Qanlı Şaban
Məşhur ləzgilər   |  10(245) 2011      

Üç əsr əvvəl Qafqazda Səfəvilər imperiyasının zülmünə qarşı ilk üsyan qaldıran Qanlı Şabanın və Molla Abdulla-hın İran qarnizonları üzərinə cəsarətli hücumları Dağıstanın və Azərbaycanın ayrı-ayrı vilayətlərində etirazların kütləvi hal almasına və son nəticədə xalq azadlıq hərəkatına çevrilməsinə təkan verdi. Qanlı Şabanın Molla Abdullahla birgə yaratdığı 2 min nəfərlik silahlı dəstə 10-15 minlik İran qoşunlarının öhdəsindən asanlıqla gəlirdi. Tarixi mənbələrdə və arxiv materiallarında adı çox az çəkilən Qanlı Şaban sonralar Hacı Davudun ən yaxın silahdaşlarından birinə çevrilmişdi. O, böyük hərbi səriştəyə malik idi və ona görə də hücumları təşkil etməyi, qələbə çalmağı yaxşı bacarırdı. Türk kəşfiyyatçısı və tarixçisi Əli bəy Bədrəddinzadə Qanlı Şabanın rəhbərliyi ilə ləzgilərin İran qarnizonlarına hücumlarını «qasırğa küləyi» ilə müqayisə etmişdi.

