50 il sözün keşiyində Чи тавдин кIвал  |  1(260) 2013  |  Müzəffər Məlikməmmədov

     Sadə və səmimi insan, təcrübəli qələm sahibi, "Samur" qəzetinin yaxın dostu Natiq Səfiyev 50 ildir yaradıcılıqla məşgul olur. Bu illərdə onun qazandığı uğurlar az deyil. 45 ildən çox Xırdalan şəhər 1 saylı orta məktəbində rus dili müəllimi işləmiş Natiq müəllim respublikamızın tanınmış pedaqoqlarındandır. Onun pedaqoji fəaliyyət sahəsindəki nailiyyətləri haqqında respublika mətbuatında neçə-neçə məqalələr dərc olunub. N.Səfiyev 100-dən çox elmi-metodiki məqalənin, rus dili müəllimləri üçün 2 kitabın, 200-ə yaxın radio və televiziya verliş və süjetlərinin müəllifidir. Onun elmi məqalələri Rusiyanın, Bolqarıstanın, Ukraynanın, Qazaxıstanın və bir sıra başqa ölkələrin mətbuatında işıq üzü görüb.
     Natiq Səfiyev həm də yaxşı jurnalist, yazıçı, tərcüməçi kimi tanınır. Özünün dediyi kimi, 50 il ərzində heç bir redaksiyada işləməyib, azad jurnalist kimi fəaliyyət göstərib. Bu fəaliyyətin bəhrəsi göz qabağındadır. O, yüzlərlə yaddaqalan məqalə və oçerkin, 10 kitabın müəllifidir. Natiq müəllim haqqında 3 kitab yazılıb.
Zəhmətkeş qələm sahibi olan Natiq Səfiyev jurnalistika sahəsində olduğu kimi, tərcüməçilikdə də böyük uğurlar qazanıb. Təkcə 2010-2012-ci illər ərzində respublika mətbuatında onun dünya yazıçılarının əsərlərindən tərcümə etdiyi seçmələrdən 295 nağıl və həkayə dərc olunub. O, həmçinin dünya xalqlarının lətifə və nağıllarını da sevə-sevə tərcümə edir. Onun müxtəlif dillərdən tərcümə etdiyi 150 nağıl qəzet və jurnallarda işıq üzü görüb.
     Natiq müəllim həm də ləzgi və Dağıstan xalqlarının nağıllarını Azərbaycan dilinə çevirir. Indiyədək "Samur" qəzetində onun Azərbaycan dilinə tərcümə etdiyi bir neçə ləzgi nağılı oxuculara çatdırılıb. Bu iş gələcəkdə də davam etdiriləcək.
Qəzetimizlə yaxından əməkdaşlıq edən qələm dostumuzun yaradıcılıq uğurları digər həmkarlarımız kimi bizi də qəlbən sevindirir. Yaxşı insan, adlı-sanlı ağsaqqal, təcrübəli qələm sahibi olan Natiq müıllimə cansağlığı, yeni yaradıcılıq uğurları, bundan sonra da uzun illər sözün keşiyində durmağı arzulayırıq.

М.МƏLİKMƏMMƏDOV