycan alimi A.A.Bakıxanovun “Gülüstani İrəm”, məşhur rus etnoqrafı L.İ.Lavrovun “Qafqazın etnoqrafiyası” kitablarında qiymətli məlumatlar verilib.
     Qafqazın qədim xalqlarından sayilan tabasaranlar əsasən Dağıstanın Tabasaran, Xiv və Dərbənd rayonlarında yaşayırlar. Şəhər əhalisi ən çox Dərbənd, Oqni, Kaspiysk və Mahaçqala şəhərlərində cəmləşmişdir. Onlar  əsrlər boyu Dağıstanın Rubas çayı vadisində yaşayırlar.
     “Tabasaran” sözünün mənası haqqında təəssüf ki, əlimizdə heç bir məlumat yoxdur. Tabasaranlar şimalda yaşayan həmvətənlərini гъумцIулар, cənubdakıları isə гъумгъумар adlandırırlar. Ləzgilər tabasaranları къабгъанар adlandırırlar. Bu barədə rus etnoqrafı A.N.Qenko yazır: ”Nadir hallarda tabasaran dilini ləzgilərlə əlaqədar къабгъан (гъамгъам) чIал, daha doğrusu kabqan dili adlandırırlar (“къабгъан” – mənşəyinə görə çox çətin termin olub, hazırda ləzgilər arasında tabasaranlara verilən ad kimi məşhurdur)”.
     Bir sıra orta əsr müəlliflərinin əsərlə­rində bu xalqın xəzərlərə, ərəblərə, səlcuqlara, monqol-tatarlara, sasanilərə qarşı döyüşləri haqqında maraqlı məlumatlar verilib.
Dağıstan ərəblər tərəfindən istila edildikdən sonra Tabasaran əraziləri Ərəb Xilafətinin tərkibinə qatıldı. Xilafətin süqutundan sonra bu vilayət Şirvanın bir hissəsinə çevrildi.
917-ci ildə Tabasaran ərəblərin Məzyədidlər sülaləsindən olan Muhammad Maysumun ixtiyarına keçəndən sonra buranın hakimləri “maysum”, həmin torpaqlar isə “maysumluq” adlandırılmağa başlanmışdır.
     Maysumluğun əsas düşməni Dərbənd əmirliyi idi. 944-cü ildən əmirliyi Muhammadın qardaşı Əhməd idarə etməyə başlayır. 948-ci ildə o, Şirvanşah tituluna yiyələnir və Tabasaranı idarə etməyi oğlu Haysama həvalə edir. Bundan sonra Haysamın qardaşı Əhməd hakimiyyətə gəlir. Əhmədi oğlu II Haysam (981-1025) əvəz edir.  XII əsrin əvvəllərində Tabasaran may­­sum­luğu 24 mülkə bölünür. Mülklər sərhənglər (hərbi rəislər) tərəfindən idarə olunur.
     1570-ci ildə maysumluğun sülalələri arasında nifaq və qarışıqlıq baş qaldırır. Nəticədə əhalinin xeyli hissəsi həlak olur. Sağ qalanlar iqamətgahı Xuçnidən Çarağa köçürürlər. Burada onlar düzənlik tərəfdən və Dərbənddən daha çox basqınlara məruz qalırlar. Çox keçmir ki, Xuçnidə Tabasaran qazısı  hakimiyyətə gəlir.
XV əsrdə Tabasaran torpaqları vahid knyazlıq kimi birləşir. Həmin knyazlıq düşmənlərə qarşı döyüşə 60 minlik qoşun çıxara bilirdi. 
     XVI əsrin sonlarında Türkiyə və İran arasında baş verən hərbi əməliyyatlar Tabasarana da təsirsiz ötüşmür. XVII əsrin əvvəllərində icma ittifaqları Tabasaranda qazı hakimiyyətindən imtina edir.
     1860-cı ildə əvvəlki mülklərin ərazi­sində dairələr təşkil olunur. Qaytağ usmiliyi və Tabasaran əraziləri Qaytağ-Tabasaran dairəsində birləşdirilir.
     XVIII əsrin sonu və XIX əsrin əvvəllərindən etibarən Tabasaran maysumluq, qazılıq və bir sıra kənd icmaları tərəfindən idarə olunmağa başlanır.
     1806-ci ildə Tabasaran Rusiyaya birləşdirilir. Bundan sonra xalqın vəziyyəti daha da ağırlaşır, buranı rus çarı və yerli hakimlər əleyhinə mübarizə dalğası bürüyür.     Bunun nəticəsi olaraq 1860-cı ildə əvvəlki mülklərin ərazisində dairələr yaradılır. Qaytaq usmiliyi və Tabasaran əraziləri  Qaytağ-Tabasaran dairəsində birləşdirilir. Dairə əvvəlcə naibliklərə bölünür, 1899-cu ildən onlar nahiyələrlə əvəz olunur. Nahiyələr icmaları əhatə edir.
