
Xaçmaz Şəhər İncəsənət Məktəbinin rəssamı Ağalı müəllimə xitab
Ötən günü dolanbac yolu kəsə qayıdım deyə, yarpızlı, baldırğanlı dərəyə düşdüm. Laləli, pəncərli yamacda bir sual yolumu kəsdi: - Torpaq bir, mühit bir - gül-çiçək niyə qatmaqarışıq? Hələ bir bu Çiyələyə, o Turşəngə bax! O tərəfdə papaqlı Göbələk, bu yanda Gəlinbarmağı... Niyə gül-çiçəyin rəngi, qoxusu özgə-özgə, boyu, dözümü başqa? Adları da... elə bir yüz ölçülüb, bir biçilib...
Dedim, tələsməyim! Fürsətkən bir də baxım Vətən torpağına. Bu xətərsiz Yolotu, bu sırtıq Çayırdır. Quşəppəyi pəncə-pəncə, Yovşan göyümtül təhərdir. Qan-təpər özündən razı, Biyan qismətə qaildir. Ayıdöşəyi Çobanyastığına qohum çıxır. Razyana da Zirəyə. Qanqallı, zanbaqlı, əvəlikli quzeyə doyunca baxdım. Demədim, hansı nəyə gərəkli, hansı dərdə məlhəm, hansı mərəzə açardır. Bax, bu Çəməngüldür, bu biri Ətirşah... Olsun ki, bu səbəbdən Xoruzotu çəkdi ah... böyürdən dil açır Əzva. Qol qaldırır Qırx-buğum. Gərəkdir şəninə çay dəsgahı qurum. Möhnətə düşməyib Qatır-quyruğu - hələ şehlidir, örtüb çuxuru. Yenə ləngiyir piyada Cimcilim. Nə bilim? Dost-düşmən tanımır Sarmaşıq - gedir irişə-irişə - dodağı yırtıq...
Səliqəli gəlindir Nilufər. Hələ nə qədər Gülxətmi toy evinə köçmək istər... Dəm alır, dəm verir Kəklikotu - içəsən gərək, ta qəd-rindən şübhə qalmasın. Qaçaraqdır Andız - çiçəkləri ulduz-ulduz... Az görünür, yaşınır Solmazçiçək. Bənövşə göz vurdu. Yəni, sən varsan, bəs biz neyləyək?! Birər-birərdir güneydə Çaşır - guya dışarıda başı lovlu xalanın qazanı daşır...
Bu Kotankəsməz, bu Quşqon-mazdır. Mənim saydıqlarım olanlardan çox azdır. Baxdım, aşağılarda gen-geniş ovalığımız, xalın-xalın səhramız; yuxarılarda buz parçalı, qar örtüklü zirvəmiz. Bəli, bura Vətəndir, doğmadır, şirindir - həm möhtəşəmdir. Vəsfi dərindir - dəryamız təkin. Dəyəri çoxdur sonsuzluq təkin. Uyardır çoğrafiyası, təbiəti. Sözə sığmaz bərəkəti, ziynəti...
Duydum: təbiətin bir tutacağıdır insan. Bölümü çeşid-çeşid, zümrəsi naxış-naxış. Özü rəssam imiş ulu yaradan!..
Elə biz - mən tatam, sən cek. Tərəfkeşlik bilməz nəvəm Tatcek... İncimir Tacik desəm, ya cır tat desəm. Baxar gözaltı, görsün gülürəmmi mən?... Belə təmasdan kimə qısqanclıq gərək? Türk olan türkdür - başında börk-dür - mənim ərzim, əziyyətim yox! Yan-yörəmiz haput. kettid, qırız, ləzgi, avar... Yaddan çıxmasın zeyid, buduq, udin... Kürd var, talış var. Allahın rusuna deyirik malakan, öz tayfamıza ayrım...
A başına dönüm, nə qədər höccələyim, nə qədər sayım?! Oğul istər, qəvvas tək cuma tarixin ənginliklərinə. Bilmədiyin etiraf edə mərdanə...Ancaq bu gün – zaman-zaman silkinən, silkindikcə qovuşan, doğmalaşan az-saylı xalqlar birliyi - vahid millət - azərbaycanlıyıq biz!.. Mehrdə isti-qanlı, vuruşda dəliqanlıyıq biz!..
Tat Qüdrət,
“Qızıl qələm” mükafatı laureatı.
Quba rayonu.