Aslan kimi vuruşdu Qarabağ müharibəsi  |  8(345) 2020  |  Sədaqət KƏRİMOVA
    Qusar rayonunun Əniğ kəndində anadan olmuş Yunusov Amrid Zaur oğlu uşaqlıqdan hərbçi olmaq arzusunda idi. Ona görə də hərbi xidmətini başa vuranda taleyini MAXE ilə bağladı. Döyüşlər başlanandan bir az əvvəl o, valideynlərinin razılığı ilə istəklisi ilə əhd-peyman bağlamışdı. Onlar müharibə bitən kimi toy edəcəklərini planlaşdırmışdılar. Ata-anası gəlin otağı bəzəmişdi. Lakin qəddar müharibə hər şeyi dəyişdi. Qarabağ müharibəsinin ilk günlərindən çavuş Amrid Yunusov ön cəbhədə döyüşlərə atıldı. Füzuli uğrunda gedən döyüşlərdə 25 yaşlı Amrid qəhrəmancasına həlak oldu.
    Onu son mənzilə yola salmağa gələn insan seli sosial şəbəkələrdən Amridin saysız-hesabsız qəhrəmanlıqları ilə bağlı onun döyüş yoldaşlarının bölüşdükləri xatirələrdən danışırdı. Bu igid ləzginin döyüşkən əzminə heyranlıqlarını qeyd edən cəbhə dostlarının xatirələri  valideynlərə kiçik də olsa təsəlli idi. Anası Rəfilənin ayrılarkən mənə dediyi sözlər yadımdan çıxmır:   “Amrid kişi kimi vuruşdu, kişi kimi də həlak oldu”. Atası isə əlavə etdi: “Amrid qəddimizi əysə də, başımızı uca etdi.” Bunları deyəndə hər ikisinin gözləri yaşlı idi. Bu qürurlu ata-ana gözlərimdə dağ kimi ucaldı. 
 
Sədaqət KƏRİMOVA