Hər dərdim bir misra, hər fikrim şeir
Зарият  |  6(300) 2016      
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Hər dərdim bir misra
 
Heç nəyin fikrini çəkmə deyirsən,
Fikirsiz, qüssəsiz yaşamaq olmur.
Yüz il ömür sürsən, yenə dünyada
Bir ömrün yükünü daşımaq olmur.
 
Bir tale bəxş edib yaradan bizə,
Yaxşısı pozular, pisi silinməz.
Pislərdən uzaq dur, gəlsən üz-üzə
Kədər karvanının sayı bilinməz.
 
Nədəndir, bu aləm yaranan gündən
Bir yanda işrətdir, bir yanda qubar.
Yaşamaq mümkünmü fikir çəkmədən,
El dərdi, xalq dərdi, Vətən dərdi var.
 
Bu dərdlər dağını sökə bilsəydim,
Kədər libasını atardım haman.
Bir oğul dərdini çəkə bilsəydim,
Bir elin dərdinə yanardım, inan.
 
Qınama nə olar, qınama məni,
Hər dərdin öz yeri, öz ağrısı var.
Fəryaddan, fəğandan açılmır eynim,
Bu şair qəlbimin söz ağrısı var.
 
Nə vaxtdır sızlayır, yandırıb-yaxır,
Hər səssiz ağrıya çarə tapılmaz.
Bu dərdlər dağının hər daşı ağır,
Bisutun çapılar, bu dağ çapılmaz.
 
Çapılsa çətin ki, qurtular bu can,
Dərdlərə, əzaba dözəndi şair.
Mən dərddən alıram ilhamı, inan,
Hər dərdim bir misra, hər fikrim şeir...
 
Deyrilər
 
Deyirlər, şairin gətirmir bəxti,
Bir tikə çörəyi, taxtı da olmur.
Bəlkə də Xudanın qarışıb başı,
Şairə bəxt yazan vaxtı da olmur.
 
Deyirlər, qatmayın haqqı nahaqa,
Sap kimi incələr, üzülən deyil.
Dünyanın o qədər haqsızı var ki,
Nə qədər yazsan da, düzələn deyil.
 
Deyirlər, pis günün ömrü az olar,
Pis ömrün gərdişi nə qədərdi bəs?
Bir ömür yaşayıb bir gün görməyən
Sən demə, gəlirmiş dünyaya əbəs.
 
Niyə gəldiyini düşünən insan
Cavabsız geriyə döndü, bilirəm.
İnandım deyilən o sözlərə mən,
Yalan olduğunu indi bilirəm.
 
Yalanlar bir deyil, yalanlar iki,
Dünyanın özünə yalan deyirlər.
Doğrunun yalandan var isə fərqi,
Bəs niyə yaxşıya yaman deyirlər?
 
Bəs niyə bir kasıb, bir yetim sevən
Axırda dərd çəkib özü qovrulur?
Yetimə əl tutub, qaldırma qardaş,
O, çörək verənin qənimi olur.
 
Bəlkə də haqsızam, qınama məni,
Demə ki, dünyada yaxşılıq qalar.
O qədər çəkmişəm özgə yükünü,
Başına gələn kəs başmaqçı olar.
 
Neçə imtahandan, sınaqdan keçib,
Sözə xilaf çxıb söz öyrətdiyim.
Əyriyə meyl edib, əyrini seçib,
Həyatın dərsini düz öyrətdiyim.
 
Əgər doğru isə deyilən misal,
Niyə əkdiyimi biçə bilmirəm?
Demirəm zəifdir ustadım mənim,
Özüm imtahandan keçə bilmirəm.
 
Sınaqlar üstündən sınaqlar gəlir,
Həyat başdan-başa imtahan imiş.
Bəxtim məndən küsüb özgəyə gülür,
Ömür sürməyim də bir yalan imiş.
 
Bu yalan ömürdən ayrılıb bir an,
Doğrunu tapsaydım, nə idi dərdim.
Mən saya bilmirəm fələk sayanı,
Gətirmir dünyada, gətirmir bəxtim.
 
Deyirlər, şairin gətirmir bəxti,
Bir tikə çörəyi, taxtı da olmur.
Bəlkə də Xudanın qarışıb başı,
Şairə bəxt yazan vaxtı da olmur.
 
