Rutullar
Народы мира  |  6(311) 2017      
     Dağıstan qədim dövrlərdən sə­ya­hətçilər, tarixçilər, alimlər üçün Rutul maraqlı tədqiqatlar məkanı olmuş və olmaqda davam edir. Bir qayda olaraq, maraqların mərkəzində ayrı-ayrı xalqlar və onların dilləri durur. Belə xalqlardan biri rutullardır.
     Rutulların tarixi Qafqaz Albaniyası ilə bağlıdır. VI-VII əsrlərdə onlar Lezganın tərkibi­nə daxil olmuşlar. XIII-XV əsrlərdə Cənubi Dağıstan ərazisində mövcud olmuş iri siyasi birliklərdən biri də Rutul idi. XV-XVI əsrlərdə Rutulun Xnov kəndi güclənərək özünün xüsusi süvari dəstəsini yaradır. Bu barədə Qazıqumux şamxalı rus çarına məlumat vermişdi. Xnovdan tapılmış  həmin dövrlərə aid kitabələr də bu faktı təsdiq edir. Görkəmli qafqazşünas alim L.İ.Lavrovun 1962-ci ildə çap olunmuş “Rutullar keçmişdə və indi” kitabında göstərildiyi kimi, XV əsrdə Rutul iri feodal qurumu idi və Dağıstanın siyasi həyatında əhəmiyyətli rol oynayırdı. 
     Əsrlər boyu Rutula xəzərlər, monqollar, türklər, farslar hücum etmiş, lakin bu igid xalq onlara qəhrəmancasına müqavimət göstərmişdir. 1741-ci ildə Nadir şahın qoşununun Rutulu mühasirəyə alması, lakin oranı ala bilməməsi rutulların necə döyüşkən xalq olduğu haqqında aydın təsəvvür yaradır.
     “Rutul” adına “Abu Müslümün tarixi”ndə təsadüf olunur. Orada deyildiyinə görə, Rutulda, Xnovda və Şinazda Abu Müslümün bəzi nəvələri məskən salırlar. Həmin mənbədən oxuyuruq ki, xəzərlərlə müharibə zamanı Axtı hökmdarı Dervişal “Rutulun, Cenikin və Rufukun igid döyüşçülərini köməyə çağırır”.
L.İ.Lavrovun qənaətinə görə XII əsrdə Rutulda sufi məbədi mövcud idi. Ərəb yazıları olan kitabələr, alimin fikrinə görə həmin dövrdə islamın rutullar arasında möhkəmləndiyinə dəlalət edir. O, Samurun yuxarı sahilini “Qaf­qazda kufi yazılarının geniş yayıldığı ən zəngin ərazi” adlandırır.
     Rutulların məskunlaşdıqları yerlər haqqında ilk yazılı məlumatlara orta əsr müəlliflərinin əsərlərində təsadüf olunur. XIII əsr ərəb kosmoqrafı Zəkəriyyə əl-Qəzvini rutul kəndi olan Şinaz haqqında belə yazır: “Şinas - ləzgilərin öıkəsində kiçik şəhərdir, o, böyük dağın döşündə yerləşir. Oraya gedən yol zirvədən keçir. Onlar сил adlı taxıl sortu və dag almaları  yetişdirirlər. Sakinləri xeyirxah, saf niyyətli, qonaqpərvər, kasıblara və qo­naqlara qarşı diqqətçildir. Onlar  silah ləvazimatı və zirehli geyim istehsalı ilə məşğuldurlar”.
     Rutullar islam dininin süni təriqətinin şafii məzhəbinə etiqad edirlər. Mənbələrdə göstərildiyi kimi, Dağıstanda islam dinini ən tez qəbul edənlər rutullar olmuşlar. Qafqazın  erkən islam mədəniyyəti abidəsi sayılan, 675-ci ildə  Xnovda dəfn olunmuş Şeyx Məhəmməd ibn Əsəd ibn Muqala məxsus qəbirüstü yazı, həmçinin Dağıstanda aşkar olunmuş XI-XIII əsrlərə aid digər epiqrafik yazılar da həmin fikri təsdiq edir. 
