Ləzgi-Azərbaycan ədəbi əlaqələrindən söhbət açarkən bu əlaqələrin xalqlarımız arasında əsrlər boyu mövcud olan dostluq və qardaşlıq ənənələrinə söykəndiyini və böyüq sınaqlardan çıxdığını xüsusilə qeyd etmək lazımdır. Bu mənada XVIII əsr örnək sayıla bilər. Həmin dövrdə ləzgi və Azərbaycan şairlərinin bir-birinə mənəvi bağlılığı, onların yaxın sənət əlaqələri haqqında əlimizdə kifayət qədər tutarlı faktlar vardır.
Ləzgi ədəbiyyatı və ümumilikdə Dağıstan ədəbiyyatı tarixində öz zənginliyi ilə seçilən XVIII əsr bizə bir sıra məşhur sənətkarlar bəxş etmişdir. Həmin dövrün ədəbiyyatını tədqiq etmiş bir sıra alimlərin qeyd etdikləri kimi, bizə 30-dan çox şairin həyat və varadıcılığı haqqında məlumatlar gəlib çatmışdır. Onların arasında Silingli Buka, İxrek Rəcəb, Yalsuq Emin, Ləzgi Əhməd, Səid Əhməd, Leyli Xanım, Axtılı Nazım, Mirzə Əli, Ruxun Əli, Müşkürlü Sərfinat, Səid Xaçmazlı, Küçxür Səid və başqaları vardır. Bu şairlərin zəngin ədəbi irsi olmuş, onlar özlərindən sonra maraqlı sənət abidələri qoymuşlar.
Qeyd etdiyimiz dövrün başlıca səciyyəvi xüsusiyyətlərindən biri ləzgi şairlərinin bir neçə dildə yazıb-yaratması olmuşdur. Bu baxımdan bir sıra tədqiqatçılar XVIII əsr ləzgi şairlərini aşağıdakı qruplara bölürlər:
ləzgi dilində yazıb-yaradanlar;
ərəb dilində yazanlar;
fars dilində yazanlar;
ləzgi, ərəb və fars diııərində yaradanlar;
ləzgi, ərəb, fars və türk diııərində yaradanlar;
ləzgi və Azərbaycan dillərində yazanlar;
Azərbaycan dilində yazanlar.
Bu klassifikasiya XVIII əsr ləzgi şairlərinin dünyağörüşü, savadı, eləcə də ana dili ilə yanaşı diğər dillərdə də yazıb-yaratmaq istedadları haqqında aydın təsəvvür yaradır.
Təkcə lirik şeirlərlə deyil, həmçinin ictimai-siyasi mövzularda qələmə aldıqları poeziya nümunələri ilə də xalqın dərin məhəbbətini qazanmış İxrek Rəcəb, Yalsuq Emin kimi şairlər ancaq ləzgi dilində yazdıqları halda, Küçxür Səid, Ləzgi Əhməd və başqaları ləzgi dili ilə yanaşı, Azərbaycan dillində də qiymətli söz inciləri yaratmışlar. Mirzə Əli Axtılı və Cəid Əhməd kimi şairlər isə dörd dildə yazıb-yaratmaqla seçilmişlər.
Uzun illər Azərbaycan Dövlət Əlyazmaları İnstitutunun arxivində maraqlı axtarışlar aparmış filologiya elm-ləri doktoru Mövlud Yarəhmədovun səyləri sayəsində ləzgi dili ilə yanaşı türk, ərəb və fars dillərində şeirlər yazmış və öz dövrlərində kifayət qədər tanınmış onlarca ləzgi şairinin adı ədəbi aləmə çatdırılmışdır. Bu mənada onun 1985-ci ildə Bakının “Elm” nəşriyyatında işıq üzü görmüş “Azərbaycan – Dağıstan ədəbi əlaqələri tarixindən” kitabı əvəzsizdir. Həmin kitabda alim VIII əsr ləzgi şairlərindən Silingli Buka, Ləzgi Əhməd, Müşkürlü Mustafa, Mirzə Əli Axtılı, Leyli xanım, Seyid Əhməd, Küçxür Səid, Axtılı Məhərrəm, Axtılı Zakir və digər qələm sahiblərinin həyat və yaradıcılığı haqqında maraqlı məlumatlar verib.
Ləzgi ədəbiyyatının parlaq simalarından biri olan Küçxür Səid haqqında ilk məlumatı Dağıstanın xalq şairi Süleyman Stalski vermişdir. 1767-ci ildə Dağıstanın Küre xanlığının Küçxür kəndində anadan olmuş Səidin həyatı məhrumiyyətlər içində keçmişdir. Ləzgicə bədahətən şeirlər deyən, gözəl tütək çalan Küçxür Səidin Dağıstanı və Azərbaycanı qarış-qarış gəzib dolaşması, Azərbaycan aşıqları ilə dostluq etməsi, Azərbaycan aşıq yaradıcılığını mükəmməl bilməsi haqqında maraqlı məlumatlar vardır. Bir neçə il Azərbaycanda yaşayan, məclislərdə Azərbaycanın ustad aşıqları Abbas Tufarqanlının, Qurbaninin, Sarı Aşığın qoşma və gəraylılarını söyləyən, “Koroğlu” dastanını danışan şairin sorağı eldən-elə yayılmışdır. O, 1797-ci ildə Dağıstana, doğma Küçxür kəndinə qayıtmışdır. S.Stalskinin məlumatına görə, istibdad əleyhinə, xan və bəylərin zülmümə qarşı yazdığı kəskin satirik şeirlərinə görə Küre mahalının xanı Surxay xanın əmrilə Küçxür Səidin gözləri çıxarılmışdır. 1812-ci ildə vəfat edən şairin alovlu şeirləri bu gün də xalqın yaddaşında yaşayır.