İgidlik  andını içər kişilər
 
Car çəksəm, hayqırsam mən el yolunda,
İnan, harayımı eşidən olmaz.
Baş əysəm kiməsə, deyərlər onda,
Vallah, sənin kimi kişidən olmaz.
 
Kişilik əyilmək imiş  dünyada,
Gözümü açandan əyilən gördüm.
Yalançı kişilər kefdə, damaqda,
Əsil kişiləri döyülən gördüm.
 
Döyülə-döyülə ram olanların
Ocağı tez sönür, axırı olmur.
İnan, əyilməyib düz qalanların,
Min qara yaxsan da, paxırı olmur.
 
Babam yaxşı demiş, ləzgi elində
İgidlik andını içər kişilər.
Mərdlikdən güc alar hər əməlində,
El üçün canından keçər kişilər.
 
Bəs niyə dünəni unudub bu gün,
Əyrini doğrudan secə bilmirik?
Bir elin yolunda, bir Vətən üçün
İgidlik andını içə bilmirik?
 
Bəs niyə o dağlı babalar kimi,
Qoruya bilmirik ləzgi adını.
Bizə miras qalıb igidlik elmi,
De, necə götürək özgə adını?
 
Ruhu inciməsin Hacı Davudun,
O dağlar qalmayıb, təpə olmuşuq.
Biz idik timsalı alovun, odun,
İndi bir gərəksiz qəlpə olmuşuq.
 
Köməksiz qalmağım ağrıtmır məni,
Gərəksiz olmağım incidir yaman.
Yadlar o qədər də dağıtmır məni,
Doğmalar içimdən dağıdır, inan.
 
Min illər qorudum igid adımı,
Bu adla yaranmış tarix yaddaşım.
Pozmayaq heç zaman ləzgi andını,
Qoruyaq min illər yenə, qardaşım.
 
Səs verin səsimə, uymayın yada,
İgidlik andını içən kişilər.
Qorxuram, deyələr bir gün dünyada,
Qalmayıb canından keçən kişilər.
 
Bitirəni var
 
Bu gözəl çəmənin vurğunuyam mən,
Xalı tək toxuyub, yetirəni var.
Hər çiçək kol üstə bir nazlı sənəm,
Hər gülün öz ətri, öz dərəni var.
 
Bu gözəl aləmin əzəldən bəri
Var ayrı gərdişi, ayrı mehvəri.
Bilinməz, açılmaz dünyanın sirri,
Çapanı, tapanı, itirəni var.
 
Sorma hesabını olub-keçənin,
Sevgi dünyasından sənsiz köçənin.
O sirli günlərin, aylı gecənin
Zamandan zamana ötürəni var.
 
Kim deyir sevdadan, sevgidən doydum,
Mən elə xoşbəxtdim, sevincdən uydum.
Vergülü yazmamış, nöqtəni qoydum,
Demək, bu dastanın bitirəni var...
 
Mənim tənha ağacım
 
Yenə yolda qalıb gözüm,
Kəsilib lap əlacım.
Yenə səni səsləyir, 
Mənim tənha ağacım.
 
Səninlə bir gülmək istər,
Hər sirrini bilmək istər,
Öz dərdini bölmək istər,
Mənim tənha ağacım.
 
Qoşa saldıq ona meyl,
Necə deyim indi əyil.
Çoxdan görüş yeri deyil
Mənim tənha ağacım.
 
Sən unutdun seçdiyini,
Sevgi andı içdiyini. 
Hardan bilsin köçdüyünü,
Mənim tənha ağacım?!
 
Deyərdilər ləzgidir
 
Bir mərd adam görəndə,
Comərd adam görəndə,
Deyərdilər ləzgidir.
 
Sədaqətli, həyalı,
Dost tapanda vəfalı,
Deyərdilər ləzgidir.
 
Bir namuslu, qeyrətli,
Kişi görüb cürətli,
Deyərdilər ləzgidir.
 
Bir qürurlu, vüqarlı,
Həmişə etibarlı,
Həqiqəti sevən kəs,
Ədaləti sevən kəs -
Yalan nədir bilməyən,
Yad üzünə gülməyən,
Heç zaman əksilməyən,
Sınmayan, əyilməyən,
Məğrur dağ tək ucalan,
İgidlikdən bac alan
Dağlı görüb sözü bir,
Deyərdilər ləzgidir.
 
