Редакциядиз чар | 3(297) 2016


Hər bir xalqın özünəməxsus xüsusiyyətlərindən biri, bəlkə də birincisi onun danışıq dilidir. Doğma dil varsa, xalq yaşayır. Doğma dili biz ana laylasında, musiqilərimizdə eşidir, öyrənir, sevirik.
Sevdiyi şey insan üçün gözəldir. İnsan öz dilini nə qədər sevsə, o qədər də onun gözəlliklərini dərk edər. Doğma dilinə, xalqın mənəvi dəyərlərinə hörmət etmək insanın mədəniyyət səviyyəsinin göstəricisidir.
Mədəniyyət xalqın mənəvi qidasıdır. Qəzet, kitab oxuyan insanın mənəviyyatı zəngin olar. Başqa xalqların ədəbiyyatını oxumaqla yanaşı öz xalqının mətbuatını, ədəbiyyatını oxumaq yüksək mədəniyyət əlamətidir.
Yazıçılar, şairlər mövcud nöqsanları, çatışmazlıqları başqa insanlardan daha tez görmək bacarığına malikdirlər. Bu mənada onlar mənsub olduqları xalqın milli-mənəvi sərvətidirlər. Təəssüf ki, son vaxtlar milli mətbuat və ədəbiyyatla maraqlananlar azalıb.
Ləzgi xalqının tarixinin, mədəniyyətinin, folklorunun qorunub saxlanmasında, dünyaya tanıdılmasında böyük rol oynayan, respublikamızda yeganə ləzgi qəzeti olan “Samur”un nəşri ilə bağlı çətinliklərin olması bizi - onun oxucularını bərk narahat edir.
Xalqımızın həyatında mühüm rol oynayan bu dəyərli qəzetin taleyini ancaq onun naşirlərinin boynuna qoymaq insafsızlıqdır. Qəzeti qoruyub saxlamaq üçün hamımız əlimizdən gələni etməliyik.
Prezidentimiz bu ili respublikamızda multikulturalizm ili elan etmişdir. Fürsətdən istifadə edərək “Samur” qəzetinin dövlət tərəfindən maliyyələşdirilməsi üçün Prezidentə müraciət etmək yerinə düşərdi. İmkanlı iş adamları da xarici ölkələrdə geniş yayıldığı kimi öz gəlirlərindən belə xeyirxah, humanist işlərə yardımlar etsə, xalqı qarşısında böyük, şərəfli iş görmüş olarlar. Həmyerlilərimiz Qazıməhəmməd Sultanov, Rahid Qədirov, Feyruz Ağarəhimov və Məmməd Məmmədov bir neçə ildir ki “Samur” qəzetinin nüxsələrini alıb oxuculara təmənnasız çatdırırlar. Yeri gəlmişkən, bütün “Samur” sevərlər adından onlara təşəkkürümüzü bildiririk. Arzu edirik ki, bu cür adamların sayı artsın.
“Samur” təkcə ləzgi xalqının qəzeti deyildir. O, ləzgi, Azərbaycan və rus dillərində çıxmaqla tolerant və beynəlmiləl ideyaları paylaşan əsl xalqlar dostluğu qəzetidir. Onun yaşamasında, fəaliyyət göstərməsində ictimaiyyət və dövlət qurumları da maraqlı olmalıdırlar.
Комментарии к статье
Будьте первым кто оставит комментарий к статье.Оставить комментарий