Məşhur ləzgilər | 10(281) 2014

(Əvvəli qəzetin 26 sentyabr 2014-cü il tarixli sayında)
Hələ bir neçə ay əvvəl rus qoşunlarının Gimriyə zərbə endirəcəyini öyrənən İmam Qazıməhəmməd müəllimi Şeyx Məhəmməd Yaraqvinin və silahdaşı Şamilin köməyi ilə kəndin müdafiəsinə hazırlaşır. Gimri dərəsinin ən dar yerində müşahidə qülləsi tikdirir, bir neçə yerdə pusqu qurur. Əsas qüvvələri Eripeli yolu istiqamətində yerləşdirərək, özü on dörd ən cəsur muridi ilə təzə qülləyə çəkilir. Əslində düşməni qarşılamaq üçün kifayət qədər hazırlıq görülməmişdi. İmam Qazıməhəmməd bir qədər arxayınçılığa yol vermişdi. Bu, onun ehtiyatsızlığı idi. Digər tərəfdən, başqa gimrililər kimi o da əmin idi ki, rus qoşunları dağ cığırları ilə əlçatmaz yerdə yerləşən Gimriyə gəlib çıxa bilməzlər. Hətta kənddə belə bir misal var idi: “Ruslar ancaq yağış olub yağsalar, Gimriyə gələ bilərlər”. Lakin 81-ci Abşeron polkunun ştabs-kapitanı L.Boquslavskinin yazdığı kimi, “bu dəfə Gimrinin tutulması qəti qərara alınmışdı. Baron Rozen dağlılara sübüt etmək istəyirdi ki, ruslardan ötrü əlçatmaz yerlər mövcud deyil”. (Bax: Богуславский Л. История Апшеронского полка. СПб, 1892. Т.I. с.422).
Dağ şəraitində vuruşmaq üçün yeni taktika seçən Rozen bu sahədə təcrübə toplamış ən cəsur əsgərlərini döyüşə səfərbər etmişdi. Gimrinin müdafiəsinə qalxanlar arasında isə belə təcrübəyə malik olanlar az idi. Cəmi iki dəstə - Qazıməhəmmədin 300 nəfərlik və Əhməd əl-Qubavinin 500 nəfərlik dəstəsi bir neçə dəfə rus qoşunlarına qarşı vuruşmuşdu. Daha iki dəstə vaxtında döyüşə qatıla bilməmişdi. Min nəfərlə gimrililərə köməyə gələn Həmzət bəy düşmən mühasirəsini yara bilməmiş, Abşeron polkunun batalyonları ilə vuruşmada uğursuzluğa düçar olmuşdu. Bu səbəbdən o, qətiyyətsizlik göstərərək, axıradək döyüşməmişdi. Döyüşsəydi, düşmənin xeyli qüvvəsini Gimridən yayındıra bilərdi. Lakin Həmzət bəy irəli getmək əvəzinə geri çəkilmişdi.
Zuxullu Hacı Əli Əsgər isə 500 nəfərlik dəstəsi ilə Gimriyə çatanda burada döyüşlər səngimişdi. Odur ki, təşvişə düşərək, Şeyx Məhəmməd Yarağvini axtarmağa başlayır. Tezliklə qalın meşəyə çəkilmiş şeyxi bir neçə gimrili ilə birlikdə tapır və İrqanaya gətirir. (Bax: ЦГВИА. Ф. ВУА. Д. 6512. Л. 28).
Tarixi mənbələrdə və arxiv materiallarında Gimri döyüşünün təfsilatı belə verilir. Müdafiəyə hazırlıq işlərini başa çatdırandan sonra Qazıməhəmməd kənd əhalisi qarşısında çıxış edir. O, öz çıxışında deyir: “ Ey insanlar, siz əsil müsəlman deyilsiniz. Siz müqəddəs şəriətə inanmır, peyğəmbərin vəsiyyətlətinə əməl etmir, kafirlərə aldanırsınız. Sizə deyirəm: nə qədər ki, Dağıstan rusların tapdağı altındadır, siz xoşbəxt olmayacaqsınız...
