Məşhur ləzgilər | 5(276) 2014


Şair taleləri çox vaxt bir-birinə bənzəyir: kasıb güzəran, əzab-əziyyət, istedada görə cəzalanmalar, sağlığında qiymətini almamaq, sayılıb-seçiləndə paxılların, düşmənlərin hədəfinə çevrilmək. Belə talelərə onlarca misal gətirmək olar. Amma onlardan biri məni daha çox sarsıdır. Uşaqlığında və gəncliyində bir tikə çörəyə möhtac qalan, ömrünün çox hissəsini yoxsulluqla keçirən, lakin talenin bütün məhrumiyyətlərinə baxmayaraq, nökərlikdən və qalayçılıqdan Dağıstanın xalq şairi, SSRİ kimi nəhəng bir dövlətin millət vəkili zirvələrinə ucalan Tahir Alimovun (Xürük Tahirin) taleyi.
O, iki dəfə SSRİ və Dağıstan ali sovetlərinə deputat seçilmiş, iki dəfə “Qırmızı Əmək Bayrağı”ordeninə layiq görülmüşdü. Xalqın böyük məhəbbət bəslədiyi şair üçüncü dəfə SSRİ Ali Sovetinə deputatlığa namizəd göstərilmişdi. Lakin amansız ölüm onu 1958-ci ilin martın 16-na təyin edilmiş seçkilər gününədək aramızdan apardı. Şair həmin ilin fevralın 23-də Dərbənddə seçicilərlə görüşüb doğma kəndinə qayıdarkən yolda keçindi. Qəfil ölüm Dağıstanın bütün xalqlarını sarsıtdı. Onu son mənzilə yola salmaq üçün respublikanın hər yerindən minlərlə insanın Xürükə gəlməsi şairə xalq məhəbbətinin təzahürü idi. Sonralar qəzetlərin yazdığı kimi, kiçik bir kənd olan Xürük ardı-arası kəsilməyən insan selinə güclə tab gətirirdi. Xalq onu sevirdi, lakin sevməyənlər də var idi. Onu gözü götürməyənlər, paxıllığını çəkənlər bir deyildi, iki deyildi.
Onun düşmənləri çox idi
1991-ci ilin yazında Axtıda Xürük Tahirin büstünün uçurulması xəbərini eşidən kimi, oraya yollandım. Həqi-qətən də bir qrup vəhşi onun ruhunu təhqir etmişdi. Yerli adamların dediklərinə görə bəziləri Xürük Tahir kommunist olduğuna, partiyaya çoxlu şeirlər həsr etdiyinə görə ondan qisas alıblar. Həmsöhbətlərimi başa saldım ki, əvvələn, şairin şeirlərinin çoxu deyil, bir qismi partiyaya aiddir. Ikincisi, o vaxt hansı şair partiyaya şeir yazmayıb ki? Xürük Tahirin əsərlərinin əksəriyyəti vətənə, xalqa, müharibə və əmək qəhrəmanlarına, təbiətə və məhəbbətə həsr olunub. Onun fa-şizmi, müharibəni lənətləyən, ləzgi və Sovet poeziyasının inciləri sayılan şeirləri və poemaları necə olsun? Şairin lirik şeirlərinə bəstələnmiş, xalq mahnıları kimi hamını ovsunlayan “Gözələ”, “Səlminaz”, “Baxçada üç qız var”, “Hürü, səni vəsf eləyim”, “Gözəlin nişanələri”, “Bir aydır dəyib aramız”, “Yaxşıdır, oğlan, yaxşıdır”, “Bir qızın durnaya dedikləri”və neçə-neçə başqa mahnılar bu gün də ruhumuza dad vermirmi? Bəzi sovet şairlərinin onun “Hitlеr kimdir?”, “Azadlıq”, “Sülhün səsi”, “Lənət” şeirlərinə, “Qara qızıl”, “Səma pəhləvanı”, “Dörd il” poemalarına və başqa əsərlərinə yüksək qiymət verməsi təsadüfi deyildi axı.