     XIII əsrdən başlayaraq rutullar öz alimləri ilə bütün  Yaxın Şərqdə tanınırlar. Şinazın Saidar nəsli alimlər sülaləsi kimi məşhurlaşır. Tanınmış Dağıstan alimi Əli Kayayevin yazdığına görə, həmin nəslin ən görkəmli nümayəndəsi XVII-XVIII əsrlərdə Dağıstanın tarixində ilk universitet yaratmış İsmayıl əfəndi olmuşdur. Astronom, filosof, ritorik, fizik və şair olan İsmayıl əfəndinin rəhbərliyi altında burada fəlsəfə, məntiq, riyaziyyat, astronomiya və tibb elmləri tədris olunurdu. Böyük alimin yaratdığı observatoriyanın qalıqları Şinazda bu gün də qalmaqdadır. Göy cisimlərini müşahidə etmək üçün teleskop və digər cihazlar ixtira edən alim onların köməyi ilə ulduzların hərəkətini öyrənmişdir. Dağıstanda ilk elmi kitabxananın da yaradıcısı olan bu alim astronomiyaya və teologiyaya dair bir sıra kitabların müəllifi idi. O, astronomiya elmini tələbələrinə özünün yazdığı “Xülasat əl-Hisab” kitabından tədris edirdi. İsmayıl əfəndinin yetirmələri arasında Zeyd İslam Küreli, Məhərrəm əfəndi Axtılı kimi alimlər var idi. 
Görkəmli ləzgi alimi Həsən Alqadarinin “Asari Dağıstan” kitabında yazıldığı kimi, İsmayıl əfəndinin oğlu Səid əfəndi də atasının yolu­nu davam etdirirdi. Şair, filosof və riyaziy­yatçı olan Səid Əfəndinin yanına Yaxın Şərqin müxtəlif ölkələrindən elm dalınca insanlar gəlirdilər. 
     XIX əsrin əvvəllərində Rusiya imperiyasının Qafqaza hərbi müdaxiləsi başlanır. 1812-ci ildə Rutul Rusiyaya birləşdirilir. 1838-ci ildə Ağa bəy əl Rutulinin rəhbərliyi altında ruslar əleyhinə üsyan qalxır. 1839-cu ildə Rutul mahalı İlisu sultanlığına birləşdirilir. 1844-cü ildə Daniyal bəy Şeyx Şamilin tərəfinə keçəndə sultanlıq ləğv edilir. Üsyan yatırılanda Rutul azad cəmiyyəti ilə İlisu sultanlığı rus imperiyasının yaratdığı Car-Balakən hərbi dairəsinin tabeliyinə keçir. Dairə üç mahala bölünür: Rutul, İlisu və İngiloy. Onların hər birinə dairə rəisi tərəfindən naib təyin olunur.
     Şeyx Şamilin rəhbərliyi altında Qafqaz müharibəsində fəal iştirak edən dağıstanlıların, o cümlədən rutulların ailələri hərəkatın süqutundan sonra Dağıstandan sürgün edilir. Onlar bir sıra Şərq ölkələrinə mühacirət edir, ən çox Suriyaya və Türkiyəyə pənah aparırlar.
     1917-cı ildə yaradılmış Dağlı Respublikasında ərəb dili dövlət dili statusu qazanır, məktəblərdə bu dildə dərslər keçilir. 1921-ci ildə Dağıstan MSSR yaradılanda bir sıra xalqlar kimi rutullar da Sovet höküməti əleyhinə çıxır­lar. 1930-cu ilin mayında Xnovda antisovet üsyanı qalxır və o, ətraf kəndləri də əhatə edir. Lakin üsyan amansızlıqla yatırılır.
     1925-ci ildə Dağıstanda islam əleyhinə kampaniya başlananda bu, məktəblərin bağlanması, ərəb dilinin qadağan olunması, yerli imamların məhv edilməsi ilə müşayiət olunur. Həmin siyasət 30-cu illərdə repressiyalar formasında davam edir. Rutul ziyalıları onun acı nəticələrini indiyə kimi öz talelərində hiss edirlər.
     “Rutul” etnonimi Dağıstanın eyniadlı ra­yonunun (1929-cu ildə yaradılmış həmin ra­yonda hazırda 20 min nəfər əhali yaşayır) adı ilə əlaqədardır. Onun mənşəyi məlum deyildir. Bu söz ümumiyyətlə gec yaranıb, ona kimi rutullar özlərinə muxadlar, şinazlar, müxreklər, ixreklər, borçlar, xnovlar kimi adlar vermişlər. Yaxın qonşuları onlara “aгьахъар” deyir. Maraqlıdır ki, rutullar öz kəndlərini  МыхІаІд, özlərini мыхIабыр və ya мыхIад adlandırırlar. Yer adı kimi MıxIaId hələ XV əsr­dən məlumdur. Bu ada 1432-ci ildə türklərin və rutullarin Saxura hucumu ilə bağlı edilmiş saxur yazısında, 1598-ci ildə tərtib edilmiş rutul bəylərinin nəsil şəcərəsində, rutul bəylərinə farslar və türklər tərəfindən verilmiş fərmanlarda və digər rəsmi sənədlərdə təsadüf olunur (1588-ci ildə türk sultanı III Murad rutul hakimi Qazı bəyə xan titulu verilməsini təsdiq edən sənəd imzalamışdı.).