Mən Allah tərəfindən göndərilmişəm ki, sizi xilas edim. Ulu tanrı və peyğəmbər naminə sizi dinsizlərə və imansızlara qarşı mübarizəyə səsləyirəm. Ruslara qarşı cihad, dini və şəriəti unudan hamıya qarşı cihad... Bu andan biz cihada başlayırıq. Hazır olun”. (Bax: Окольничий Н. А. Мюридизм. Военный сборник, 1859. № 2).
Bu çıxışdan ruhlanan dağlılar döyüş mövqeyini tutub rusların yolunu gözləməyə başlayır. Bir neçə gün ərzində yerli şəraiti yaxşı öyrənən Əhməd əl-Qubavi imama Eripeli istiqamətindəki qüvvələrin bir hissəsini Karanay yolunda yerləşdirməyi məsləhət görür. Lakin Qazıməhəmməd bu səmtdən o qədər də təhlükə gözləmədiyini bildirib, heç bir dəyişiklik etmir. Bununla da böyük səhvə yol verir.
Rus qoşunlarının kəndə gimrililərin gözləmədikləri vaxtda, qəfil yaxınlaşması müridlər arasında bir qədər çaşqınlıq yaradır. Düşmənin əsas qüvvələrinin Karanay səmtindən hərəkət etdiyini biləndə Qazıməhəmməd səhvini başa düşür. Amma vəziyyəti dəyişmək mümkün deyildi. Buna baxmayaraq, Əhməd əl-Qubavi öz dəstəsi ilə Karanay səmtinə yeriyir və əlverişsiz bir yerdə mövqe tutmağa məcbur olur. Düşmənin silah və canlı qüvvə sarıdan qat-qat üstün olduğunu görəndə axıradək döyüşməyi, rus qoşunlarının irəliləməsini olduqca cox ləngitməyi qərara alır. General-leytenant Velyaminov isə kəndə sürətlə daxil olmaq istəyirdi. Bu məqsədlə o, dağ şəraitindəki döyüşlərdə xüsusilə fərqlənən Butır polkunu irəli vermişdi. Onun əsgərləri aldadıcı manevrlər edərək, elə sürətlə irəliləyirdilər ki, sanki dağlarda deyil, düzəndə hücuma keçirdilər. Bu cəhət Əhmədin diqqətindən yayınmadı. Ona görə də ən yaxşı atıcıları ön xətdə yerləşdirdi. Amansız döyüşün ilk saatlarında ruslar xeyli itki verdi. Əhmədin də yüzə yaxın adamı həlak oldu.
İkinci həmlədə dağlılarla qoşun arasındakı məsafəni daraltmaq üçün ruslar yaylım atəşə keçdilər. Onlar avarlarla ləzgilərin sursatını tükəndirmək və əlbəyaxa döyüşə keçmək üçün özlərinə əlverişli şərait yaradırdılar. Əhməd də yaxşı başa düşürdü ki, düşmən nə qədər çox yaxınlaşsa, müdafiə olunmaq bir o qədər çətinləşəcək. Bir azdan rusların Moskva polkunun əsgərləri də döyüşə atıldı. Dağlılar güclü sel qarşısında qalan çay daşları kimi son dəfə axına müqavimət göstərməyi qət etdilər. Rusların getdikcə daha da yaxınlaşdığını və əlbəyaxa döyüşün qaçılmaz olduğunu görən Əhməd əl-Qubavi düşmənə son gücünü göstərmək üçün şir kimi irəli atıldı. Onun silahdaşları da bu sıçrayışdan ruhlanaraq amansız döyüşə girişdilər. Son nəfəslərinədək vuruşan, kiçik qüvvə ilə 7 saatdan çox düşmənin qarşısını kəsərək, ona güclü müqavimət göstərən dağlılar hamı bir nəfər kimi həlak oldu. Sonralar general-leytenant Velyaminov bu döyüşü xatırlayaraq demişdi: “Cəmi 500-600 nəfər dağlı bizim minlərlə əsgərimiz qarşısında keçilməz səddə çevrilmişdi”.
