Qanlı Şaban
Məşhur ləzgilər   |  11(246) 2011      

(Əvvəli qəzetimizin 27 oktyabr 2011-ci il tarixli sayında)
Ləzgi üsyançılarının qələbələri şah Sultan Huseyni bərk qorxuya salır. O, ruslardan yararlanmaq və onların köməyi ilə Şirvanda xalq hərəkatını yatırtmaq qərarına gəlir və bu niyyətlə 1713-cü ildə öz nümayəndəsi Fəzlulla bəyi Peterburqa göndərir. O, burada ruslarla dostluq və ticarət müqaviləsini bağlamalı idi. Bu, Rusiyanın Şərq siyasətində fəallışdığı dövrə təsadüf etsə də, şah və çar sarayları arasında bir o qədər də sıx əlaqələr yaranmadı. I Pyotr Xəzəri Rusiyanın daxili gölünə çevirmək niyyəti ilə ilk növbədə Xəzəryanı vilayətlərdə vəziyyəti öyrənmək üçün yaxın adamı olan A.P.Volınskini öz nümayəndəsi kimi Səfəvi dövlətinə göndərdi. Volınskiyə yerli şəraiti, qoşunların hərəkətindən ötrü karvan yollarını, səfəvi ordusunun vəziyyətini öyrənmək tapşırılmışdı.
Yeddi ay Şamaxıda qalan Volınski ləzgilərin antiiran əhval-ruhiyyəsi, onların üsyanı, şah qarnizonlarına qəfil zərbələr endirməsi, onlarca kəndləri azad etməsi, Şamaxı ətrafındakı döyüşləri, ayrı-ayrı silahlı dəstələrin, o cümlədən Qanlı Şabanın başçılıq etdiyi dəstənin qəfil hücumları barədə I Pyotra ətraflı məlumat vermişdi. (Bax: ÜQADA, f. SRII, op. 77. (1715-1718), dok. 2, l.403).
1712-1714-cü illərdə mübarizə daha da geniş vüsət alır. Axtıpara əhalisi Hacı Davuda və Surxaya kömək etmək məqsədi ilə yeni silahlı dəstələr yaradır və şah qarnizonlarına qarşı döyüşlərdə fəal iştirak edir. (Bax: İstoriə, qeoqrafiə i gtnoqrafiə Daqestana XVIII-XIX vv. Arxivnıe materialı. M., 1958, s. 78). Vəziyyətin gərginləşdiyini görən İran şahı Samur çayı sahilində ləzgilərin hücumlarından müdafiə olunmaq üçün çiy kirpiçdən qalın divarlara malik müdafiə qurğuları tikdirir. Sonrakı döyüşlərdə Hacı Davudun dəstələri həmin qurğuları ələ keçirmiş və dağıtmışdılar. Bu dövrdə mübarizə o səviyyəyə çatmsışdı ki, üsyançılar işğalçıları Cənubi Dağıstandan tamamilə qovub çıxarmış, şahın Dərbənd hakimi İrana qaçmışdı. (Bax: Hanway J. An historical account of the British trade over the Caspian Sea. London. Vol.2. 1762, p. 25).
Həm bu, həm də digər müəlliflərin verdikləri məlumatlara görə Şəki vilayətində də şah əleyhinə narazılıqlar artır. Onun göndərdiyi qaoşun üsyançıların üzərinə yeriyəndə Əli Sultanın və Qanlı Şabanın dəstələri şəkililərin köməyinə gedir. Şeki ətrafında onlar şahın qoşununa qəfil hücum edirlər. Döyüşdə işğalçıların iki mindən çox əsgəri sıradan çıxarılır. Müdafiə mövqeyi seçən qoşun burada uzun müddət davam gətirə bilmir. Molla Abdullah Şəkidən dəstə yığaraq, düşmənin gözləmədiyi səmtdən hücuma keçir. Bundan sonra Qanlı Şaban şah qoşununun sağ cinahını tamamilə sıradan çıxarır. Dar dərəyə sıxışdırılan və çıxılmaz vəziyyətə düşən düşmən ya axıradək döyüşməli, ya da təslim olmalı idi. O, döyüşməyi qərara alır. Bunu görən Əli Sultan və Qanlı Şaban yerli əhalini ayağa qaldırır. Yüzlərlə şəkili könüllü olaraq üsyançılara qoşulur. Üç gün davam edən döyüşlərdə daha iki mindən çox əsgərini itirən şah qoşunu geçə geri çəkilməyə başlayır. Bu planı başa düşən Qanlı Şaban öz dəstəsi ilə düşmənə tələ qurur. Geri çəkilən qoşun qəfil hücuma məruz qalaraq, minədək əsgərini itirir. Bəzi mənbələrdə göstərildiyi kimi, həmin döyüşlərdə Əli Sultanın, Qanlı Şabanın və Molla Abdullahın rəhbərlik etdikləri dəstələr şahın göndərdiyi qoşunun yarısından çoxunu qırmışdı. Bundan sonra üsyançılar bir müddət düşməni təqib etmişdilər.
Qələbə Car-Balakən icmalarının və İlisu sultanlığının silahlı dəstələrinin güclənməsinə və sayca artmasına səbəb oldu. Bu dəstələr Hacı Davudun rəhbərlik etdiyi xalq azadlıq hərəkatına getdikcə daha çox kömək göstərirdi.

