Yeni kitablar | 9(292) 2015


XIX əsrin görkəmli klassiki, filosof və mütəffəkkiri, şairi, siyasi xadimi, maarifçisi A.A. Bakıxanov tərəfindən Qubada əsası qoyulmuş “Gülüstan” ədəbi məclisi 180 ildir ki, fasilələrlə də olsa fəaliyyətini davam etdirir. Ötən əsrin 60-cı illərində həmin ədəbi məclisin fəaliyyəti nəinki əyalətdə, eləcə də bütün respublikada, qonşu Dağıstanda əks-səda doğurmuşdu. Tanınmış şairlərdən
Y.Həsənbəy, R.Qusarçaylı, R.Alxas, T.Nurəli, Q.Süleyman, nasirlərdən R.Dünyamalı, A.Tağıyev və onlarca başqaları ədəbi aləmə ilk addımlarını məhz “Gülüstan”dan atmışlar.
2000-ci ildən etibarən “Gülüstan” elmi-ədəbi məclis kimi öz fəaliyyətini daha da genişləndirmişdir. 40-a yaxın üzvü olan məclis bu gün sözün həqiqi mənasında respublikamızda mövcud olan ədəbi dərnək və birliklər arasında seçilir. Hər ay müntəzəm olaraq məşğələlərini keçirən məclis üzvlərinin ədəbi yaradıcılıq nümunələri dəfələrlə “Ekspress”, “Kaspi”, “Ədalət”, “Şəfəq”, “Tərəqqi”, “Azad Azərbaycan”, “Samur”, “Palitra”, “Paritet” və digər qəzetlərdə dərc edilmişdir. Möbətər qəzet və jurnallar – “Mədəniyyət”, “Ədəbiyyat”, “Ulduz” və başqaları məclisin fəaliyyəti barədə yazılar vermişlər. Rayonun “Xəyal” və “Qütb” telekanalları da ədəbi məclisə öz ekranlarında geniş yer ayırmışdır.
Son 15 il ərzində məclis üzvlərinin şeir və hekayələri, puplisist yazıları “Gülüstan inciləri” adlı 6 toplu vasitəsilə Azərbaycan oxucularına təqdim edilmişdir. Artıq almanaxın VII toplusu işıq üzü görüb.
A.A.Bakixanov adına elmi-ədəbi məclisdə Qələmşah İdrisov, Qafar Süleyman, Abdulla Məmməd, Pirəli Rüklü, Böyükağa Ağa, Rahim Hüseynov, Mehrəli Quliyev, Cabir Albantürk, Asvar Tufandağlı, Rizvan Qaçıyev, Rəcəb Əzizov, Dünya Rəsulzadə, Qızbəs Oruc, Bilal Bilalov, Yasəmən Tərlanqızı, Rəvanə Abdullayeva, İlkin Abdullayev və başqaları öz yaradıcılıqları ilə oxucuların rəğbətini qazanmışlar.
Elmi-ədəbi məclisin qonaqları da çox olur. Dağıstandan Aşıq Sultan, Dərbənd şəhərindən eyni adlı məclisin sədri Tahir Saleh, meyxana ustadlarından Elnur Yasamallı, Rəşad Nur, Vyana Dövlət Universitetinin professoru Əsgər Şir, AMEA-nın folklor şöbəsinin əməkdaşı Əli Kərimbəyli, “Məsməi-şuara” ədəbi məclisinin rəhbəri, professor Şahin Fazil, ədəbiyyatşünas alim Nazif Qəhrəmanlı, şairlərdən Ələkbər Salahzadə, Oktay Rza, İslam Türkay, xalq artisti Arif Quliyev və başqaları vaxtaşırı tədbirlərimizdə iştirak edirlər.
Bu il “Gülüstan” elmi-ədəbi məclisinin 180 illik yubileyidir. Odur ki, məclis üzvləri bu günlərdə əvvəlki ənənələrə sadıq qalaraq sayca yeddinci olan “Gülüstan inciləri” kitabı ilə oxucuların görüşünə gəlmişlər.
Şixəmməd Seyidməmmədov,
“Gülüstan” elmi-ədəbi məclisinin sədri
Комментарии к статье
Будьте первым кто оставит комментарий к статье.Оставить комментарий