     1989-cü ilin siyahıyaalınmasına əsasən SSRİ-də 20.388 nəfər etnik rutul yaşayırdı ki, onlardan 14.955 nəfəri Dağıstanda, qalanı Azərbaycanda məs­kunlaşmışdı. Bu xalqın nümayəndələri  Rutul rayonunda, Samur çayının sahilində yerləşən Luçek, Şinaz, İxrek, Müxrek, Amsar, Kina, Vruş, Cilixür, Qala, Pilek, Xnüx, Natsma, Fartma, Kufa, Fuçax, Kiçe, Una, Teydik, Aran, Roso, Rutul kəndlərində, Axtıçay sahilindəki Rutul rayonunun Borç, Axtı rayonunun Xnov kəndlərində yaşayırlar. Onlar həmçinin Şimali Dağıstanda Kizlyar rayonunun Rıbalko, Babayurd rayonunun Novıy Borç kəndlərində məskunlaşıblar. Azərbaycanda rutullar əsasən Şəki rayonunun Kiş, Şin, Qaynar, Xırsa, Şorsu, Daşüz, Küdürlü, Göybulaq, Aydınbulaq, İncə kəndlərində yaşayırlar. Rutulların Şəkıdə XVII əsrdən məskunlaşdıqları məlumdur. 
     Rutul dili nax-dağıstan dillərinin ləzgi dil qrupuna aiddir. M.M.İxilov özünün 1962-ci ildə Moskvada çap olunmuş “Rutulların və saxurların etnoqrafiyasına aid materiallar» kitabında yazır: “XV əsrə kimi saxurlar və rutullar hələ ləzgi etnik tərkibindən seçilmirdilər və eyni xalq hesab olunmaqda davam edirdilər. lakin buna baxmayaraq onları öz dilləri, fərqli məişət və mədəniyyət formalaşdırırdı”. 
     Ləzgi, tabasaran, ağul, rutul, saxur, qırız, buduğ, arçi, udin və xınalıq dillərindən ibarət olan ləzgi dil qrupunu birləşdirən yalnız dil yaxınlığı deyil, eyni zamanda bir kökdən qaynaqlanan maddi və mənəvi mədəniyyətlərdir. 26 tayfanı birləşdirən Qafqaz Albaniyasının əcdadları sayılan həmin xalqların həyat tərzi, inan­cları, adət-ənənələri demək olar ki, eyniyyət təşkil etsə də, dillərində müəyyən fərqlər vardır. Rutul dilinə ən yaxın dillər saxur, qrız və buduğ dilləridir. Rutul dilinin muxad, şinaz, müxrek, ixrek və borç- xnov dialektləri mövcuddur. 
     Oktyabr inqilabına qədər rutullar ərəb əlifbasından bəhrələniblər. Müasir rutullar doğma dilləri ilə yanaşı ləzgi, rus və Azərbaycan dillərində də danışırlar. 1932-ci ildə Rutulda Azərbaycan dilində “Qızıl çoban” qəzeti nəşr olunub. Rutul şairləri Həzərçi Hacıyev və Cami­sab Salarov eyni zamanda Azərbaycan dilində də şeirlər yazıb.
     1991-ci ilə kimi rutul dili yazısız dillərdən sayılırdı. Həmin ilin avqustun 10-da Dağıstan MSSR Nazirlər Soveti tərəfindən ağul, saxur və rutul dillərinə yazılı dillər statusu verilməsi, kiril qrafikasında həmin dillərin əlifbalarının hazırlanması haqqında qərar qəbul edildi. 1992-1993-cü tədris ilindən etibarən rutulların yığcam yaşadıqları yerlərdə məktəblərdə rutul dili tədris olunmağa başladı. Professor K.Kamalov tərəfindən kiril qrafikası əsasında rutul əlifbası tərtib edildi.  S.Səmədov və K.Camalov tərəfindən “Rutulca-rusca lüğət” kitabı  hazırlanıb nəşr olundu. Dərbənd pedaqoji məktəbində və Dağıstan Dövlət Pedaqoji İnstitutunda rutul dili müəllimləri hazırlanır. 
