Эпитафия | 1(306) 2017


Bir aydır Azərbaycan silahlı qüvvələrinin əsgəri Çingiz Qurbanovun ailəsi, doğmaları və əzizləri həyəcan, üzüntü, acı dolu günlər, saatlar, dəqiqələr yaşayır. Hicran bitmir ki, bitmir. 2016-cı ilin dekabrın 29-da erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan-Ermənistan sərhədində, Çinari kəndi yaxınlığında gedən döyüşdə Azərbaycan ordusunun əsgəri Çingiz Qurbanov erməni təxribatının qarşısını alarkən qəhrəmanlıq göstərmiş və şəhid olmuşdur. Düşmən bir aydır ki, bütün beynəlxalq normaları pozaraq şəhidin cəsədini qaytarmaqdan imtina edir.
1994-cü ildə Qusar rayonunun Həzrə kəndində anadan olmuş Çingiz Salman oğlu Qurbanov ucaboy, yaraşıqlı, mehriban, ağıllı, ailəcanlı, vətənpərvər, zəhmətkeş, həyat eşqi dolu gənc idi. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Texniki Universitetində təhsil almış, 2016-cı ildə oranı başa vurub, həmin ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılmışdı.
Onu mərdliyinə görə doğma kəndində də, təhsil aldığı institutda da sevirdilər. Çingizə və onun tələbə olan kiçik qardaşına maddı dəstək olmaq üçün valideynləri Bakıya köçmüş, ev kirayə ev etmişdilər. Qurbanovlar ailəsini tanıyanlar onların zəhmətkeşliyinə, mədəniyyətinə, səmimiyyətinə heyran idilər. Bu, həsəd aparılacaq gözəl ailə idi.
Vətən uğrunda qəhrəmancasına həlak olan 22 yaşlı Çingiz Salman oğlu Qurbanovun nigaran ruhu hələ də əbədi məkanına qovuşmayıb. Onun cəsədi bir aydır erməni əsirliyindədir.
Bağışla bizi, Çingiz!
Sənin ruhun pərişan,
Sənin nəşin yaralı.
Sən çətində, sən darda,
Vətən səndən aralı,
Bağışla bizi, Çingiz!
Sən – sinəsi, bağrı qan,
“Vətən” deyib hayqıran,
İndi küskün baxışla,
Yağan qarla, yağışla,
Baxıb bizə uzaqdan,
O soyuqdan, sazaqdan,
Ağlayır igid ruhun,
Hayqırır şəhid ruhun,
Bağışla bizi, Çingiz!
Sən hünərli bir nərdin,
Sən düşmənə sipərdin.
İndi ruhun didərgin,
Gəl çək görüm bu dərdi!
Bağışla bizi, Çingiz!
İndi alışıb-yanır
Bir qərib səngər, Vətən.
Gedib sənin ordundan
Bir igid əsgər, Vətən.
Ana torpaq bağrına
Bassın öz övladını,
Unutmaqçün bu acı
Ayrılığın dadını,
Bağışla bizi, Çingiz!
Sənin ruhun pərişan,
Sənin nəşin yaralı.
Sən Vətəndən uzaqda,
Vətən səndən aralı.
Yorğun, üzgün ruhunun
Önündə hər birimiz
Hazırıq çökməyə diz,
Bağışla bizi, Çingiz!
Sədaqət KƏRİMOVA

Комментарии к статье
Будьте первым кто оставит комментарий к статье.Оставить комментарий