Mənim qələm dostum
Flora Xəlilzadə- 60 Барка  |  7(290) 2015      
     Tanınmış yazıçı, publisist və şair Flora Xəlilzadə Zəngəzur mahalının Sisian rayonunun Urud kəndində anadan olub. Rayonun Vağədi kənd orta məktəbini bitirdikdən sonra ADU-nun jurnalistika fakül­təsinə daxil olub və 1977-ci ildə oranı bitirib. "Azərbaycan tə­biəti" jurnalında, "Azərbaycan müəllimi", "Azərbaycan" qəzet­lə­rində işləyib. "Azərbaycan qa­dını" jurnalının redaktoru, "Azərbaycan" qəzetinin mədə­niy­yət şöbəsinin redaktoru vəzi­fələrində çalışıb. Hazırda İcti­mai Televiziyada jurnalist oğlu Bəhruz Niftəliyevlə bərabər ər­səyə gətirdiyi “Yadigarlar” ve­rilişinin müəllifi və redaktorudur.
     1972-ci ildən mətbuatda pub­lisistik və bədii yazıları dərc olunan Flora Xəlilzadə 20 kitabın,  yüzlərlə elmi, ədəbi, publisistik, tənqidi məqalənin müəllifidir. Prezident İlham Əliyevin sərən­camı ilə o, "Tərəqqi" medalı ilə təltif olunub, "Əməkdar jurna­list" fəxri adına layiq görülüb. Azərbaycan Jurnalistlər Birli­yinin təsis etdiyi Həsənbəy Zər­dabi mükafatının, o cümlədən KİV həmkarlar ittifaqının bir sıra mükafatlarının laureatıdır. O, həmçinin Respublika Mətbuat Fondunun "Dan ulduzu" mükafatı (iki dəfə), "Qorqud" Assosiasiyasının Məmməd Araz mükafatı ilə də təltif olunub.
 