Həyatı və yaradıcılığı haqqında əlimizdə kifayət qədər məlumatlar olmayan, lakin ləzgi xalq ədəbiyyatı ənənələri ruhunda yazdığı bir-birindən gözəl və məzmunlu şeirləri dillərdə dolaşan Miskincəli Leyli xanımı müasirlərindən fərqləndirən cəhətlərdən biri onun ləzgi dili ilə yanaşı, ərəb, fars və türk dillərində də gözəl poeziya nümunələri yaratması olmuşdur. Bu mənada o, təkcə Dağıstan ədəbiyyatında deyil, həmçinin Şərq ədəbiyyatında da özünəməxsus yer tutmuşdur. Onun şeirləri Dağıstanda və Azərbaycanda geniş yayılmışdır. Məşhur folklorşünas alim Salman Mümtaz 1936-cı ildə Bakıda nəşr etdirdiyi “El şairləri” kitabına Leyli xanımın azərbaycanca qələmə aldığı “Eyləmə” qoşmasını və Lətiflə olan deyişməsini vermişdir. Həmin deyişmədən Leylinin Dağıstanın Miskincə kəndində doğulduğu, Abdulla bəyin nişanlısı olduğu, həm də Azərbaycan ədəbi dilini mükəmməl bildiyi bəlli olur:
Lətif:
Dağıstandan gələn gəlin,
Mən səni mehman eylərəm.
Ox ataram, sazın sınar,
Könlünü viran eylərəm.
Leyli:
Mənim adım Leyli xanım,
Bədənimdə oynar qanım.
Abdulla bəydir cavanım,
Lətifi büryan edərəm.
Ləzgi və Azərbaycan dillərində yazdığı qoşma, gəraylı, təcnicləri ilə həm Dağıstanda, həm də Azərbaycanda tanınmış Səid Əhmədin bizə gəlib çatan şeirlərində onun incə təbi, səlis deyim tərzi, poetik obrazları aydın hiss olunur. Səid Əhmədlə bağlı iki fikir mövcuddur. Bəziləri Səid Əhmədin nadir şahın zülmünə tab gətirə bilməyib vətənini tərk etdiyini, qürbət ellərdə didərgin olduğunu, digərləri isə onun silaha sarılıb qəhrəmanlıqla döyüşdüyünü iddia edirlər. Özündən sonra qürbət acıları ilə süslənmiş şeirlər miras qoyan şairin gənc yaşlarında dünyasını dəyişdiyi ehtimal olunur.
1705-ci ildə Dağıstanın Küre mahalının Siling kəndində dünyaya gəlmiş, 1760-cı ildə, İran şahı Nadirin Dağıstana hücumu zamanı dünyasını dəyişmiş Silingli Buka (Abukar) dövrünün tanınmış şairlərindən olmuşdur. Kamil təhsil görmüş bu adam alim kimi də şöhrət qazanmışdır. XIX əsrin dahi ləzgi şairi Yetim Eminin ulu babası olan Silingli Bukanın bizə gəlib çatan şeirləri arasında onun ləzgi dili ilə yanaşı, Azərbaycan dilində də qələmə aldığı poeziya nümunələrinə təsadüf olunur. Şairin lirik şeirlərinin əksəriyyəti qoşma janrında qələmə alınmışdır. Silingli Buka ilə bağlı məlumatları bizə tanınmış alımlər Qalib Sadiqi və Mövlud Yarəhmədov çatdırmışlar. M. Yarəhmədovun “Dağıstan töhfələri” kitabında dərc olunmuş “Ğələn” rədifli şeir Silingli Bukanın Azərbaycan poeziya dilinə necə sənətkarlıqla yiyələndiyini aydın göstərir:
Ey ağalar, baxın yola,
Bir əcəb insandı gələn.
Yaxa açıq, cənnət bağı,
Sərvi-xuramandı gələn.
Dövrunun məşhur şəxsiyyətlərindən biri olmuş, özünün yaratdığı mədrəsəyə uzun illər rəhbərlik etmiş, burada dərs demiş Mirzə Əli Axtılının tərtib etdiyi dərsliklərdən Dağıstanın və Azərbaycanın mədrəsələrində dərs vəsaiti kimi istifadə olunmuşdur. Azərbaycan ədəbiyyatını mükəmməl bilən və sevgi ilə onu təbliğ edən maarifçinin 1745-ci ildə tərtib etdiyi kitaba Nəsimi, Füzuli, Nişad Şirvani, Vidadi, Vaqiflə yanaşı, Axtılı Zakirin və Axtılı Nazimin şeirlərini də daxil etməsi sonuncuların öz dövrünün tanınmış şairləri olduğunu deməyə əsas verir. Mirzə Əli Axtılı özü də gözəl şair olmuş, ləzgi və Azərbaycan dillərində qoşma və gəraylılar yazmışdır.