Yapınçılı, xəncərli,
At minəndə hünərli,
Qartal kimi süzəndə,
Düşmənləri əzəndə
Deməzdilər özgədir,
Deyərdilər ləzgidir.
 
Öz şöhrəti, öz şanı,
Vardı neçə nişanı.
Ucaboylu, cüssəli,
Bəzən qəmli, qüssəli.
Bəzən gülüb qaynayan, 
Sevincini paylayan.
Görkəmindən tanınan,
Məclislərdə anılan,
Dəyanətdə yeganə,
Hər millətə nümunə
Kişi görəndə nadir,
Deyərdilər ləzgidir.
 
Heyhat! Dəyişib zaman,
Baş alıb gedir yalan,
Xaini çox, xofu çox,
Bəd əməlin sonu yox.
Qeyrətsizlər qeyrətdən, 
Cürətsizlər cürətdən,
Hörmətsizlər hörmətdən,
Sədaqətdən, ülfətdən
Danışır ağız dolu, 
Həqiqət azıb yolu.
Bilmir hara baş alsın,
Söylə, necə boşalsın
Nadanla dolu meydan,
Namərdə sulu meydan?
Bax, beləcə,
Səssizcə
Dövran olub özgənin,
Səsi çıxmır ləzginin.
 
Biri deyir o mərdin,
O igidin, comərdin
Adı çıxıb, özü yox.
Sözü qalıb, közü yox.
Düzü araya bilmir,
Eli qoruya bilmir.
Heydən düşüb pəhləvan,
Hayqırmağa yox aman.
Bu sözü doğru sanma,
Deyilənə inanma.
Bir gün gəlsə özünə,
Qüvvət versə sözünə,
Düz yolunu azanlar,
Öz yolunu azanlar
Boşaltsalar meydanı,
Sən onu yaxşı tanı.
Demə ki, bu hünərvər,
Əyilməyən igid nər
Ləzgi deyil, özgədir.
Ləzgi həmin ləzgidir,
Ləzgi həmin ləzgidir!
         
Daha necə darıxım?
 
Deyirsən ki, darıxım
Sənin üçün, əzizim.
Darıxmaqda olmasın
Nə tayım, nə əvəzim.
 
Söylə, necə darıxım,
Necə yanım, alışım?
Sənsiz darıxmağımı
Sənə necə danışım?
 
Necə deyim sözümü,
Bulud kimi dolanda.
Darıxmağım deyilmi,
Məni dərdə salan da.
 
Eşq əlçatmaz bir zirvə,
Ətəyində qalan mən.
Dağlarını bürüyən
Bəyaz qəmli duman mən.
 
Hər qayana, daşına
Çırpılan o çay mənəm.
Gecə səni arayan,
Yerə həsrət Ay mənəm.
 
Mənəm tənha qovaq tək
Gözün dikən yollara.
Belə darıxmağımı
Kim anlayar, kim arar?
 
Kim deyir ki, boz qaya
Dağı üçün darıxmır.
Hansı bağban saldığı
Bağı üçün darıxmır?
 
Hərə bir cür darıxır
Bu dünyada, əzizim.
Darıxmaqçün yaranıb
Bu dünya da, əzizim.
 
Həsrətlə gecə-gündüz
Darıxıram səninçün.
Darıxmaya bilmirəm
Səndən ötrü nə üçün?
 
İstəyirsən bir ömür
Bax, beləcə darıxım.
Söylə, söylə əzizim,
Daha necə darıxım?
 
Müzəffər MƏLİKMƏMMƏDOV

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
И чил хайи диге я 300 лагьай тилит Халкьдин шаир Öncə mənəviyyat РикIел хуьх!
Статьи из этой рубрики
Зун гъурбатдиз акъатна Цавариз хкажайтIа чIал Азизан Алем РикIелай тефир мярекат Заридиз талукьарнавай няни
ЦIИЙИ ТИЛИТ
№: 9(314)
октябрь, 2017

Скачать PDF

РУБРИКИ

ПОЛЕЗНОЕ