Unudulmaz gecə Юбилей  |  2(328) 2019  |  “SAMUR”
     2019-cu il fevralın 8-də Bakının R. Behbudov adına Dövlət Mahnı Teatrında qələbəlik idi. İlk dəfə iki tanınmış ziyalı birgə yubiley keçirirdi. Tanınmış şair Ramiz Qusarçaylının 60 və respublikanın əməkdar artisti, bədii qiraət ustası Ağalar Bayramovun 65 illik yubileyi ilə bağlı tədbirə Azərbaycanın müxtəlif guşələrindən hər iki sənətkarın çoxlu pərəstişkarları gəlmişdi.
     Zalda Azərbaycan ziyalılarının tanınmış nümayəndələri çox idi. Onların arasında respublikanın xalq artistləri Alim Qasımov, Zümrüd Məmmədova və başqaları var idi. Oturmağa yer tapmayıb qayıdanlar da var idi. Amma onlarca insan məclisi ayaq üstə seyr etdi. Bu, onların yubilyarlara olan ehtiramlarının ifadəsi idi. Yubilyarlarla yaxın təmasda olmaq, onların ifasında şeirlər dinləmək xoş idi.
     Tədbirdə hər iki sənətkarın ya­radıcılığı barədə səmimi çı­xışlar oldu. Milli Məclisin mədəniyyət ko­mis­siyasının sədri, Əmək­dar elm xadimi, akade­mik Nizami Cəfərov, Milli Məclisin sosial siyasət komissiyasının sədr müavini, şair Musa Urud (Quliyev),  millət vəkili Qənirə Paşayeva, Azərbaycan Res­publikası Prezident Aparatınının məsul işçisi İsrafil Qurbanov, şair-dramaturq Əjdər Ol, tarix elmləri doktoru, professor, şair-tərcüməçi Şahin Fazil, respublikanın xalq artisti, əməkdar incəsənət xadimi, rejissor Əbdül Mahmudov, filologiya elmləri doktoru, professor Buludxan Xəlilov və başqaları hər iki sənətkar haqqında ürək sözlərini dedilər. Respublikanın əməkdar artistləri Nuriyyə Hüseynova və Elnur Zeynalov, Vl Muğam müsabiqəsinin qalibi Pərviz Qasımov, aşıq Ədalət Dəlidağlı, müğənnilər Ülviyyə Sədaqət və İsmayıl Rəcəbov və onları müşayət edən mahir sənətkarlar  zövq oxşayan gözəl ifaları ilə məclisə yaraşıq verdilər. 
     Rəssam Nəvai Mətinin yağlı boya ilə çəkdiyi portreti Ramiz Qusarçaylıya təqdim etməsi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin öz  müəllimləri Ağalar Bayramova həsr edilmiş şeirləri ifa etmələri məclisin gözəlliyini artırdı.
     Bütün yaradıcılığı vətən sevgisi, vətənpərvərlik ruhu ilə zəngin olan iki sənətkarın – iki dostun birgə  yubileyi maraqlı və ürəkaçan anlarla yaddaşlara həkk olundu. Üç saatdan çox çəkən musiqili-ədəbi gecə hiss olunmadan başa çatdı. Əsl söz, sənət, musiqi məclisi üçün darıxmış ziyalılar teatr binasını mənən zənginləşmiş halda tərk etdilər.
 
“SAMUR”