Qasırğa necə başladı?
XVIII əsrin əvvəllərində Səfəvilər dövlətinin əsarəti altında olan ölkələrdə İran zülmünə qarşı narazılıq daha da artırdı. Şah I Sultan Hüseyn hökmranlıq etdiyi ərazilərdəki, əhalini, bütün xalqları və tayfaları yenidən siyahıya aldırdı və 1702-ci ildən etibarən onlardan üçqat çox vergi tələb etdi. Hətta əvvəllər vergidən azad etdiyi dini ocaqların, burada çalışanların üzərinə də son dərəcə ağır vergilər qoydu.
Həmin dövrdə Azərbaycan əhalisinin vəziyyəti xüsusilə acınacaqlı idi. Tez-tez baş verən quraqlıq və digər təbii fəlakətlər nəticəsində böyük məhsul qıtlığı yaranmışdı. Bununla əlaqədar Rusiyanın İrandakı səfirliyinin rəhbəri A.P.Volınski öz məktublarından birində yazmışdı: «Səfəvilər dövlətinin taxıl anbarı olan Azərbaycanda tarlalar yeddi il ərzində əkilməmiş qalmış, ölkədə aclıqdır». Burada ərzağın qiymətləri ağlasığmaz dərəcədə artmışdı. Bir çox vilayətlərdə aclıq kütləvi ölüm hallarına səbəb olurdu. A.P.Volınski Təbrizdən I Pyotra göndərdiyi bir məlumatda dəhşətli aclıqla bağlı yazmışdı: «Biz orada olduğumuz zaman çoxlu dilənçiyə rast gəlirdik və onlardan çoxu həyanı unudub çılpaq gəzirdi. Küçələrdə heç kimin diqqətini cəlb etməyən yığın-yığın meyitlər var idi ki, onların cəsədini itlər yeyirdi». (Bax: Azərbaycan tarixi (üç cilddə). I cild. Bakı, 1961. Səh. 310).
Xalqın başına gələn belə müsibətlərə baxmayaraq, bəylərbəyləri onu daha çox soyur, böyük sərvət ələ keçirirdilər. Səfalət və özbaşınalıqlar tədricən ayrı-ayrı vilayətlərin əhalisini üsyana sövq edirdi. Birinci olaraq 1707-ci ildə Car və Saxur mahallarının əhalisi üsyan qaldırdı. Əli bəy Bədrəddinzadənin dediyi kimi «qasırğa küləyi» əsdi.
Tarixi mənbələrdə göstərildiyi kimi, Car üsyanı İran şahını bərk qorxuya salmışdı və o, üsyançılara divan tutmaq üçün bütün vasitələrə əl atmışdı. Bununla əlaqədar Dağıstan tarixçisi R.M.Maqomedov yazır: «İlk böyük antiiran üsyanlarından biri 1707-ci ildə Car-Balakən azad icmalarında baş verdi. Onlara saxurlar da qoşuldu. Bu üsyan İranda böyük təşviş doğurdu. Şah üsyançılarla mübarizə aparmaqdan ötrü Kaxetiyadakı canişini İmam Qulu xanı oraya göndərdi. Üsyan yatırılarkən Car kəndi yandırıldı.
... 1710-cu ildə qaytaqlar hərəkata qoşuldular. Qaytaq üsmisi Əhməd xan üsyançılarla birləşdi.
1711-ci ildə carlılar yenidən ayağa qalxdılar. Onlar Şamaxı bəylərbəyinin iqamətgahına hücum etdilər. Şəkinin və Şirvanın ümidsiz hala düşmüş kəndliləri də onlara qoşuldu. Carlılarla eyni zamanda saxurlar da ayağa qalxdı və Əli Sultan öz dəstəsi ilə onların köməyinə gəldi». (Maqomedov R.M. İstoriə Daqestana. Maxaçkala, 1961, s.182).
Hələ qaytaqlar və Cənubi Dağıstan ləzgiləri üsyana qalxanadək, yəni 1709-cu ildə Şirvanda iğtişaş başlandı. Rusiyanın İrandakı nümayəndəsi İ.Ori 1709-cu ilin sentyabrın 20-də knyaz P.M.Qaqarinə yazdığı məktubda qeyd etmişdi ki, «şamaxılılar iranlılarla birlikdə təşvişə düşmüşdülər, bir neçə müddət ərzində onların çoxlu kəndlərini qarət etmiş və yandırmışdılar». (Bax: Q.A.Gzov. Snoşeniə Petra Velikoqo s armənskim narodom. SPb., 1898, s.250). İ.Orinin məlumat verdiyi kimi, 1709-cu ildə Şirvan bəylərbəyinin qoşunu ilə Lütfəli bəyin başçılıq etdiyi üsyançı dəstələri arasında amansız döyüş baş verir. Bu döyüşdə üsyançılar məğlub olur. Onların başçısı döyüş meydanında çoxlu ölü və yaralı qoyaraq cənuba gedir. (Bax: yenə orada).
Üsyançıların məğlubiyyəti əhalini nəyinki qorxuya salmır, əksinə, qəzəblənmiş xalq daha mütəşəkkil surətdə etiraz səsini ucaldır. Alban tarixçisi Yesai Həsən Cəlalyanın yazdığı kimi, «Qafqaz dağlarının bu üzündə, Qax, Car, Tala adlanan yerlərdə və bir çox kəndlərdə ləzgi adlanan xalqlar ayağa qalxdılar və indiyədək ölkəni idarə edən Əli Sultan onlara başçılıq etdi». (Bax: Yesai Həsən Cəlalyan. Alban ölkəsinin qısa tarixi (1702-1722-ci illər). Rus dilində. Bakı, 1989. Səh.23).
Sonradan üsyançılara Şəki və Şirvan əhalisinin də xeyli hissəsi qoşulur və onlar Şamaxı, Gəncə, Qazax, Ağstafa, Şamxor, Bərdə ətrafına kimi gedib çıxırlar. Bu halı görən İran şahı üsyançılara amansız divan tutmağı qərara alır. Bundan əvvəl o, 1709-cu ildə əfqanların üsyanını yatırtmaq üçün Məhəmməd Zaman xanı və yeddi xanı «şeytanabənzər» döyüşçülərdən ibarət böyük bir qoşunla Qəndahara göndərmişdi. Lakin üsyançılar bu qoşunu darmadağın etmiş, Məhəmməd Zaman xan Mirəvəzdən aman diləyərək, onun tərəfinə keçmişdi. (Bax: «Kaime» Bedreddinzade Ali-beə // İzvestiə Akademii Nauk Azerbay-djanskoy SSR, seriə istorii, filosofii i prava, 1988, №3, s.69).
Şahın bütün səylərinə baxmayaraq, Qanlı Şabanın və Molla Abdullahın silahlı dəstələri tez-tez müxtəlif yerlərdə peyda olur, İran qarnizonlarına qəfil zərbələr endirirdilər. Arxiv materiallarından göründüyü kimi, Qanlı Şabanla bacara bilməyən şah, nəhayət, onu var-dövlətlə, pulla ələ almaq istəyir və hətta bir mahalı tamamilə onun ixtiyarına vermək qərarına gəlir. Lakin şahın niyyəti baş tutmur. Əvvəllər bu üsuldan istifadə edən şah bölgənin hakimlərinə və güc sahiblərinə çoxlu miqdarda pul ödəyirdi ki, onlar İran hakimiyyəti altında olan ərazilərə basqınlalar etməsinlər. Amma son vaxtlar Şirvan bəylərbəyləri şah tərəfindən carlılara ayrılmış məvacibi də özləri mənimsəyirdilər. Bu səbəbdən carlılar 1711-ci ildə Şirvana basqın etmişdilər. (Bax: Leviatov V.N. Oçerki istorii Azerbaydjana v XVIII v. Baku, 1948, s.66).
Şahın üsyançılar qarşısında aciz qaldığını Əli bəy Bədrəddinzadə belə qələmə almışdı: «... Qiyamçıları ram etməkdə [şah] gücsüz və aciz qaldığı bir vaxtda min yüz iyirmi səkkizinci (1716) ildə ölkənin [Əcəmin] qərbində Carxar (Car - M.M.) nahiyəsinin dörd kəndindən Qanlı Şaban və Molla Abdullah adlı ləzgilərin başçılıq etdikləri iki minə yaxın ləzgi Tiflis ətrafında peyda olur. Üç il dalbadal onlar Tiflis nahiyəsinə və Gəncəyə gecə hücumları edərək, evlərə od vurmuş, monastırların qızıl-gümüş əşyalarını, cəvahiratını, bəzək əşyalarını zorla ələ keçirmiş, qadınları və uşaqları kölə kimi aparmış, yüksək mövqe tutmuş şəxsləri öldürmüş və boğmuşlar. Mahir atıcılar, igid və cəsur döyüşçülər kimi məşhur olan dinsiz gürcülər [baxmayaraq ki] dəfələrlə onları [ləzgiləri] dəf etsələr də, qətlə yetirsələr də, bu qüvvə[ləzgilər] qarşısında tab gətirə bilmədilər. Nəcib öyüdə müvafiq olaraq. Döyüşçü müsəlmanlar, «axı bizim qoşunumuz basılmazdır», o, neçə-neçə qələbələr qazanıb, alçaq kafirlər darmadağın edilib və lənətlənib, çoxlu yüksək mövqe tutan şəxslər davaya düçar olaraq, qasırğa küləyi ilə əzilib və oda düşüb, ləzgilərin dəstəsi isə gündən-günə irəli gedib.
Şah tərəfindən vəzifə verilmiş adamlardan biri, əslən ləzgi olan Saxur bəyi Əli Sultan yuxarıda adları çəkilmiş ləzgilərlə (Qanlı Şabanla və Molla Abdullahla) birləşməyə nail olandan sonra nüfuzlu şəxslərdən birinə çevrildi. Xatırlanan Tiflis xanı, düz yoldan sapmış Vaxtanq və kafir gürcülər uzun müddət tab gətirə bilməyəcəklərini [ləzgilərin qarşısında] başa düşərək və müzakirə edərək [bu məsələni] yuxarıda xatırlanan xalqdan aman dilədilər. Adı çəkilən xalq isə «Əfv etmək qələbənin zəkatıdır» düşüncəsinə [kəlamına] rəğmən onları bağışladı». («Kaime» Bedreddinzade Ali-beə // İzvestiə Akademii Nauk Azerbaydjanskoy SSR, seriə istorii, filosofii i prava, 1988, №3, s.71).

