Məktəbin uğurları "Самурдин мектеб"  |  5(321) 2018  |  Səmayə HACIYEVA, Qusar Şəhər Təhsil Şöbəsinin metodisti
     Qusar şəhər 6 saylı tam orta məktəbin şagirdləri son illər qazandıqları uğurlarla müəllimlərini sevindirirlər. Belə ki, bu il ХI sinif şagirdi Amid Səfərbəyov AzTV kanalının “Mən azərbaycanlıyam” verilişinin finalçısı olmuşdur. VIII sinif şagirdi Səbinə Nəzərova RF-nin Azərbaycandakı səfirliyinin keçirdiyi rus dili və ədəbiyyatı üzrə respublika olimpiadasının qalibi olmuşdur. VII sinif şagirdi Səbinə Milhacova Ümumdünya Poçt İttifaqının təşkilatçılığı ilə “Azərpoçt” MMC tərəfin­dən keçirilmiş inşa yazı müsabiqəsinin rayon mərhələsində qalib gəlmişdir. IХ sinif şagirdi Aydan Həmidova ümummilli lider H.Əliyevin anadan olmasının 95 illiyi münasibətilə keçirilən yarışmada seçildiyinə görə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov tərəfindən diplomla və qiymətli hədiy­yə ilə mükafatlandırılmışdır.
     İdman və hərbi-vətənpərvərlik sahə­sində məktəbin uğurları ürək açır. “Gənc xilasedici və yanğınsöndürən” yarışının ra­yon turunun qalibi olan bu tədris müəssisəsi RTŞ-nin I dərəcəli diplomuna layiq görülmüşdür. Məktəb həm də “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyində fərqlənmişdir.
     Məktəbin məzunları arasında son illər yüksək balla respublikamızın, eləcə də xarici ölkələrin ali məktəblərinə qəbul olu­nanların sayı artır. Bu müvəffəqiyyətlərin qazanılmasında həmin təhsil ocağının 90 nəfərlik müəllim kollektivinin, əməkdar müəllim Nazifat Bağırovanın, müəllimlər­dən Maya Fərzəliyevanın, Aliyə Niftəliyevanın, Nəzifə Sultanovanın, Kəmalə Sa­dıqovanın və başqalarının, eləcə də direktor Nairə Qlıçovanın əməyi böyükdür
     Nairə Rauf qızı Qlıçova Qusar şəhər 2 saylı orta məktəbinin məzunudur. O, M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun rus dili və ədəbiy­yatı fakültəsini bitirdikdən sonra əmək fəaliyyətinə 6 saylı məktəbdə başlamış, müəllim işləmiş, direktor müavini vəzifəsində çalışmışdır. 2012-ci ildən məktəbin direktoru olan N.Qlıçova peşəkarlığına, təşəbbüskarlığına və tələbkarlığına görə bu yaxınlarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
 
Səmayə HACIYEVA,
Qusar Şəhər Təhsil Şöbəsinin metodisti