Şair oğlu Qarabağ müharibəsi  |  8(345) 2020  |  Sədaqət KƏRİMOVA
    Qəbələ rayonunda Xeyirbəy Səfərçinovu çoxları tanıyırdı. Bu mehriban təbiətli, gülərüz cavan yaxşı operator kimi tanınırdı. Toyları, məclisləri tarixə köçürmək onun sevimli peşəsi idi. Yeni Dızaxlı kəndində bu gənci həm də şeirləri dillərdə gəzən şair Cəlil Komradlının oğlu kimi də sevirdilər.
    1993-cü il oktyabrın 5-də doğulmuş Xeyirbəy orta məktəbi bitirəndən, hərbi xidmətini başa vurandan sonra xoşladığı sənəti ilə məşğul idi. Anası Gülayə ilə bacısı Gülüşan isə neçə vaxt idi ki, Xeyirbəy üçün gəlin sorağında idilər.
    Qarabağda döyüşlər başlayanda Xeyirbəy də Qəbələdən olan digər çağırışçılarla bərabər cəbhəyə yollandı. İlk gündən igidliklə vuruşdu. Oktyabrın 22-də Ağdərə uğrunda gedən qanlı döyüşlərdə Xeyirbəy qəhrəmancasına həlak oldu. İki gün sonra igid əsgər, şair Cəlil Komradlının yeganə oğlu Xeyirbəy doğma kəndində torpağa tapşırıldı.
 
Sədaqət KƏRİMOVA