Zabit Rizvanov fenomeni
Зарият  |  10(304) 2016      

     Hər bir xalqın tarixində mayak kimi nur saçangörkəmli şəxsiyyətlər olur. Öz həyat və fəaliyyətləri, əqidə və amalları ilə nümunə olan, bənzərsiz ömür yolu keçən bu insanlar ürəklərdə və xatirələrdə daim yaşayırlar. Ləzgi xalqının həyatında belə işıqlı simalardan biri Zabit Rizvanovdur. Əbəs yerə onu xalqın sevimlisi adlandırmırlar.

     Anadan olmasının 90 illiyi qeyd olunan bu günlərdə çoxları Zabit Rizvanov fenomeni haqqında düşüncələrə dalır. Hamı bir nəfər kimi etiraf edir: “O, iliklərinə kimi xalqına vurğun insan idi”. Həyatını ləzgi xalqının tarixinin, ədəbiyyatının, mədəniyyətinin, etnoqrafiyasının, folklorunun öyrənilməsinə və təbliğinə həsr etmişdi. Qələmi ilə xalqına xidmət etmiş, bir-birindən maraqlı əsərlərində ləzgilərin milli-mənəvi dəyərlərini göstərməyə, ümumilikdə xalqın obrazını yaratmağa çalışmışdı.  Bütün bunları təmənna ummadan, əvəz gözləmədən etmişdi. Sadə ömür-gün keçirən, tamah nə oldugunu bilməyən bu insanın elə zəngin mənəvi dünyası, elə saf və təmiz arzuları var idi ki! Z.Rizvanov özünün “Vəsiyyət” əsərində yazırdı: ”Tarixlə ədəbiyyat qardaşdır. Biri yaz deyir, o birisi yazdırır. Tarix öyrədir, ədəbiyyat bilgiləri hamıya paylayır. Tarix güzgüdür, ona tez-tez bax. Öz tarixini dərindən bilməyən xalq dünyanın digər xalqları ilə eyni sırada dayana bilməz.”

     Zabit Rizvanov 1926-сi ilin noyabrın 26-da Qusar rayonunun İmamqulukənd kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirib Quba Pedaqoji Məktəbində təhsilini davam etdirmiş, sonradan Bakı Ali Partiya Məktəbində oxumuşdur. Ayrı-ayrı illərdə müəllim, kolxoz sədri, mədəniyyət parkının direktoru, rayon xalq yaradıcılığı evinin direktoru işləmişdir. Hələ orta məktəb illərindən yaradıcılıqla başlamış, şeir və  hekayələrlə Azərbaycan və Dağıstan mətbuatında çıxış etmişdir. Sonralar o, qələmini povest, roman, dram janrlarında sınamış, bir-birindən maraqlı əsərlər yaratmışdır.

     Onun bütün həyatı zəhmət və fədakarlıq nümunəsidir. Valideynlərini erkən itirən, Böyük Vətən müharibəsinin ağrı-acılarını taleyində yaşayan, onun məhrumiyyətlərini görən bu insan həyatını ləzgi xalq folklorunu toplamağa və ədəbi yaradıcılığa həsr etmişdir. Son dərəcə xeyirxah, el- obasına ürəyi yanan insan olduğuna görə xalq onu çox sevirdi.