     Rutullar Zeynəb Xinevi (XI əsr), Kor Rəcəb (XVIII əsr), Molla Turab, İxrek Qurban, Cameseb, Şinaz Həzərçi kimi şair və yazıçıları ilə tanınırlar. Dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərindən söz düşəndə onlar məşhur türk şairi, yazıçısı, publisisti, ictimai və siyasi xadimi İbrahim Şinasi əfəndini yada salırlar. O, Fransanın Sorbonn Universitetində təhsil almiş, 1848-ci il Fransa inqilabının iştirakçısı olmuş, Türkiyədə həmin dövrün mötəbər qəzeti olan “Təsviri əfkar”ı nəşr etdirmiş, türk dilinin təkmilləşdirilməsi,  kitabların yalnız yuxarı təbəqə üçün yox, bütün xalq üçün yazılmasını təbliğ etmiş, Namiq Kamalla bərabər Osmanlı imperiyasının dövlət quruluşunun islahatları ilə məşğul olmuşdur. “Millətim - bəşəriyyət, vətənim - yer kürəsidir” şüarı ilə yaşayan İbrahim Şinasi əfəndi 1865-ci ildə Parisə mühacirət etmiş, ölümündən bir qədər əvvəl Konstantinopola qayıtmışdır. Ölümündən sonra onun ideyaları unudulmuş, sonralar Mustafa Kamal Atatürk onları yada salmış və bəhrələnmişdir. 1918-1919-cu illərdə tənzimat hazırlananda Şinasinin islahatlar sistemi əsas olaraq götürülmüşdür. 
     Suriyanın görkəmli filosofu, sosioloqu, ədəbiyyatşünası, ədəbi tənqidçisi Kazım Dağıstani (1900-1985) bu elmlərə aid fundamental əsərlərin müəllifidir. Dəməşq Universiteti hüquq fakültəsinin, Sorbonn Universiteti aspiranturasının məzunu olan Kazım bəy 1940-1942-cu illərdə Suriyanın baş nazirinin, sonralar isə ölkə prezidentinin dəftərxanasının rəisi olmuşdur. 1946-ci ildə Ərəb Dövlətləri Liqasına rəhbər təyin olunan bu etnik rutul yazıçı kimi də tanınmışdır.
     Ərəb dünyasının sevilən yazıçılarından olan Elfat Edelbi də milliyətcə rutul idi. Onun yaradıcılığına Şeyx Şamil hərəkatının süqutundan sonra Suriyaya köçmüş, burada yaşamış, vətən həsrəti ilə dünyadan köçmüş babalarının böyük təsiri olmuşdur. Dayısı Kazım Dağıstaninin şəxsi kitabxanası onun yazıçı kimi formalaşmasına kömək etmişdir. Almaniyada təhsil almiş həkim Həmdi əl-İdilbiyə ərə gedəndən sonra onun familiyasını Edelbi kimi götürən Elfat 20-dən çox kitabın müəllifidir. Onların əksəriyyəti müxtəlif dillərə tərcümə olunmuşdur. Elfatın əsərlərində Dəməşqə sonsuz sevgi vardır. “Dəməşq tarixçələri”, “Əlvida, Dəməşq”, “Dəməşqin ətirləri”, “Dəməşq - qüssənin təbəssümü” buna misaldır. Sonuncu əsər ona dünya şöhrəti gətirmişdir. Suriyanın Fransa tərəfindən işğalının gətirdiyi faciəni qələmə almış müəllif özünə ədəbi heykəl ucaltmışdır.
    Suriyanın sərhəd qoşunlarının baş komandanı, Suriya prezidentinin adyutantı olmuş Tələb Dağıstani, Dəməşq həbsxanasının rəis müavini olmuş, Suriyanın Fransa tərəfindən işğalı zamanı suriyalı vətənpərvərləri gizlicə azad edərək tarixə düşmüş Zəkəriyyə Dağıstani kimi şəxslərlə rutullar fəxr edirlər. Azərbaycan mədəniyyətinə rutullar İsmayıl Dağıstanlı kimi xalq artisti, Gəray Fəzli və Şərafət Dağıstanlı kimi şairlər vermişlər.
 
Sədaqət KƏRİMOVA
 

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
И чил хайи диге я Квахьзава чи хуьрер... Агалкьунрин рекье Чешне къалурзава Вирида дамахзава
Статьи из этой рубрики
Туареги Хунза Ləzgilər Пеласги Загадки истории
ЦIИЙИ ТИЛИТ

РУБРИКИ

ПОЛЕЗНОЕ