Haputlar Dünya xalqları  |  8(353) 2021  |  Sədaqət KƏRİMOVA
    Qafqaz Albaniyasına daxil olan bəzi tayfalar qədim dövrlərdən Qafqaz sıra dağlarının yamacları boyu ərazilərdə məskunlaşmışlar. Onların arasında ləzgi dil qrupuna daxil olan etnoslar - ləzgilər, tabasaranlar, saxurlar, rutullar, ceklər, haputlar, qrızlar, buduqlar, xınalıqlar, udinlər, ağullar da olmuşdur. Təsadüfi deyil ki, dillər muzeyi sayılaт Qafqaz, o cümlədən Azərbaycan və Dağıstan XIX əsrdən başlayaraq etnoqrafların və linqvistlərin diqqət mərkəzindədir. Bu baxımdan Quba rayonuna xüsusi maraq var. O, təkcə əsrarəngiz təbiəti ilə deyil, həm də özünün etnoqrafik zənginliyi ilə çoxlu sayda turistləri cəlb edir. Burada azərbaycanlılarla yanaşı yaşayan ləzgilər, qrızlar, xınalıqlar, buduqlar, haputlar, ceklər özünəməxsus dilləri, adət-ənənələri, mədəniyyətləri ilə tanınırlar. 
    XX əsrin əvvəllərindən tarixi-etnoqrafik ədəbiyyatda üç xalq – xınalıqlılar, buduqlular və qrızlar “Şahdağ xalqları” adlandırılıb. Haputlar, ceklər və əliklər qrız qrupuna aid edilir. Onların dilləri qrız dilinin dialektləri kimi göstərilir.
    Bu xalqlar haqqında ilk yazılı məlumatlar I Pyotrun 1722-1723-cü illərdəki İran yürüşünün iştirakçısı olmuş alman əsilli rus zabiti İ.Gerberə məxsusdur. O, “Xəzər dənizinin qərb sahili boyundakı xalqların və ölkələrin təsviri” adlı əsərində həmin xalqlardan söhbət açmış, onların Buduq, Xınalıq, Qrız, Cek, Əlik, Haput kəndlərində məskunlaşdığını, bu kəndlərin xeyli böyük olduğunu, hər bir kəndin öz kəndxudası tərəfindən idarə olunduğunu, əhalinin ləzgi dilində danışdığını bildirmişdir. XIX əsrin ikinci yarısında həmin etnoqrafik materialları N.K.Zeydlist toplayıb nəşr etdirmişdir. Bu məlumatlarda qeyd olunduğu kimi, 1886-cı ildə Azərbaycan ərazisindəki Şahdağ xalqlarının sayı 16.821 nəfər olmuşdur ki, bu da ölkə əhalisinin 
    1,2 %-ni təşkil edirdi. Onların 15.300 nəfəri Bakı quberniyasında, 1.521 nəfəri isə Yelizavetpol quberniyasında yaşayırdı.
    Tarixçi Q.Qeybullayev haputların və qrızların qədim alban tayfalarından olan qatların və herlərin xələfləri olduğunu göstərmişdir. Haputlar özlərini indinin özündə də “her”, “herar” adlandırırlar. Qonşu kəndlərin camaatı da onlara her deyir. Əvvəllər çoxallahlığa sitayiş edən haputlar sonradan islam dininin süni təriqətini qəbul etmişlər. 
     Azərbaycandakı bütün haput kəndləri Quba qəzasındakı Haput kəndindən əmələ gəlib. XIX əsrdə dövrün ictimai-iqtisadi hadisələri nəticəsində bu kəndin əhalisi həm Quba qəzasının, həm də Göyçay və Şamaxı qəzalarının müxtəlif ərazilərinə köçərək məskunlaşmışdır. Həmin əsrin ortalarından başlayaraq haputların bir hissəsi indiki İsmayıllı, Qəbələ və Ağdaş rayonlarının ərazilərinə köçərək orada Haput-Məlikli, Haputlu-Hideyli, Haputlu-Netes-Qacar, Haputlu Mollaisaqlı, Haputlu-Hacıhətəmli  kəndlərini salmışlar. Bəzi mənbələrdə XIX əsrin ortalarında Göyçay qəzasında 736 haputlu ailəsinin məskunlaşdığı, Haputlu Məlikli, Haputlu Mollaqasımlı, Haputlu Gidəyli, Haputlu Nətəs Qacar, Haputlu Hacı Qətəsi, Haputlu İmamlı, Haputlu Kürd kəndlərinin olduğu qeyd edilir. Brokqauzun və Efronun Ensiklopedik lüğətində qeyd olunur ki, 1886-cı ildə haputlular Yelizavetpol quberniyası əhalisinin 0,21 faizini təşkil edirdilər.