     Dostum Flora! Sənin haqqında danışmaq Azərbaycan mətbuatının bu günü haqqında düşüncələrə dalmaq deməkdir. Zəngin tarixi ənə­nələri olan, cəmiyyətimizin inka­şafında, Azər­baycanda ziyalı təbə­qəsinin tə­şəkkül tapmasında, Azər­baycan ədəbi dilinin formalaş­masında müs­təsna xidmətləri olan mətbuatımızın bu gün durğunluq dövrü keçirməsi heç kimə sirr deyil. Bir zamanlar sayca bir o qədər də çox olmayan qəzet və jurnallarımız neçə-neçə istedadlı jurnalistin yetiş­məsində mühüm rol oynadığı halda, təəssüf ki, son illər kütləvi infor­masiya vasi­tələrinin sayının çoxal­masına, onların maddi-texniki im­kanlarının geniş­lənməsinə baxmayaraq, “parlaq im­zalar”a təsa­düfi hallarda rast gəlirik. Oçerk, fel­yeton, esse janrlarının tələblərinə ca­vab verən peşəkar ya­zılar qəzet və jurnal səhifələrində demək olar ki, görünmür. Bunu tele­viziya və radio jurnalistikamız haq­qında da demək olar. Ucuz sensasiya xatirinə neqativ halların gündəmə gətirilməsi, mənə­viyyatsızlığa rəvac verən verilişlərə geniş yer ayrılması, şou-biznes və kriminal proqramlarının mə­nəviyyat, maarif, mədəniyyət proq­ramlarını sıxışdırıb aradan çı­xarması günü­müzün real­lığıdır. Ağrılı məsə­lələrdən biri də ədəbi dil nor­malarının kobudcasına pozul­ma­sıdır. Uzun illərdən bəri dilçi alimlərin cilalayıb xalqın istifa­dəsinə verdikləri Azərbaycan ədəbi dilinin efirdə, qəzet və jurnal sə­hifələrində təhrif olun­masını, baya­ğılaşdı­rıl­masını görmək olduğca ağrılıdır.
     Maraqlı mövzuların qıtlığı du­yulan, klassık jurnalistikanın tələb­lərinə cavab verməyən, mədh və ya qərəz yazılarına meydan açılan bir dövrdə nə yaxşı ki, ara-sıra da olsa əsl jurnalist məqalələrinə, publisist qeyd­lərinə də təsadüf olunur. Onları səhrada su tapmış adamın yanğısı ilə oxuyur, minnətdarlıq hissi keçi­rirsən. Qələmi ilə söz göyərdənlərin, mətbuatımızın bu “sonuncu mogi­kan”larının həmişəki əzmlə çalış­dıqlarına ürəkdən sevi­nirsən. Onlar­dan biri sənsən. Azər­baycanda az adam tapılar ki, Flora Xəlilzadə imzası ilə tanış olmasın. 40 ildən çoxdur ki, oxuculara Azər­baycan mə­dəniyyətinin, ədəbiy­ya­tının, mətbua­tının problemləri, onun görkəmli nümayəndələri haqqında bir-birindən maraqlı və məzmunlu yazılar təqdim edirsən. Öz üslubu, bənzərsiz dəst-xətti, orijinal təhkiyə üsulu ilə seçilən bu yazılarını mət­buatımızın inciləri hesab etmək olar.
     Sənin haqqında danışarkən ilk növbədə jurnalist kimi istedadından söz açmaq istərdim. Çoxları oxuyur ki, jurnalist olsun. Sən isə jurnalist doğulduğun üçün təhsil almısan. Flora Xəlilzadə iliklərinə kimi jurnalistdir, nəyi və necə yazmaq olduğunu bilən qələm əhlidir. İnsan taleləri haqqında sənin kimi sadə və düşündürücü, obrazlı və maraqlı yazmaq istedad tələb edir. Dilinin zənginliyi, onun çalarlarından səxa­vətlə istifadə etmək bacarığın, ma­raqlı süjet qurub yaddaqalan tərzdə oxuculara çat­dırmaq mə­harətin məni həmişə heyran edib. Mənəvi-əxlaqi dəyərlərin qorunma­sına, maarifçilik, vətənpər­vərlik ide­ya­larının yayıl­masına həsr olunmuş publisist yazı­ların oxucu­ların dərin rəğbətini qaza­nıb.
     Sənin zəhmətkeşliyinə çoxları həsəd apara bilər. Məhsuldarlığın bu zəhmətkeşliyinin nəticəsidir. Səni tanıyanlar redaksiya stolu arxasında saatlarla eyni vəziyyətdə qələmə sarıldığını görməyə adət ediblər. Səni bir çox həmkarlarından fərq­ləndirən bir xüsusiyyət də var: adətən yazı­larını birbaşa diqtə edir­sən. Diqtə prosesində onların redak­təsi ilə də məşğul olursan. Bu da bir istedaddır. Sözləri mənasına uyğun olaraq inci kimi yanaşı düzə bilmək, məntiqlə və rəvan danışmaq hər kəsin hünəri deyil. Bu, natiqlik mərahətidir. Sənin ədəbi-bədii gecə­lərdə, müsami­rə­lərdə, yubiley təd­bir­lərində, ya­radıcı görüş­lərdə, müxtəlif tele­viziya ve­rilişlərindəki çıxışların orijinallığı və səmimiliyi ilə seçilir, sevgi ilə qarşılanır.
     Dostum, sən mənim üçün vətənə məhəbbətin, ona sonsuz sədaqətin ba­riz nümunəsisən. Qarabağ dərdini şəx­si taleyində yaşamış, doğma yurdu yağı tapdağı altında qalmış həmkarı­mın həyəcan və ağrıları, xəyal və düşüncələri mə­nə çox yaxındır. 1988-ci ilin noyabrında anan və həm­kəndlilərin ermənilər tərəfindən vəhşiliklə yurd­larından didərğin salınanda Şahbuz camaatının səyləri ilə onlar xilas edildilər. Lakin aldıqları mənəvi zərbələrdən onları xilas etmək çətin oldu. Az keçməmiş anan və digər neçə əzizin dünyalarını dəyişdi. Bu ağrı-acılar səni çox ağlatsa da, iradəni qıra bilmədi. Sən illər boyu vətən həsrəti ilə alışa-alışa oxu­cularına vətənpərvərlik dərsləri keçirsən, vətən sevgisi sənin yara­dıcılığının ana xəttini təşkil edir.