     1895-ci ildə dairədə 4 naiblik: Qaraqay­tağ (mərkəzi Cibaxni kəndi), Aşağı Qayt­ağ (mərkəzi Qayakənd kəndi), Şimali Tabasaran (mərkəzi Yersi kəndi), Urkarah((mərkəzi Urkarah kəndi) naiblikləri var idi.
     1926-cı ildə dairə 3 nahiyəyə - Yuxarı Tabasaran (Mərkəzi Xuçni kəndi), Daxadayev (mərkəzi Məcalis), Səfərov (mərkəzi Cəlalkənd) nahiyələrinə bölünür.
     1929-cu ildə Tabasaran rayonu yaradılır, onun mərkəzi Burqankənd, 1934-cü ildən isə Xuçni olur.
     Tabasaran dili Dağıstanın 14 dövlət dilindən biridir. Nax-Dağıstan dilləri ailəsinin ləzgi dil qrupuna daxil olan bu dil ən çox ləzgi və ağul dillərinə yaxındır. Semyon     Bronevskinin “Qafqazlılar.1750-1820” adlı kitabında qeyd edildiyi kimi, XVIII əsrdə Tabasaran əhalisi başdan-başa ləzgi dilində danışırdı. Brokqauzun və Efronun 1890-     1907-ci illərdə nəşr olunmuş “Ensiklopedik lüğət”ində qeyd olunub: “Şərqi Qafqaz-dağ qrupuna aid olan, Cənubi Dağıstanda, Rubas çayı vadisində yayılmış tabasaran dili az tədqiq olunmuş dillərdəndir. Şimalda bu dil qaytaq ləhçələri, cənubda küre dili, qərbdə ağul dili (bəziləri tərəfindən tabasaran dilinə, digərləri tərəfindən isə küre dilinə yaxın olduğu göstərilən) ilə təmasdadır. Şərqdə Tabasaran vilayəti Xəzər dənizi sahili boyundakı türk tayfaları ilə həmsərhəddir. Sonuncularla yaxın qonşuluqda və ünsiyyətdə olduqlarına görə tabasaranlar onların azərbaycan ləhcəsini mənimsəmiş və öz doğma dillərini bir qədər unutmuşlar”.
     Tabasaran dilinin məşhur tədqiqatçıları arasında Adolf Dirr, Petr Uslar, Aleksandr Qenko, Beydullah Xanməhəmmədov, Aleksandr Maqometov, Temirxan Şalbuzov, Vəlibəy Zahirov, Qazı Qurbanov və başqaları vardır. Bu dilin elmi cəhətdən tədqiq olunmasında rus alimi P.K.Usların müstəsna xidmətləri olub. 1870-ci ildə bu işə başlayan alim bir sıra çətinliklərlə üzləşmişdir. Bu barədə o, məşhur şərqşünas alim, akademik A.A.Şifnerə yazdığı məktubunda qeyd edir: “Artıq bir ildir ki, tabasaran dilinin tədqiqinə başlamışam, la­kin daim informant dəyişmək məcburiyyətindəyəm... onlar­da hər hansı qrammatik anlayışı inkişaf etdirməyə nail ola bilmirəm”. Göstərdiyi səylərə baxmayaraq, onun tabasaran dili haqqında monoqrafiyası tamamlanmamış qalır. Alimin ölümündən sonra bu işlə L.P.Zaqurski məşğul olur, lakin o da monoqrafiyanı sona çatdıra bilmir. Belə olduqda P.K.Usların qızı atasının əlyazmalarını akademik A.A.Şifnerə göndərir. 1979-cu ildə Şifner vəfat edir və həmin əlyazmanın taleyi qeyri-müəyyən qalır. Əlyazma 100 il çap olunmamış qalır. Nəhayət, 1979-cu ildə dağıstanlı alim A.A.Məhəmmədovun şərhləri və əlavələri ilə birlikdə Tblısidə nəşr olunur.
     Tabasaran dili haqqında qiymətli tədqiqatlar aparmış A.Dirr “Tabasaran dili haqqında qrammatik oçerk”, A.N.Qenko “Tabasaran dilinə aid dialektologiya oçerki” və “Tabasaran dilinin lüğəti”, L.İ.Jir­kov “Tabasaran dili” kitablarında olduqca maraqlı məlumatlar vermişlər.
     Tabasaran dili ilə bağlı ən qiymətli məlumatlar filologiya elmləri doktoru Beydullah Xanməhəmmədova məxsusdur. O, bu dilə aid 4 monoqraqfiyanın, onlarca dərsliyin, tabasaranca-rusca, rusca-tabasaranca lüğətlərin, orfoqrafiya və terminlər lüğətlərinin müəllifidir. Alimin son illər üzərində çalışdığı “Tabasaranca-ləzgicə-rusca” lüğət isə 1979-cu ildə onun ölümündən sonra yarımçıq qalmışdır.
     Qrammatikasının mürəkkəbliyinə görə tabasaran dili dünyanın çipnev, xayda, eskimos və çin dilləri ilə yanaşı Qinnesin rekordlar kitabına düşmüşdür. Bu dil ismin 48 halının olması ilə diqqət çəkir. Müasir tabasaran dilində üç dialekt müvcuddur: nit­rix, suvak və qalin.