HACI DAVUDA KÖMƏK

Üsyançılara qarşı qərəzli mövqe tutan bəzi tarixçilər, həmçinin hadisələrin şahidi olmuş alban tarixçisi Yesai Həsən Cəlalyan o vaxt Əli Sultanın, Qanlı Şabanın və Molla Abdullahın başçılıq etdikləri silahlı dəstələrin İran işğalçıları ilə döyüşlərini, Azərbaycanın şəhər və kəndlərini onlardan azad etməsini”talanlar”, “talançı basqınlar” adlandırmışlar. Buna baxmayaraq, həmin müəlliflərin yazdıqları üsyançıların işğalçılarla döyüşdükləri, azad etdikləri yerləri müəyyən etməyə imkan verir. Yesai Həsən Cəlalyan yazır: “...Onlar (üsyançılar - M.M.) İniseli, Şəki, Pasıncıq, Mumpara vilayətlərini və çoxlu kəndləri xaraba qoydular, əhalini əsir aldılar. İndi onlar Kəndağ kəndinə gələrək, buradan hamını [sakinləri] aparmışlar.
Onlar hər il öz basqınları ilə Kür çayının hər iki sahilindəki vilayətləri qarət edirdilər: Şəki, Qəbələ, Dasana vilayətlərini, Şamaxı şəhərinin ətrafını, bu tərəfdə isə Qazax vilayətini, Ağstafanı, Əmir-Şəmşədil ölkəsini, Zəyəmi, həmçinin Gəncəbasanın dörd çayının vadilərini, Şamxor, Gəncəbasan, Voskanapat (Zurnabad kəndi - red.) vadisini, Kürəkbasanı (Kürəkçay vadisini - red.) və Partav (Bərdə - M.M.) rayonunda çoxlu kəndləri.” (Yesai Həsən Cəlalyan. Alban ölkəsinin qısa tarixi (1702-1722-ci illər). Rus dilində. Bakı, 1969, səh. 23).
Məlumatdan göründüyü kimi, Şabanın, Əli Sultanın və Molla Abdullahın dəstələri Kaxetiyanın Yeniseli vilayətində, Şəki vilayətində, Ağdaş, Qəbələ, Ağstafa, Qazax, Şamxor, Bərdə ərazilərində olmuşlar. Həmin yerlər isə İran şahının tabeliyində idi. Ona görə də üsyançılar burada talançılılıqla deyil, işğalçıları qovmaqla məşğul olmuşdular. Gəncəbasanda (Gəncə və Şamxor çaylarının vadilərində) döyüşlər daha ağır olmuşdu. Buna baxmayaraq, üsyançılar axıradək döyüşərək, işğalçıları darmadağın etmişlər.
Əli Sultanın, Qanlı Şabanın və Molla Abdullahın İran qoşunları ilə ən böyük döyüşləri Gəncə və Tiflis arasındakı düzənlikdə və Gəncədə olmuşdu. Həmin döyüşlər haqqında Əli bəy Bədrəddinzadə ətraflı məlumat verib.
Gəncə və Tiflis arasındakı düzənlikdə baş vermiş döyüş tarixə İran  ordusunun ən biabırçı məğlubiyyətlərindən biri kimi düşüb. Həm Əli bəy Bədrəddinzadənin, həm digər tarixçilərin, hətta bəzi İran müəlliflərinin də qeyd etdikləri kimi, bu döyüş şahın hərbi gücünü elə sarsıtdı ki, o, uzun müddət özünə gələ bilmədi. Şah Sultan Hüseyn üsyançılara divan tutmaq üçün ciddi hazırlıq görmüşdü. Qoşun xüsusi təlim keçmiş, yaxşı silahlanmış, böyük döyüş təcrübəsinə malik hərbi hissələrdən təşkil olunmuşdu. Ona görə də tarixçilər qoşunun “şeytanabənzər döyüşçülərdən” ibarət olduğunu xüsusilə qeyd etmişdilər. Bu qoşun əvvəlcə Əli Sultanın, Qanlı Şabanın və Molla Abdullahın başçılıq etdikləri üsyançı dəstələrini darmadağın etməli, sonra Şamaxıya, Hacı Davudun üzərinə hücuma keçməli idi. Şamaxının tutulması şahı bərk hiddətləndirmişdi və o, nəyin hesabına olur-olsun şəhəri üsyançılardan geri almaq istəyirdi. Bu məqsədlə xüsusi plan quran şah bir müddətdən sonra fikrini bir qədər dəyişdirdi. O, həm Əli Sultanla Qanlı Şabana, həm də Hacı Davuda qarşı eyni vaxtda hərbi yürüş təşkil etməyi qərara aldı.
