Əmirvanın adını ucaldanlar Qarabağ müharibəsi  |  8(345) 2020  |  Sədaqət KƏRİMOVA
     Əfqan Abdurəhmanov 
 
    İkinci Qarabağ müharibəsində Murovdağ və Suqovuşan ətrafında gedən döyüşlərdə şücaətlər göstərmiş polkovnik-leytenant Əfqan Ağasəf oğlu Abdurəhmanov haqqında həyəcansız danışmaq olmur. Murovdağda Azərbaycan bayrağını dalğalandırmış bu igidin şanlı həyatı bir romana sığmayan tarixlərlə zəngindir.
    Əslən Qəbələ rayonunun Əmirvan kəndindən olan Əfqan Adburəhmanov 1976-cı ilin mayın 25-də Bakıda doğulmuş, buradakı 30 saylı məktəbdə oxumuşdur. C.Naxçıvanski adına hərbi liseydə təhsil aldıqdan sonra həyatını hərb sənəti ilə bağlamışdır. Polkovnik-leytenant rütbəsini 2015-ci ildə almışdır. Əfqan Abdurəhmanovun adına Murovda Əfqan 1 və Əfqan 2 postları olub. Ona Murov, Talış və Madagiz fatehi adı verilmişdi. 2020-ci il oktyabrın 10-da Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
 
    Elvin Abdurəhmanov
 
    1996-cı il oktyabrın 1-də Əmirvanda anadan olmuş Elvin Əbülfəz oğlu Abdurəhmanov üçün həyatda əsl nümunə əmisi oğlu – polkovnik-leytenant Əfqan Abdurəhmanov idi. O, kənd orta məktəbini bitirib hərbçi olmaq barədə düşünürdü. Bu arzu ilə hərbi xidmətini başa vurduqdan sonra xüsusi təyinatlılar qrupunda xidmətini davam etdirirdi. 
    Doğma yurda, ata ocağına vurğun olan bu gənc illərdən bəri sevdiyi, nişan taxdığı sevgilisi ilə nəhayət, ailə qurub xoşbəxt olmaq istəyirdi. Lakin Vətən sevgisi onun bütün digər arzularını üstələdi. Gizir Elvin Abdurəhmanov Qarabağ uğrunda döyüşlərdə qəhrəmancasına həlak oldu.
 
    Aydın Bayramov
 
    1997-ci ildə Əmirvanda dünyaya gəlmiş Aydın Mətləb oğlu Bayramov orta məktəbi bitirib 2015-ci  ildə hərbi xidmətə yollanmış, Vətən qarşısında borcunu yerinə yetirib evə qayıtmışdı. “Pələng” ləqəbli Aydının “UAZ” maşınını yalın əllə qaldırması bəzi saytlarda yayımlanıb. 2020-ci ildə respublikamızda səfərbərlik elan olunanda yüzlərlə qəbələli kimi o da müharibəyə yollandı. İlk gündən əlinə silah alıb vuruşdu. Ağdərə ətrafında gedən döyüşlərdə qəhrəmancasına həlak oldu.
 
    Fariz Rəhimov
 
    2001-ci il sentyabrın 20-də Əmirvanda həyata göz açmış Fariz Zahir oğlu Rəhimov burada orta məktəbi bitirdikdən sonra 2018-ci ildə hərbi xidmətə yola düşmüşdür. İgid kəşfiyyatçı Füzuli, Hadrut, Xocavənd, Şuşa istiqamətlərində vuruşub və Şuşada qələbə anında qəhrəmancasına həlak olub.
 
Sədaqət KƏRİMOVA