Mənimlə həmfikir olanlar çox idi. Suallarımı cavabsız qoyanlar da tapıldı. Nəhayət, ağsaqqallardan biri dilləndi: “Ay oğul, Tahirin düşmənləri çox olub”. Bu sözlər məni tutdu: “Əlbəttə, yaxşı şairin dostları ilə yanaşı düşmənləri də olur”, - dedim. Qəribədir ki, o vaxt bu hadisəni ört-basdır etdilər. Müqəssirləri tapıb cəzalandırmadılar. Əksər qələm sahibləri də susdular. Ictimai qınağın olmaması poeziyamızın zirvələrindən biri sayılan Xürük Tahirin ruhuna böyük hörmətsizlik idi. Bu haqsızlığa dözə bilmədim. “Gələcək” adlı poemamda şairin büstünü uçuranları lənətlədim. 1991-ci ilin oktyabrın 27-də Mahaç-qalada ləzgi yazıçılarının I qurultayında həmin poemanı oxuyanda hamı ayağa qalxıb gürültulu alqışlarla şairin xatirəsini yad etdi.
Bəs sadə, xeyirxah və nəcib qələm sahibinin düşmənləri necə peyda olub? Buna səbəb Xürük Tahirin öz mövzularını həyatdan alması, qarşılaşdığı haqsızlıqları, nadanları yerindəcə tənqid etməsi idi. Acı taleyi ona çox şeyi öyrətmişdi. Hələ Oktyabr inqilabından əvvəl ailəsini saxlamaq üçün Şəkidə və Bakıda nökərlik etməsi, sonrakı illərdə qalayçı kimi bir-bir kəndləri gəzməsi, nəhayət, ailəsinin yeganə ümidi olan atı öləndə onun boynunu qucaqlayıb zar-zar ağlaması, “Yabı” adlı şerini yazması heç vaxt yadından çıxmırdı. Belə bir insan haqsızlığa dözə bilməzdi və dözmürdü də. Ona görə ötən əsrin 30-cu illərində tısbağa üstündə karikaturasını çəkib qəzetə çıxartmışdılar. Sərxoşluqla məşğul olan kənd soveti və kolxoz rəhbərlərini tənqid atəşinə tutduğuna görə şairi səsvermə hüququndan məhrum etmişdilər. (Bax: Ə. Ağayev. Ləzgi ədəbiyyatı (ləzgi dilində). Mahaçqala, 1959. Səh. 155-157). Bir neçə il sonra kolxoza rəhbərlik edəndə iki dəfə qolçomaqlar tərəfindən sui-qəsdə məruz qalmışdı.
Düşmənlərin hədə-qorxuları onu haqq yolundan sapdıra bilmədi. Əlibəy Fətahov, Süleyman Stalski, Hacıbəy Hacıbəyov, Ağalar Hacıyev kimi məşhur ləzgi şairlərinin və alimlərinin köməyi ilə daha da püxtələşən, Dağıstan ədəbiyyatında layiqli yer tutan Xürük Tahiri gözü götürməyənlər sonralar da tapıldı. Ötən əsrin 50-ci ilərində o, Dağıstanın altı xalq şairindən biri idi. Yaradıcılıq uğurlarına görə onun adı XX əsrin Homeri olan Suleyman Stalskidən sonra çəkilməli idi. Lakin o vaxtkı siyasi qüvvələr buna imkan vermədilər. Sonralar respublikanın yazıçılar ittifaqında Tahirin əleyhdarları tapıldı. Bunlar hamısı şairin yaradıcılığına, onun xalq arasındakı nüfuzuna paxıllıqdan irəli gəlirdi. Bu fikri sübuta yetirən bircə misal gətirmək kifayətdir. 1993-cü ildə Xürük Tahirin anadan olmasının 100 illiyinin qeyd olunması ilə əlaqədər Dağıstan Yazıçılar İttifaqı Axtı rayo-nunun müdiriyyəti ilə birgə qərar qəbul etdi. Həmin qərarda rayonun bir təsərrüfatına və şəhərin bir küçəsinə şairin adının verilməsi, seçilmiş əsərlərinin nəşri, onun Xürükdəki ev-muzeyinə dövlət statusu verilməsi və bir sıra başqa tədbirlər nəzərdə tutulmuşdu. Lakin deyilənlərin hamısı kağız üzərində qaldı. Ötən il şairin 120 illik yubileyinə də etinasız münasibət bəsləndi. Bədxahlarının qara niyyətlərinə baxmayaraq, Dağıstan həyatının bir sıra önəmli məsələlərinin Xürük Tahirin adı ilə bağlı olmasını, onun dövrünün qəhrəman şairi kimi tanınmasını heç kəs inkar idə bilməz.