Şabanın şərti
Gürcü carı VI Vaxtanqın İran şahının təbəəsi olduğunu yaxşı bilən Qanlı Şaban onun qarşısında şərt qoymuşdu ki, İran tərəfdən üsyançı dəstələrə qarşı vuruşmasın. Şərtə əməl olunsa, Vaxtanq öz ölkəsinin əmin-amanlığını təmin edə bilər. Şərt pozulsa, onun torpaqlarına basqınlar davam edəcək və gürcü carı ələ keçirilərək öldürüləcək. Şabanın sözünə əməl edən cəsur döyüşçü olduğunu, şah qoşunları ilə döyüşlərdə qələbə çaldığını, «Qanlı» təxəllüsünü elə-belə qazanmadığını yaxşı dərk edən VI Vaxtanq ondan ehtiyat edirdi və sözünə əməl etməyə məcbur idi. Maraqlıdır ki, Əli bəy Bədrəddinzadənin «təmiz olmayan nəsldən törəmiş, öz təbiətinə görə xainliyə meylli, yaxşılıq bilməyən insan» kimi xarakterizə etdiyi VI Vaxtanq altı il şərtə əməl etmiş, şahın dəfələrlə təkid etməsinə baxmayaraq, bir dəfə də olsun üsyançılarla döyüşməyə getməmişdi.
Gürcü carının Qanlı Şabanın şərtinə necə əməl etdiyini Əli bəy Bədrəddinzadə belə qələmə alıb: «O uğurlu il (1135/1722) gələnə kimi onların arasında sakitlik, təhlükəsizlik və riyakarlıq hökm sürdü. Hətta hər il onlar (gürcülər) ləzgi bəylərini və onların köməkçilərini qonaq dəvət edərək, onlara böyük hörmət və ehtiram göstərir, parça və mallar, qiymətli məmulatlar, çox qəşəng paltarlar bağışlayır, səmimi dost münasibətləri yaratmaq üçün təntənəli mərasimlər keçirirdilər». («Kaime» Bedreddinzade Ali-beə // İzvestiə Akademii Nauk Azerbaydjanskoy SSR, seriə istorii, filosofii i prava, 1988, №3, s.71).
VI Vaxtanqı neytrallaşdıran Qanlı Şaban İran işğalçılarına qarşı daha geniş miqyasda mübarizə aparmaq üçün ilk növbədə Əli Sultanla birləşməyi qərara aldı. Əslində Əli Sultan özü buna təşəbbüs göstərmişdi. Çünki ona kimi Qanlı Şabanın dəstəsi dəfələrlə şah qoşunları  ilə üzləşmişdi və hər dəfə qələbə qazanaraq ad çıxarmışdı. Üsyançı dəstələrinin birləşməsi ilə əlaqədar Əli bəy Bədrəddinzadənin yazdıqları maraq doğurur. Onun qeydlərindən aydın görünür ki, Əli Sultan bu birləşməyə nail olmaq istəyirdi: «Əslən ləzgi olan Saxur bəyi Əli Sultan yuxarıda adları çəkilən ləzgilərlə (Qanlı Şabanla və Molla Abdullahla) birləşməyə nail olandan sonra nüfüzlu şəxslərdən birinə çevrildi». (Bax: Yenə orada, səh.71).
Birləşəndən sonra üsyançı dəstələri daha da gücləndi və şah qoşunları üçün onlarla mübarizə aparmaq olduqca çətinləşdi. Qanlı Şabanın və Əli Sultanın dəstələri şah qoşunlarına ağır zərbələr endirərək, çox vacib olan ilk parlaq qələbələr qazandılar.