Yeni plana görə 40 minlik qoşun Gəncə ilə Tiflis arasında Əli Sultanın, Qanlı Şabanın və Molla Abdullahın cəmləşdirdiyi 8 minlik qoşunu darmadağın etməyə başlayanda Gəncə və Yerevan hakimlərinin 30 minlik qoşunu Bərdə ətrafında birləşib Hacı Davudun üzərinə hücuma keçməli, onu Şamaxıdan qovub çıxarmalı idi. Belə şəraitdə üsyançı dəstələrinin birləşə bilməcəyini və azlıqda qalacağını fikirləşən şah onları ayrı-ayrılıqda məhv etmək istəyirdi. Qələbəni təmin etmək üçün iranlılar toplardan da istifadə edirdilər. Ləzgilərin döyüşkənliyinə yaxşı bələd olan şah hər iki cəbhədə  sayğa bir neçə qat çox qoşun səfərbər etmişdi. Bununla belə Rusiya Xarici Siyasət Arxivinin materiallarında göstərildiyi kimi, 1721-ci ilin payızında şahın bütün cəhdlərinə baxmayaraq, İran qoşunları Hacı Davudun, Əli Sultanın və Qanlı Şabanın başçılıq etdikləri üsyançı dəstələri ilə döyüşlərdə çox aciz idilər. Sənədlərdən görünür ki, Gəncə və Yerevan hakimlərinin 30 minlik qoşunu Bərdə ətrafında toplaşanda Hacı Davud gözlənilmədən hücuma keçir. Ləzgilər həmin qoşunu darmadağın edir, qoşundan sağ qalanları Arsax dağlarının ətəklərində, Tərtər çayı və Xaçen çayı düzənliyinə qədər qovub qırır. (Bax: AVPR, f. 77, 1721, d. 8. l. 6 ob.).
Gəncə və Tiflis arasındakı düzənlikdə baş verən döyüş daha amansız olmuşdu. Bu döyüşdən xalq azadlıq hərəkatının taleyi çox asılı idi. Hacı Davudun Şirvanda möhkəmlənməsindən ötrü üsyançılar ancaq qələbə çalmaq əzmi ilə vuruşurdular. Digər tərəfdən, üsyançıların qələbəsi şahın itirdiyi torpaqları geri qaytarmaq ümidini heçə çıxaracaqdı.
İran şahı I Sultan Hüseynin “şeytan kimi qorxulu” 40 minlik qoşununu ləzgilər üç səmtdə döyüşməyə məcbur edirlər. Qanlı Şaban mərkəzdə, Əli Sultan sağ cinahda, Molla Abdullah isə sol cinahda döyüşür. İlk həmlədə qoşunun avanqardını pərən-pərən salan Qanlı Şaban İran sərkərdələrini cinahlardan buraya əlavə qüvvə cəlb etmək məcburiyyətində qoyur. Qoşun ox kimi irəli çıxanda Əli Sultanın və Molla Abdullahın atlı dəstələri cinahlardan düşmən üzərinə hücuma keçir. Bunu gözləməyən İran əsgərləri özlərini itirirlər. Qüvvələrin cinahlara yönəldilməsi avanqardı əsas qoşundan ayrı salır. Bunu hiss edən Qanlı Şaban dərhal dəstəsinin başını geri döndərir və arxadan gələn əsgərlərin üzərinə atılır. Düşmən piyadasını qılıncdan keçirən ləzgi atlıları yenidən əsas qoşunun üstünə gedir. İranlılar mühasirəyə düşdüklərini zənn edib, geri çəkilmək istəyir. Lakin Əli Sultan onların yolunu kəsir. Heç yana çıxış tapmayan qoşun axıradək döyüşmək məcburiyyətində qalır. Bir neçə gündən sonra şahın qoşunu darmadağın edilir.
Tiflis və Gəncə arasındakı düzənlikdə baş vermiş döyüşlə əlaqədar Əli bəy Bədrəddinzadə yazır: “Şah öz ordusundan qırx min şeytanabənzər döyüşçü yığıb, beş xanla, Şirvan hakimi Həsən Əli xanla və hərbi rəislərlə birgə ləzgiləri məhv etməyə göndərir. Onlar Tiflislə Gəncə arasındakı geniş düzənlikdə düşərgə salırlar və ləzgiləri qırmaq qərarına gələndə adı çəkilən tayfa onların niyyətindən xəbər tutaraq, səhər alatoranlıqdan qızılbaşların ordusuna hücum edir, adı çəkilən hərbi rəisləri, xanları, vəzifəli adamları və əsgərlərin əksəriyyətini qırır, qalanlarını əsir alır, onların ordusunu, bütün əmlakını, xəzinəsini, əşyalarını və mal-qarasını ələ keçirir. Ölənlər o qədər çox idi ki, meyitlərin üfunətindən nə insanlar, nə də vəhşi heyvanlar döyüş meydanından keçə bilir, nə də quşlar uça bilirdi, insanlar bu qısa yoldan istifadə etməyi tərgitdilər.” (“Kaime” Bedreddinzade Ali-beə. İzvestiə Akademii Nauk Azerbaydjanskoy SSR. Seriə istorii, filosofii i prava, 1948, № 3, s. 72).
Ordusunun  ağır məğlubiyyətə uğradığını görən şah bir müddətdən sonra üsyançılardan qisas almaq üçün Gəncə ətrafına yeni qüvvələr göndərir. Xeyli döyüşçü itirmiş Əli Sultan və Qanlı Şaban üsyançıların hesabına dəstələrindəki boşluğu doldurub, işğalçılarla döyüşmək üçün yenidən Gəncəyə tərəf hərəkət edir.