Çox keçmədən rus əsgərləri Gimri dərəsindəki qülləyə çatdılar. Onlardan ən cəsurları qüllənin damına çıxıb oradan içəridəkiləri atəşə tutmağa başladılar. Hər tərəfdən mühasirəyə alındığını görən Qazıməhəmməd müridlərini pəncərələrdən düşmənin üstünə tullanmağa səslədi. Onların tərəddüd etdiyini görəndə qılıncını siyirib özü atıldı. Rus əsgərlərinin süngüləri havada onun bədənini deşik-deşik etdi. Qazıməhəmmədin ardınca qüllədən tullanan Şamil süngülərini göyə qaldırmış əsgərlərdən bir qədər aralıda yerə düşür. Qarşısına çıxanları qılıncdan keçirib, yaralı halda düşməndən yayınmağa nail olur. (Bax: Мухаммед Тахир. Три имама. Махачкала, 1991. с. 25-26).
1832-ci ilin oktyabrın 17-də Gimrini tutub döyüşən əhaliyə divan tutan işğalçılar kəndi od vurub yandırdılar. Çox az adam canını qurtarıb meşələrə və qayalara sığındı. Lakin rus generalları Qazıməhəmmədin və Şamilin vətəni olan bu kəndi yer üzündən silə bilmədilər. Əksinə, bir müddətdən sonra burada azadlıq mübarizəsinin yeni qığılcımları alovlandı.
Sonralar Gimri qəhrəmanlarını, onlardan biri olan Əhməd əl-Qubavini xatırlayan Şeyx Məhəmməd Yaraqvi demişdi: “Onlar ağır döyüşlərin qurbanları kimi deyil, əfsanəvi qəhrəmanlar kimi o dünyaya qovuşdular”. Tarixçilərin qeyd etdikləri kimi, bu sözlər təsadüfü deyilməmişdi. Rus generalları bəzi qəhrəmanların cənazələrini görəndə heyrətə gəlmiş, onları vahimə içərisində süzmüşdülər. Qazıməhəmməd sol əli ilə saqqalını tutmuşdu. Yuxarı qalxmış sağ əli ilə səmanı göstərirdi. Onun üzündə bir əmin-amanlıq hiss olunurdu. Sanki o, amansız döyüşdə həyatını dəyişməmiş, gözəl bir yuxuya dalmışdı. Əhməd əl-Qubavi bədəninə iki süngü sancılmış halda qalmışdı. O, süngüləri sancan hər iki rus əsgərini öldürmüşdü. Əsgərlər onun ayaqlarına yıxılmış halda uzanmışdı. Əhməd sağ əli ilə qılıncı yuxarı qaldırmışdı. Cəsədi qan içində olsa da, üzündə təbəssüm vardı. Elə bil süngülərdən heç bir ağrı çəkməmişdi. Bu, əsil möcüzə idi. Sonralar Şeyx Məhəmməd Yarağvinin oğlu İsmayıl Yarağvi atasının bioqrafiyasını yazanda Gimri döyüşündə həlak olmuş qəhrəmanlar haqqında belə bir fikir söyləmişdi: “ Onlar ölüləri deyil, amansız vuruşmadan sonra yenidən döyüşə atılmağa hazır qəhrəmanları xatırladırdılar”.
Həmin bioqrafiyada vuruşma vaxtı Qazıməhəmməd və Molla Əhməd əl-Qubavi ilə yanaşı Hacəli əfəndi, Nurməhəmməd əl-Qaxi, Suleyman əfəndi kimi qəhrəmanların da həlak olduğu göstərilir. (Bax: Арабские рукописи Института Востоковедения АН СССР. Краткий каталог. М., 1986. Ч. II. с. 422). İsmayıl Yarağvi onları “son dərəcə igid və çox ləyaqətli insanlar” adlandırır.
Комментарии к статье
Будьте первым кто оставит комментарий к статье.Оставить комментарий