     Tarixən əkinçi olan tabasaranlar həm də gözəl sənətkarlar kimi tanınırlar. Tabasaran xalçaları qədim zamanlardan məşhurdur. Bu xalq həmçinin ağac və daş üzərində oyma, dulusçuluq, dəmirçilik, dəri aşınması, yun əyiriciliyi, naxışlı geyim əşyaları toxuculuğu, ağacdan məişət əşyaları hazırlanması ilə də tanınır. 
     Tabasaranlar öz alimləri ilə fəxr edirlər. Bu torpaq onlarca elmlər doktoru, çoxlu elmlər namizədi yetirib. Bu da təsadüfi deyil. Hələ XII əsrin əvvəllərində Tabasaranda ərəb dilinin tədrisi, islam mədəniyyətinin təbliği sahəsində geniş işlər görülmüşdür. Burada bir sıra məktəblər açılmış, ərəb dili və islam dini ilə yanaşı, dünyəvi elmlərdən tarix, hüquq, həndəsə, coğrafiya da tədris olunmuşdur. Vilayətin Məhəmməd əl-Karahi, Ruqudjalı Rəcəb, Kuryalı Şaban, Kulikli Ramazan kimi alimlərinin adları tarixə düşmüşdür.
     XVI əsrin II yarısında Küryaq kən­dində məşhur ərəbşünas alimlər Şaban və Mühammad ömür sürmüşlər. Zirdaq kəndindən isə 1023-cü ildə ərəb əlifbası ilə tabasaran dilində yazılmış “Dinin əsas şərtləri - iman, islam, sünnə” (“Диндин асулар шубуб - иман, ислам, суьнне») kitabı tapılmışdır. Onun müəllifi Həsən ibn Ramazan az-     Zirdaqi sonralar Sədinin “Gülüstan” əsərini türk dilinə tərcümə etmişdir ki, bu da onun hərtərəfli biliklərə malik olduğunu sübut edir. Onun oğlu Hacı Məhəmməd atasının yolunu davam etdirmiş, öz əsərlərini yaratmışlar.
    Tabasaranlar həmçinin öz qəhrəmanlıq tarixi ilə də fəxr edirlər. Nadir şahın qoşununa qarşı döyüşmüş, 27 yaşında qəhrəmancasına həlak olmuş Mirzə Kalukski silahı ilə qələmini eyni ustalıqla işlətmiş cəngavər idi. Onun şeirləri indiyə kimi xalqın yaddaşında yaşayır.
     1929-cu ildə Dağıstanda Tabasaran ra­yonunun yaradılması ilə əlaqədar bu xalqın mənəvi həyatında böyük dəyişikliklər baş verir. 1932-ci ildə Tabasaran dilində yazı yaranır və həmin vaxtdan məktəblərdə ana dilinin tədrisi  başlanır. Rayon mərkəzi olan Burqankənddə (1934-cü ildən ra­yon mərkəzi Xuçnidir) “Уру Табасаран” (“Qırmızı Tabasaran”) qəzeti nəşr olunmağa başlayır. 
     1938-ci ilə kimi latın qrafikasından istifadə edən tabasaranlar 1938-ci ildən etibarən kiril qrafikasından bəhrələnirlər. Hazırda Dağıstanda tabasaran dilində 
respublika və rayon radio verilişləri yayımlanır, dərsliklər nəşr olunur. Burada tabasaran dilində «Литературайрин Табасаран» (“Ədəbi  Tabasaran”), “Дагъустан ди­шaгь­ли» (“Tabasaran qadını”), “Tabasarandin nurar” (“Tabasaran şəfəqləri”), “Aku xyad”, “As-salam”, “Tabasarandin ses” qəzetləri nəşr olunur. 1960-сı ildən Xivdə tabasaran teatrı fəaliyyət göstərir. Tabasaranın məşhur yazarı, Dağıstanin xalq şairi Mitalib Mitarovun əsərləri dünyanın bir neçə dilinə tərcümə olunub. 
     2010-cu ildə aparılan siyahıyaalmanın nəticələrinə görə tabasaranların sayı 130 min nəfərdən çoxdur. Onlar əsasən Tabasaran, Xiv və Dərbənd rayonlarında məskunlaşmışlar. Tabasaranlar bir qayda olaraq doğma dilləri ilə yanaşı, ləzgi və rus dillərində də danışırlar.
 
Sədaqət KƏRİMOVA

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
И чил хайи диге я ЧIал гъиляй физва Къелемдив женг чIугвазвай зари Винел акъудзавачир делилар Жуванбурун къайгъуда
Статьи из этой рубрики
ЦIИЙИ ТИЛИТ
№: 7(312)
август, 2017

Скачать PDF

РУБРИКИ

ПОЛЕЗНОЕ