Daha bir elmlər doktoru Yeniliklər  |  2(273) 2014  |  
     Azərbaycanın ləzgi alimlərinin siyahısına bu yaxınlarda yeni ad əlavə olunmuşdur. Respublika Nobel İnformasiya Mərkəzinin sədri Bəybala Ələsgərovun adı. 1954-cü ilin mayın 10-da Qusar rayonunun Köhnə Xudat Qazmalar kəndində anadan olmuş Ələsgərov Bəybala Aydabala oğlu Qusar şəhər 1 saylı orta məktəbini bitirib, Bakıdakı Xəzər Gəmiçiliyinin “Paris kommunası” gəmi təmıri zavodunda əmək fəaliyyətinə başlamışdır. Burada fəhləlikdən növbə rəisi vəzifəsinədək yüksəlmiş, zavodun partiya təşkilatına, müxbir postuna, təbiəti mühafizə cəmiyyətinə rəhbərlik etmişdir.
     1976-1982-ci illərdə Azərbaycan Dövlət Universitetində təhsil almış, oranı bitirdikdən sonra M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanasında metodist, redaktor, böyük redaktor, aparıcı mütəxəssis, bölmə müdiri vəzifələrində çalışmışdır. B.Ələsgərov 1988-1992-ci illərdə Moskva Dövlət Mədəniyyət İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir. O, keçmiş Sovet İttifaqının ilk kitabxana-klub sisteminin metodikasının nəzəri cəhətdən hazırlanmasında iştirak etmiş, həmin sahə ilə bağlı elmi axtarışlar aparmış, ölkənin bir sıra şəhərlərində çıxan nüfuzlu jurnallarda elmi məqalələrlə çıxış etmişdir.
     Bəybala Ələsgərovun respublikamızda və xarici ölkələrdə 250-dən çox məqaləsi çap olunmuşdur. O, həmçinin 15-dən çox elmi-metodiki vəsaitin (“Şəmsi Bədəlbəyli - 90”, “Paşa Qəlbinur - 50”, “Boyalarda yaşayan ömür”, “Nizami Cəfərov - 50”, “Sədaqət Kərimova - 50”, “Elçin - 60”, “Müdriklik zirvəsinə gedən yol”), o cümlədən irihəcmli (“Elçin”, “Hidayət”, “Zahid Xəlil”, “Sədaqət Kərimovanın həyat və yaradıcılığı”, “Görkəmli din xadimi, sülhməramlı elçi”) biblioqrafik vəsaitlərin müəllifidir. Onun qələmindən “Zəngəzurda doğuldum”, “31 mart azərbaycanlıların soyqırım günüdür”, “Zamanın sınaqlarından ömrə açılan yol”, “Qusarın şanlı övladları” adlı monoqrafiyalar da çıxmışdır. B.Ələsgərov həmin kitabları beynəlxalq standartlara uyğun qələmə almış, ABŞ, İngiltərə, Almaniya, Türkiyə və MDB ölkələrinin təcrübəsinə əsaslanmışdır.
     1993-cü ildə Ümumdünya Nobel Mükafatları Komitəsinin Beynəlxalq Nobel İnformasiya Mərkəzinə üzv, 1996-cı ildən həqiqi üzv seçilmiş ilk Azərbaycan vətəndaşı olan B. Ələsgərov bu qurumda respublikamızı layiqincə təmsil edir. O, ABŞ, İngiltərə, Almaniya və Rusiyadan sonra dünyada beşinci olan Azərbaycan Nobel İnformasiya Mərkəzinin yaradıcısı və rəhbəridir.
      1996-cı ildə Beynəlxalq Nobel İnformasiya Mərkəzinin xüsusi medalına layiq görülmüşdür.
     2013-cü ildə Beynəlxalq Nobel İnformasiya Mərkəzinin vitse-prezidenti seçilmişdir. O, Respublika Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür. “Samur” Ləzgi Milli Mərkəzi idarə heyətinin üzvü, Respublika Ağsaqqallar Şurasının üzvü kimi ictimai vəzifələrdə də çalışır.
      Bəybala Ələsgərovu elmlər doktoru adı alması münasibətilə təbrik edir, ona yeni-yeni müvəffəqiyyətlər arzu edirik.
 
“Samur” Ləzgİ Mİllİ Mərkəzİnİn İdarə Heyətİ