Yetmiş illik həsrət Инсанар, кьисметар  |  10(269) 2013  |  S.Kərimova

     22 il əvvəl jurnalist kimi Türkiyənin Kayseriye şəhərində keçirilmiş beynəlxalq folklor festivalında iştirak etdiyim zaman orada təsadüfən tanış olduğum Ləzgiyyə adlı qız mənə o vaxta qədər tanış olmadığım bir sıra həqiqətləri anlatdı. On minlərlə həmvətənimin Böyük Vətən müharibəsindən sonra doğma yurda dönə bilməyərək qürbətdə vətən həsrəti ilə qovrulduğunu o vaxta qədər belə dərindən anlamamışdım. Ləzgiyə məni ailəsi ilə görüşdürənə kimi Türkiyədəki ləzgilərin taleyindən demək olar ki, xəbərsiz idim. Bu ailənin taleyi məni elə sarsıtdı ki, evə qayıdan kimi ləzgi dilində “Soyuq günəş” adlı  pyes yazıb nəşr etdirdim. Real faktlara əsəslanan həmin əsərin qısa məzmunu belədir: “Sevdiyi Yarqunat adlı qızı zorla başqasına verdiklərini görən Yarmət baş götürüb kənddən gedir. Bir neçə gündən müharibə başlanır. Yarmət cəbhəyə yola düşür. Müharibənin sonuna yaxın əsir düşür və taleyin acı zərbələrinə məruz qalır. Bunlardan ən əzablısı Stalinin əsirlərə qoyduğu vətənə qayıtmaq ğadağası idi. Dünyanın bir çox ölkəsinə pənah aparan, fəqət heç yerdə narahat qəlbinə təsəlli tapa bilməyən Yarmət nəhayət, vətəninə ən yaxın olan Türkiyədə lövbər salır. Tütəyində daim qədim ləzgi havalarını çalaraq qürbətin acılarını ətrafındakılara da daddıran bu adamın övladları böyüdükcə əsl vətənlərinin Şah dağının ətəklərində ilahi gözəllikləri olan diyar oldüğünün fərqinə varırlar. Bağlı yolları Ləzgiyə açır və atasını öz yurduna qovuşdurur.
    40 illik ayrılıqdan sonra doğma kəndində eşitdikləri Yarməti  sarsıdır. Sən demə Yarmətin baş götürüb kənddən getdiyini eşidən Yarqunatın tələbi ilə toy mərasimi dayandırılır. Yalvar-yaxar nəticə vermir, məcbur olub qızı atası evinə qaytarırlar. O, Yarmətin yolunu gözləyə-gözləyə qocalır. Sevgilisinin bu vəfası  Yarmətə ikinci mənəvi zərbə olur. O, yenidən doğma yurdu, xəyalları ilə yaşadığı Yargunatı tərk edir - bu dəfə həmişəlik olaraq”.

    60 illik yubileyimə xarici ölkələrdən gəlmiş qonaqlar arasında Abdulla Qubalı və onun həyat yoldaşı Yazgül xanım da var idi. Filarmoniyanin 1-ci cərgəsində əyləşib ləzgi ictimaiyyətinin nümayəndələri arasında olmağın həyəcanını yaşayan Abdulla bəyin qəlbindəki təbəddülatlardan xəbərdar idim. Onun atası Gülbala qürbət ağrısını, vətən həsrətini öz taleyində yaşamış həmvətənlərimizdən biri idi və cəkdiyi acılar doğmalarından da yan ötüşməmişdi.  Dəfələrlə mənə Türkiyədən zəng çalaraq danışdığı hekayət isə Böyük Vətən Müharibəsindən sonra vətənindən didərgin düşmüş bütün qafqazlıların başına gəlmiş müsibətləri daha dərindən dərk etməkdə mənə  çox kömək etdi. Onun  nəql etdiyi həqiqətlərdə mən gözəl bir povestin rüşeymlərini gördüyümə görə Abdulla bəyə  onları qələmə almağı məsləhət gördüm. O, belə də etdi. Yazdıqca da onları mənim elektron ünvanıma göndərdi. Artıq əsərin ilkin variantı hazırdır. Hadisələrin hisslərlə qələmə alınması povesti maraqla edib.
    Hörmətli oxucular! Gələn sayımızda biz sizə Abdulla bəyin “Samur”qəzeti üçün ayrıca olaraq qələmə aldığı həmin hekayəti azərbaycan dilinə çevirib təqdim edəcəyik. Qəzetimizi izləyin. 70 ildən çox müddətdə gizlədilmiş bir hekayətlə tanış olacaqsınız. Qibləsi Azərbaycan Respublikası Quba rayonunun Qrız kəndi olan, “oranın çiçəkləri daha gözəl açar, kəpənəkləri daha zərif uçardı, quzuları ayrı cür mələr, atları bir başqa heybətlə kişnərdi,” - deyən Gülbala dayınınnın qəlbinin səsini eşidəcəksiniz.


S.KƏRİMOVA