Харусенят | 10(245) 2011


Azərbaycanın musiqi ifaçılığı məktəbi qədim olub zəngin və çoxşaxəli kökləri ilə tanınır. Bu köklər üstündə bir çox ustad sənətkarlar yetişmişdir. Belə sənətkarlardan biri Şərbət Rzaquliyevdir. Şərbətin ifasını eşidənlər bu virtuoz ifaçının sənətkarlığına yüksək qiymət verməyə bilməzlər. İfa etdiyi musiqi nömrələrinə yeni ruh, yeni təravət gətirən, özünün-küləşdirən Şərbətin həmin musiqi parçalarını qəlbindən keçirdiyini duymamaq mümkün deyil. Şərbətdə tamaşaçıları heyran edən bir məharət var: o, səhnəyə bir şuxluq, bir təravət gətirir, coşqun ifası ilə dinləyicilərə, tamaşaçılara şən əhval-ruhiyyə bəxş edir.
Şərbəti Azərbaycan və Dağıstan respublikaları arasında bir musiqi körpüsü adlandırmaq olar. O, tarixən bir-birinə bağlı olan azərbaycanlıların və ləzgilərin xalq mahnı və rəqslərini eyni məhəbbətlə ifa edir və bununla da bu iki xalqa olan bağlılığını göstərir. Ona ən böyük hörməti qazandıran isə ləzgi xalq musiqisinin incəliklərinə bələd olması, onun mahir bilicisi və əvəzsiz ifaçısı olmasıdır. Təsadüfi deyildir ki, Azərbaycanda ləzgi xalq havalarının peşəkar ifaçılarından söz düşəndə ilk əvvəl onun adı çəkilir. Bu peşəkar ifaçı həmçinin Azərbaycan xalq havalarının ustad ifaçısı kimi də ad-san qazanıb. Onun repertuarında yüzə yaxın mahnı və rəqs özünə yer alıb.
Şərbətin Şərq musiqisi ilə Avropa musiqisindən sintezləri, onun çaldığı estrada havaları sənətkara çoxlu pərəstişkarlar qazandırmışdır.
Azərbaycanın dilbər guşələrindən biri olan Xudat şəhərində anadan olmuş Şərbət burada orta məktəbi bitirib, Mahaçqalada musiqi məktəbində təhsil almışdır. Musiqi istedadı və ifaçılıq məharəti ilə seçilən gənc Dağıstan Teleradiosunun xalq çalğı alətləri ansamblında solist kimi fəaliyyətə başlamışdır. 1976-cı ildə musiqi məktəbini fərqlənmə diplomu ilə bitirən Şərbət Dağıstan Respublikası Mədəniyyət Nazirliyinin təqdimatı ilə Azərbaycan Dövlət Konservatoriyasına oxumağa göndərilmişdir. Buranı bitirib 20 il fasiləsiz olaraq Səid Rüstəmovun rəhbərlik etdiyi xalq çalğı alətdləri ansamblının solisti olmuşdur. O, Rəşid Behbudov, Şövkət Ələkbərova, Gülağa Məmmədov, Zeynəb Xanlarova, Yalçın Rzazadə, Məmmədbağır Bağırzadə, Nisə Qasımova kimi görkəmli sənətkarlarla çalışmışdır.
Ömrünün kamillik çağına, müdriklik dövrünə qədəm qoyan sənətkarımızı 60 illik yubileyi münasibətilə təbrik edir, ona yaradıcılıq uğurları arzu edirik. Qoy sənət sevgisi, yaratmaq eşqi, təbiətinə xas coşqunluq, şən əhval-ruhiyyə heç vaxt onu tərk etməsin!
Комментарии к статье
Будьте первым кто оставит комментарий к статье.Оставить комментарий