Xatirələrdə yaşayır
Эпитафия  |  11(305) 2016      
     Onun haqqında söhbət düşəndə gözlərim önündə uca dağlar canlanır. Zirvəsi daim qarla örtülü vüqarlı dağlar. Onu dağlarla müqayisə etməyim təsadüfi deyil. 1920-ci ildə Şahdağın ətəyində yerləşən Qusarda anadan olmuş Həlimə Xanbaba qızı Əfəndiyeva şərəfli həyat yolu keçmiş, fədakar əməyi ilə ömrün zirvələrinə ucalmış dağlar qızı kimi yaddaşlarda qalıb.
     Həlimə müəllimənin maraqlı həyat tarixçəsi var. Uşaqlıq və gənclik illəri Sovet hökumətinin yenicə dirçəlməyə başladığı, kollektivləşmənin geniş vüsət aldığı, sonra isə Böyük Vətən müharibəsinin başlandığı dövrlərə təsadüf edən bu qızın həyatı kəşməkeşli olub. Dövrün çətinliklərinə, əzab-əziyyətlərə baxmayaraq, daim oxumağa can atıb. Qusarda yeddiillik məktəbi əla qiymətlərlə bitirmib, sonra pedaqoji məktəbdə təhsil alıb.
     Gənc müəllimə ölkədə savadsızlığın ləğvi ilə bağlı hərəkatda yaxından iştirak edib, eyni zamanda ali təhsil almağı da unutmayıb. 1941-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsini bitirib Qusarın 1 və 3 saylı məktəblərində pedaqoji fəaliyyətini davam etdirib. Xalqın bəlaya düçar olduğu ağır müharibə illərində hamı gecə-gündüz cəbhə üçün işləyirdi. 
     Belə bir vaxtda uşaqları təhsilə cəlb etmək olduqca çətin idi. Xalq arasındakı nüfuzu sayəsində Həlimə məllimə bu işin öhdəsindən layi­qincə gəldi. Onun çalışdığı məktəb rayonda uşaqların təhsilə cəlb olunması sahəsində ən yaxşı tədris ocağı kimi fərqləndi. Həlimə müəllimənin müharibə illə­rində dərs dediyi uşaqların əksəriyyəti sonralar mühüm partiya və sovet işlərində çalışmış, bəziləri yaxşı alimlər kimi bütün ölkədə tanınmışlar. 
     Yaxşı deyiblər ki, çəkərsən cəfasını, görərsən səfasını. Həlimə müəllimənin zəhmətkeşliyi, təşkilatçılıq bacarığı diqqətdən yayınmadı. O, əvvəlcə şəhər internat məktəbinin direktoru, sonralar Qusar Rayon Xalq Maarifi Şöbəsinin müdiri vəzifələrinə irəli çəkildi. Bacarıqlı pedaqoqun PXMŞ müdiri işlədiyi illərdə Qusar respublikamızda təhsil sahəsində ən çox uğurlar qazanan rayonlarından biri kimi tanındı. Hökumət Həlimə Əfəndiyevanın əməyini yüksək qiy­mətləndirdi. O, 1947-ci ildə “Azərbaycan SSRİ-nin əməkdar müəllimi” fəxri adına layiq görüldü. Sonrakı illərdə “Fədakar əməyə görə”, “Əməkdə fərqlənməyə görə” medalları və bir çox fəxri fərmanlarla təltif olunan bu cəfakeş insan el məhəbbətini həyatda qazandığı ən böyük mükafat adlandırırdı.
     H.Əfəndiyevanın övladları Naidə, Ramella və Elman ali təhsil alaraq, çalışdıqları kollektivlərdə hörmət qazanmışlar. Əvvəllər Hil kənd xəstəxa­nasında baş həkim işləmiş Ramella 40 ilə yaxındır ki, Xudat şəhər xəstəxa­nasında çalışır. Yaxşı kardioloq kimi tanınan Ramella anası haqqında xatirələrini danışanda gözlərim qar­şısında bu alicənab və kübar qadının portreti canlanırdı.
     Xatirələr bir deyil, iki deyil. Bir vaxt belə xatirələri yaşatmış Həlimə müəllimə indi özü xatirələrdə yaşayır. Gənc nəslə örnək olan onun həyat yolu bu gün hər birimizi vətən və xalq naminə daha əzmlə çalışmağa 
sövq edir.
Nəzakət ƏHMƏDOVA,
Xudat şəhərindəki H.Nərimanov 
xatirə muzeyinin rəhbəri
 

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
И чил хайи диге я 25 йисан женг Görkəmli alim РикIелай тефир мярекат Кьегьал
Статьи из этой рубрики
Хожалыдин сед РикIелай тефир камалэгьли Хожалыдин тIал Bağışla bizi, Çingiz! Кьакьанрихъ ялна
ЦIИЙИ ТИЛИТ

РУБРИКИ

ПОЛЕЗНОЕ