Əlvida, gözəl insan!
Cevdet Yıldızın işıqlı xatirəsinə Эпитафия  |  6(300) 2016      
     Bu yaxınlarda eşitdiyimiz acı xəbər bizi ürəkdən sarsıtdı. Türkiyə ləzgilərinin tanınmış nümayəndəsi Cevdet Yıldız ömrünün 83-cü ilində dünyasını dəyişib. Dünya ləzgilərini bir-birinə tanıtmaq, onlar arasında mədəni əlaqələr yaratmaq üçün əlindən gələni edən, həmvətənlərinin qazandıqları uğurlara sevinən, onların sevinc­ləri ilə yaşayan bu sadə və mehriban insanın qəlbi həyat eşqi ilə dolu idi.
     Onunla tanışlığımız 2008-ci ilin dekabrında başlamışdı. “Samur” qəzetinin redaktoru kimi mənə ünvanladığı məktubda o, yazırdı: “Mən Türkiyə-Balıkesir Dağıstan Kültür və Yardımlaşma Dərnəyinin başkanıyam. Adım Cev­det Yıldızdır. Mən Qafqazın sev­dalısı, Şeyx Şamilin heyranı, Dağıstanın vurğunu, ləzgilərin aşiqiyəm. Görmədi­yim ana vətənin həsrəti var içimdə. Ləzgi xalqının səsi olaraq sizə yazıram. Bizim varlığımızı, bizim duyğularımızı ləzgi xalqına siz çatdıra bilərsiniz. Ləzgi qoxusu daşıyan “Samur” qəzeti zaman-zaman bizə də çatır. Biz ondan vətənimizin dadını alırıq. Çox arzu edərdik ki, Türkiyəyə gələsiniz, buradakı ləzgilərlə yaxından tanış olasınız, səsimizi dünyaya çatdırasınız.”
     Həmin məktubu qəzetdə çap edəndən sonra oxuculardan çoxlu məktublar aldıq. Cevdet Yıldızın vətən həsrəti ilə yazdığı sətirlər onları kövrəltmişdi.
2009-cu ilin iyun ayında dərnəyin dəvəti ilə Türkiyəyə yola düşdüm. Hər il Balıkesir vilayətinin Kirnə kəndində keçirilən ənənəvi “Xeyir” məclisində iştirak edərkən mənə ölkənin müxtəlif yerlərindən buraya gələn yüzlərlə ləzgini görmək, onlarla tanış olmaq səadəti nəsib oldu. Ləzgi adət-ənənələrini yaşadan, ana dilində danışan həmvətənlərimiz burada mənə unudulmaz anlar yaşatdılar. Burada İbrahim Afacan, Yaşar Səbri Döndər, Ramazan Kor kimi tanınmış ziyalılar mənə Türkiyə ləzgilərinin Şeyx Şamil hərəkətından sonrakı taleyi ilə bağlı olduq­ca maraqlı məlumatlar verdilər.
     Cevdet Yıldız Şeyx Şamil hərəkatından sonra Dağıstandan sürgün olunmuş minlərlə dağlının qürbətdə vətən həsrəti ilə keçən həyatının acılarını taleyində yaşamış insandır. Babası Şeyx İbrahim ona bu tarixləri yana-yana danışmışdı. Türkiyənin Balıkesir vilayətinin ucqarında Kirnə adlı ləzgi kəndinin təməlini qoyan Şeyx İbrahimin və onun qohum-əqrabasının səyləri ilə burada cənnət guşəsi yaransa da, onlar vətən nisgilini ürəklərindən çıxara bilmirdilər. Bu nisgil onları bir-birinə elə bağlamışdı ki, uzun illər özlərinə qapanaraq yaşadılar. 
     Şeyx İbrahimin oğlu İsmayıl bu kənddən çıxmış ilk savadlı adamdır. O, kənd məktəbinin müəllimi olub. Oğlu Cevdet də atasının yolunu davam etdirib. O, 30 il fasiləsiz olaraq müəllim işləyib. Onun səyləri nəticəsində kənd əhalisinin məktəbə, cəmiyyətə münasibəti dəyişib, kirnəlilərin ölkəyə inteqrasiyası başlayıb. 
     Cevdet Yıldız adi müəllim deyildi,  yüksək mənəvi keyfiyyətlərə malik ziyalı idi. O, 1994-cü ildə Türkiyədə ilk olaraq “Balıkesir Dağıstan Kültür və Yardımlaşma dərnəyi” təşkil edir. Onun ardınca Türkiyənin müxtəlif yerlərində - Bursada, Yalovada, İstanbulda, İzmirdə, Adanada, Sivasda, Tokatda, Ankarada analoji cəmiyyətlər meydana gəlir. Onların arasında əlaqələrin yaradılmasında Cevdet Yıldızın böyük əməyi var idi. Bu cəmiyyətlərin təşkilatçılığı ilə hər il keçirilən “Xeyir”, “Qutab günü” və s. məclislər ləzgi dilini, xalq adət-ənənələrini yaşatmaq məqsədi daşıyırdı.
     Cevdet bəyin Balıkesir şəhərindəki balaca və kasıb mənzilində onun ömür yoldaşı Güləndamın və beş qızının bir yerdə açdıqları süfrə arxasında onların mehriban söhbətlərinə qulaq asanda özümü doğmalarımın arasında hiss edirdim. Ləzgi bayatıları ilə, xalq məsəlləri ilə danışan, ləzgi yeməkləri bişirən bu insanların mənəvi dünyalarını yaxından duymaq fürsətini mənə verən Cevdet bəyə ürəkdən minnətdar idim. Bakıya qayıdanda “Samur” qəzetində “Türkiyədəki doğmalarımız” adlı böyük məqalə ilə çıxış etdim. 
     O vaxtdan Cevdet bəylə, Türkiyədə yaşayan onlarca ləzgi ziyayıları ilə yaxından əlaqə saxlayırdım. Bu dostuq körpüsünü yaradan isə Cevdet Yıldız idi. O, Azərbaycanda, Dağıstanda və başqa yerlərdə yaşayan həmvətənləri ilə həmişə əlaqə saxlayır, onların sevinc və fərəhləri ilə yaşayırdı. “Samur” qəzetinin dostu və təbliğçisi idi. 
     Bu işıqlı insanı itirmək acıdır. Amma inanırıq ki, onun əziz xatirəsi ürəklərdə yaşayacaq. Əkdiyi dostluq və qardaşlıq toxumları cücərəcək. Allah rəhmət eləsin!
 
Sədaqət KƏRİMOVA
 

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
И чил хайи диге я 300 лагьай тилит Халкьдин шаир Hər dərdim bir misra, hər fikrim şeir Öncə mənəviyyat
Статьи из этой рубрики
Хожалыдин сед Кьакьанрихъ ялна РикIелай тефир камалэгьли Bağışla bizi, Çingiz! Хожалыдин тIал
ЦIИЙИ ТИЛИТ
№: 8(324)
сентябрь, 2018

Скачать PDF

РУБРИКИ

ПОЛЕЗНОЕ