    “Ruhun əzabı” povestində Zabit Rizvanov öz prototipi olan Zakir obrazını yaratmışdır. Əsərdən oxuyuruq: Zakir arıq adamdır... Əsgərlikdə olanda hərbi qəzetlərdə məqalələr, şeirlər dərc etdirən Zakir, sonralar rayon qəzeti ilə yaxından əməkdaşlıq etdi. Partiya sıralarına qəbul olundu, Ali Partiya məktəbinə göndərildi. O, raykomda işlədi, kolxoz sədri oldu. Rayon xalq yaradıcılığı evi açılanda Zakir onun direktoru təyin edildi. Zakirin məsləhətləri, təşəbbüskarlığı və fədakarlığı sayəsində rayonda ədəbi birlik, tarix-diyarşünaslıq muzeyi, xalq teatrı, mahnı və rəqs ansamblı, rayonun milli qəzeti, ana dilində radio verilişləri redaksiyası açıldı, yerli şairlərin kitablar respublikanın paytaxtında çap olundu. Şair, dramaturq, folklorçu, toponimçi Zakir qonşu rayonlarda da məşhurlaşdı. Dərin elmi biliklərə malik bu xəstəhal yaşlı adam indi şəhər parkının direktoru olub”.

     Z.Rizvanov şair bir elmi tədqiqat institunun bir neçə ildə görə bilmədiyi işləri təkbaşına görürdü. Zabit müəllim ləzgi kəndlərindən folklor nümunələrini toplayıb çap edir, həmçinin xalqın çoxdan unutduğu qədim mahnı və rəqsləri üzə çaxarırdı. Kəndlərdən və rayonlardan gələcək diyarçünaslıq muzey üçün qiymətli eksponatlar toplayırdı. Ləzgilərin yığcam yaşadıqları rayonların məktəblərində ana dilində dərslərin keçirilməsi üçün səy göstərirdi.

     Z.Rızvanovun ən böyük xidməti Dağıstanın xalq şairi Bayram Səlimovla birgə ləzgilərin qədim “Şarvılı” eposunu toplayaraq, çapa hazırlaması olmuşdur. Təəssüf ki, “Şarvili’nin çap olunmuş variantını görmək şairə qismət olmadı. Bundan əlavə o, ləzci şifahi xalq ədəbiyyatının gözəl nümunələri olan minlərlə bayatı, lətifə, rəvayət və xalq nağılları toplamışdır. 10 roman, 20 povest, yüzlərlə şeir müəllifi olan Z.Rizvanovun Bakı, Mahaçqala və Moskva nəşriyyatlarında 10 kitabı çap olunmuşdur.

     Ədəbiyyata 1959-cu ildə çap olunmuş “Dadaşın dostları” kitabı ilə gələn Z.Rizvanovun “Quzu”, “Tapmacalar”, “Şahnabatın seli”, “Duz-çörək”, “Külək genişlik sevir”, “Peyğəmbərin yaşıl bayrağı”, “Samur çayının cənub sahilində”, “Hacı Davud” kimi nəzm və nəsr əsərləri oxucuların dərin rəğbətini qazanmışdır. 1990 -ci ildə oğlu Rizvan Rizvanovla birge yazdığı “Ləzgilərin tarixi kitabı onu daha da şöhrətləndirmişdir. Z.Rizvanov məşhur ləzgi şairləri Kasıb Abdullahın və Nurəddin Şərifovun ədəbi irsini oxuculara çatdırmışdır. Onun, səkkiz pyesi səhnəyə qoyulmuşdur.

     Azərbaycan ləzgilərinin mədəni həyatında böyük rol oynamış, ləzgi dilinin qorunub saxlanmasında, inkişaf etdirilməsində böyük xidmətləri olmuş, “Ürək sözü” adı ilə fəaliyyət göstərmiş ədəbi birliyin yaranması və fəaliyyəti də Zabit Rizvanovun adı ilə bağlıdır. Birliyin ilk yığıncağı bu böyük ziyalının rəhbərliyi və təşkilatçılığı ilə Qusar şəhər mədəniyyət evində 1959-ci ilin oktyabrın 18-də keçirilmişdir. Burada Z.Rizvanov, A.Abdullayev, B.Səlimov, N.Zəkiyev, Z.Babaxanov, A.Mərdanov, Ə.Musayev, Y.Şeydayev, F.Rəhimxanov və başqa ziyalılar iştirak etmişlər. Bir müddət sonra birliyin işinə xalqın dilinin və mədəniyyətinin inkişafı, tarixinin öyrənilməsi naminə çalışan daha 64 nəfər qatılmışdır. Onların arasında Teymur Əlixanov, Ləzgi Nemət, Bağış Bağışov, İzzət Şərifov, Hajıbala Qaflanov, Niyaz-Əli Paşayev, Məhsim Məhsimov və digər tanınmış qələm sahibləri də var idi. Birlik ana dilində yazıb-yaradan qusarlılar üçün əsl məktəb idi.

