Bir gizli sədaqətnamə Тарихдин геле аваз  |  8(302) 2016  |  Gülxar GÜLİYEVA
     Car hökumətinin ləzgilərlə bağlı siyasətini əks etdirən bu sədaqətnamə haqqında ilk dəfə 1923-cü ildə məşhur Azərbaycan jurnalisti və tarixçisi Rəşid bəy İsmayılov özünün həmin il çapdan çıxmış “Azərbaycan tarixi” kitabında məlumat verib.
     Şəki zadəganı Əsəd bəyin oğlu Rəşid bəy 1877-ci ildə İrəvanda anadan olmuş və burada müəllimlər seminariyasını bitirmişdi. Azərbaycan və rus dillərini mükəmməl bilən Rəşid bəy İsmayılov milli mətbuatla yanaşı, həmçinin rus dilində yazdığı məqalələrlə Qafqaz və Rusiya mətbuatında (xüsusilə “Sankt-Peterburqskiye vedomosti” qəzetində) tez-tez çıxış edirdi. Bir müddət “Tiflisskiy listok” və “Şərqi-Rus” qəzetlərində çalışmış Rəşid bəy 1918-ci ilin sonlarında Azərbaycan Demokratik Respublikasının Nazirlər Şurasında məsul vəzifədə çalışmış, demokratik dövlət qurucu­luğu işində fəal iştirak etmişdi. Məşhur jurnalist, tarixşünas alim və ictimai xadim kimi tanınan R.İsmayılov 1941-ci ildə dünyasını dəyişib.
     Öz kitabında ləzgilər haqqında maraqlı məlumatlar verən Rəşid bəy əsərin bir yerində yazır: “Rusiya Qafqaza ayaq qoyar-qoymaz ləzgilər car hökümətinə qarşı şuriş və üsyanda bulunurdular... Müstəmləkə siyasətinin icrası üçün hökumət ləzgilərin torpaqlarını zəbt edib, mühacirlərə verirdi. Təqribən 60 sənə car hökumətilə ləzgilərin mübarizə və müharibəsi davam etdi.
     Ləzgilər Şeyx Şamili müqəddəs bir vücud və müdrik tanıyaraq və ona səmimən itaət edərək muma ilejhin rəyasəti altında uzun bir müddət qəribə bir mətanətlə car hökumətilə vuruşuyordular...
     ...Şeyx Şamilin əsir olunmaq münasibətilə gürcü əyanı Baryatinskiyə sədaqətnamə təqdim etmişdilər. Sədaqətnamənin möhtəviyyatı ləzgilərin istiqlaliyyətini məhv və onları tar-mar etmək eyni-hikməti-hökumət olduğuna aid idi.”
     Ləzgilərin car müstəmləkəçiliyinə qarşı mübarizəsi o qədər güclü və barışmaz idi ki, Şeyx Şamil 1848-ci ilin sentyabrın 13-də onlara ünvanladığı məktubda yazmışdı: “Siz igid xalqsınız, ləzgilər! Neçə müddətdir siz rus işğalçılarının qanını axıdır, doğma vətən naminə onlarla döyüşürsünüz. İndiyə kimi siz belə bir böyük müharibəni heç yandan kömək almadan, təkbaşına aparmısınız. İndi bilin, mən və bütün Dağıstan sizin köməkçilərinizik. Bu ilanı (rusları) sizə unutdurmaq lazımdır, düşmənləri torpaqlarımızdan qovmaq lazımdır.”
     On bir il sonra Şeyx Şamilin rəhbərlik etdiyi azadlıq hərəkatı məğlub olanda rus carı bu sözləri xatırlayaraq, Qafqaz canişini Baryatinskiyə gizli sədaqətnamə göndərmişdi. O isə öz növbəsində ləzgiləri tar-mar etməyin yolunu onları iki yerə parçalamaqda görmüşdü. Beləliklə, 1860-cı ildə car hökuməti Dağıstan vilayətini və Bakı quberniyasını yaradaraq, ləzgi xalqını iki yerə böldü.
 
Gülxar GÜLİYEVA