    1880-cı ilin məlumatlarına görə Müşkür düzənliyindəki haput kəndlərində 1433 nəfər, Qoyçay və Şamaxı qəzalarında 710 nəfər haputlu yaşayırdı.
    XIX əsrin sonlarına aid mənbələrdə 14 haput kəndinin olduğu göstərilir. Bunlar aşağıdakılardır: Haput, Dağ Haput, Dirşalı Haput, İbrahim Haput, Qaradağ Haput, Haput Məlikli, Haput İmamlı, Haput Kürd, Haput Mollaisaq, Haput Hacıhətəmli, Şıx Haput, Böyük Haput, Kiçik Haput, Aşağı Haput.
    XX əsrin ortalarında Azərbaycanın Ucar, Zərdab, Tovuz, Qazax rayonlarinda da haputlara rast gəlinib.
    Bu etnosun nümayəndələri əsasən Quba rayonunun  Haput, İbrahimhaput, Haputlu, Xaçmaz rayonunun Şıx Haput, Qəbələ rayonunun Məlikli, Sileyli, İsmayıllı rayonunun Talıstan, Hacıhətəmli, Mollaisaqlı, Hapıtlı, Ağdaş rayonunun Hapıtlı kəndlərində, Bakı və Sumqayıt şəhərlərində məskunlaşmışlar. Yığcam halda Quba rayonunun Haput, Ibrahimhaput, Haputlu, İsmayıllı rayonunun Hacıhətəmli, Hapıtlı və Mollaisaqlı kəndlərində yaşayırlar.
    Hacıhətəmli və Mollaisaqlı kəndlərinin tarixi Quba rayonundan köçüb İsmayıllıya gəlmiş, burada yurd salıb maldarlıqla məşğul olmuş Hacı Hətəm və Molla İsaq qardaşlarının adları ilə bağlıdır.
    Füzuli rayonunun dağlıq ərazisindəki Saracıq kəndində də haputlar yaşayırlar. Bu kənd əvvəllər indiki yerindən 4 kilometr aralıda, Şuşaya gedən karvan yolunun kənarında yerləşirdi. Təxminən 1860-1880 illərdə buraya köçən haputlu, hacısüleymanlı, cacaqlı va şükürbəyli nəsillərinə mənsub ailələr yeni yaşayış məntəqəsi salmışlar. 
    Haputların baş kəndi olan, Quba rayonunun Əlik kənd inzibati ərazisində, Baş Qafqaz silsiləsinin yamacında yerləşən Haput kəndinin qədimliyi haqqında mülahizələr çoxdur. Onlardan ən maraqlısı yunan alimi Ptolemeyin II əsrə aid Albaniya şəhərləri sırasında qeyd etdiyi Xabota ilə bağlıdır. Alimlər Xabotanın indiki  Haputun sələfi olduğunu ehtimal edirlər. 
    Ümumiyyətlə, Azərbaycan etnoqrafiyasında istər Şahdağ xalqlarının, istərsə də haputların tarixi indiyədək monoqrafik şəkildə öyrənilməmişdir. Bu sahədə yeganə tədqiqat işi 1981-ci ildə İ.Şahbazovun “XIX əsr və XX əsrin əvvəllərində Şahdağ xalqlarının maddi mədəniyyəti” mövzusunda müdafiə etdiyi namizədlik dissertasiyasıdır.
Baron Forerin 1860-1901-ci illərdə Yelizavetpol qəzasının iqtisadiyyatı mövzusunda qələmə aldığı və 1901-ci ildə Tiflisdə çap etdirdiyi kitabda yazdığına görə haputların arasında yayılmış bir əfsanədə deyilir ki, onların əcdadları sayılan herlər Azərbaycanın şimal-qərbində yerləşən Herna şəhərindən ərəb istilaları dövründə buraya gəlmişlər. İori-Alazan çayları boyunda yerləşən həmin şəhər VII əsrdə ərəblər tərəfindən dağıdılıb. 
    Qubanın Haput kəndinə yol Qəçrəş meşəsi tərəfdəndir. Sonra yol dərin dərələrdən, sərt döngələrdən keçir.  Kənd dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşir. Tayduz, Çiye, Qarabulaq, Təntə, Gurbulağ yaylaqları buranın bənzərsiz sərvətidir. Yaz və yay aylarında həmin yaylaqlar əsrarəngiz gözəllikləri ilə insanı valeh edir. Min bir çiçək bitirən bu yerlərdən doymaq olmur. Kənd camaatının Aslan, Qaplan, Şıxməmməd baba, Qiblə dağı adlandırdığı dağ zirvələri haputların qürur yeridir. Qış aylarında kəndə gedib-gəlmək çox çətin olur.   