     1960-cı ildən başlayaraq, birliyin üzvləri partiya və sovet orqanlarına ləzgi dilinin məktəblərdə tədrisi ilə bağlı müraciətlər etməyə başlayırlar. 1962-ci il də Azərbaycan KP MK respublikanın ləzgi əhalisinin dilinin və mədəniyyətinin inkişaf etdirilməsi ilə bağlı xüsusi qərar qəbul edir. Məktəblərdə ləzgi dilinin tədrisi təşkil olunur, rayon qəzetinin bir səhifəsinin ləzgi dilində çap edilməsi, yerli radioda ləzgi dilində verilişlərin səslənməsi üçün göstəriş verilir.

     1964-cü ildə “Azərnəşr” “Ürək sözü” adlı kitab nəşr edir. Burada 21 qusarlı şairin şeirləri toplanmışdı. Bayram Səlimov, Kələntər Kələntərli, Asəf Mehman, Bacıxanım İsayeva, Şixzada Vələdov, Məclum Fərzəliyev, Tevriz Piraliyeva, Şakir Novruzbəyov, Ağaməhəmməd Bədəlov, Niyaz-Əli Paşayev kimi şairlərin ləzgicə əsərləri məcmuədə ilk dəfə çap olunur. 1976-cı ildən “Ürək sözü ədəbi birliyinin fəaliyyətində Zabit Rizvanov və Ləzgi Nemətlə yanaşı Yadulla Şeydayev də böyük rol oynayır. Onun tərtib etdiyi “Bəxtəvər torpaq” məcmuəsi 1983-cü ildə “Yazıçı” nəşriyyatında çapdan çıxır.

     “Ürək sözü” ədəbi birliyinin fəaliyyətinin nəticəsi olaraq, sonrakı illərdə də ləzgilərin həyatında bir sıra dəyişikliklər baş verir. Hazırda respublikamızın Quba, Qusar, Xaçmaz, İsmayıllı, Qəbələ, Oğuzrayonlarının 126 məktəbində ləzgi dili və ədəbiyyatının tədris olunması Zabit Rizvanov başda olmaqla ləzgi ziyalılarının fəaliyyətinin nəticəsidir.

     Zabit Rizvanov 1992-ci ilin noyabrın 23-də vəfat etmişdir.

     Qusarlılar xalqın sevimlisi olan yazıçının xatirəsini əziz tuturlar. Onun doğma kəndindəki orta məktəbə və Qusar şəhərindəki küçələrdən birinə Zabit Rizvanovun adı verilmişdir. Vətənində dağ kimi ucalmış, xalqa təmənnasız xidmət rəmzi kimi insanların yaddaşına əbədi həkk olunmuş bu böyük şəxsiyyətə, görkəmli ziyalıya, böyük maarifçiyə əsl xalq sevgisi isə minnətdar insanların qəlbindədir. 

Sədaqət KƏRİMOVA

 

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
И чил хайи диге я Къул туьхуьр мийир «Леки» - кьегьалрин кIватIал я Бадейрин кьула РикIел хуьх!
Статьи из этой рубрики
Мад са инжи Цавариз хкажайтIа чIал Азизан Алем РикIелай тефир мярекат Заридиз талукьарнавай няни
ЦIИЙИ ТИЛИТ
№: 9(314)
октябрь, 2017

Скачать PDF

РУБРИКИ

ПОЛЕЗНОЕ