Qəhrəman şair
Dağıstan xalqının sevimlisi, 1942-1948-cu illərdə bu respublikada vilayət partiya komitəsinin birinci katibi işləmiş Əziz Əliyev Xürük Tahiri qəhrəman şair adlandırmışdı. Bu, təsadüfi deyildi. O, səriştəli təsərrüfatçı, həm də yaxşı şair kimi rəhbərin diqqətini cəlb etmişdi. Ona görə də 1942-ci ilin oktyabrında vilayət partiya komitəsinin qərarı ilə cəbhəyə, döyüşçülərlə görüşə göndərilən 8 ağsaqqaldan biri Xürük Tahir idi. (Bax: ЦГА РД. Ф. 1-n. On. 23. Д. 13. Л. 46-47). Görüş zamanı Ə.Əliyev kimin hansı dildə çıxış edəcəyini soruşmuşdu. Xürük Tahir ləzgi, Azərbaycan və rus dillərində danışacağını bildirmışdi. Rəhbər bundan məmnun qalmış: “Afərin, sən bütün dillərə hörmətlə yanaşırsan, mən bunu alqışlayıram”, - demişdi. Ön cəbhədə heç nədən qorxmadan döyüşçülərə həyan olan və buna görə də qəhrəman şair adlandırılan Xürük Tahir bir neçə aydan sonra, 1943-cü ilin martın 4-də Dağıstanın xalq şairi adına layiq görülür (Bax: ЦГА РД. Ф. 1-n. Оn. 27. Д. 13. Л. 346-347).
Bundan sonra o, Əziz Əliyevlə daha tez-tez görüşür. Görüşlərin birində şair məktəblərdə təhsilin səviyyəsi-nin yüksəldilməsindən ötrü öz təkliflərini bildirir. Rəhbər bu təklifləri bəyənir. Həmin təkliflər Dağırtan Vila-yət Partiya Komitə-sinin XXIII plenumunda respublika məktəblərinin vəziyyəti və onların fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı qərarın qəbul edilməsində mühüm rol oynamışdı (Bax: ЦГА РД. Ф. 1-n. Оn. 21. Д. 9-а. Л. 69).
1943-1944-cu illərdə bir neçə rayonda, o cümlədən Axtıda yüzlərlə uşaq təhsildən kənarda qalmışdı. Bu sahədə vəziyyətin yaxşılaşdırılmasından ötrü Əziz Əliyev ciddi tədbirlər həyata keçirirdi. (Bax: ЦГА РД. Ф. 1-n. Оn. 27. Д. 6. Л. 57-67). Onun tapşırığı ilə Xürük Tahir 1944-1945-ci tədris ilində Axtı rayonunda 4 məktəbin tikilib istifadəyə verilməsində yaxından iştirak etmişdi. Bundan sonra deputat olduğu dövrdə Cənubi Dağıstanın inkişaf etdi-rilməsindən ötrü böyük səy göstərdi. Onun təşəbbüsü ilə Suleyman Stalski rayonundakı Gərəyxanov adına kombinat yenidən quruldu, işçilər üçün evlər tikildi. Məhərrəmkəndə içməli su kəməri çəkildi. Belici qəsəbəsində avtobaza yaradıldı və bir sıra digər işlər görüldü.
Təəssüf ki, bədxahları onun xalq və dövlət qarşısındakı xidmətlərinin üs-tündən xətt çəkmək istəyirlər. Şair sanki bunu əvvəlcədən hiss edərək, bir şerində düşmənlərinə üzünü tutub yazmışdı:
Sözüm sənə töhmət olsun!
Ömrün qısa möhlət olsun!
Dediyində sərhəd olsun!
Yoxsa söylər Xürük Tahir:
Sənə yüz min lənət olsun!
Necə də gözəl deyilib! Öz xalqının layiqli övladlarını bəyənməyən, onlara qara yaxan paxıllara və bədxahlara bir dəfə lənət demək azdır. Yüz min lənət!
Müzəffər Məlikməmmədov
Комментарии к статье
Будьте первым кто оставит комментарий к статье.Оставить комментарий