     Sənin publisistikan nə qədər qətiy­yətli və cəsarətlidirsə, poeziyan bir o qədər kövrək və düşün­dürücüdür. Əl­van təşbehləri, gözəl bənzətmələri və maraqlı obrazları ilə yadda qalan bu şeirlərdən sə­mimiyyət süzülür. Onları oxuduqca deyirsən: əsl Flora budur. Çünki seir sairin öz-özü ilə söhbətidir, onun qəlbinin lirik etirafıdır. Bu zaman uydurmaya yer olmur.
Ulu Tanrım, üz tutmuşam adına,
Ürəyimi yaralayan zülüm var.
Mən yurdsuzu salarsanmı yadına,
Xəyalımda dağılmış bir elim var.
     Bu sətirləri həyəcansız oxumaq mümkün deyil. Bu bir bənd adamı iliklərinə qədər sızıldadır. Onun içindəki ağrını duymamaq, o səssiz harayı eşitməmək mümkün deyil. Ömrün müdriklik çağında, öz­lərini dost adlandıranların ço­xaldığı, ürə­yini aça biləcəyin, çiynini söy­kəyə biləcəyin əzizlərinin isə azaldığı bir vaxtda nədənsə gənclik çağını, tə­ləbəlik illərimin unu­dulmaz xatirələri ilə bağlı olduğum dostlarımı və əlbəttə ki, səni  tez-tez xatırlayıram.  O illərdən mənə qalan etibarlı dost sənsən və bu dost­luğumuzun 42 illik tarixi var. Biz saatlarla söhbət edərdik. Şeir, sənət, mənəviyyat dünyasına dalar, sev­diyimiz şairlərin şeirlərini əz­bərdən deyər, fikir mübadiləsi edər­dik. Bir binada, ayrı-ayrı redak­siyalarda işləyirdik. Sonra bir redaksiyada, bir şöbədə çalışdıq. Ya­radıcılıq olan yerdə mübahisələr, fikir ayrılıqları danılmazdır. Bir gün 20 ilin dost­larının yolları ayrıldı. Dost itkisinin acısını hər ikimiz taleyimizdə yaşadıq. Yenidən dost­laşmağımız uzun çəkdi. Sınmış budaq gec calanır, amma o, adi budaqlardan daha möhkəm olur. Biz də sınandıq, bərkə-boşa düşdük.
     Sənə mənim qədər kim bələddir: romantik və çılğın, qətiyyətli və köv­rək, şən və fikirli... Ziddiyyətli və mürəkkəb təbiətində dəyişməyən sənin təbiiliyindir. Sən heç vaxt orta xəttdə olmursan: ya sevirsən, ya nifrət edirsən, ya dost olursan, ya düşmən. Sözü adamın üzünə şax deyirsən. Bu sərtliyini, inadcıllığını qəbul etmə­yənlər də var. Mən isə məhz bu xüsusiyyətini sevirəm.
     Flora, yaradıcılıq yollarında 40 il­dən artıqdır ki, inamla addım­layırsan. Həyat səni imtahanlara az çəkməyib. Amma sən əsl jurnalist olduğunu dəfələrlə sübut etmisən. Özündən çox başqalarının həyatını yaşayan, özgə talelərinin işığında özünü daha qətiyyətli hiss edən qələm sahibi. Sənin kitabların özgə talelərinə məhəbbətdən doğulub. Sənin publisistikandan ibrət gö­türməli o qədər şeylər var ki.
     Telekanallarımızda tərbiyəvi, ma­arifləndirici proqramların az olduğu,  bayağı şouların, çal-çağır proq­ramlarının efiri zəbt etdiyi bir vaxtda sənin İctimai Televiziyada "Yadi­garlar" verilişini ərsəyə gətirməyin əsl vətənpərvərlikdir. Oğlun Bəhruz Niftəliyevlə birgə həmin verilişdə görkəmli elm, mədəniyyət, ictimai-siyasi xadimlərinin yadigarlarının xatirələrinə söykənərək tamaşaçılara belə bir fikir təlqin etməyə çalışırsan ki, el üçün, xalq üçün yananlar unu­dulmur. Böyük sevgi və qədir­bilənliklə hazırlanan bu verilişlə sən tamaşaçıda tarixi keçmişimizə, mə­də­niyyətimizə maraq oyadır, rəvan və səlis danışığınla Azər­baycan ədəbi dilinin normalarını pozanlara meydan oxuyursan. Həmin verilişlə bizi həsrətlə ötən günlərə boylanmağa məcbur edir­sən. O illərdə qalan təmiz hisslər, gözəl mənəviyyat, duyğular aləmini yada salırsan.  Bəlkə də səni qələmə daha möhkəm sarılmağa məcbur edən həmin hisslərdir. Sən yaz­ma­lısan, çünkü bunu yaxşı bacarırsan.
     Bir neçə gün əvvəl sənin ad günün idi. İlahi, 60 yaş nə tez tamam oldu? Amma sənə 60 yaş vermək olmaz. İllər səni heç dəyişməyib. Bəlkə ona görə ki, əksər qadınlar kimi ənlik-kirşanla aran yoxdur? Eşitmişəm ki, efirə çıxmaq üçün məcburi sayılan qrim proseduru könlüncə deyil. Çəkiliş bitən kimi az qala qaça-qaça gedib makiyajı yuyursan. Bunu ancaq sən edə bilərsən.
     Flora! Mənim qələm dostum, 60 yaşın mübarək! Sənə - yorulmaz söz adamına nə arzulamaq olar? Həmişə qəhrəmanlarına ürəkdolusu dilədik­lərin qoy sənin də payın olsun. Xəyallarında canlandırıb, əsərlərində yaratdığın xoşbəxtlikdən tanrı sənə bol-bol bəxş etsin. Ən əsası isə sənə könül rahatlığı, qəlb sakitliyi və səbr arzu edirəm. Me­yarların dəyişdiyi, dostların azaldığı, çox şeylərin təmənnaya söykəndiyi bu dünyada nə yaxşı ki, varsan. 
 
 

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
И чил хайи диге я “Шарвили” эпосдин сувар Чи барка Фестиваль кьилиз акъатна Чи гафар
Статьи из этой рубрики
Аваз хьурай "Лезги газет"! «Сувар»у скоро 20 лет Халкьдиз бахш авур уьмуьр Cедакъет Керимова - 60 ЧIехи Сувар
ЦIИЙИ ТИЛИТ
№: 7(312)
август, 2017

Скачать PDF

РУБРИКИ

ПОЛЕЗНОЕ