    2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 505 nəfər əhali yaşayırdı. Burada 100 ev var idi. Yerli əhalinin dediyinə görə vaxtilə burada 500-dən yuxarı təsərrüfat olub. Hazırda, qış aylarında cəmi 15-20 evdə yaşayış olur.
    XIX əsrin ortalarında əhalinin sayının artması, böyük patriarxal ailələrin dağılması dağlılara, o cümlədən haputlara da öz təsirini göstərdi. Bu, onların düzən yerlərə miqrasiyasına gətirib çıxardı. 1860-1880-ci illərdə təkcə haputlar tərəfindən Quba qəzasının şərq hissəsində, Bakı quberniyasının Göyçay və Şamaxı qəzalarında, eləcə də Yelizavetpol quberniyasının Nuxa qəzasında xeyli sayda yaşayış məntəqəsi yaradıldı. 
    Ötən əsrin 50-ci illərinə kimi Haput kəndinin əhalisinin əsas  məşğuliyyəti əkinçilik olmuşdur. Sonradan burada heyvandarlıq kolxozu yaradılmışdır. Kolxozlar ləğv edildikdən sonra camaat fərdi heyvandarlıq təsərrüfatları ilə məşğuldur.
    Əhalinin böyük əksəriyyəti  qədimdə olduğu kimi köçəri həyat keçirir. Onlar ilin bir yarısını qışlaqdа, digər yarısını isə yaylaqda olurlar. Hər il oktyabrın 1-dən 15-dək qoyun sürülərini qışlağa endirir, may ayının 1-15-i arası isə yaylağa çıxarırlar.
    Şahdağ xalqlarının məskunlaşdığı dağ kəndlərində kətan lifini əyirən əmək aləti olan vəlvələ geniş yayılmışdır. Bu pərsəngli əyircəkdə təkcə kətan kəndir deyil, həm də yun ip əyirmişlər. Kənddə ibtidai məktəb fəaliyyət göstərir.
    Tanınmış dilçi alimlərdən N.Marr, N.Yakovlev, L.Jirkov və başqaları Şahdağ dil qrupunun bir neçə dildən ibarət olduğunu göstərmişlər. Kiçik Sovet Ensiklopediyasında Şahdağ xalqlarının ləzgilər, onların dilinin ləzgi dili olduğu göstərilir. İ.Qerber də XVIII əsrdə Şahdağ xalqlarının dilinin ləzgi dili olduğunu qeyd etmişdir. O, həmçinin onların bir qayda olaraq tatar (azərbaycan) dilini bildiklərini vurğulamışdır.
    Haputluların ana dili haput dili olub Qafqaz dilləri ailəsinin Nax-Dağıstan qoluna aiddir. Yazısız dillərdən sayılan haput dili yalnız məişət səviyyəsində işlənir. Haput dilinin linqvistik xüsusiyyətlərindən danışarkən bir sıra dilçilər onu qrız dilinin dialekti hesab edir, digərləri isə ayrıca dil olduğunu göstərirlər. 
    Filologiya elmləri doktoru Şəmsəddin Sədiyev 2000-ci ildə Moskvada çap olunmuş “Dağıstan dilləri” kitabındakı “Qrızlar” adlı oçerkində Qrız, Haput, Cek və Əlik kəndlərinin əhalisinin qrız dilində danışdığını göstərmiş, bu dilin qrız, haput, cek və əlik şivələrindən ibarət olduğunu bildirmişdir. Cek və əlik şivələrində 9 dodaqlanan samit olduğu halda, haput dilində bu, yoxdur. Qrız və cek şivələrində olan bəzi afrikatlara da haput şivəsində təsadüf olunmur. Qrız dilinə xas olan sait və samitlər haput şivəsinə də aiddir.  
    Haputlar üç dildə – haput, ləzgi və azərbaycan dillərində danışırlar. Sevindirici haldır ki, kəndin sakini Əhməd Musayev 87 səhifədən ibarət “Azərbaycanca-haputca lüğət” kitabını tərtib edərək çapa hazırlayıb. İnanırıq ki, həmin kitab haput dilinin qorunub saxlanmasına öz töhfəsini verəcək.
Hazırda Azərbaycanda bu xalqın nümayəndələrinin sayı 15 minə yaxındır.
 
Sədaqət KƏRİMOVA