KƏNCƏ DÖYÜŞÜ

Bu döyüş haqqında müxtəlif fikirlər mövcuddur. Bəzi müəlliflər o vaxt ləzgilərin Gəncəni tuta bilmədiyini bildirir. Digərləri isə, üsyançıların şəhərə girdiyini, amma xəyanət nəticəsində küçə döyüşlərində uğur qazana bilmədiklərini qeyd edir. Əslində Əli Sultanın və Qanlı Şabanın Gəncəni ələ keçirmək niyyəti yox idi. Hər şey İran qoşunundan sağ qalanların qaçıb Gəncədə gizlənməsi nəticəsində baş vermişdi...
Şahın göndərdiyi yeni qoşun hissələrini Gəncə ətrafında ilk qarşılayan Qanlı Şaban oldu. O, öz dəstəsi ilə İran qoşunu ilə döyüşə girişir və onun hərəkətini ləngidir. Tezliklə Əli Sultanın və Molla Abdullahın dəstələri onun köməyinə gəlir. Onlar döyüşdə daha əlverişli mövqe tutmaq üçün öz dəstələrini bir qədər geri çəkirlər. İranlılar üsyançıların geri çəkildiyini zənn edib arxayınlaşırlar. Bundan istifadə edən Qanlı Şaban qoşunu Əli Sultanın və Molla Abdullahın dəstələrinin mövqe seçdikləri yerə yönəltməyə nail olur. O, qoşuna qəfil hücum edir və dərhal da silahdaşlarının yerləşdiyi yerə doğru geri çəkilir. İran sərkərdələri Şabanın dəstəsini təqib edib qırmaq istəyəndə tələyə düşür. Bir neçə saatlıq döyüşdən sonra iranlılar geri çəkildilər.
Ertəsi gün döyüş daha ağır oldu. Şahın topçuları ləzgilərin hücumunun qarşısını almaq üçün döyüş meydanına mərmi yağışı yağdırırdı. Amma bu, çox davam etmədi.

(Ardı var)

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
«Самур» чи ивидин дамар я Təəssüf edirəm Дети танцуют «Лезгинку» Вириниз сейли композитор Кьегьалвилин чешне
Статьи из этой рубрики
Qanlı Şaban Gimri qəhrəmanı Yüz min lənət Dərbəndin baş alimi Bağdad fakihi
ЦIИЙИ ТИЛИТ
№: 8(324)
сентябрь, 2018

Скачать PDF

РУБРИКИ

ПОЛЕЗНОЕ