İlk qələbələr
Birləşmiş üsyançı dəstələrinin uğurları ilə bağlı alban tarixçisi Yesai Həsən Cəlalyan yazmışdı: «Şah Şamaxıdakı, Gəncədəki və onların rayonlarındakı İran qoşunlarına ləzgilərlə döyüşməkdən ötrü nə qədər əmr edirdisə də, həmin şəhərlərin xanları nə qədər cəhd göstərirdilərsə də, onlar ləzgilərin qarşısında tab gətirə bilmir, məğlubiyyətə uğrayırdılar. Məsələn, Şamaxı xanı Həsən Əli on beş minlik qoşunu ilə onların sərhəddinə gəldi, amma onlar (ləzgilər) səhər alatoranlıqdan qəfil hücuma keçərək, bu qoşunun böyük bir hissəsini darmadağın etdilər. Xan öldürüldü və qoşundan sağ qalanlar qaçmağa üz qoydular.
Onlara qarşı Gəncə hakimi Uğurlu xan da döyüşdü, lakin Şamxor yaxınlığında məğlub olaraq, qaçdı və Gəncədə gizləndi. Bir müddət onlara Şəkinin hakimi Kiçik xan müqavimət göstərdi, amma o da öldürüldü.
Bundan sonra qəzəbli ləzgi tayfaları daha böyük inadla döyüşməyə başladılar və Kaxetiyaya, iberlərə əl qaldırdılar. Baş verən bir neçə amansız döyüşdə hər iki tərəfdən çoxlu qan töküldü. Kaxetiya hakimi İmam Qulu xan üç dəfə qaçdı, onun varidatı talan edildi.
Beləliklə ilbəil irəliləyən (ləzgilər) onun (İmam Qulu xanın) bütün ölkəsini, hətta atasının şahlıq sarayını dağıtdılar və sonra yepiskop evindən yan keçərək, Tuşin dağlarının müdafiə səddlərinə qalxdılar». (Yesai Həsən Cəlalyan. Alban ölkəsinin qısa tarixi (1702-1722-ci illər). Rus dilində. Bakı, 1989. Səh.24).

Müzəffər Məlikməmmədov
(ardı var)

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
Агалкьунрин 20 йис Sənət sevgisi Пятилетний юбилей Диана Юзбегова: "журналистика зи уьмуьр я" Дидед чIалаз икрамзава
Статьи из этой рубрики
Qanlı Şaban Gimri qəhrəmanı Yüz min lənət Dərbəndin baş alimi Bağdad fakihi
ЦIИЙИ ТИЛИТ
№: 8(324)
сентябрь, 2018

Скачать PDF

РУБРИКИ

ПОЛЕЗНОЕ